Rəhman
və Rəhim Allahın adıyla
1. Ha mim.
2. Güclü, müdrik olan
Allah nazil eləmiş bu Kitabı.
3. Şübhəsiz, göylərdə,
yerdə ayələr var iman gətirənlər üçün.
4. Sizin yaradılmağınızda,
canlıların yaradılaraq yer üzündə yayılmasında ayələr var yəqinliklə
inanmış kimsələr üçün.
5. Gecəylə gündüzün növbələşməsində,
ruzi yetirmək üçün Allahın göydən su göndərib ölmüş torpağı diriltməsində,
küləkləri istədiyi kimi və istədiyi səmtə əsdirməsində ayələr
var anlayan kimsələr üçün.
6. Bunlar Allahın ayələridir.
Haqq olaraq oxuyuruq sənə bunları. Allaha, Onun ayələrinə inanmırsa
kafirlər, bəs hansı söhbətə inanar onlar?
7. Vay halına hər yalan
danışanın, hər günah yiyəsinin.
8. O kəsin ki, Allahın
ayələri ona oxunan zaman dinləyər, sonra isə bunları sanki eşitməyibmiş
təkəbbürlü-təkəbbürlü üz döndərər imandan, küfründə israr eləyər.
Ağrılı bir əzab ilə müjdələ onu.
9. Ayələrimizdən nəyisə
öyrəndimi, başlayar o şeyi ələ salmağa. Alçaldıcı bir əzab gözləyir
belələrini.
10. Cəhənnəm çıxacaq
qabaqlarına. Qazandığı şeylərin də, Allahı qoyub dostlar olaraq
tapındıqları bütlərin də bir faydası olmayacaq onlara. Böyük bir
əzab gözləyir onları.
11. Doğru yolu göstərəndir
bu Qur'an. Ağrılı və iyrənc bir əzab gözləyir Rəblərinin ayələrini
dananları.
12. Gəmilər Onun əmrilə
üzələr deyə, lütfündən pay olaraq verdiyi ruzini arayasız deyə,
Ona şükr eləyəsiz deyə sizə tabe eləmiş dənizi Allah.
13. Göylərdə nə varsa,
yerdə nə varsa hər şeyi sizə tabe eləmiş. Şübhəsiz, bunda ayələr
var düşünüb-daşınanlar üçün.
14. Mö'minlərə de ki,
Allahın cəza günlərindən qorxmayanların günahlarından keçsinlər.
Qazandıqları günahlara görə Allah Özü versin cəzalarını.
15. Kim saleh bir iş
görürsə, bu onun öz xeyrinə kim pis bir iş görürsə, bu onun öz
şərinə. Rəbbinizin dərgahına dönəcəksiz axırı.
16. Kitab verdik, hakimlik
verdik, peyğəmbərlik verdik İsrail oğullarına. Təmiz-təmiz şeylərdən
ruzilər yetirdik onlara. Aləmlərdən üstün tutduq onları.
17. Aşkar dəlillər verdik
onlara din işlərində. Ancaq elm aldıqdan sonra çəkişməyə başladılar,
zəhlələri gedirdi bir-birindən onların. Çəkişdiyi şeyləri qiyamət
günü ayırd edəcək, Öz hökmünü verəcək Rəbbin onlara.
18. Sonra da biz səni
seçdik, din işlərində şəriət sahibi səni elədik. Şəriətə tabe
ol, bilgisizlərin həvəsinə, istəyinə uymayasan.
19. Allahın qəzəbini
taleyindən azacıq da dəf etməyə çatan deyil gücləri. Şübhəsiz,
bir-birinin dostudur zalımlar. Müttəqilərinsə dostu Allahdır.
20. İnsanları deyib aşkar
həqiqətlər daşıyan bir Kitabdır bu Qur'an, yol göstərir, rəhmət
verir dərindən inanan kəslərə.
21. Yoxsa pisliklər törədən
kimsələr elə bilirlər ölüb dirilmək hamıya eyni cür aid olduğundan
iman gətirənlərlə, saleh işlər görənlərlə onları bir tutacağıq?
Çox səhv fikirdədirlər.
22. Göyləri, yeri haqq
olaraq yaratmış Allah. Hər kəs qazandığı günaha görə alar öz cəzasını.
Belələrinin haqqında bir haqsızlıq edilməz.
23. İstəyini özünə tanrı
seçəni de, tanıdınmı? Yaranmamışdan öncə də tanıyırdı, azdırmış
onu Allah. Qulaqlarına, ürəyinə möhür vurmuş, gözlərinə pərdə
çəkmiş Allah. Allahdan başqa onu doğru yola kim çəkəcək? Bunu
anlamazmısınız?
24. «Həyatımız yalnız
bu dünyadadır, ölürük burada, yaşayırıq burada. Yalnız zaman bizi
yoxa çıxarar» deyərlər. Yox onların bu barədə heç bir bilgisi.
Sadəcə olaraq belə zənn eləyərlər.
25. Ayələrimiz açıqlanaraq
onlara oxunan zaman bunların əleyhinə bir dəlil gətirmədən «Doğru
sözlü, düz əməlli kimsələrsinizsə, di qaytarın özümüzə bizim atalarımızı»
deyər sadəcə onlar.
26. De ki, «Sizə öncə
can verər, sonra sizdən can alar, sonra da qiyamət günü cəm eləyər
bir yerə sizi Allah. Şübhə yoxdur gəlməyinə o günün. Ancaq ki,
çoxları bilməz bunu».
27. Allahdır göylərin,
yerin yiyəsi. Qiyamət qopacaq gün, məhz həmin gün itkiyə uğrayar
batilpərəst kimsələr.
28. Diz çökmüş görərsən
sən o gün hər ümməti. Özünün əməl kitabına doğru gəlməyə çağırarlar
hər ümməti. «Bu gün, gördüyünüz işlərə əvəz olaraq alacaqsız cəzanızı.
29. Haqq olaraq danışar
bu yazımız sizin əleyhinizə. Gördüyünüz işləri birər-birər burda
qeydə alırdıq».
30. O kəslər ki, iman
gətiriblər, saleh işlər görüblər, onları rəhmətinin yazısına salar
Rəbləri. Budur aşkar qurtuluş!
31. Kafirlərə gəlincə
isə, «Ayələrim sizə oxunmadımı? Təkəbbürlük elədiniz, günahlara
batdınız» deyilər onlara.
32. «Allahın və'di haqdır,
qiyamət saatının gəlməyinə şübhə yoxdur» deyiləndə onlara, «Nə
bilək qiyamət saatı nədir? Yalnız zənn edə bilərik bunu, bu barədə
aydın anlamımız yox» deyərdilər.
33. Aydın olmuş onlara
gördükləri pis işlər, yaxalamış onları lağa qoyduqları şeylər.
34. O gün onlara deyilər:
«Bu günə qovuşacağınızı unutmuşdunuz. Biz də unuduruq sizi bu
gün beləcə. Bu gün od olar yuvanız. Bir kimsə də tapılmaz yardım
göstərə sizə.
35. Çünki lağa qoymuşdunuz
Allahın ayələrini, çünki aldatmışdı sizi dünya həyatı». O gün
çıxarmazlar onları od içindən. Onlardan heç tələb də olunmaz üzr
diləyələr, tövbə eləyələr.
36. Təkcə Allahı həmd
eləməli. Göylərin Rəbbidir, yerin Rəbbidir, aləmlərin Rəbbidir
O.
37. Göylərdəki, yerdəki
əzəmət Onundur. Güclü, müdrik təkcə Odur.
|