Qurani-Kərimdə
törəmələriylə birlikdə qırxa yaxın yerdə işlənən bu anlayışın
kökü olan «cəhd» qərarlı və şüurlu çalışma deməkdir. İslam ədəbiyyatında
bu çalışmanın bədəni olanına «cihad», ruhi olanına «mücadilə»,
fikri və elmi olanına «ictihad» deyilir. Quran terminologiyasında
«cihad» dediyimiz üç tip cəhdin hamısını ifadə edəcək şəkildə
işlədilir. Quran bunu «Allah yolunda çalışmaq» şəklində ifadə
edir.
Cihad mal, can və fikir
ünsürlərindən biri və ya hamısı ilə sərgilənir (bax.:
Nisa 95; Ənfəl 72; Tövbə 20; Hücurat 15).
Cihadın bədəni və ruhi
qismini sərgiləyənə mücahid, elmi və fikri qismini sərgiləyənə
isə müctəhid deyilir.
İslam ədəbiyyatında başlanğıcdan
bəri dörd cür cihaddan bəhs edilir. Çox sayda hədisin də qaynaqlıq
etdiyi cihad növləri bunlardır:
1. İç dünyamızda
nəfs ilə cihad. Bu mövzuda bir hədis çox məşhurdur: «Gerçək
mücahid Allah yolunda nəfsinin pisliklərini məğlub eləmək üçün
cihad edəndir». Bu anlamda cihadın bir nömrəli sahəsi insan mənliyidir.
İqbal bu ən böyük cihada diqqət çəkərkən belə deyir: «Mənim içim
atsız və ordusuz bir davanın meydanıdır. Onu görmə gözü mənim
kimi olanlar görə bilər». («Cavidnamə», beyt 786).
2. Şeytan ilə
cihad. Bu da pis duyğu və düşüncələrlə cihad olaraq anladılır.
3. İnkarçılar
və ikiüzlülərlə cihad. Bunun da asandan çətinə doğru
dörd mərhələsi var. Ürəkdən qarşı çıxma, dil ilə qarşı çıxma,
mal ilə qarşı çıxma, bədənlə qarşı çıxma.
4. Zalımlar və
insanlara pislik edənlərlə cihad. Bu nöqtədə Peyğəmbərimizin
bir sözünə tez-tez istinad edilir: «Zalım idarəçi qarşısında gerçəyi
dilə gətirmək cihadın ən böyüklərindən biridir». Quranın bu məsələdəki
mövqeyi çox aşkardır. Nisa surəsinin 75-ci ayəsində
belə deyilir: «Sizə nə oldu axı, nəyə görə Allah yolunda, zavallı
kişilərin, qadınların, uşaqların uğrunda vuruşmursunuz, axı «Rəbbimiz,
çıxar bizim adamları zalım olan bu şəhərdən, bizə bir başçı göndər»
deyər onlar».
Başda Bernard Levis olmaqla
bir sıra Qərb müəlliflərinin guya zalım idarəçiliyə qarşı çıxmaq
düşüncəsinin islama zidd olması haqda fikriləri, yuxarıdakı ayədən
də göründüyü, kimi islama yaddır.
Cihada sarılanlar Allaha
gedən yolu taparlar (Ənkəbut 69), cihadı tərk
edənlər isə onun yerinə qoyduqları nə olur-olsun, tənəzzülə məhkumdurlar
(Tövbə 24).
|