Mənzil
olur gah mənə viranələr,
Cin görürəm, Can görürəm, qorxmuram.
M.Ə. Sabir
İslamda
«cin» dedikdə duyğu orqanları ilə dərk eäilməyən, insanlar kimi
ilahi əmrlərə tabe olmaqda məsul olan varlıqlar nəzərdə tutulur.
Dilimizdəki «Cin ayrı, şeytan ayrı» məsəli islam nöqteyi-nəzərini
düzgün əks etdirir. Çünki cinlərin də insanlar kimi yaşayıb öldüyü,
onlara da peyğəmbərlər göndərildiyi, yaxşı-pislərinin olduğu Quranda
xəbər verilir. Şeytanlar isə istisnasız olaraq mənfi yöndən tanınır
və onların İblislə bərabər Qiyamətə kimi yaşayacağını deyirlər.
Əski türklərdə
İslamdan əvvəlki türklər
bütün dünyanın ruhlarla dolu oëduğuna inanırdıëàr. Bu ruhlar pis
və yaxşı olmaq üzrə sinifləndirilirdi. Ülgenin sərəncamında olan
ruhların yaxşı işlərə, Erlikin buyruğunu yerinə yetirənlərin isə
şər işlərə əl qoyduğu deyilirdi. Qədim türklər onları müxtəlif
cür adlandırırdılar: körmös, neme, tös və s. Heyvan və quş şəklinə
düşə bildiklərinə inanırdılar. Bəzilərini çox eybəcər: birəlli,
başsız, üçayaqlı və s. şəkildə təsəvvür edirdilər. Eyni zamanda,
cinlərin qadın və kişi, qoca və cavan ola bildikləri haqda təsəvvürlər
vardı. Balaca ölçülü pis cinlərin - körmöslərin ziyankar olması
fikri geniş yayılmışdı. Qədim türklərdə gün batarkən yatmaq yaxşı
sayılmırdı. Hesab olunurdu ki, körmöslər adamın qutunu (ilahi
enerji, ruh) oğurlaya bilərlər. Ölçülərinə gəlincə, kiçiklərinin
ağcaqanad ölçüsündə, böyüklərinin isə pəhləvan cüssəli olduğunu
düşünürdülər. Ərəblər kimi, qədim türklər də hesab edirdilər ki,
tufan, qasırğa və s. cinlərin hərəkətinin nəticəsidir. Onların
xaraba qalmış evlərdə, qurumuş çay yataqlarında, zibilliklərdə,
qəbiristanlarda yaşadıqlarını düşünürdülər. İnsanlara münasibətinə
görə cinləri üç qrupa bölürdülər. 1. Həm yaxşı, həm pis cəhəti
olanlar. Onların hərdən insanlara ziyan vurduğunu, amma yeri gələndə
şamanlara yardımçı da ola bildiyini deyirdilər. 2. Yalnız şər
işə sahib olanlar. 3. Üçüncü növ haqda isə belə fikir vardı ki,
onlar insanlara vurula və bəşər övladı ilə intim təmaslarda ola
bilərlər.
Ərəb mifologiyasında
Nağıllardakı
təsvirlərdə ərəblərin əski mifoloci təsəvvürlərinin bir sıra yönləri
üzə çıxır. İslamdan öncəki ərəblərdə həyatda baş verən yaxşı işlərin
səbəbkarı olaraq mələklər və cinlərin bir qismi, pis işlərə səbəbkar
kimi isə şeytan və cinlərin digər qismi götürülürdü. Cahiliyyə
dövrü ərəblərində belə mifik təsəvvür vardı ki, cinlər də qəbilə
və tayfa halında yaşayır, bir-birləri ilə savaşır, fırtına və
bir sıra təbii fəlakətləri onlar törədir. Cinlərin insanları öldürdükləri,
qaçırmaları, bəzi cinlərin isə insanlara yardım eləmələri fikrində
idilər. Hətta cinlərlə evlənən insanların da olduğunu düşünürdülər.
«Min bir gecə»də toy günü gəlini götürüb qaçan və qısqanclığından
onu ağzı möhürlü kuzənin içində saxlayan cin haqda nağıl var.
Qurani-Kərimdən öyrənirik ki, islamdan öncə qüreyşilər Allahla
cinlər arasında soy birliyi olması inancında imişlər: «(Müşriklər
həm də özlərindən) Allahla cinlər arasında bir qohumluq əlaqəsi
icad etdilər. Həqiqətən, cinlər onların (bu sözləri deyənlərin
Qiyamət günü cəhənnəmə) gətiriləcəyini bilirlər» (Saffat,
158). Hətta cinləri Allaha ortaq qoşurlarmış: «Cinləri
Allah yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən
Onun üçün oğullar və qızlar uydurub düzəltdilər» (Ənam,
100). Cinlərə sitayiş edirmişlər: «(Mələklər): «Sən pak
və müqəddəssən, bizim ixtiyar sahibimiz onlar deyil, Sənsən. Xeyr,
cinlərə ibadət edirlər. Onların əkəsəriyyəti cinlərə iman gətirmişdi,»
- deyə cavab verəcəklər» (Səbə, 41).
Başqa xalqlarda
Farslarda «cin» kəlməsinin
qarşılığı kimi «div», «pəri» sözləri işlənilib. Çin folkloru cinlərin
işləkləri haqda məlumatlarla doludur. Çinlilər cinlərin hər yerdə
olduğuna, istəyəndə ölüləri belə dirildə bilməklərinə, qəbirləri,
evləri gəzdiklərinə inanırlar. Onların inancına görə, cinlərin
bir qismi o dünyada ölülərin cəzalandırılması işinə baxır, bir
qismi göylərdə yaşayır, başqa bir qismi isə ancaq gecələr yer
üzünə enib insanlarla təmasdə olur. Çinlilər arasında bir çox
pis xəstəliklərə cinlərin səbəb olduğu düşüncəsi geniş yayılıb.
Bu inanc buddizmlə birgə Yaponiyaya da keçib. İndinin özündə Tokio
yaxınlığında Nakayama kəndi çox məşhurdur. Buradakı məbəddə hər
cür pis ruh və cinlərin insana verdiyi ziyanların aradan qaldırıldığı
iddia edilir.
Azərbaycan mifologiyasında
Azərbaycan mifologiyasında
cinlərin öz yeri var. Nağıllarımızda onlardan bol-bol danışılır,
cinlə yanaşı, div, pəri kimi sinonim anlamlı varlıqlardan da söz
açılır. Hesab edilir ki, cinlər insan cildinə də girə bilər. «Kitabi-Dədə
Qorqud» dastanlarının «Basatın Təpəgözü öldürməsi» boyunda Təpəgözün
anasının pəri olduğu deyilir ki, bu da dişi cin anlamına gəlir.
Bir çobanın təcavüzünə məruz qalan pəri çobana: «Oğuzun başına
əngəl açdın» - deyir. Sonra pəri çobandan olan oğlu Təpəgözün
barmağına üzük keçirib təhlükəli «əmanəti» geri qaytarır. Bu sehrli
üzüyün köməyi ilə Təpəgözə ox batmaz, onu qılınc kəsməzmiş. Dövrümüzdə
əhali arasında cinlərin gecə gəzməsi, bəzən gecələr atları minib
çapması, onların yalını hörməsi haqda fikirlər geniş yayılıb.
Bundan başqa, cinlərin gecə yol gedən adamların gözünə görünməsindən
də danışılır. Deyirlər ki, cinlər musiqi məclisi görüntüsü yaradıb
adamı yaxın bir adam cildində «ziyafətə» dəvət edir, bu zaman
onlara aldanan adam özü də bilmədən qısa müddətə çox böyük məsafə
qət edir. Cinlərin görünməz olması fikri də var. Adamlarımız hesab
edirlər ki, cin «bissimillah» kəlməsindən və dəmirdən qorxur.
Cinlərin adamların işinə müdaxilə etməsi, yeməyinə şərik olması
inancı geniş yayılıb. Ona görə bütün işlərə, o cümlədən yeməyə
«bissimillah»la başlanılması məsləhət görülür, evlərin qabağına
profilaktik tədbir olaraq at nalı asırlar. Adamlarımız bilmədən
cinlərə ziyan verməkdən də çəkinirlər. Tanış olduğum bir ailədə
hesab edirdilər ki, onların ailəsində olan uğursuzluqlar seriyası
«bissimillah» demədən qaynar suyu yerə töküb Ağ cinin balasını
yandırdıqlarına görədir.
M.Ə.Sabirin yuxarıda
bir misrasını epiqrafa çıxardığımız «Qorxuram» şerində də cin
və Can insanların qorxduğu varlıqlar kimi təqdim olunur. Şair
cin və Canı «bir sürü aslan», «quli-biyaban», «yanğılı vulkan»
və s. kimi təhlükə qaynaqları ilə bir yerdə verir, üstəlik, məlum
olur ki, əhali arasında, bir çox başqa xalqlarda olduğu kimi,
cinlərin viranələrdə yaşaması təsəvvürü var. Sabirin başqa bir:
«İndi adamlar elə bil cindilər, Cin nədi, şeytan kimi bidindilər»
beytindən isə xalq arasında şeytandan fərqli olaraq, cinlərin
«bidin» - dinsiz sayılmadığını öyrənirik. Bu, Quran məntiqinə
uyğundur. M.F.Axundovun «Hekayəti-Müsyö Cordan - həkimi-nəbatat
və dərviş Məstəli şah - caduküni-məşhur» əsərində Məstəli şah
Şəhrəbanu xanıma deyir: «Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam,
lazım olar ki, onun bədəninə bir cin müsəllət edim ki, səfərin
xəyalını onun başından çıxarsın. Amma olar ki, bu işdən o qorxsun,
ağlına rəxnə yetişsin, ya azarlasın, ya çolaq olsun, çünki uşaqdır,
cavandır». Burada cinin insanın fikir dünyasına müdaxiləsi və
belə müdaxilənin həm də fəsadları ola bilməsi haqda mifik təsəvvürlər
var. Əsərdə, bundan başqa, Səlixa, Məlixa, Bəlixa kimi «cin adları»
da çəkilir, onların bir sıra özəllikləri haqda informasiyalar
əldə etmək olur.
Quran bu barədə
nə deyir?
İslamda cinlərin də insanlar
kimi Allaha qulluq etmək üçün yaradıldığı deyilir. Onlar insandan
əvvəl yaradılıb. Onlara da peyğəmbərlər göndərilib. Bir qismi
iman edib, bir qismi isə yox. Quranda müxtəlif millətlərə və cinlərə
göndərilən peyğəmbərlərin öz içlərindən seçildiyi deyilir. Və
öz dillərində danışdığı bildirilir. «Ey cin və insan cəmiyyətləri.
Sizə içinizdən peyğəmbərlər gəlmədimi?» (Ənam surəsi,
130). Məhəmməd peyğəmbərin insanlara olduğu kimi, cinlərə
də ilahi əmrləri təbliğ etdiyi deyilir. Cin surəsində bu barədə
ayə var: «De ki, «Mənə vəhy edilib, mən Quran oxuyan zaman bir
dəstə cin qulaq verib dinləmiş, qayıdıb öz qövmünə belə söyləmiş:
«Heyrətamiz bir Quran dinləmişik. Doğru yola yönəldəndir bu Quran,
buna iman gətirmişik» (Cinn, 1-2). Əhqaf surəsində
isə deyilir: «Cinlərdən bir neçəsini sənə tərəf göndərmişdik,
Qurana qulaq verələr. Onu dinləməyə başlayan zaman: «Susun!» dedilər
bir-birinə. Quran oxunub qurtaran kimi qayıtdılar xəbərdarlıq
eləsinlər öz qövmlərinə. Dedilər: «Ey qövmümüz! Allah yoluna çağıran
peyğəmbərin səsinə səs verin, ona iman gətirin, günahlarınızdan
keçsin, ağrılı bir əzabdan qorusun sizi Allah» (Əhqaf,
29-31). Cinlər insanlardan daha böyük gücə malikdirlər.
Qısa zamanda çox uzaq məsafələri qət edə bilirlər. İnsanlar onları
görməsə də, onlvar insanları görür. İnsanların bilmədiyi bəzi
xüsusları bilirlər. Evlənib çoxalırlar. Süleyman peyğəmbərin xidmətində
xeyli cinlər olub. Səbə surəsində bir qisim cinlərin Allahın əmri
ilə Süleyman peyğəmbərin yanında çalışmalarından danışılır. Bu
əmrdən boyun qaçıranların odla cəzalandırıldığı söylənilir və
gördükləri konkret işlər də sadalanır: «Nə istəsə, onun üçün eyləyirdi
bu cinlər. Məbədlər ucaldar, heykəllər düzəldər, böyük hovuzlara
bənzəyən qablar, ağır qazanlar və tiyanlar qayırardılar» (Səbə,
13).
Din alimlərin çoxu bu
qənaətdədirlər ki, cin və şeytan ayrıdır. Cinlər şeytanlardan
fərqli olaraq, ölür, insanlar kimi, mömin və kafir qruplarına
bölünür. Şeytanlarda isə belə bölgü yoxdur və onlar İblislə birgə
öləcəklər. Cinlər başqa dünyanın məxluqudular. Adamlardan və mələklərdən
fərqlidilər. Cinn surəsindən onların öz monoloqunu dinləyək: «...İstədik
göyə çıxaq, yanar odla silahlı, güclü keşikçilərlə dolu gördük
biz göyü. Göyə qulaq vermək üçün göyün bəzi yerlərində yer tutub
oturardıq. İndi göyün söhbətini kim dinləmək istəsə, ona tuş gələn
bir alovla rastlaşar. Şərmi istənilmiş yer üzündə olanlara, xeyirmi
diləmiş Rəbbi onlara, bilmərik. Aramızda yaxşılar da var, pislər
də. Ayrı-ayrı yolların yolçularıydıq. İndi anlamışıq, yer üzündə
qalsaq da belə, başqa bir məkana qaçsaq da belə aciz qoya bilmərik
biz heç bir zaman Allahı» (Cinn 8-12).
Amma adamlar və cinlər
arasında oxşarlıq da var. Hər ikisinin iradəsi var və xeyir və
şər arasında seçim edə bilərlər. Bütövlükdə isə cinin mahiyyəti
adamdan fərqlidir. Üç növləri var: havada uçanlar, ilanda və itdə
yaşayanlar (biz onları görmürük) və öz görkəmini istəyinə görə
dəyişənlər. Başqa bir bölgüdə isə cinin üç sinfə bölündüyü deyilir:
qul (qadın cinsindən olub, səhralarda yaşayır, quli-biyaban, qulyabanı
da deyilir), ifrit (xüsusi gücə malikdir) və silat.
Can
«Can» da «cin» sözü kimi «örtmək», «gizli qalmaq» mənasında olan
«cənn» kökündəndir. Bu sözün latınca «geniye», «genius» kökündən
gəldiyini deyənlər də var. Dahi və dəlilərin çox yaxın olması
haqda deyilənlər bəllidir. Maraqlıdır ki, bu fikir qədim latıncada,
sonra da Avropa dillərində öz linqvistik əksini tapıb: «geniy»
sözü həm dahi, həm də cinli, dəli anlamında işlənir. İslam öncəsi
olduğu kimi, sonralar da ərəblərdə qeyri-adi insanlara, dəlicəsinə
sevənlərə «məcnun» deyilirdi ki, bu da «cinli» anlamı verir. Hətta
Məhəmməd peyğəmbər ilk dəfə yeni din haqda məlumatlar verəndə
onu da «məcnun» adlandırıblar: Quranda buna qarşılıq olaraq deyilir:
«Sən nə kahinsən, nə məcnun. Yaxud sənin üçün deyirlər, qoy desinlər:
«Şairdir, gözləyək, görək taleyin gərdişi onu nə vaxt aşırar»
(Tur, 29-30).
«Can» sözü Quranda yeddi
dəfə, üç müxtəlif mənada işlədilib. Həzrəti Adəmin quru palçıqdan,
isti, tüstüsüz oddan yaradıldığı haqda deyilir: «Biz insanı quru
və qoxumuş qara palçıqdan yaratdıq. (Cinlərin babası) Can tayfasını
daha öncə tüstüsüz oddan xəlq etmişdik.» (Hicr, 26- 27).
Nəml və Qasas surələrində Musanın əsası ilə bağlı ayələrdə «can»
ilan mənasında işlənir. Bəzi alimlər İblisi şeytanların, Canı
isə cinlərin atası kimi qəbul edirlər.
Nəhayət
Cinlərin insanlara zərər
verməsi inancıyla çeşidli müalicə üsulları təklif olunur. Bəzi
yerlərdə indi də bu məqsədlə «Ciní» surəsindən istifadə olunur.
Müalicə məqsədi ilə bu surəni qırx bir dəfə oxuyur, hər dəfə surə
içində beş dəfə təkrarlanan «əhədə» kəlməsinə çatanda xəstənin
üzünə üfürürlər. Bu yolla cinin fəsadlarını aradan qaldırmağın
mümkünlüyünü düşünənlər var.
«Bizim Yol»,
20 aprel 03
|