Dinimiz
haqqında yayğın təsəvvürləri götür-qoy etdiyimizdə aydınlaşan
həqiqət budur ki, çoxu mövhumat deyilən nəsnədən qidalanır. “Mövhumat”
sözü ərəbcə “va-hə-mə” felindəndir, yanlış düşünmək, xəyali təsəvvürlərdə
bulunmaq, azmaq və s. mənaları ifadə edir.
Mövhumati təsəvvürlərin
yayılış coğrafiyası yetərincə geniş bir ərazini tutur, bəlkə də
planetimizin hər guşəsində özünə yer eyləyə bilib. Məsələn, avropalılar
tarix uzunu İslamı gözdən salmaqdan ötrü təktanrılığın bu son
və mükəmməl variantına minbir çalarda böhtanlar bəzəməkdə xeyli
canfəşanlıq göstərmişlər. Səbəblərindən – siyasətlər, müharibələr,
səlib yürüşləri və s. və i.-nin şüurlarda saldığı izlərdən çox
danışmaq olar. Təbii ki, nə qədər danışsaq da söhbətimiz birtərəfli
alınacaq. Antiislam təbliğatına qarşı o qədər arqumentli yazılar
yazılıb, cavablar verilib ki... Bunların bir qismində hətta bəşəriyyətin
Avropa əsilli böyük simaları Höte, Volter, Lamartin, Bismark,
Davenper, rus yazıçısı Lev Tolstoyun İslam haqqında yüksək fikirlərinə
də istinad edilir. Belə baxanda dərk eləyirsən ki, görünür, dinlər
haqqında əsl həqiqətləri söyləmək elə böyük ruh yiyələrinin də
taleyində imiş. Ancaq hər bir halda bu da bir gerçəklikdir ki,
Batı obıvatelində antiislam ovqatını təkcə yuxarıda sadaladığım
amillər gəlişdirməmişdir.
Və məncə, ən ulu gerçəklik
bundan ibarətdir ki, İslama ən ağır zülmü İslama tarixən tapınmışlar
eləmişlər. Söz yox ki, bunu tamamilə şərti olaraq belə deyirəm.
Yoxsa ki, Tanrının xalis dininə bəndənin zülm eləməsi olmuş, olur
və olacaq bir nəsnə deyil. Olsa-olsa gücü özünə və ona çatar ki,
özü özünü qaranlıqlara yuvarlatsın da alsın Tanrıdan bunun qarşılığını.
Yeri gəlmişkən, “zülm”,
“zalım”, “zülmət” sözləri bir kökdən törəmə sözlərdir ki, başlanğıc
anlamında qaranlığı, qaranlıq dəyərləri nişan verir. Zülm-zülmət
olmaz o dində ki, Rəbbimizdən enmiş də içində mərhəmətdən, azadlıqdan,
gözəllikdən, ucalıqdan, doğru yol bələdçiliyindən, işıqdan özgə
nəsnə yox. Ayələrin, bu kosmik-ilahi bilgilərin, müqəddəs Yazıların,
müqəddəs Oxunun bir adı da zatən Nurdur. Oxuyuruq : «İnanın Tanrıya,
elçisinə, Nura ki, onu endirmiş olduq. Nəyi eyləyirsiniz, Tanrı
bundan xəbərdar» (“ət-Təğabun” – “Aldanış” surəsi, 8-ci ayə).
Bu Nurdan yüzillər uzunu kənar düşən müsəlman ümməti nə yazıq
ki, qaranlıqlar girdabında, zülmə-zülmətə uğramış bir haldadır.
Rəbbimiz deyir: «Tanrı zülm eyləməz insanlara hansısa bir nəsnə
ilən, şübhəsiz. Ancaq ki, insanlar özlərinə zülm eyləyərlər» (“Yunus”
surəsi, 44-cü ayə) .
Bəllidir ki, iman əsasları
dəyişməz. Söhbət müqəddəs Oxuda Rəbbimizin müəyyənləşdirdiyi iman
əsaslarından gedir ki, bunlara hansısa əlavələr edilirsə, deməli,
ilahi iradəyə tərs düşən bir işə qol qoyulmuş olur. Məsələn, müqəddəs
Oxuda iman əsasları Tanrıya, Onun elçilərinə, mələklərinə, Onun
endirdiyi yazılara, axirətə imanla çərçivələnirsə, şiələrin əlavə
elədikləri də var – imamətə iman. Yəni sevgili peyğəmbərimiz Məhəmməd
Seçilmişin nəslindən olan on ikiyə qədər şəxsin, imam (ana dilimizdə
bu söz öndə gedən, öncüllük eləyən, rəhbər anlamındadır) adlandırılan
bu işıqlı simaların hakimiyyət haqqına, onların müqəddəsliyinə
iman. Və şiə dindarlığında iman ağırlığı əsasən bunun üzərindədir.
Bir haşiyə çıxım. Bir
neçə il əvvəl şəhərimizdəki zəlzələdən sonra camaat içində gəzən
söhbət mövzusu əsasən bundan ibarət idi ki, binalar silkələnəndə
kimlər nə eləyib, necə eləyib, harada olub, haraya qaçıb, hansı
hisləri keçirib və s. Dərs dediyim bir tələbə danışırdı ki, anası
o ağır anlarda imamların adlarını birər-birər yad eləyib onlardan
yardım diləyirmiş. Olaydan sonra qız öz anasına irad tutub deyib
ki, bəs heç Allahı çağırmadın...
Sünnilərin də dindarlığında
iman ağırlığı peyğəmbər sünnəsi deyilənlə bağlıdır. Bu da çox
dərin kökləri, ənənəsi olan, İslam üləmasının zaman-zaman qələm
çalaraq müsəlman dindarlığının istifadəsinə buraxdığı bir məsələdir.
Əksər ilahiyyatçılar
sünnənin üç variantına diqqət çəkirlər - hərəkət sünnəsi, sözlü
sünnə və təqrir sünnəsi. Birincisi Məhəmməd Seçilmişin öz davranışları,
ikincisi onun dedikləri, yəni hədislər, sonuncusu onun bir yanlış
hərəkəti ğörüb müəyyən bir yasağa bağlamadığı davranışlardır.
Sünnəyə bir çox hallarda peyğəmbər ardıcıllarının və daha sonrakıların
da sözləri və əməllərini daxil edirlər. Təbii ki, dindarlığı reqlamentləşdirən
bu sünnənin içində zamanların, siyasətlərin, nələrin və nələrin
gəlişdirdiyi düşüncə və davranış tərzi, dindarlıq özəllikləri
müsəlmanları indinin özündə obyektiv kosmik-ilahi gerçəklikləri,
müqəddəs Oxu məntiqini anlamaz bir durumda saxlamaqdadır. Dindarlığın
sünnə qəliblərində sürdürülməsi müsəlman ümmətinə onu qazandırmışdır
ki, insanlar İslamın mahiyyət etibarilə Tanrı-insan münasibətlərində
qəbul eləmədiyi bir nəsnədən – vasitəçi strukturların yaranmasından
əziyət çəkmiş, Allahın xalis dininə tərs düşən bütpərəstlik ovqatını
yaşamalı olmuşlar. Və indi özünü İslamda sayanlar bu ulu həqiqəti
anlamaqda çətinlik çəkirlər ki, İslam təkcə 1400 ilin dini deyil,
bu söz Adəmdən üzü bəri zamansızlıq dini olaraq təktanrılığın
ərəbcə adından başqa bir nəsnə deyil. İslamı sünnə əsirliyində
saxlayanlar, görünür, bu səbəblə də zamana, yeniliyə, tərəqqiyə
müqavimətli görünürlər.
«Alın o nəsnəni ki, elçi
sizə gətirmiş» (“əl-Haşr”–“Toplanma” surəsi, 7-ci ayə) – buyurmuş
Rəbbimiz. Nə yazıq ki, Məhəmməd Seçilmişin gətirdiyinin Quran
olduğunu anlamaq istəmirlər ki, istəmirlər. Və sadədən sadə bir
Quran gerçəyidir ki, Rəbbimiz hətta Öz seçdiyi o ulu insanı, sevgili
peyğəmbərimizi belə bəndələrilə Özü arasında vasitəçiliyə uyğun
bilməmişdir. Peyğəmbərə sevgilərimiz müqəddəs Kitabın məhz onun
ötürücülüyü ilə bizə endirilməsindən qaynaqlanmalıdır. İnsanı
ilahiləşdirmək ölçüsündə insan kəlamlarını dini-siyasi ambisiyalara,
bəlli zamanlarla çərçivələnən elmi mülahizələrə alət edərək əlahiddə
bir din qaynağı halına gətirmək məsələsinin ilahi iradəyə tərs
bir məzmunda olduğu da ayələrin məntiqindən aşkarlanan bir həqiqətdir.
Bu həqiqət o həqiqəti də açır ki, bütpərəstlik qazanan düşüncə
və davranış tərzi obyektiv olaraq insanlıq əleyhinə cinayətlər
də törətməlidir.
Məsələn, tarixdən bəllidir
ki, İmadəddin Nəsiminin qətlinə fətva verən din xadimi sünniliyin
hənəfilik məzhəbinin qazisi olmuşdur. Və yeddi yüz ilə yaxındır
tarixin zülmətindən çox güman cəhənnəmə adlamış həmin qazi o böyük
ruh yiyəsinin şeirlərinə bəslənən sevgini könüllərdən silə bilməmişdir.
Ancaq burası da nəzərdən qaçmamalıdır ki, hənəfilikdə olan bəzi
çağdaşlarımız Nəsiminin dərisinin soyulmasına dair fətvanı indinin
özündə də qanuni sayırlar. Onun dərin məzmunlu dindarlığını, Tanrısevərliyini
anlamaqda çətinlik çəkənlər indinin özündə də tapılırsa və bu,
belələrinin şüurunda ona qarşı eybəcər bir münasibət gəlişdirirsə,
deməli, çağdaş dindarlığın səviyyəsindən gileylənməyə yetərincə
əsasımız var. Yaxud, Şihabəddin Suhraverdi ki, İslam ilahiyat
elmində əvəzsiz xidmətləri olmuş, gözəl-gözəl əsərlər yazmışdır.
Tarixdə Suhraverdi Maqtul («maqtul» öldürülmüş deməkdir) kimi
anılan bir filosof-alim ki, onu da yaydığı düşüncələrə görə qətlə
yetirmişlər. Tarixdə saxta dindarlığa utanc gətirən başqa bir
nümunə böyük mütəsəvvif-alim Həllac Mənsurun taleyidir. Onun da
faciəvi sonluğunu maliki məzhəbinin qazisi İslam adına rəsmiləşdiribmiş...
Halbuki Quran oxuyan və anlayan yaxşı bilir ki, müqəddəs Kitabımızda
düşüncəyə görə ümumiyyətlə hansısa ölçüdə təqib məsələsinə nəinki
yer yoxdur, əksinə, ayələrin hikmətlərində insan azadlıqları bütövlükdə
Yaradanın zəmanətində olmaq etibarilə bir növ müqəddəslik statusu
qazanmış mahiyyətdə təqdim edilir.
Müharibədə deyil də dinc
dövrdə edam cəzası yalnız bir halda mümkün sayılır ki, bir kimsə
kimisə, kimlərisə öncədən düşünülmüş olaraq qətlə yetirmiş ola.
Bu halda edam cəzası ölənin, ölənlərin yaxınlarının iradəsi və
istəyi ilə gerçəkləşə də bilər, başqa bir cəza ilə dəyişdirilə
də... Zina etmişlərə şəriətə görə daşqalaq edilməklə, yaxud başqa
bir tərzdə uyğulanan ölüm cəzası da müqəddəs Kitabımızla düz gəlməyən
xeyli nəsnələrdən biridir.
Siyasi dövriyyədə mənfi
çalar qazanmış bir termin var: İslam fundamentalizmi. Günahı bir
tərəfdən o qüvvələrdədir ki, İslamı mənfi anlamda hallandırmaqla
özlərinin təkəbbürlü siyasətlərini həyata keçirmək istəyirlər.
O biri tərəfdən isə o insanlarda, o müsəlmanlardadır ki, dindarlıqları
müqəddəs Oxudan xeyli uzaqda, mövhumatçılıq özülləri üzərində
qərarlaşmışdır.
Bilənlərlə bilməyənlər
bir deyil. Bilməyənlər bilənlərdən öyrənirlər. Bu da var ki, bilənlərin
bildiklərinə yanlışlıqlar yoldaşıq eləyirsə bilməyənlər də əzab
çəkməli olurlar. Tanrıdan, Onun Kitabından öyrənməmiz daha yaxşı.
Yoxsa Onun xalis dinini kənar qaynaqlara aid eləmək Onun Özünə
din öyrətmək təkəbbürlüyü kimi də yozular. Yozular ki, Rəbbimiz
buyurur: «Tanrıyamı istəyirsiz öyrədəsiz dininizi. Tanrı bilir
göylərdə nə varsa, yerdə nə varsa. Tanrı hər nəsnəni biləyən»
(“əl-Hucurat”-“Hücrələr” surəsi, 16-cı ayə)...
|