“Allah
- Ondan başqa tanrı yoxdur - mütləq bir yerə toplar sizi qiyamət
günü. Şübhəsiz, gələcək o gün. KIMIN HƏDISI ALLAHIN SÖZÜNDƏN DAHA
DOĞRU OLA BILƏR?”
(Nisə surəsi 87)
Son illər istər xarici kütləvi informasiya vasitələrində, istərsə
də ölkə mətbuatında bir sıra Şərq ölkələrində zinada suçlanan
şəxslərin daşqalaq cəzasına məhkum edilməsi barədə yazılar gedir,
bəzən bu cəzanın icrasını əks etdirən materiallar da yayımlanır.
Bir sıra ərəb ölkələrində, Pakistanda, İranda daşqalaq hələ də
qalır. Bu cəza ağlagəlməz üsullarla həyata keçirilir. Daşqalaq
əməliyyatı edama məhkum olunan şəxslərin ağrı-acısını artırmaq
üçün çox dəqiqliklə işlənib. Müqəssir öz doğmalarının, o cümlədən
uşaqların gözü önündə daşqalaq olunur. Kişilər qurşağacan, qadınlar
isə çiyninə qədər torpağa basdırılaraq canı çıxana qədər daşlanır.
Bu ölkələrin əhalisinin əksəriyyəti müsəlman olduğundan və həmin
ölkələr tamamən və ya bir qədər şəriət qanunları ilə idarə edildiyindən
beynəlxalq aləmdə belə təsəvvür yaranır ki, bu tükürpədici edam
aktları islam dininin tələbləridir. Beləlıklə, uca dinimiz haqda
yanlış təsəvvürlərə daha birisi əlavə olunur. Doğrudanmı, Allah
taala zinaya yol vermiş şəxsləri bu yolla cəzalandırmağı tövsiyə
edir?
Ən böyük günahlardan
biri
Zina bütün səmavi dinlərdə
pislənilir. Tövrat da, İncil də, Quran da ailəni cəmiyyətin təməl
daşı kimi götürür və vəfa, sədaqət, ismət və iffəti insanlığın
vacib elementi sayır. Quranda deyilir ki, taylar (qadın üçün kişi,
kişi üçün qadın) rahatlıq mənbəyi olmalıdır: “Sizin özünüzdən
sizlər üçün taylar yaratmış ki, rahatlıq tapasız taylarınızla.
Sevgiylə mərhəmət bərqərar eləmiş aranızda. Bunlar Onun qüdrətinin
dəlilləridir. Şübhəsiz, bunlarda ayələr var düşünənlər üçün” (Rum
21). Zina isə ailə institutunun dağılmasına yönəlmiş
bir hərəkətdir, iyrəncdir, zülmdür, qeyri-insani hərəkətdir. Zina
olan yerdə rahatlıq, bərəkət olarmı? Ona görə belə bir suç üçün
cəza nəzərdə tutulması təbiidir. Tövratda zina ən böyük günahlardan
biri kimi verilir və bu suçu işləmiş adamların cəzasının daşqalaq
olduğu deyilir: “Əgər bir nəfər ərdə olan bir qadınla yatarkən
yaxalanarsa, həm qadınla yatan kişi, həm də qadın hər ikisi öldürülməli.
Bu yolla şəri İsraildən uzaqlaşdırın” (Təsniyə 22-22).
Qeyd edək ki, yəhudilikdə subayların qeyri-məşru əlaqəsinə görə
daşqalaq cəzası nəzərdə tutulmayıb. Nişanlı olanlar istisnadır.
Bundan başqa, əgər zina hadisəsi şəhərdə yox, çöldə baş veribsə,
Tövrat qadını daşqalağa məhkum etmir, şəhərdə baş veribsə, hər
iki günahkar daşqalaq olunur: “Əgər bir nəfər şəhərdə başqa birisinə
nişanlı olan qızla qarşılaşıb onunla yatarsa, ikisini də şəhərin
qapısının yanına gətirin və ölənə qədər daşqalaq edin. Çünki qız
qışqırararq şəhər əhlini köməyə çağırmayıb. Kişi isə yaxın olanın
nişanlısının namusunu ləkələyib. Bu yolla şəri ortadan qaldırın”
(Təsniyə 23-24)”. Bu, Tövratın hökmüdür. Amma
bu gün İsraildə daşqalaq cəzası yoxdur.
“Kim günahkar
deyilsə, birinci daşı o atsın”
Zina İncildə də pislənilir.
Yeni Əhddə deyilir ki, qadınlar zina etməyibsə, başqa səbəblə
onları boşamaq olmaz. Çünki bu, qadının zina etməsinə yol aça
bilər: “Mən sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəblə
arvadını boşayan hər kəs onu zinaya düçar edir... ” (Mattanın
müjdəsi 5:32). İncildə təkcə qeyri-məşru əlaqə yox, qadına
şəhvətlə baxmaq da zina sayılır: “Qədim zamanların adamlarına
“zina etmə” deyildiyini eşitmisiniz. Amma mən sizə deyirəm: Bir
qadına şəhvətlə baxan hər adam artıq onunla ürəyində zina etmiş
olur. Əgər sağ gözün səni pis yola çəksə, onu çıxar və özündən
xaric et; çünki sənin üçün üzvlərindən birinin yox olması bütün
bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Və əgər sağ əlin səni
pis yola çəksə, onu kəs və özündən xaric et; çünki sənin üçün
üzvlərindən birinin yox olması bütün bədəninin cəhənnəmə atılmasından
yaxşıdır” (Mattanın müjdəsi, 5/27-30). Zinaya
qarşı belə sərt mövqeyə baxmayaraq, İncildə daşqalaq cəzası yoxdur.
Əksinə, bu cəzaya etiraz olduğu görünür. Yəhyanın müjdəsində deyilir
ki, bir gün din alimləri və fəriseylər zina üstündə tutulmuş bir
adamı İsa peyğəmbərin yanına gətirir və daşqalaq olunmasını istəyirlər:
“Müəllim, Musa Qanunda bizə əmr edib ki, bunun kimiləri daşlayaq.
Bəs sən nə deyirsən?” (Yəhyanın müjdəsi 8:5)
İsa peyğəmbər bu vaxt əyilib əli ilə yerə nəsə yazırmış. Onlara
belə deyir: “İçinizdə kim günahsızdısa, ilk daşı o atsın”. Bunu
eşidəndə ağsaqqaldan tutmuş ən kiçiyinə qədər hamı gedir. İsa
peyğəmbər qadına deyir: “Mən səni mühakimə etmirəm. Get, bundan
sonra günah işləmə” (Yəhyanın müjdəsi 8:6-11).
İsa peyğəmbərin “kim günahkar deyilsə, birinci daşı o atsın” deməsi
ona qədər mövcud olan daşqalağa etiraz idi.
“Allahın dininin
buyurduğu bu cəzaya görə...”
İslamda zina edənin evli,
ya subay olmasından asılı olmayaraq kəbindənkənar əlaqə günah
sayılır: “Zinaya yaxın durmayın, çirkin bir əməldir, pis bir yoldur
bu”(İsra 32). Dinimizdə zina böyük günahlardan
biri hesab olunur. Furqan surəsinin 68-ci ayəsində deyilir: “Başqa
bir tanrını tay tutmazlar Allaha. Allahın yasağına əməl edərək
öldürməzlər kimsəni haqsız yerə. Zinakarlıq eləməzlər. Günaha
batmış olur bunları eləyən kəs”. Bu ayəyə, buradakı sıralamaya
istinad edib bəzi alimlər deyirlər ki, böyük günahlar içində zinakarlıq
Allaha şərik qoşmaq və haqsız yerə adam öldürməkdən sonra ən ağır
günahdır. Amma başqa bir ayədə fitnəkarlığın adam öldürməkdən
də betər olduğu deyilir: “Fitnəkarlıq adam öldürməkdən daha betərdir”
(Bəqərə, 191). Hər halda zina çox ağır günahlar
sırasında yer alır.
Quranda bu suçu işləmiş adamlar üçün konkret cəza da var.
Nisə surəsinin on beşinci və on altıncı ayələrində zinaya yol
vermiş şəxslərə veriləcək cəzadan danışılır: “15. Qadınlarınızdan
zinakarlıq edən varsa, bunu sübut üçün dörd nəfər şahid gətirin
öz içinizdən. Şahidlik etsələr, beləsini evdə tutub saxlayın ölüncəyə
qədər, yaxud bir yol açıncaya qədər Allah ona. 16.İçinizdən iki
nəfər zinakarlıq edərsə, əziyyət verin onlara. Tövbə edib islah
olunsalar, əl çəkin onlardan. Tövbələri qəbul edəndir, Rəhimdir
Allah”. Göründüyü kimi, burada edamdan, daşqalaqdan söz getmir.
Üstəlik, on beşinci ayədə “Allah bir qapı açıncaya qədər” sözləri
hansısa güzəştin olmasını, yeni bir ayə endiriləcəyini nəzərdə
tutur. Yəni zina edilməsi fərdin sonu deyil. Daha sonralar endirilən
Nur surəsində (bu surə endirilmə ardıcllığına görə yüz ikincidir)
çubuq vurma cəzasının tətbiqi iə ömürlük həbsin aradan qaldırıldığını
görürük: “Zinaya yol vermiş qadına və kişiyə - hər birinə yüz
sayda kötək vurun. Allaha və axirət gününə iman gətirmisizsə,
Allahın dininin buyurduğu bu cəzaya görə nəbadə onlara rəhminiz
gələ. Bir dəstə mö'min də şahidlik eləsin onların aldığı bu cəzaya”
(Nur 2). Burada çubuq mənasında “cəldə” sözü işlənir.
“Cəldə” dəriyə ağrı verən dəyənək mənasındadır. Bu cəzanın icrası
zamanı şahidlik olmasının lazım gəlməsi haqda deyilənlər bunun
daha çox cəmiyyət qarşısında tərbiyəvi əhəmiyyətinin əsas hədəf
olduğunu göstərir. Quranda həmçinin o da deyilir ki, zinanın isbatı
üçün dörd şahid tələb olunur. Əgər biri kimisə zinada suçlayır,
amma dedikləri təsdiqlənmirsə, ona da cəza var – 80 kötək: “İsmətli
qadınları zinada ittiham eləyən və sonra dörd şahid gətirə bilməyən
kimsələrə səksən sayda kötək vurun. Onların şahidliyini heç vaxt
qəbul eləməyin. Sapmışlardır belələri” (Nur 4).
Amma zina vaxtı dörd şahidin kimisə yaxalaması çox çətindir. Çünki
islamda insanların şəxsi mülkiyyəti toxunulmazdır. Araşdırıcılar
deyir ki, bu ayə zinanın ümumxanalar şəklində həyata keçirilməsini
əngəlləməyi hədəfə alır. Budur zina etmiş şəxslər barədə Quran
hökmü.
Quranda “rəcm”
Amma əsrlər boyu zina
üçün cəza deyiləndə ağıla daşqalaq gəlir. Bu mənada işlənən söz
“rəcm”dir. Ərəb dilində bu söz daşlayıb öldürmək, daş atmaq, daşa
tutmaq, söymək, qovmaq mənası verir. Quranda “rəcm” sözü daha
çox şeytanla bağlı, qovulma mənasında işlədilir: «Elə isə çıx
oradan, sən artıq qovulmuşsan» dedi Allah” (Hicr 34);
Eyni zamanda şeytanla bağlı epitet olaraq da işlədilən “şeytanir-rəcim”
(qovulmuş şeytan) ifadəsi çoxlarına tanışdır: “Hər qovulmuş şeytandan
qorumuşuq onları alovlu şö'lələrlə” (Hicr 17)
və s. Quranda bəzi peyğəmbərlərin qovulması, daşa basılması mənasında
da “rəcm” işlənir. Və bütün hallarda bu, bütpərəstlərin üslubu,
davranış tərzi, hədəsi kimi verilir: “Dedilər: «Ey Şuayb, dediklərinin
bir çoxunu anlamırıq, biz səni zəif görürük. Qəbilən olmasaydı,
səni daşa basardıq. Yoxdur sənin bizə görə bir dəyərin» (Hud
91); “Atası dedi: «Ey İbrahim, mənim tanrılarımdan dönməkmi
istəyirsən? Düşündüyündən daşınmasan, səni daşa basacam. Uzun
bir müddətliyə məndən uzaq ol» (Məryəm 46); «Gəlişinizlə
siz bizə nəhs gətirdiniz. Bu işdən əl çəkməsəniz daşa basacağıq
sizi, ağrılı bir əzab dəyəcək sizə» dedi şəhər əhli” (Yə-sin
18). “Elə ehtiyatla davranmalı ki, heç kim sizi tanımasın
orada» dedilər. Əllərinə keçsəniz sizi daşqalaq edərlər, yaxud
da döndərərlər öz dinlərinə. Bundan sonra bir daha qurtula bilməzsiniz»
(Kəhf 19-20).
Bəs daşqalaq
hardan gəlir?
Zina etmiş şəxslər üçün
cəza növü olaraq Quranda “rəcm” sözü işlənmir! Bəs zina üçün daşqalaq
cəzası haradan çıxdı? Təbii ki, uydurma hədislər, rəvayətlər,
əfsanələr əsasında belə bir cəza əsrlərdir tətbiq olunur. Təəssüf
doğuran odur ki, daşqalaq cəzasını bütün məzhəblər qəbul edib.
Yalnız xaricilər və mötəzililər buna qarşı çıxıb. Bəs Quranda
olmayan bu tükürpədici cəza növü hansı əsaslarla legitimləşdirilib?
Nəyə görə şirk daha ağır cəza olduğu halda müşrik tövbə edərsə,
onun tövbəsi qəbul edilir, amma zinaya yol vermiş şəxs öldürülür,
özü də ağır işgəncələrlə. İşgəncə verməklə öldürmə Quranın ruhuna
nə dərəcədə uyğundur? Qurani-Kərim əli nə qədər müsəlmanın qanına
batmış, öldürdüyü kəslərə işgəncə vermiş adamları belə işgəncə
ilə öldürməyi yasaqlamırmı?
Birinci uydurma: peyğəmbərimiz daşqalaq tətbiq
edib. Deyilənə görə, peyğəmbərimizin zamanında Yəsribdə (Mədinə)
yəhudilər arasında daşqalaq cəzası tətbiq olunurmuş. Bir dəfə
Mədinə sözləşməsinə uyğun olaraq yəhudilər iki zina etmiş günahkarı
cəzanın tətbiqi üçün peyğəmbərimizin yanına gətiriblər. Tanrı
Elçisi onlardan Tövratda zinaya hansı cəzanın nəzərdə tutulduğunu
soruşub. Tövratı gətiriblər və oradan rəcm barədə ayəni oxuyublar.
Bundan sonra zinaya yol verən həmin yəhudilər peyğəmbərimizin
əmri ilə daşqalaq edilib (Buxari, “Hüdud” 24, Müslim,
“Hüdud” 27, Tirmizi, “Hüdud”, 10, Macə, “Hüdud” 10).
Olsun. Amma bu, daşqalağın müsəlmanlara tətbiqi üçün əsas ola
bilməz. Daşqalaq tərəfdarları bu cəzanın müsəlmanlara tətbiqi
faktlarının olduğu da deyir, rəvayətlər söyləyirlər. Mümkündür.
Bəllidir ki, müvafiq ayələr nazil olana qədər peyğəmbərimizin
zamanında bu və ya digər məsələdə, əgər tövhidə zidd deyilsə,
ərəblər arasında olan ənənələrə əməl edilirmiş. Amma aydın Quran
ayəsi gələndən sonra daşqalağın icra olunması imkansız idi. Bir
sıra araşdırıcılar deyirlər ki, ərəblər arasında islamdan əvvəl
daşqalaq cəzası olub. Bu günaha görə cəldə (dəyənək) cəzasının
tətbiqini tövsiyə edən ayə öz ənənələrinə dərindən bağlı olan
ərəbləri qane etməyib və sonralar peyğəmbərimizin zamanında daşqalağın
tətbiq olunması barədə rəvayətlər dövriyyəyə buraxılıb.
İkinci uydurma: Nur surəsinin ikinci ayəsində
subay zinakarlar nəzərdə tutulur. Bir qisim müəlliflər bu fikirdədir.
Mərhum Z.Bünyadovla V. Məmmədəliyevin 1992-ci ildə nəşr olunan
Quran açıqlamasında da bu ayədə subayların nəzərdə tutulduğu iddia
edilir. Bir qədər dəqiq desək, ayənin məalı bitəndən sonra oraya
cümlə əlavə olunur: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq
vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində
(bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən
bir dəstə də onların əzabına şahid olsun”. (Bu, subay kişiyə və
ərsiz qadına aiddir. Evli kişi və qadın zina etdikdə isə onların
cəzası daşqalaq edilməkdir). (Qurani-Kərim. Ərəb dilindən
tərcümə edənlər Z.Bünyadov və V.Məmmədəliyev. Məsləhətçi redaktor
şeyxülislam hacı Allahşükür Paşazadə. Azərnəşr 1992).
Hansı əsasla iddia edilir ki, burada söhbət subaylardan gedir?
Əgər Uca Tanrı burada subay zinakarları nəzərdə tuturdusa, bir
sözlə bunu ayədə bildirmək yeri-göyü yaradan üçün çətin idimi?
Yoxsa “yaratdığı hər şeyi gözəl yaradan” (Səcdə 7).
Allah taala öz fikrini səlis və aydın ifadə edə bilməyib, nəticədə
insanları çaşdıran durummu yaranıb? Bu cür əlavələr Quran mətninə
müdaxilədir. Buna heç kəsin haqqı yoxdur. “Zina” sözünün ərəbcədə
həm subaylar, həm də evlilər üçün işləndiyi isə heç kəsdə şübhə
doğurmur. Quran təfsirçilərindən Məhəmməd Əsəd Nur surəsinin ikinci
ayəsinin təfsirində bunları yazır: “Zina bir-biri ilə evli olmayan
bir kişi ilə bir qadın arasında – BUNLARIN HƏR BIRI BIR BAŞQASIYLA
EVLI OLSUN, YA OLMASIN – ixtiyari olaraq gerçəkləşdirilən cinsi
münasibət deməkdir. Bu səbəblə Qərb dillərinin bir çoxundan fərqli
olaraq ərəbcədə evli bir kişinin başqa bir qadınla, ya da evli
bir qadının ərindən başqa bir kişi ilə cinsi münasibətdə olması
ilə (adultery) subaylar arasındakı cinsi münasibətin (fornication)
arasında adlandırmada bir fərq yoxdur; yəni hər iki suç zina adlandırılır”.
İsra surəsində “Zinaya yaxın durmayın, çirkin bir əməldir, pis
bir yoldur bu”(İsra 32) deyilir, bəs burada hansı
zinadan söz gedir? Burada da subaylar nəzərdə tutulur? Furqan
surəsinin 68-ci ayəsində deyilir: “Allahın haram buyurduğu cana
nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu
(bu işləri) etsə, cəzasını çəkər.” Bəs burada necə? Məncə, hörmətli
mütərcimlər üçün bunun fərqi yoxdur, ona görə mötərizə açıb heç
nə yazmayıblar. Çünki əsas olan daşqalağı legitimləşdirmək idi.
Bundan başqa, Quranda zinaya yol verən cariyələr haqda belə deyilir:
“Sizlərdən kimin mömin subay qadınla evlənməyə çatmırsa gücü,
alsın mömin cariyələrdən birini. Çox yaxşı bilir Allah sizin imanınızı.
Hamınız bir soydansınız, insansınız. Elə sə sahiblərinin izni
ilə evlənin onlarla o şərtlə ki, ismət-abır gözləyələr, gizli
bir dostu olmaya onların. Mehrlərini də insafla verin. EVLƏNDIKDƏN
SONRA ƏXLAQSIZLIQ ETSƏLƏR, HÜRR QADINA VERILƏN IŞGƏNCƏNIN YARISI
DÜŞÜR BUNLARA” (Nisə 25). Göründüyü kimi, evli olan zinakar cariyələrə
(“evləndikdən sonra əxlaqsızlıq etsələr”) verilən cəza “hürr qadına
verilən işgəncənin yarısı”dır. Təbii ki, burada Nur surəsində
nəzərdə tutulan yüz çubuq cəzasının yarısı - əlli çubuq vurulması
nəzərdə tutulur. Daşqalaq yolu ilə öldürmənin yarısı nəzərdə tutula
bilərmi? Qurani-Kərimdə sanki belə yanlış izahların olacağı nəzərə
alınaraq ayələrin çox aydın olduğu deyilir. “Nur surəsinin ikinci
ayəsində subaylar nəzərdə tutulur” fikri də sanki önlənilib. Həmin
surənin elə birinci ayəsində deyilir: : “Bu, bir surədir, onu
nazil edərək FƏRZ BUYURMUŞUQ HÖKMLƏRINI. İbrət alasız deyə AYDIN
AYƏLƏR nazil eləmişik bu surədə”
Üçüncü uydurma:
daşqalaqla bağlı ayə varmış, bu ayəni keçi yeyib. Yuxarıda deyilənlər
o qədər də əsaslı görünmədiyindən ortaya başqa “arqumentlər” çıxarılıb.
Görün daşlayaraq öldürmək cəzasının tətbiqinə bəraət qazandırmaq
üçün nə qədər böyük bir günaha əl atılır: Quran bitkin deyil,
orada daşqalaqla bağlı ayə varmış. Guya Quran ayələri səhifələrə
yazılı şəkildə hz Aişənin evində imiş. Peyğəmbərimizin vəfatından
sonra evə girən ac bir keçi bu ayələr yazılan vərəqi yeyib (İbn
Macə “Nikah” 36,1944; ibn Hənbəl 5/131,132,183; 6/269).
Maraqlıdır ki, hədislər üzrə məşhur alim ibn Küteybə keçinin bu
“təxribatından” danışmazdan öncə onun mübarək bir heyvan olmasından
söz açır, fəzilətlərini sadalayır (İbn Kuteybe, Hadis
Müdafaası, s. 408). Bəllidir ki, Quran ayələri hələ peyğəmbərimizin
zamanında əzbər öyrənilmişdi. Bir keçi əzbər bilinən Quran ayəsini
necə aradan qaldıra bilərdi? Zina belə bir böyük günah olduğu
halda onun cəzası ilə bağlı ayənin “unudularaq” Quran kitab şəkildə
yığılarkən keçinin müdaxiləsi üzündən diqqətdən kənarda qalması,
Müqəddəs Kitaba daxil edilməməsi nə qədər məntiqə uyğundur?
Dördüncü uydurma: rəşidi xəlifə Ömər ibn Xəttab
daşqalaqla bağlı ayə olduğunu və bu ayənin Qurandan kanarda qaldığını
bilib, amma onu bərpa etməyə cəsarəti çatmayıb.
Hədis kitabları daşqalaq məsələsində rəşidi xəlifə Ömər ibn Xəttabdan
da istifadə etməyə çalışıblar. Guya o deyib: “Gələcəkdə bəzi şəxslər
peyda olacaq və “daşqalaq cəzasını Quranda tapa bilmirik” deyib
onu inkar edəcəklər. Bu şəxslər oxun yaydan çıxdığı kimi dindən
çıxacaqlar. Əgər xalqımın “Ömər Qurana əlavə edir” deməyindən
qorxmasaydım, bu ayəni Qurana yazardım” (Buxari 93/21,
Müslim “Hüdud” 8/1431, Əbu Davud 41/1). Bu hədisi də
qəbul etmək olmaz. Ömər ibn Xəttab kimi peyğəmbərimizə yaxın olan
bir şəxsin Allahdan yox, camaatdan qorxmasını düşünmək düzgün
olmaz. Doğrudanmı o, “Zalımlardan qorxmayın, Məndən qorxun ki,
tamamlayım sizə olan nemətimi” (Bəqərə, 150)
ayəsindən xəbərsiz olub? Üstəlik, onun xarakteri də tarixdən çox
yaxşı bəllidir. “Qurandan kənarda qalan” ayəni Qurana daxil etmək
məsələsində onun kimlərdənsə qorxmasını, Quranın “natamamlığını”
görüb, buna biganə qaldığını, haqqı bərpa etmək üçün ortaya iradə
qoymadığını düşünmək son dərəcədə gülünc və məntiqsizdir.
Nəhayət, bu deyilənlərdən belə bir məna da çıxır ki, 1400 il Qurandan
kənarda qalan bir ayənin öz yerinə qayıtmasını, haşa, Allah taala
ya istəmir, ya da onu bərpa etmək Onun gücü xaricindədir. Rəvayətlərin
birində deyilir ki, Əhzəb surəsi 73 ayə deyilmiş, Bəqərə surəsi
qədər böyük imiş. Orada “Yaşlı kişi və qadın zina edərsə, Allahdan
bir cəza olaraq mütləq onları rəcm edin. Allah əzizdir, Həkimdir”
ayəsi varmış. Tutalım, Ömər ibn Xəttab xalqdan qorxub, ayəni bərpa
etməyib, bəs Allah taala? Doğrudanmı, bütün bunlardan sonra, haşa,
Uca Tanrı ən böyük günahlardan biri sayılan zina üçün tətbiq edilməsi
nəzərdə tutulan bir ayəni keçi müdaxiləsindən qoruya bilməyib?
Bu necə qorumaqdı ki, Quran elə başlanğıcdan bir surənin səksən
faizindən aralı düşür? Doğrudanmı, Ulu Tanrı Əhzəb surəsinin səksən
faizinin Quranda öz əksini tapmasına nail ola bilməyib, Quranı
qoruya bilməyib və bu səbəbdən ilahi vəhylər – nə qədər öyüd,
etik imperativ, hökm 1400 ildir Müqəddəs Kitabımızdan kənarda
qalıb? Bəs “Quranı biz endirdik, Biz də onu qoruyacağıq” (Hicr
9) ayəsini necə başa düşək? Bu, o demək deyilmi ki, ilahi
vəhylər peyğəmbərimizə necə endirilibsə, o şəkildə də qalacaq?
Ona nəsə artırılmayacağının, nəsə əskildilməyəcəyinin, Quranın
təhrif edilməyəcəyinin qarantı Allah taaladır demək deyilmi? Ənam
surəsində Quranda hər şeyin aydın və anlaşıqlı yazıldığı, ona
paralel və ya hansısa qisminə alternativ qaynağa ehtiyac olmadığı,
onu heç kəsin dəyişdirə bilməyəcəyi çox aydın şəkildə yazılıb:
“114.Allah sizə Kitabı içində hər şey incədən-incəyə açıqlanmış
şəkildə göndərmişkən Allahdan başqasınımı hakim istəyəcəyəm? Kitab
verdiyimiz o kəslər bilir ki, Quranı haqq olaraq sənin Rəbbin
göndərib. Elə isə şübhələrə dalanlardan olmayasan. 115.Doğru və
insaflı kəlam olaraq tamamlanıb sənin Rəbbinin sözü. Onun kəlmələrini
dəyişdirə biləcək bir kimsə yoxdur. O eşidəndir hər şeyi, biləndir
hər işi”.
Bütün səmavi dinlər insan müdaxiləsi ilə öz əslindən uzaqlaşdırılıb.
Allahın göndərdiyi Kitablar müxtəlif zamanlarda iqtidar sahibləri
və ruhanilərin əli ilə bir sıra təhriflərə məruz qalıb. Din adından
hökm vermək səlahiyyəti yalnız Allahındır. İslamın çərçivəsi Quranda
dəqiq müəyyənləşib. Başqa qaynaq arayanlar, hökmlər icad edənlər,
yasaqlar qoyanlar, bu və ya digər ayənin Quranda olub, sonradan
it-bata düşməsi haqda nağıllar uyduranlar, görəsən, necə böyük
yanlışa yol verdiklərinin fərqindədirlərmi? Allah taala Qurani-Kərimi
qoruyacağını vəd edərkən, “qorunmayıb, təhrif olunub” demək nə
dərəcədə ağıllı işdir? Bunu iddia edən məntiq sahiblərinin din
haqda danışmağa haqqı varmı? Fərz edək ki, danışa bilərlər, amma
onların “dini mən dediyim kimi anlayın” deməyə nə dərəcədə haqları
var? Zina çox ağır suçdur, qəbul edirik. Bəs Quranın bütövlüyünə
şübhə eləmək, orada naqislik arayıb özündən ayə artırmaq necə?
Görəsən, buna hansı cəza düşür?!
|