Zina
çox ağır bir suçdur. Tarix boyu zina etmiş şəxslərə müxtəlif cəzalar
tətbiq olunub. Qədim misirlilər və yəhudilər yolunu azan qadınları
meydanlarda hamının gözü qabağında daşqalaq edərdilər. Orta əsrlərin
xristian Avropasında zinakarlara çox ağır cəza verilirdi. Sakslar
zina etmiş qadını diri-diri yandırır, onun külü üzərində dar ağacı
qurub oynaşını edam edərdilər. İngiltərədə zina etmiş qadının
başını qırxar, onu bu şəkildə şəhərə çıxarar, qamçılayaraq öldürərdilər.
İspaniyada zina etmiş arvadın ərinə onu öldürmək və ya əl-ayağını
sındırmaq hüququ verilirdi. Fransada zina edən qadını lüt-madərzad
soyundurub şəhərin bir qapisından o birinə kimi qaçmağa məcbur
edirdilər.
Zina
islam dinində də ağır suç sayılır. Amma dinimizdə zinaya görə
nəzərdə tutulan cəza yuxarıda sadalananlara qətiyyən bənzəmir.
Quran zina edənlərə bir neçə adamın iştirakı ilə yüz çubuq vurmağı
tövsiyə edir. Buna baxmayaraq qədim misirlilərin və yəhudilərin
zinakarlara tətbiq etdiyi, islama dəxli olmayan qəddar cəza –
daşqalaq şəriətə salınıb və neçə yüz illərdir, bir sıra müsəlman
ölkələrində tətbiq olunur. Və bu, islam dini haqda mənfi imicin
yaranmasında əhəmiyyətli rol oynayır, uca dinimizin nüfuzuna ciddi
zərbə vurur. Bu cür qeyri-insani cəzanın başqa xalqlardan alınıb
Allahın tələbi kimi tətbiq edilməsi çoz böyük cinayətdir. Hazırda
bu cəza dünya ictimaiyyətini narahat edən vandalizm aktlarından
biri kimi kütləvi informasiya vasitələrinin gündəmindən düşmür.
Beynəlxalq ictimai fikirdə belə bir rəy yaranıb ki, bu, islamın,
Quranın tələbidir. İnternet saytlarından birində Aleksandr Şlaen
adlı şəxs “Şərq incə məsələdir?” adlı yazısında görün nə yazır:
“Edamın ən iyrənc növlərindən biri də daşqalaqdır (lapidasiya).
Quranda hətta bu edam üçün istifadə olunan daşların ölçüsü də
dəqiqləşdirilib: «Bu daşlar cəzalandırılan şəxsi iki-üç zərbəyə
öldürəcək qədər böyük, nə də daş deyilməyəcək qədər kiçik olmalıdır».
Bunu yazan müəllifi qınamaq olar, amma əsas cinayətkar bu cəzanı
islamın tələbi kimi həyata keçirənlərdir...
Qayıdaq
əsas məsələyə. Hazırda daşqalaq cəzası tamamilə və ya qismən şəriət
qanunları ilə idarə olunan ölkələrdə tətbiq olunur. Belə ölkələrdən
biri də qonşu İrandır. Qeyd edək ki, bu ənənə
müasir İrana 1979-cu il inqilabından sonra gəlib. Bu ölkənin Cinayət
Məcəlləsində zina və həyat yoldaşına xəyanətə görə daşqalaq cəzası
nəzərdə tutulub. Daşqalaq əməliyyatı edama məhkum olunan şəxslərin
ağrı-acısını artırmaq üçün çox dəqiqliklə işlənib. Əgər evli olub
zina edənlərin bu əməli 4 hal şahidi tərəfindən təsdiq olunarsa,
İranın Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə ona daşqalaq cəzası
verilə bilər. Qanunun 104-cü maddəsinə görə, daşqalağa məhkum
edilən şəxslərə atılan daşlar “nə iki daş atılanda günahkarı öldürəcək
qədər böyük, nə də daş deyilməyəcək qədər kiçik ola bilər”. Müqəssir
öz doğmalarının, o cümlədən uşaqların gözü önündə daşqalaq olunur.
İran qanunvericiliyinə görə, kişilər qurşağacan, qadınlar isə
çiyninə qədər torpağa basdırılır. Ölümə məhkum olunanın xilas
olmaq şansı var. Əgər o, daşqalaq zamanı torpaqdan çıxa bilərsə,
əfv olunur. Qadınlar daha dərin basdırıldığından onların qurtulmaq
şansı daha azdır. Edama məhkum edilənlər, adətən, iyirmi dəqiqəyə
ölürlər. Məhəmməd Xatəmi hakimiyyətə gələndə onun islahatlar edəcəyinə
ümidlər böyük idi. Amma onun prezident olduğu illərdə - 1997-ci
ildən 2001-ci ilədək olan müddətdə 15 qadın daşqalaq cəzasına
məhkum edilib, bunların 12-si icra olunub.
Bəzi
konkret faktlara keçək. “Kommersant” qəzetinin məlumatına görə,
2001-ci ildə Tehranda pornoqrafik filmlərdə çəkildiyi iddia edilən
35 yaşlı qadın Evin həbsxanasında daşqalaq edilib. Pornoaktrisa
anonim qalmaq üçün əlindən gələni edibmiş. O bütün kardlarda üzü
örtülü olub. Amma İran detektivləri onu tapa biliblər. Kadrların
birində su sayğacının nömrəsi görünürmüş. İzə düşən detektivlər
filmin çəkildiyi evi bu yolla müəyyən ediblər. Aktrisa günahı
boynuna almasa da, hüquq-mühafizə orqanları onun əleyhinə dörd
şahid tapa bilib. Zinakarlıq və cəmiyyətin sütunlarını sarsıtmaqda
ittiham edilən qadın səkkiz il türmədə saxlanılandan sonra daşqalaq
edilib.
”Amnesty International”in
məlumatına görə, bu ilin mart ayında Qəzvin vilayətinin Şubin
həbsxanasında kiçik oğlu ilə birgə cəza çəkən Mükərrəmə İbrahimi
həbsdən azad olunub. Bu qadın əvvəlcə daşqalaq yolu ilə ölüm cəzasına
məhkum edilmiş, sonra isə bu cəza 11 müddətinə azadlıqdan məhrum
etmə ilə əvəz olunmuşdu. Onunla zina etdiyi deyilən Cəfər Kiani
5 iyul 2007-ci ildə daşqalaq edilərək öldürülüb. Əvvəlcə bu cütlüyün
edamı 17 iyun 2007-ci ilə təyin edilibmiş. Hamının gözü qarşısında
həyata keçirilməsi nəzərdə tutulan edam Zəncanın Takestan şəhərindəki
Behişti-Zəhra qəbiristanlığında cəzanı verən hakimin gözü önündə
həyata keçirilməliydi. “Daşqalaq cəzasını həmişəlik dayandıraq”
hərəkatının fəalları bundan xəbər tutub əhali arasında xəbəri
yayandan sonra geniş ictimaiyyət qəzəblənib. Ölkədə və xaricdə
təpki baaşlayıb. “Amnesty International” də daxil beynəlxalq təzyiqlər
qarşısında məhkəmə hakimiyyətinin başçısı edamın təxirə salınması
barədə yazılı qərar çıxarıb. Buna baxmayaraq, iyulun 5-də Cəfər
Kiani daşqalaq olunub.
Ötən ilin oktyabrında
Mükərrəmə İbrahiminin işi amnistiya və əfv komissiyasına verilib
və o, əfv olunub. Ehtimal olunur ki, onu Əli Xamenei əfv edib.
İranda bu cəzaya etiraz edən qüvvələr də var. “Məhəmməd peyğəmbər
bu ənənəni dəstəkləməyib. Quranda daşqalaq cəzası yoxdur” deyə
bir zaman keçmiş prezident Haşimi Rəfsəncaninin qızı Fazeh Rəfsəncaninin
rəhbərlik etdiyi “Zən” qəzeti yazırdı. Son məlumata görə, İran
Məclisində ölkənin yeni Cinayət Məcəlləsinə baxılır. Ehtimal olunur
ki, daşqalaq cəzası başqa bir cəza ilə, böyük ehtimalla şallaqla
əvəzlənəcək.
“Röyters” agentliyinin məlumatında deyilir ki, 2006-cı ildə Somalidə
ABŞ-la bağlı olan tayfa liderlərini məğlub edib nəzarəti ələ keçirən
Birləşmiş İslam Məhkəmələri (BİM) ölkədə qaydaları bir qədər sərtləşdirib.
Bu qurumun başçısı Şeyx Həsən Dahir Aveysin “əl-Qaidə” ilə bağlı
olduğu söylənilir. 2006-cı ilin iyununda onun başçılıq etdiyi
BİM beş nəfərə daşqalaq cəzası kəsib.
2002-ci ildə Nigeriyanın şimalındakı müsəlman
əyalətlərindən birində 35 yaşlı Safiyə Hüseyniyə zina suçu ilə
daşqalaq cəzası kəsilib. Avropa Birliyi Barselona zirvəsində Nigeriya
hökumətindən Hüseyniyə mərhəmət göstərilməsini xahiş edib. Beynəlxalq
Amnistiya Təşkilatının İspaniya bürosu cəzanın tətbiq olunmasının
qarşısını almaq üçün 350 min imza toplayaraq Madriddəki Nigeriya
səfirliyinə təqdim edib. Qeyd edək ki, Nigeriyanın şimal əyalətlərində
şəriət qaydaları 2000-ci ildən tətbiq olunmağa başlayır. Hüseyni
isə bu cəzanın verildiyi ilk qadındır. Nəhayət, qeyd edək ki,
Safiyə sonradan bəraət alıb, Nigeriya hökuməti isə şimal əyalətlərinin
rəhbərlərinə bu cür cəzalar verməmək barədə xəbərdarlıq edib.
Yenə “Reyters”in məlumatına görə, Taliban rejimi aradan qaldırılandan
sonra 2005-ci ildə Əfqanıstanda ilk dəfə daşqalaq
cəzası tətbiq olunub. 29 yaşlı qadın yerli mollanın hökmü ilə
daşqalaq cəzasına məhkum edilib və əhali tərəfindən daşlanılaraq
öldürülüb. Faktı polis də təsdiq edib. Məlumatda deyilir ki, qadın
evindən zorla çıxarılaraq aparılıb. Bunun Həmid Qərzainin hakimiyyəti
zamanı həyata keçirilən ilk daşqalaq əməliyyatı olduğu deyilir.
Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası qadının ailə üzvləri
tərəfindən öldürüldüyünü bildirib.
Rusiyada çıxan “Kommersant”
qəzetinin 24.05.2001 tarixli 88-ci (2218) nömrəsindəki “İslam
ölkələrində qəddarcasına edamlar davam edir” başlıqlı yazıda deyilir
ki, həmin ilin yanvarında müasir Yəmənin tarixində
ilk dəfə hamının gözü qarşısında müqəssirə cəza verilib. Dörd
saat ərzində şəhər meydanında öz 12 yaşlı qızını zorlayıb, sonra
öldürən bir şəxs daşqalaq edilərək öldürülüb. 2000-ci ilin fevralında
isə Birləşmiş Ərəb Əmirliklərinin İslam Tribunalı
zina etməkdə suçlu bilinən 35 yaşlı hamilə qadını daşqalaq yolu
ilə öldürülmə cəzasına məhkum edib. Onunla zina etmiş hindistanlı
isə ölkədən qaçaraq canını qurtara bilib.
Osmanlı
tarixində cəmi bir dəfə daşqalaq cəzası həyata keçirilib. Bir
yəhudi ilə zinada suçlu bilinən müsəlman qadın barəsində qazı
daşqalaq hökmü verib. Müqəssir bilinənlər Sultan IV.Mehmedə, sədrəzəm
Qara Mustafa paşaya müraciət etsələr də, əfv olunmayıblar. Din
alimlərinin bir qismi bu qərara etiraz edib. Amma cəza verilib.
Yəhudi müsəlmanlığı qəbul etdiyini desə də, onun başı kəsilib,
qadın isə daşqalaq olunub. Müasir Türkiyə dünyəvi
dövlətdir və burada şəriət qanunları işləmir. Amma bir sıra əyalətlərdə
ictimai şüurda, xüsusən kütlə arasında zinaya görə guya dinimizin
daşqalaq cəzası tələb etməsi düşüncəsi var. Türkiyə qəzetlərinin
verdiyi məlumata görə, bir neçə il əvvəl Diyarbəkrdə Şemse Alak
və Qədriyyə Dəmirəl adlı qadınlar yaxınları tərəfindən daşqalaq
edilərək öldürülüb. Məlumatda deyilir ki, 16 yaşlı Qədriyyə Dəmirəl
qarnındakı uşağı ilə birgə böyük qardaşı Əhməd Dəmirəl tərəfindən
daşlanaraq öldürülüb. Başqa bir qadın - Şemse Alak isə 2002-ci
ildə qonşusu, 5 uşaq atası Xəlil Açılla zina edərək hamilə qalıb.
Qızın hamilə olduğu üzə çıxandan sonra Xəlil evlənmək təklif edib.
Amma qızın qardaşları onları öldürməyə qərar verib. Xəlil daşlanaraq
hadisə yerində, Şəmsə isə uzun müddət komada qalandan sonra xəstəxanada
ölüb.
Pakistanın
hazırkı cinayət hüququnun əsasları bu ölkə müstəmləkə olduğu dövrdə
qoyulub. 1860-cı ildə indiki Pakistanın da daxil olduğu Britaniya
Hindistanının Cinayət Məcəlləsi qəbul olunub. Bu sənəd ölkə müstəqil
olandan sonra dəfələrlə dəyişdirilib. General Ziyaülhəqqin hakimiyyətə
gəlişi ilə situasiya dəyişib. 1979-cu ildə ölkə qanunlarına əlavələrdə
zina və yalandan zinada suçlama üçün cəzalar əlavə edilib. Bunların
içində daşqalaq da var. Amma bu cəzanın praktikada həyata keçirilmədiyi
deyilir.
Xoşagəlməz məqamlardan biri də odur ki, İslam konfransı Təşkilatı
2004-cü ildəki toplantısının yekun sənədində bildirib ki, daşqalaq
cəzası başqa ölkələr tərəfindən qınanmamalıdır. Çünki bu cəzanın
tətbiqi həmin ölkələrin daxili işidir.
|