Rəhman
və Rəhim Allahın adıyla
1. De ki, «Mənə vəhy
edilib, mən Qur'an oxuyan zaman bir dəstə cin qulaq verib dinləmiş,
qayıdıb öz qövmünə belə söyləmiş: «Heyrətamiz bir Qur'an dinləmişik.
2. Doğru yola yönəldəndir
bu Qur'an, buna iman gətirmişik. Daha heç bir kimsəni Rəbbimizə
şərik qoşmarıq.
3. Ucalardan ucadır Rəbbimizin
böyüklüyü. Nə bir zövcə, nə bir övlad götürməmiş Özünə.
4. Allahın adına yalanlar
yaxardı içimizin ağılsızı.
5. Biz güman eləməzdik
insanlarla cinlər Allahın adına yalan yaxa bilələr.
6. İnsanların bə'zisi
cinlərin bə'zisinə gerçəkdən sığınardılar və bunların ağılsızlığını
daha da artırardılar.
7. Onlar da sizin kimi
elə bilərdilər heç kəsi yenidən dirildən deyil Allah.
8. İstədik göyə çıxaq,
yanar odla silahlı, güclü keşikçilərlə [mələklərlə] dolu gördük
biz göyü.
9. Göyə qulaq vermək
üçün [mələklərin söhbətini eşitmək üçün] göyün bə'zi yerlərində
yer tutub oturardıq. İndi göyün söhbətini kim dinləmək istəsə
ona tuş gələcək bir alovla rastlaşar.
10. Şərmi istənilmiş
yer üzündə olanlara, xeyirmi diləmiş Rəbbi onlara, bilmərik.
11. Aramızda yaxşılar
da, pislər də var. Ayrı-ayrı yolların yolçularıydıq.
12. İndi anlamışıq, yer
üzündə qalsaq da belə, başqa bir məkana qaçsaq da belə, aciz qoya
bilmərik biz heç zaman Allahı.
13. Doğru yolu nişan
verən Qur'anı dinləmişik, ona iman gətirmişik. Rəbbinə inanan
kəs nə savabının azalmağından, nə pisliyinin artmağından qorxuya
düşməz.
14. Aramızda özünü Allaha
təslim edənlər də, zalım kafirlər də var. Doğru yola yönəlmiş
özünü Allaha təslim edən kimsələr.
15. Zalım kafirlərə gəlincə
isə cəhənnəmə atılan odunlar olmuş onlar».
16. Doğru yolun yolçusu
olsaydılar, bolluca su göndərərdik onlara.
17. Göndərərdik ki, sınağa
çəkək onları. Rəbbini anmaqdan boyun qaçıran kəsi artdıqca artan
bir əzaba uğradır O.
18. Məscidlər Allahındır,
oralarda Allaha dua eləyən zaman duanıza başqasını qatmayın.
19. Allahın bəndəsi [həzrət
Peyğəmbər] ayağa qalxdı ki, Ona dua eləyə, az qaldılar bir-birini
minələr Qur'anı dinləməkçün.
20. De ki, «Təkcə Rəbbimə
dua edirəm, Ona bir kimsəni şərik qoşan deyiləm».
21. De ki, «Mən sizə
nə zərər, nə yarar verməyi bacaran deyiləm».
22. De ki, «Allahın qəzəbinə
düçar olarsam. Onun əzabını heç kim məndən sova bilməz. Ondan
başqa heç kimə sığınan deyiləm.
23. Mənim öhdəmdə olan
Allahın dərgahından gələni, Onun göndərdiklərini yalnız bəyan
eləməkdir». Cəhənnəm odu gözləyir Allaha və Rəsuluna qarşı çıxan
kimsəni. Od içində əbədilik qalar o.
24. Belələri gördümü
və'd verilən əzabı, onda biləcəklər kimin yardımçıları daha zəifdir,
kimin adamları sayca daha azdır.
25. De ki, «Mən bilmərəm
sizə və'd verilən yaxındamı, yaxud Rəbbim uzatmışmı Öz və'dinin
və'dəsini».
26. Görülməzi bilən Allah
Özünün görülməz aləmilə heç kəsi tanış eləməz.
27. Yalnız Özünün seçdiyi
hər peyğəmbərə qeybdən istədiyi bir şeyi bildirər Allah. Önündən,
arxasından ona göz qoyan mələkləri göndərər O.
28. Göndərər ki, bilə
O, Rəblərinin göndərdiyi kəlamları peyğəmbərlər necə bəyan edirlər.
Onların işlərini bilər, hər şeyin hesabını aparar birər-birər.
|