«Cənnət»
sözü də «cin» və «can» kimi «cənn» kökündən olub, «gizli» anlamındadır.
Bunun cənnətdə torpağın meyvə və yaşıllıqlar içində gizli olması
və s. ilə əlaqələndirirlər. Qədim yunanlarda bu anlamda «paradiz»
sözü işlənirdi. Həmin sözün farsca olan «firdövs» sözündən və
ya «firdövs»ün bu kökdən yaranması məsələsi mübahisəlidir. Eyni
anlamda, yəni yaxşıların axirətdə qalacağı yer anlamında Tövratda
«edem» sözü də işlənib. Onu da qeyd edək ki, cənnət anlamında
həm «firdövs», həm də «edem»in variantı hesab olunan «ədn» sözləri
Qurani-Kərimdə də işlənib.
İbtidai dinlərin bir
çoxunda ölümdən sonra xoşbəxt və ya bədbəxt yaşamaq haqda fərqli
inanclar olub. Bəzi Afrika miflərində lap qədimlərdə èíñàíëàrûí
xoşbəxt həyat sürdüyü, xəstəlik və başqa problemlərin olmadığı
məkandan bəhs edilir. Şumer mixi yazı mətnlərində Günəşin doğduğu
yerə yaxın bir məkanda «xoşbəxt insanlar ölkəsi» deyilən bir yerdən
söz açılır. «Dilmun» adlanan bu yerdə xəstəlik və ölümün olmadığı
göstərilir. Dilmun bol sulu, meyvəli bir ərazi, yaşayış üçün hər
cür şəraiti olan bir məkan kimi təsvir olunur. Qədim misirlilərdə
də cənnət kimi bir yer təsəvvürü vardı və bunun göydə - Ağ yolun
ikiyə bölündüyü yerdə olduğu güman edilirdi.
İbtidai inanclarda çox
vaxt cənnəti yer üzündəki həyatın bir az yaxşılaşdırılmış şəkli
sayardılar. O vaxt ovçuluq, balıqçılıq geniş yayıldığından, cənnət
haqqında təsəvvürlərdə də yaxşı yer anlamı ilə uğurla ov ovlama,
quş quşlama imkanı olan, meyvələrin bol olduğu yer xəyalı üst-üstə
düşürdü. Bəzi xalqlarda hətta ovçular üçün ayrıca ov cənnəti deyilən
bir yerin olması inancı geniş yayılmışdı.
Hindlilərdə cənnət haqda
bilgi Riqvedada verilir. Orada cənnət əcdadların ölümdən sonra
getdiyi yer kimi təsvir olunur. Guya burada adamlar tanrılarla
bir yerdə yaşayırlar. Tanrı İndra Nandana adlanan bu yerdə àäàìëàrëà
áèrgÿ əylənir. Hind təsəvvürlərində zaman dövri olduğundan, cənnət
də əbədi deyil və hər bir dövrə içində var və müvəqqətidir. Buddistlərdə
cənnətin təsvirləri çox zəngin və cazibədardır. Orada ləl-cəvahirlərlə
bəzənmiş ağacların olduğu deyilir. Buddist təsəvvürlərinə görə,
cənnətdə nəğməkar quşlar səs-səsə verib gözəl nəğmələr ötürlər.
Burada axan çaylar da arzu və sifariş ilədir: sakinlərin istəyinə
uyğun olaraq çaylar sərin və ya isti sulu olur. Hər tərəf, hər
yan sonsuz yaşıllıqlardan ibarətdir.
Zərdüştilikdəki cənnət
anlayışı bir qədər fərqlidir. Dünyanı xeyir və şər hiissələrinə
bölən zərdüştilər «xeyirli fikri, xeyirli sözü, xeyirli əməli
təqdir edən» öz peyğəmbərlərinin tövsiyələri əsasında bu qənaətdə
idilər ki, Əhrimənlə «alış-verişi olmayan» möminlər o dünyada
bunun əvəzini alacaqlar. Belə ki, imanları onları birinci addımda
xeyirli fikirlər səmasına, ikinci addımda xeyirli sözlər, üçüncü
addımla isə xeyirli əməllər səmasına yüksəldəcək. Esxatoloji təsəvvürlər
dördüncü addımda möminlərin sonsuz nura qovuşacağı mücdəsini verirdi.
Monqol mifologiyasına
görə, iman sahibləri öləndən sonra tenqirlərin (tanrıların) dünyasına
götürülürlər. Onlar yeni dünya yaradılanadək orada yaşayırlar.
Elə ki Xormusto xan yeni dünyanı yaradıb tamamladı, onlar yerə
enib əvvəlki kimi işıq saçacaqlar, lap ilk insanlar kimi (monqol
mifologiyasına görə, insanlar günaha batmamışdan əvvəl qanadlı
imişlər və işıq saçırmışlar). On böyük günaha (qətl, əxlaqsızlıq,
oğurluq, yalan, dava-dalaş, başqalarına pislik etmə, murdar fikirlər,
həsəd, qeybət, dinsizlik) bir kərə də olsun yol verməyənlərin
yeni doğulmada qeqen (əslində tanrı olub, amma bunu heç kəsin
bilmədiyi yaradılışlar, onların adam sifətində insanların içində
yaşadığı düşünülür) kimi doğulacağı fikri də monqollar arasında
geniş yayılıb.
Bir sıra ellinist filosoflarda,
hinduizmdə, manixeyçilikdə olduğu kimi, bəzi islam təriqətlərində
də tənasüx – reinkarnasiya məfhumu var. İslam prinsiplərinə uyğun
gəlməyən bu görüşü bölüşən ismaililər, kaysanilər, nüsəyrilər
öz sələfləri kimi hesab edirdilər ki, Qiyamət, cənnət və cəhənnəm
şərtidir, deyilənlər ruhun bədəndə çəkdiyi cəzadan, aldığı əvəzdən
başqa bir şey deyil. İslam ilahiyyatçıları bu görüşləri kəskin
tənqid ediblər.
Əksər dinlərdə olduğu
kimi, xristianlıqda da cənnətin göydə qərar tutması inancı var.
«Məsihə aid bir adamı tanıyıram. O, on dörd il bundan qabaq -
bilmirəm bədəndəmi, bədəndən xaricmi, Allah bilir – üçüncü göyə
(cənnətə) aparılmışdı. Və bu adam barədə onu bilirəm ki, - bilmirəm
bədəndəmi, bədəndən xaricmi, Allah bilir – o, cənnətə aparılmış
və insanın bəhs etməsi qadağan olan, sözlə söylənməz şeylər eşitmişdir»
(İncil, Korinflilərə ikinci məktub, 12: 1-4).
Qurandan fərqli olaraq, İncildə o dünyada xoşbəxt cütlərin həyatı
olmadığı deyilir: «Sonra dirilmə yoxdur deyən sadukeylər onun
yanına gəlib soruşdular: «Müəllim, Musa bizim üçün yazmışdır ki,
«Əgər bir adamın qardaşı ölüb, arvadı qalarsa, amma uşaqları olmazsa,
sağ qalan qardaş onun dulunu alıb ölən qardaşına nəsil yetişdirsin».
Yeddi qardaş var idi. Birincisi arvad aldı, amma övlad qoymadan
öldü. İkinci qardaş o qadını aldı və o da övlad qoymadan öldü;
üçüncü də belə. Yeddisi də (qadını aldı və) nəsil qoymadı. Hamısından
sonra qadın da öldü. Qiyamətdə onlar diriləndə qadın hansının
arvadı olacaq? Çünki o, yeddisinin də arvadı olub». İsa da onlara
dedi: «Siz müqəddəs yazıları və Allahın qüdrətini bilmədiyinizə
görə yanılırsınız. Elə deyiilmi? Ona görə ki, ölülər dirildikdən
sonra nə evlənirlər, nə də ərə gedirlər. Ancaq göylərdəki mələklər
kimi olurlar» (Markın müjdəsi, 12: 18-25). İncildə
həmçinin cənnətdə adamların Allahı görəcəyi də iddia edilir: «Sevimlilərim,
indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ izhar olunmamışdır.
Ancaq bilirik ki, Məsih zühur edəndə biz ona bənzəyəcəyik. Çünki
Onu olduğu kimi görəcəyik» (Yəhyanın birinci məktubu,
3:2). Xristianlıqda Ədən cənnətinin yaradılışın başlanğıcında
da olduğuna inanılır. Onlar cənnətdə ilanın Adəm və Həvvanı aldatdığını
deyir, yasaq olunan meyvənin isə alma olduğu fikrindədirlər. Quranda
yasaq meyvənin nə olması barədə söz açılmır, amma onun buğda olması
fikri müsəlmanlar arasında geniş yayılıb. «Buğda yeyib cənnətdən
çıxıb» məsəli bu inancın ifadəsidir. M.Ə. Sabirdə də bu haqda
misra var: «Satdı gülzari-behişti iki buğdayə babam...»
Qurani-Kərimdə cənnətin
təsvirinə ayrılan ayələr cəhənnəmin təsvirinə ayrılanlardan daha
çoxdur. Bəzi ayələrdə cənnət və nemətləriylə bağlı təsvirlər dünya
və axirət arasında oxşarlıqların olduğunu ifadə edir. «İmana gələnlərə,
əməli salehlərə mücdə ver, içindən çaylar axan cənnətlər gözləyir
onları. Onlara bu cənnətin meyvəsindən ruzi veriləndə: «Bu ruzidən
əvvəl də (dünyada) verərdilər bizə» - deyərlər» (Baqara,
25). Qurani-Kərimdə cəhənnəmin yeddi qapısı olması haqda
deyilsə də, cənnətin qapılarının sayı haqda məlumat verilmir,
sadəcə, «qapılar» sözü işlənir. «Şübhəsiz, bu kəslərin hamısına
vəd olunmuş yerdir cəhənnəm. Onun yeddi qapısı var» (Hicr,
43-44); «Dəstə-dəstə apararlar cənnətə Rəblərindən qorxanları.
Çatdılarmı oraya, üzlərinə açılar qapılar» (Zumər, 73).
İbn əl-Ərəbiyə görə, cənnətin səkkiz qapısı var. Bu qapıarın hərəsi
cənnətin birinə açılır. Bunlardan Ədn cənnəti daha üstün sayılır.
Burada yerləşdirilənlərin Allahı görə biləcəkləri ehtimal olunur.
Bundan da üstdə isə Vəsilə cənnətinin olduğu və Məhəmməd peyğəmbərin
bu cənnətdə olacağı fikri ilahiyyatçılar arasında geniş yayılıb.
Deyildiyi kimi, Quranda cənnət təsvirləri çoxdur. Rəhman surəsində
iki cənnətdən danışılandan sonra bundan başqa daha iki cənnətin
olduğu deyilir: «İki cənnət gözləyir Rəbbinin iki əli arasında
durmaqdan qorxan adamı» (Rəhman, 46); «Bunlardan
savayı daha iki cənnət var» (Rəhman, 62). Təfsirçilər
arasında bu cənnətlərin ikisinin insanlar, ikisinin isə cinlər
üçün və ya ikisinin möminlər, digər ikisinin saleh əməl sahibləri
üçün olması, ikisinin maddi, ikisinin isə qeyri-maddi olması və
sair izahlar var.
Qurandakı bəzi ayələrə
istinadən belə təfsirlər də var ki, cənnətlərdə mükafat fərqli
dərəcələrdə olacaq. Aşağıda verilən ayələrin belə qənaətə gəlməyə
əsas verdiyini düşünmək olar: «Yerlərindən tərpənməyib zərərə
düşməyən möminlər Allah yolunda malıyla, canıyla mücahidlik eyləyən
möminlərə tay deyil. Malıyla, canıyla Allah yolunda mücahidlik
eyləyənləri yerində oturanlardan mərtəbəcə üstün tutmuş Allah.
Daha böyük mərtəbələr, məğfirət və rəhmət bəxş etmiş onlara Allah»
(Nisə, 95-96). Və ya Ənfəl surəsində belə deyilir:
«Möminlər o kəslərdir ki, anılan zaman adı Allahın titrəyər ürəkləri,
oxunan zaman ayələri onlara artırar imanlarını və Rəblərinə güvənər
onlar. Və o kəslərdir ki, namaz qılar, verdiyimiz ruzidən Allah
yolunda sərf eləyər onlar. Belələri əsl möminlərdir. Onları rütbələr,
məğfirət, bol-bol ruzilər gözləyir Rəblərinin dərgahında» (Ənfəl,
2-4).
Cənnətdən bəhs edən ayələrin
əksəriyyətində cənnətlərin altından çaylar axması barədə deyilsə
də, bu çaylar haqda əlavə məlumat verilmir. Muhəmməd surəsində
isə bu çaylar haqda belə deyilir: «Müttəqilərə vəd edilən cənnət
budur: çirkab götürməyən sulu çaylar, dadı dəyişməyən südlü çaylar,
içənlərə ləzzət verən şərab çayları, təmiz bal çayları axırlar
orada» (Muhəmməd, 15).
«Cənnətə girmək üçün
insanın hansı işləri, əməlləri, cəhətləri arqument ola bilər?»
sualına cavab belədir: Allaha səmimiyyətlə qulluq edənlər. Ümumiyyətlə,
Allah yolunda malını və canını əsirgəməmək, qəzəbini udmaq, bağışlamağı
bacarmaq, ədalətli, insaflı olmaq və s. sifətlər Allahın bəyəndiyi
insani atributlardır: «Tələsin Rəbbinizin məğfirətinə, göylər
və yer qədər geniş olan və müttəqilər üçün hazırlanmış cənnətə.
Xərcləyər malını xeyirdə, şərdə, udar qəzəbini, əfv edər insanları
onlar. Allah da sevər yaxşılıq edənləri. Bir fəna iş tutanlar,
özlərini incidənlər Allahı yada salar, günahlarının bağışlanmasını
dilərlər. Allahdan başqa kim bağışlaya bilər onları? Tutduqları
əməldə bilə-bilə israr eləməz onlar. Əvəzində onlara Rəbləri məğfirət
verər və içindən çaylar axan cənnətləri qismət eyləyər ki, oralarda
əbədilik qalarlar. Yaxşıca davrananların nə gözəl əcri vardır»
(Əli İmran, 133-136).
Cənnətin təsvirləri Quranda
çox cəlbedicidir. Bir sıra ayələrdə yaşıllıqlardan, ağaclardan,
çaylardan, bol meyvələrdən bəhs edilir. Bu meyvələr içərisində
xurma, nar, gilas, bananın adı çəkilir: «Meyvələr, salxımları
sallanan xurma ağacları var burada» (Rəhman, 11);
«Oralarda dadarlar növ-növ meyvələrin, xurmanın, narın dadını»
(Rəhman, 68); «Salxımları sallanan banan ağacları arasında...»
(Vaqia, 29). Cənnətin təsviri zamanı şərabın
da adı çəkilir, amma bu, bir başqa şərabdır: «Nə başağrısı verəndi,
nə də ağlı başdan çıxarandı bu şərab» (Vaqia, 19);
«Qədəhləri arxlardan doldurarlar. Ağappaq bir içkidir bu, içiləndə
ləzzətlidir, başağrısı vermir, ağlı başdan çıxarmır. Yanlarında
irigözlü qadınlar var, yalnız öz taylarına zillənmiş baxışları.
Əl dəyməmiş yumurta sayaq bəmbəyazdılar» (Saffət, 45-49).
Cənnətdə insanların yaşayış yeri haqda da bir sıra məlumatlar
var: «Ev», «çadır», «mənzillər»...: «Rəblərindən qorxanlarısa
üst-üstə qurulmuş mənzillər gözləyir» (Zumər, 20).
Böyük şairimiz Məhəmməd Füzuli özünün «Mətləül-etiqad» («Etiqadın
başlanğıcı») fəlsəfi əsərində cənnət haqda yazır: «Bəzi mühəqqiqlər
(tədqiqatçılar) söyləmişlər ki, bu dünya həzzlə iztirabın bir-biri
ilə qarışığından, axirət isə bütün həzzlərin bir tərəfdə, bütün
iztirabların isə digər tərəfdə bir yerə toplanmasından ibarətdir.
Birinci tərəf cənnət adlandırılûr ki, bu, möminlərin sığınacağıdır».
Qurani-Kərim bu dünyada
insanların çeşidli mürəkkəb situasiyalarda hansısa yanlışlıqlara
yol verəcəyini də göstərir. Amma heç kəs Uca Tanrının çox böyük
rəhm sahibi olduğunu unutmamalıdır. Yaşadığımız dünyanın çətinlikləri
haqda Quranda da deyilir. «Bu ağır yükü dağlar, daşlar belə götürmədi»
ayəsində məhz insani məsuliyyətdən söz getməsi haqda açıqlamalar
var. Bu çətinliklərin altına insan girib. Həyatda bir sıra uğursuzluqlarla
üzləşən, bəzən yanlışlıqlara üz verən insanları depressiyadan
çəkindirmək üçün Allah Müqəddəs Kitabda xatırladır ki, kiçik yanlışlıqlara
yol verənlərdən O, Öz rəhmətini əsirgəməyəcək: «Yaxşılar o kəslərdir
ki, xırda-para günahlar işlətsə də, böyük-böyük günahlardan, çirkin-çirkin
işlərdən çəkinər onlar» (Nəcm, 32).
Cəlaləddin Ruminin «Məsnəvi»sində
cənnətlə bağlı təsvirlərdə bir təsəvvüf dəst-xətti görünür. «Tanrı
daima deyir ki, cənnətin divarları bu divarlar kimi cansız və
çirkin deyil. Tən qapısı, tən divarı kimi oyanıqdır. Cənnət evi
də diridir. Çünki padşahlar padşahına mənsubdur. Orada ağac da
cənnət əhli ilə danışır, söz söyləyər, meyvə də, axan duru sular
da. Çünki cənnəti alətlə düzəltməyiblər ki. Ora əməllərdən, niyyətlərdən
düzəldilib. Bu dünyadakı yapı ölü sudan, ölü torpaqdan düzəldilib,
o yapı diri ibadətlərlə qurulub. Bu, əslinə bənzər, dağınıqlıqlarla
doludur, o da əsli olan elmə, əmələ bənzər. Oradakı taxt da, köşk
də, tac da, əlbisə də cənnət əhlinə suallar soruşar, cavablar
verər. Döşənməsi döşəyən olmadan düzəlib. O ev süpürgəsiz süpürülüb,
təmizlənib. Könül evinə baxırsanmı. Qəmlə tozlandımı, süpürgəçi
olmadan tövbəylə süpürülür, arınır. O yurdun taxtı kimsə götürmədən
gedir, yeriyir. Qapı halqası da gözəl səslərlə nəğmələr oxuyur,
çalğılar çalır, qapı da». («Məsnəvi, IV cild, səh. 39)
Cənnətlə bağlı sadalanan
özəlliklərdən biri də oradakı cinsi həyatdır. İncildə cənnətlə
bağlı təsvirlərdə bu barədə söhbət açılarkən cinsi həyatın olmadığı
deyilir. Quranda isə mənzərə bir başqadır. Baqara surəsində keçən
«pak olan zövcələr» ifadəsinin həm dünyəvi qadınları, həm də huriləri
əhatə etməsi fikri var. «İmana gələnlərə, əməli salehlərə mücdə
ver, içindən çaylar axan cənnətlər gözləyir onları... Pak olan
zövcələr gözləyir onları və orada əbədilik qalarlar» (Baqara,
25). Bir sıra təfsirçilər cənnətdə hər kişiyə iki qadın
düşəcəyini deyirlər. Bunların hər ikisinin dünya qadını, yoxsa
birinin dünyəvi, digərinin huri olması mübahisəli qalır. Bundan
başqa, əgər bir mömin qadın dünyada iki dəfə evlilikdə olub, dünyasını
dəyişibsə, axirətdə isə hər iki əri cənnətdədirsə, hansının zövcəsi
olacağı məsələsi də Quranda belə təfərrüatlara yer verilmədiyindən,
mübahisəli olaraq qalır. Başqa bir məsələ cənnət əhlinin Allahı
görməsidir. Bunun mümkün olması deyilir: «Neçə üzlər var ki, o
gün gözəlliyi ilə parıldar, Rəblərinə baxarlar» (Qiyəmə,
22-23).
|