«Mən
o sultanlardan deyiləm ki, taxtdan qəbirə atılırlar. Mənim alnımda
ölümsüzlük möhürü var»
C.Rumi
Birinci
rəşidi xəlifəsi Əbubəkrin nəslindən olduğu deyilən Mövlana Cəlaləddin
Rumi 1207-ci ildə Bəlxdə doğulub. «Mövlana» din və elm adamlarına
hörmətlə verilən ad olub «bizim ağa» deməkdi. «Cəlaləddin» adıdı
və «dinin cəlalı» deməkdi. Atası Bəhaəddin Vələd dövrünün tanınmış
din adamı idi. Ona fəxri «Alimlər Sultanı» adı verilmişdi. Qədim
bir məsəldə «Alimlər Türküstanda doğulur, Bağdadda parlayır» deyilirdi.
Cəlaləddin Ruminin taleyinə də belə yazılıbmış. Və qisməti ona
bütün dövrlərin və zamanların ən böyük sufi alimlərindən olan
Fəriddədin Əttar, İbn əl-Ərəbi, Şəms Təbrizi ilə görüşüb kamilləşmək
imkanı verdi. Vaxt gələcək Avropanın fəlsəfə nəhəngi Hegel öz
dialektika nəzəriyyəsini qurmaqda bu türk oğlundan faydalandığını
deyəcəkdi. Hələliksə həyatı haqda.
Ahəstə
get, ey sariban...
Evin əndərun
hissəsində qadınlar xalı-xalçaları, paltar və parçaları, zinət
şeylərini yerbəyer edir, bu yanda isə Bəhaəddin Vələd kitabları
qablaşdırırdı. Tumac, dəri, parça üzlü bu kitabların üzü elə Bəlxin
özündə köçürülmüşdü. Bunların içində Mütənəbbinin, Sənainin, Əttarın
divanları, Qəzali və Xarəzmi kimi ilahiyyatçıların traktatları
vardı. Bəhaəddin Vələd Xarəzmdə Nəcməddin Kübranın müridi olub,
sonra özü şeyxlik mərtəbəsinə yüksəlmişdi. Bu gün Allahdan başqa
heç kimin qarşısında əyilməyən «Alimlər Sultanı» dizini qatlayıb
yüzlərlə fərsəx uzaqda olan şeyxi ilə vidalaşırdı. Bir qədər sonra
isə onun cümə məscidindən ucalan qəzəbli səsi bütün şəhəri lərzəyə
salacaqdı:
- Ey Vəhşin qazısı, ey
başda Fəxrəddin Razi olmaqla bütün mürtədlər, ey Xarəzmşah Məhəmməd!
Bilin və agah olun! Fani dünyanın zülməti sizi kor edib, özünə
vurğunluq sizdə laqeydlik və süstlük yaradıb. Ağıl və idrak sizdən
aralanıb. Başçılarında təkəbbür olan məmləkəti isə şeytan idarə
edir. Mən gedirəm, məndən sonra çəyirtgə kimi gələn monqol qoşunu
bu məmləkətin daşını daş üstə qoymayacaq. Bu, Allahın cəzasıdı.
Məşhur hədisdə deyilir: «Mən onları öz qəzəb və hirsimdən yaratdım»
Xorasan qan gölündə üzəcək, şah özü isə qaçıb qürbətdə xəbər-ətərsiz
öləcək».
Xarəzmşah Məhəmməd sufilər
arasında gözdən düşmüşdü. Böyük sufi şeyxi Məcdəddin ona təsir
eləmək üçün anası Türkan xatundan istifadə eləmək qərarına gəlmişdi.
Və hər şey yaxşı alınırdı. Sonradan ruhanilər guya şeyxin Məhəmmədin
anasına eşq elan eləməsi haqda rəy yaradıb onun edam olunmasına
nail oldular. O biri tərəfdən isə Xarəzmşah bütün xilafətin sahibi
olmaq fikrinə düşmüş və hətta Bağdada onun adına xütbə oxunması
haqda tələb də göndərmişdi. Bu tələbə çox sərt rədd cavabı göndərildi.
Xarəzmşahın qoşunları isə Bağdada çatmamış qara-çovğuna düşüb
məhv oldu. Onlarla minlik qoşundan yüzə qədər adam salamat qaldı.
Bu da bir yandan onun nüfuzunu daha da laxlatdı. Azad sənətkarların
- əxilərin gözündən düşən bir hökmdarın aqibəti elə belə də olmalı
idi.
Yol
gedir Nişapura
Ata bu sözləri deyəndə
onun 12 yaşlı oğlu Cəlaləddin damın üstündə əlləri fərəcəsinin
(uzun qollu kişi üst geyimi) cibində axırıncı dəfə doğma şəhərə
baxırdı. Àyrılığın acısını o, hələ sonra duyacaqdı. Qarşıda Nuşapur
idi. Tale onları burada böyük alim Fəriddədin Əttarla görüşdürdü.
Bəhaəddin Vələdi yaxşı tanıyan böyük şeyx qısa söhbətdən sonra
Cəlaləddin haqqında böyük uzaqgörənliklə: «Bu oğlan bütün insanların
qəlbində Allah qarşısında heyranlıq məşəli yandıracaq» – deyib
özünün «Əsrarnamə»sini ona bağışlamışdı. Bir müddət sonra Çingiz
xanın qoşunları Bəlxi yerlə yeksan etdilər. Xarəzmşah şərəfsizcəsinə
qaçdı və ömrünü Xəzərdəki adalardan birində tənhalıqda başa vurdu.
Fəriddədin Əttarsa monqollara əsir düşdü. Onu əsir alan bir monqol
yüz gümüş sikkəyə satmaq istəyəndə böyük şeyx: «Bu, mənim qiymətim
deyil» demişdi. Sonra bir alıcı «qula» bir tay saman qiymət qoyanda
Fəriddədin: «Bax, bu layiqli qiymətdi» söyləmiş, qəzəblənən monqol
onu qılıncla doğramışdı. Bu vaxt dünya şöhrətli filosofun yüz
yaşı vardı. Sonralar Əttar fəlsəfəsi yaxından tanış olan Cəlaləddin
onun haqqında belə demişdi: «Əttar məhəbbətin (ilahi eşq nəzərə
tutulur) yeddi şəhərini gəzib, bizsə bircə küçəsini dolaşmışıq».
Allahdan
gəlib Allaha gedən qonaq
Nişapurdan çox dayanmayıb
Bağdada yol alan qafiləni şəhərin həndəvərində keşikçi dəstəsi
saxladı. «Kimsiniz və hara gedirsiniz?» sualına Bəhaəddin Vələd
özünəməxsus təmkinlə cavab verdi: «Allahdan gəlib Allaha doğru
gedirik». Bu qəribə yolçunun ərəbcə çox aydın dediyi bu qeyri-adi
sözlər keşikçi başçısını şok vəziyyətinə saldı. Nə onları saxlaya,
nə də buraxa bilirdi. Təcili Bağdadın şeyxlər şeyxi Sührəvərdiyə
çapar göndərdilər. Xorasandan Gələn karvandakı kişinin hamının
təəccübünə səbəb olan sözlərini eşidən Sührəvərdi: «Bu, yalnız
Bəhaəddin Vələd ola bilər» – deyib özü onları qarşılamağa çıxmışdı.
Ehtirasın
mancanağa çevirdiyi adamlar
Bağdadda bir müddət qalandan sonra Konyaya gəldilər. İlk savadını
atasından alan Cəlaləddin burada Seyid Bürhanəddinin müridi oldu.
Seyid Bürhanəddin Cəlaləddinin atasını axtara-axtara gəlib bu
yerlərə çıxmışdı. Artıq Bəhaəddin Vələd həyatda yox idi və Seyid
onun oğluna mürşidlik etməli oldu. Cəlaləddin bütün günü ağır
işlər görməli idi. Axşamlar isə iki dəfə yuyunub xoruz banına
qədər atasının «Maarif» kitabını oxuyurdu. Mürşidi bu kitabı yüz
bir dəfə oxumağı məsləhət görmüşdü. Birinci mərhələ qurtarandan
sonra daha ağır bir iş tapşırıldı. O, iki müridlə birlikdə bütün
günü sufi təkyəsi üçün sədəqə toplamalı idi. Sufi nəzəriyyəsinə
görə kamilliyə gedən yolda mürid mütləq özünün «hökmfərma mən»ini
öldürməlidir. Bu tələb – dilənmək də onunla bağlı idi. O, hər
gün başqalarının qarşısında alçalmalı idi. Ən çətini isə ilahiyyatçı,
üləma və fəqihlərdən dilənmək idi: çoxları onun «Üləmalar Sultanı»nın
oğlu olduğunu bilirdi. Gecələr uzun müddət ayıq qalmaq, bədənə
verilən məhrumiyyətlər ona adamların fikrini, xarakterini bircə
baxışına, sözünə, güclə seziləcək hərəkətinə görə qiymətləndirmək
imkanı verirdi. Öz ehtiraslarının əlində əsir olan bu adamlar
mancanaq kimi bir şeydilər. Müəyyən təsir həmişə adekvat reaksiya
doğurur: düşünmədən daş qoyur və atırlar. Yeməkxanalardakı sırtıq
və sürtülmüş avara həmişəordalar tasa xırda pulu itə sümük atan
kimi atırdılar. Varlı, dəbdəbəli evlərdə isə sədəqəni günahlarını
yumaq üçün verirdilər. Karvansara və ticarət yerlərində hər şey
qaydasınca hesabalnmiş şəkildə olurdu. Qazancın onda biri şəriətlə
nəzərdə tutulduğu kimi sədəqə verilirdi. Əyanların özləri isə
bir başqa cür idi. Əyan nə qədər varlı və yüksək mənsəbli olardısa,
qulluqçular o qədər təkəbbürlü olurdu. Xacələr öz hökmdarının
kişilik atributlarından fəxarət duyduğu kimi onlar da ağalarının
verdiyi sədəqədən qürur duyurdular. Bir yaz və bir yaya Cəlaləddin
şəhəri bütün əvvəlki illərdəkindən daha yaxşı tanıdı. .
Aclıq imtahanı xeyli
mürəkkəb idi. Aylarla davam edən çətinlikləri yola vermək üçün
şeyxin məsləhəti ilə qarnına daş bağlayırdı.
1001
günlük imtahanın son akkordları
Təlimin yeni mərhələsində
Seyidin rəhbərliyi ilə Cəlaləddin saatlarla Quranın bu və ya başqa
surəsini ən narahat vəziyyətlərdə oxumalı idi. Gah qıçlarını qarnına
doğru yığar, gah ayaqlarının birini uzadıb, o birini altına qatlayırdı.
Surəni o vaxta qədər təkrar etmək lazım idi ki, ayələrin oxunuşundan
yaranan melodiyalar obraz və görüntülər gətirsin.
Min bir günlük müddət
başa çatmaq üzrə idi. Sonda qırx günlüyə qaranlıq otaqda qalmalı
idi. Arada cəmi iki dəfə mürşid ona tərəf çevrilib baxmadan boş
su qabını götürüb dəyişdi. Qırxıncı gün qapını açdılar və şeyx
ona yaxınlaşdı. Cəlaləddin onun fikrini oxumalı idi. Onun dodaqlarında
qəmli bir təbəssüm yarandı və yavaş səslə:Dünyada
kənarda olan heç nə yoxdur, Nə
axtarsan, hər şeyi özündə taparsan – deyə pıçıldadı. Şeyxin fikrini
oxuyan mürid daha mürid hesab olunmurdu. Seyid Bürhanəddin onu
bağrına basdı. Həmin gün Cəlaləddinin başına çalma bağlayıb, uzun
tərəfini sağ çiyninin üstünə atdılar.
«İki dənizin
qovuşduğu yer»
Günlərin birində Konyada
iki nəfər üz-üzə gəldi. Bu görüş, bu təsadüf Cəlaləddinin yenidən
dünyaya gəlməsinə bərabər idi. Onun həyatının ən mənalı anları
bu görüşdən sonra başladı. Bu yeri camaat sonralar Mərəc əl-Bəhreyn
– iki dənizin qovuşduğu yer adlandırırdı. Gözlərini Cəlaləddindən
çəkməyən yolçu:
-Ey söz sərrafı, de görüm
kimin məqamı daha ucadı, Məhəmməd peyğəmbərin, yoxsa Bəyazid Bistaminin?
– deyə soruşdu.
Qeyd.
Bəyazid Bistami 9-cu əsrdə yaşamıvş məşhur zahid, sufizmin sütunlarından
biridir. Sufilər arasında ilk dəfə şəxsi məni sevimli mənin içində
əritmək fikrini irəli sürüb. Bistami: «Mən özüm özümü atmışam,
ilan qabığını atan kimi. Öz mahiyyətimə baxdım və O oldum» yazırdı.
Bu vəziyyət sonralar fəna adlandırılırdı. Sufilər arasında Bəyazid
Bistami «Ariflər Sultanı» ləqəbi almışdı.
Cəlaləddin:
-Nə sualdır, əlbəttə,
Məhəmməd peyğəmbərin – cavabını verdi.
Cavab məlum idi
və əsas sual bundan sonra verilməli idi:
-Bəs Məhəmməd peyğəmbər
«mənim qəlbim pasla örtülür və gündə yetmiş dəfə Allaha tövbə
edirəm» deyir, Bəyazid Bistamisə «mən hər cür günahlardan xaliyəm,
məndə Allahdan başqa heç kim yoxdur» - deyir?
-Məhəmməd hər gün
yetmiş məqam qət edir və hər dəfə yeni mərhələyə çatanda əvvəlki
mərhələdəki qeyri-kamilliyinə görə tövbə edirdi. Bəyazid Bistami
isə nail olduğu yeganə mərhələdən vəcdə gəlib bu sözləri deyib
– deyə Cəlaləddin cavab veridi.
Bu cavab Şəms Təbrizi
ilə Cəlaləddini bir-birinə bağladı. Bir neçə aya Cəlaləddin tamamilə
yeni bir insana çevrilidi.
Təbrizdən olan «İnam
Günəşi» Cəlaləddinin ilham mənbəyi və müəlliminə çevrildi. Müəlliminin
Şəms – «günəş» adına muvafiq olaraq Cəlaləddin «Rumi» təxəllüsü
götürdü. «Rumi» sözü əbcəd hesabı ilə 256 edir. İki yüz, əlli
və altı rəqəmlərinin hərfi işarələrindən isə «nur» sözü düzəlir.
Şəms Təbrizi üç ilə öz missiyasını həyata keçirib birdən-birə
peyda olduğu kimi, birdən- birə də yoxa çıxdı. Amma onun təsiri
bütün ömrü boyu Rumini izlədi. «Məsnəvi», qırx dörd min misralıq
Böyük Divan, dörd min misralıq rübailər kitabı və «Fihi ma fih»
(Onda olan Ondadır) kimi fəlsəfi traktatlarda Şəmsin Nuru aydın
seçilir.
Ölüm
ayrılıq yox, vüsal deməkdir
Onu
ölümü bütün dinlərin, xalqların nümayəndələrini eyni dərəcədə
sarsıtdı. Dəfnində hafizlər Quran, ravvinlər Tövrat, pravoslavlar
Zəbur oxuyur, müridlər dövrə vurub rəqs edirdilər. Ortodoksallar
qeyri-müsəlmanları dəfn izdihamından ayırmaq istəyəndə pravoslav
keşişi belə demişdi: «O, həqiqət günəşi kimi fərq qoymadan bütün
dünyanı nuruna boyamışdı. Bəyəm özü demirdi ki, məndən yetmiş
iki millət dünyanın sirlərini öyrənəcək?»
Ölümü və yası qəbul eləmirdi
Mövlana: «Mən o sultanlardan deyiləm ki, taxtdan qəbrə atılırlar.
Mənim alnımda ölümsüzlük möhürü var» – yazırdı. Vəsiyyət də eləmişdi:
Mən
öləndə əlləri qoynunda.
Ayrılıq haqda dil deyib ağlamayın,
O gün ayrılıq yox, vüsal günüdür.
Günəş batırsa, demək bir də doğacaq,
Toxum torpağa düşdümü, cücərəcək.
«Ekspress»
6 iyul 1999
|