Rəhman
və Rəhim Allahın adıyla
1. Göylərdə nə varsa,
yerdə nə varsa həmd oxuyar hər şeyin yiyəsi, pak, güclü, müdrik
Allaha.
2. Savadsız kimsələrin
[dini, Kitabı olmayan bütpərəstlərin] içindən seçib onlara bir
Peyğəmbər göndərən Odur. Allahın ayələrini oxuyar onlara, paklığa
çağırar onları, Kitabı və Hikməti öyrədər onlara bu Peyğəmbər.
Bundan öncə aşkar bir sapqınlıq içində vurnuxurdular.
3. Onlardan sonra gələn
və onlara qoşulmamış olanlara da bu Peyğəmbəri göndərən Allahdır.
Güclüdür, müdrikdir O.
4. Budur lütfü Allahın.
İstədiyi kimsəyə verər onu Allah. Böyük lütf yiyəsidir Allah.
5. Tövrata görə cavab
yükü daşıyan və sonra bu yükü daşımaqdan daşınan kimsələr belində
kitablar daşıyan eşşək kimidir. Nə pis bir şey imiş Allahın ayələrini
dananların bənzəri. Zalımları doğru yola çəkməz Allah.
6. De ki, «Ey yəhudilər!
İddia eləyirsiz, insanlar arasında Allaha ən çox yaxın sizsiniz.
Doğru sözlü, düz əməlli kimsələrsinizsə, özünüzə ölüm diləyin».
7. Gördükləri işlərin
qarşılığında əsla diləməzlər ölümü. Zalımların işləklərini biləndir
Allah.
8. De ki, «O ölümdən
ki, siz qaçırsız, mütləq haqlayar sizi. Və axır dönərsiniz görülməzi,
görüləni bilənin dərgahına. O da bildirər sizə nə iş tuturdunuzsa.
9. Ey iman gətirənlər!
Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin,
alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz.
10. Elə ki, bitirdiniz
namazı, dağılışın yer üzünə. Allahın lütfündən pay diləyin. Allahı
çox anın ki, bəlkə uğura uğrayasız.
11. Harda bir alış-veriş,
yaxud bir əyləncə gördülərsə, xütbə oxuduğun yerdə səni tərk eləyərək
oraya axışarlar. De ki, «Əyləncədən də, alış-verişdən də Allahın
dərgahındakı daha yaxşıdır. Allahdır ruzi verənlərin ən yaxşısı».
|