Müqəddəs
Kitabımızda düşünən, idrak sahibi olan varlıqlar sırasında insan
və cinlərlə yanaşı mələklərdən də söz açılır. Mələklər Allahın
elçiləri və xidmətçiləridirlər. Onlar gözə görünmür, cinsi yoxdur,
Uca Tanrının buyruğundadırlar və hər zaman Allaha həmd oxuyarlar.
Mələklər Allaha sözsüz itaət edirlər. Bunların içərisində dördü
var ki, Allaha daha yaxın olduqları üçün bunlara «müqərribun»
(yaxın olanlar) adı verilib. Bunlar Cəbrail, Mikayıl, İsrafil
və Əzrayıldir (1). Cəbrail islamda ilahi əmrləri peyğəmbərlərə
çatdıran mələk kimi qəbul olunub.
Kitab əhlinin
Cəbrail haqda təsəvvürləri
Yəhudilik və xristianlıqda
da belədir. Cəbrail bu dinlərə məxsus mənbələrdə Qabriel kimi
tanınır. Hesab edilir ki, süryani və ya kəldani mənşəli bu ad
“güclü insan” mənasındadır. Əski Əhd və apokriflərdə deyilir ki,
Cəbrail 6 mələklə birgə Tanrının hüzurunda sol tərəfdə durur.
O, əziz insanların dualarının Tanrıya çatmasına nəzarət edir,
birinci səmanın hakimidir.
Əski Əhddə onun insan şəklində görünməsindən danışılır: "Və
belə olmuşdu: elə ki mən Daniel bu xəyalı gördüm və mənasını anladım,
qarşımda kişi sifətində göründü. Ulayın ortasından insan səsi
eşitdim. O deyirdi: “Cəbrail! Bu görüntünü ona izah et" (2,
Danielin kitabı, 8:15-16).
Bundan başqa Əski Əhdə görə, Cəbrayıl uçur: “Mən duanı davam etdirərkən
Cəbrail sürətlə uçub gəldi və mənə toxundu” (2, Danielin kitabı,
9: 21). Varlıq kitabında Kənan ölkəsinə yola düşən Yaqub peyğəmbərin
bir nəfərlə gecə səhərə qədər güləşməsindən danışılır: “Qəflətən
Biri ona rast gəldi və gecə səhərəcən onunla güləşdi. Bu güləş
zamanı Yaqubun ombası yerindən çıxdı. Səhər açılanda Yaquba deyildi:
“Artıq dan sökülüb. Məni burax”. Yaqub isə dedi: “Mənə xeyir-dua
verməyincə səni buraxmayacam”. O Birisi soruşdu: “Sənin adın nədir?”.
Yaqub dedi: “Yaqub”. Onunla güləşən dedi: “Bu gündən etibarən
sənin adın Yaqub yox, İsrail olacaq. Çünki sən Allahla və insanlarla
döyüşdün və qalib gəldin” (3, Varlıq Kitabı 32:24-28. Bibliya
Tərcümə İnstitutunun tərcüməsi). Amma bir çox müəlliflər həmin
güləşənin Cəbrail olduğunu deyir.
İncildə Cəbrailin adı iki yerdə çəkilir. Lukanın Müjdəsində onun
məbəddə Zəkəriyyə peyğəmbərə oğlu olacağı barədə müjdə verdiyi
söylənilir: “Rəbbin bir mələyi Zəkəriyyəyə göründü və buxur qurbangahının
sağında durdu. Zəkəriyyə onu gördükdə qorxdu... Mələk isə ona
dedi: “Qorxma Zəkəriyyə, sənin duan eşidildi. Arvadın Elizavet
sənə bir oğul doğacaq və adını Yəhya qoyacaqsan” (4, Lukanın müjdəsi,
1:11-13). Mətndə qeyd edilir ki, mələk Cəbrail olduğunu özü bildirir:
“Mən Allahın hüzurunda duran mələk Cəbrailəm, səninlə danışmaq
və müjdəni sənə çatdırmaq üçün yanına göndərilmişəm” (4, Lukanın
müjdəsi, 1:19)
Yenə Lukanın Müjdəsində onun Məryəmə görünərək İsa peyğəmbərin
müjdəsini verdiyi deyilir: “Elizavetanın hamiləliyinin altıncı
ayında mələk Cəbrail Allah tərəfindən ... Yusif adlı adama nişanlı
bir bakirə qızın yanına göndərildi; bakirə qızın adı Məryəm idi.
Mələk onun yanına girib dedi: “Salam, ey nemətli qız! Rəbb səninlədir.
Sən qadınların ən bəxtiyarısan... Hamilə olub bir oğul doğacaq
və onun adını İsa qoyacaqsan”” (4, Lukanın müjdəsi, 1:26-31)
Bir sıra islam
qaynaqlarında
Cəbrail haqda müsəlman
əhali arasında təsəvvürlər bir sıra hallarda Qurandan qidalansa
da, bəzən kütlə şüurundan süzülərkən mifik xarakter alır. Məsələn,
Quranda mələklərin qanadı olduğu bildirilir. “Həmd olsun göyləri,
yeri yaradan, cüt qanadlı, üç qanadlı, dörd qanadlı, daha neçə
neçə qanadlı mələkləri elçilər eləyən Allaha. Yaratdığı xilqətinə
istədiyini artırar. Hər şeyə qadirdir Allah” (5, Fatır 1). Eyni
zamanda, onun çox güclü və sürətli olduğu, Allaha yaxınlığı, göydə
səlahiyyət sahibi olduğu ayələrdə öz əksini tapıb. Kütlə şüuru
bunu nəzərə alıb, onun qanadlarını böyüdüb və sayını artırıb,
onları bəzəyib. Rəvayətlərdə deyilir ki, Cəbrailin 600 qanadı
var, onlar yaşıl rəngdədir, inci və yaqutlarla bəzədilib. Qanadları
arasındakı məsafə isə şərqlə qərb arasındakı məsafə qədərdir.
Bundan başqa, deyilir ki, onun üzü ağdır, başında sarğı var, saçı
mərcan kimidir. Peyğəmbərimizdən başqa heç bir şəxs onu əsl şəklində
görməyib. Və bizim peyğəmbərə hamıdan çox – 28 000 dəfə vəhy gətirib
və s. Guya Cəbrail gəmini düzəltməkdə Nuha, sehrbazlara qalib
gəlməkdə Musaya, qardaşlarını tapmaqda Yusifə yardım edib, Adəmə
hərfləri və əkinçiliyi öyrədib və s. (1).
Kütlə arasında “kor şeytan” ifadəsi çox işlənir və izah edərkən
deyilir ki, şeytanın gözünü mələk Cəbrail qanadı ilə vurub töküb.
Cəbrailin adı Firon barədə şərhlərdə də keçir. İddia edilir ki,
Allahlıq iddiasında olan Firon bir qüllə tikdirib oradan göyə
ox atırmış. Oxlar qana boyanmış halda yerə qayıdırmış. Nəhayət,
Cəbrail qanadı ilə vurub qülləni uçurub. Merac barədə rəvayətlərdə
deyilir ki, guya Cəbrail meracdan öncə peyğəmbərimizin sinəsini
yarıb ürəyini çıxarıb. Bundan sonra “imanla dolu” qızıl teşt gətiriblər
və ürəyi yuyub imanla doldurandan sonra əvvəlki yerinə qoyublar.
Bundan sonra o, Cəbraillə yeddinci göyə kimi gedib.
Rumi məlum hədisə (rəvayətə?) istinad edib yazır ki, guya merac
zamanı Cəbrail peyğəmbərimizi axıra qədər müşayiət edə bilməyib.
O, müqərribun (yaxınlşadırılmış) mələklərdən ən böyüyü olsa da,
Allaha tam yaxın gedə bilməyib və peyğəmbərimizn tək getməli olduğunu
bildirib: “Ağıl Cəbrail kimi “Ey Əhməd, bir addım daha atsam,
yanaram! Sən məni burax, bundan sonra sən irəli get. Ey can sultanı,
mənim həddim bu qədərdir” dedi’ (6, 1-ci cild səh 86).
Məlum olduğu kimi, təsəvvüfdə ağlın Allahın dərkində müəyyən həddə
qədər yardımçı olması, ondan artığına gücü çatmaması qənaəti var.
Bundan daha sonrakı yaxınlaşma yalnız qəlb təmizliyi ilə mümkündür.
Mövlana yuxarıda verilən sitatda Cəbraili ağılla müqayisə edir,
peyğəmbərimiz isə qəlbən təmizliyinin hesabına mələkdən də üstün
tutulur. Maraqlıdır ki, yuxarıda verilən “Merac” rəvayətində peyğəmbərin
qəlbinin çıxarılaraq yuyulub imanla doldurulmasından danışılırdı
– təbii ki, Cəbraildən də irəli getməsi üçün. Yəni bunsuz peyğəmbər
Cəbrailin gedə bilmədiyi yerə gedə, Allaha bu qədər yaxınlaşa
bilməzdi.
Quranda Cəbrail
haqda ayələr
Quranda Cəbrayıl mələklər içərisində daha üstünlərindən olub,
Allahla peyğəmbərlər arasında əsas vasitəçi kimi götürülür. Müqəddəs
Kitabımızda “Cəbrail“ sözü Baqara və Təhrim surələrində keçir.
Onun Quranı Məhəmməd peyğəmbərə çatdırdığı, kafirlərdən qoruduğu
barədə məlumat alırıq: «De ki, «Cəbrayıla düşmən kəsilən düşməndir
Allaha». Çünki Quranı Allahın izni ilə əvvəlkini təsdiq edən,
möminlərə yol göstərən, müjdə gətirən Kitab olaraq sənin qəlbinə
o göndərmişdir. Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrayıla
və Mikayıla düşmən kəsilən bilsin, Allah da kafirlərin düşmənidir»
(5, Baqara, 97-98). Təhrim surəsində isə Cəbrail peyğəmbərimizin
dostu kimi tanıdılır: «İkiniz də Allaha tövbə eləyin. Günaha batmış
ürəkləriniz. Peyğəmbərin əleyhinə çıxsanız, bilin, Allahdır onun
dostu, Cəbraildir, yaxşılardan olan möminlərdir, mələklərdir ona
yardım edənlər» (5, Təhrim, 4). Quranın bir ayəsində «Cəbrail»
əvəzinə, sadəcə, «Ruh» sözü işlədilsə də, əksər təfsirçilər ondan
söz açıldığı qənaətindədirlər: «Hər iş üçün Rəblərinin iznilə
yerə enər mələklər və Ruh Qədir gecəsi» (5, Qədr, 4). Bir başqa
ayədə isə Cəbrail əvəzinə «Ruhülqüds» (müqəddəs ruh) sözü işlədilir:
«De ki, «İmana gələnlərə güc vermək üçün, müsəlmanlara yol göstərmək,
müjdə vermək üçün Ruhülqüdsü nazil elədik Rəbbinin dərgahından»
(5, Nəhl, 102).
Bundan başqa, “Ruhüləmin”, “Allah əmrindən olan ruh” deyiləndə
Cəbrailin nəzərdə tutulduğu barədə ilahiyyatçılar arasında fikir
birliyi var. Bu ayələr belədir: “Ruhüləmin (Cəbrail) endirdi onu”
(7, Şuara 193); “Bəndələrindən dilədiyinə əmrindən olan ruhu belə
deyərək endirər: "Gerçək budur ki, Məndən başqa ilah yoxdur,
o halda məndən çəkinin!" (8, Nəhl 2); “O Rəfîdir, dərəcələri
yüksəldəndir; ərşin sahibidir. Görüş günü haqda xəbərdarlıq etmək
üçün öz əmrindən olan Ruhu bəndələrindən istədiyinə göndərər”
(8, Mumin (Ğafir) 15); ”Sənə də beləcə əmrimizdən olan bir ruh
vəhy etdik” (8, Şura 52).
Məryəm surəsindəki “Ruh”un da Cəbrail olduğu qəbul edilib: “Özü
ilə onların arasında bir pərdə çəkmişdi. Biz də ruhumuzu göndərdik
onun yanına. Kamil bir bəşər kimi göründü ruhumuz ona. «Rəhman
Özü məni səndən qorusun, təqva yiyəsisənsə, dəymə mənə» dedi Məryəm.
«Mən Rəbbinin elçisiyəm, gəldim sənə pak bir oğlan uşağını bağışlayam»
dedi ruh” (5, Məryəm 17-19).
Qurani-Kərimin Cəbrail vasitəsilə ayə-ayə diktə edildiyi bəllidir.
Bəzi surələrdə Cəbrailin adı çəkilməsə də, söhbətin ondan getdiyi
aydın olur. Qıyəmə surəsində deyilir: «Sənə vəhy olunanda Quran,
dərhal dillənmə, dinmə. Onu sənin ürəyində cəm eləmək, onu sənə
oxutdurmaq Bizim öhdəmizdədir. Onu oxutduqda sən dinlə» (5, Qıyəmə,16-18).
Bu ayə ilə bağlı onu deyirlər ki, ilk vaxtlarda Məhəmməd peyğəmbər
vəhy alan kimi onu uca səslə təkrarlayarmış. Hicrətin ilk illərində
isə artıq vəhy bitincəyə qədər gözləyərmiş. Hesab edilir ki, burada
oxu işinə nəzarət edən Cəbraildir. Quranda Cəbrailin çox güclü
olduğu bildirilir: “And olsun batmaqda olan ulduza, yoldaşınız
[Məhəmməd] doğru yoldan sapmamış, azğınlaşmamış. Sizə dediyini
özündən demir. Dediyi vəhy aldığıdır. Dediyini çox güclü olan
öyrətmiş ona. Qüdrət yiyəsidir bu mələk” (5, Nəcm, 1-6).
Bundan başqa. Təkvir surəsindən onun şərəfli, etibarlı, başqa
mələklər üzərində söz sahibi olması anlaşılır: “O, şərəfli bir
elçinin sözüdür. O elçi çox güclü, Ərş sahibinin qatında hörmətlidir.
Orda ona itaət edirlər, əmindir” (8, Təkvir, 19-21).
Cəbrailin görülməsi
Quranda qeyd edilir ki,
peyğəmbərlər mələk də olsaydı, insanların yanına insan şəklində
göndərilərdi: “Mələk də eləsəydik Peyğəmbəri, yenə insan şəklinə
salardıq onu və yenə düşdükləri şübhəyə salardıq onları” (5, Ənam
9). Yuxarıda deyildiyi kimi, Əski Əhd və Yeni Əhddə Cəbrailin
insan şəklində göründütyü bildirilir. Məryəm surəsindən verilən
ayədə də onun insan şəklində görünməsi anlaşılır. Amma Nəcm surəsində
onun peyğəmbərimizə “necə varsa” göründüyü deyilir: ”Bərqərar
olmuşdu ən ali üfüqdə. Necə varsa eləcə də göründü buradan Peyğəmbərə.
Sonra ona doğru yaxınlaşdı və bir az da yaxın gəldi” (5, Nəcm
6-8). Surənin davamından aydın olur ki, peyğəmbər Cəbraili bir
başqa dəfə Sidrətül-Müntəhada görübmüş: “And olsun ki, onu başqa
bir yol da görmüşdü son sərhəd ağacı Sidrətül-Müntəha yanında”
(8, Nəcm 13-14). Bu zaman onun peyğəmbərimizə çox yaxınlaşdığı
bildirilir. Bir sıra müfəssirlər "O qədər yaxınlaşdı ki,
iki yay qədər, hətta daha yaxın oldi" kimi çevrilən Nəcm
surəsinin 9-cu ayəsini belə izah edirlər: O dövrdə ərəblər bir
müqavilə bağlayanda iki yay çıxarıb üst-üstə qoyar, bir yay kimi
birləşdirər, sonra ikisini çəkib bir ox atardılar. Bununla əhdlərini
rəmzləşdirərdilər. Bu həm maddi, həm də mənəvi yaxınlığı ifadə
edir. Ayədə “iki yay qədər yaxın” deyiləndə Cəbrailin peyğəmbərimizə
çox yaxınlaşdığı bildirilir. Tanınmış türk alimi Süleyman Atəşə
görə, peyğəmbərimiz Cəbraili bu vaxt ilk dəfə görürmüş və bu görmə
qəlb (fuad) gözü ilə olub: “Surənin əvvəlində (Nəcm surəsi – V.S,)
anladılan görmə səhnəsindən sonra ”Gördüyünü könlü danmadı Peyğəmbərin”
deyilir. Buradan bu görmənin qəlb gözü ilə olduğu anlaşılır” (9).
Əbu Hamid əl-Qəzaliyə görə, peyğəmbərdən fərqli olaraq, səhabələr
Cəbraili görməyib: “Allahın Uca Rəsulu Cəbrail əleyhissəlamın
danışığını dinləyər və onu görərdi. Halbuki Rəsulullahın yanındakı
səhabələr Cəbraili nə görər, nə də danışığını dinləyə bilərlərdi”
(10, səh. 279).
ƏDƏBİYYAT
1.Ислам, энциклопедический словарь, Наука, Москва, 1991.
2.Əski Əhd, http://www.wco.ru/biblio/books/oldtest/main.htm
3.”Uşaq Bibliyası” Bibliya Tərcümə İnstitutu, Stokholm, 1995.
4. İncil, Bibliya Tərcümə İnstitutu, Stokholm, 1995.
5. Qurani-Kərim, N.Qasımoğlunun açıqlaması, Bakı, 1993.
6.Mevlana, “Mesnevi”, I cild, MEB yayınları, İstanbul, 1991.
7.Elmalılı Hemdi Yazır, Kur'an-ı Kerim Meali, http://kuran.gen.tr/?x=s_main&y=s_middle&kid=3&sid=26
8.. Yaşar Nuri
Öztürk, Kur'an-ı Kerim Meali, Istanbul, 1999
9.Süleyman Ateş, Yüce Kur`an`ın çağdaş tefsiri, istanbul, 1988-1992
10. İmam Gazali “İhyau ulumid-din”. Tuğra Neşriyyat, 1-ci cild
РЕЗЮМЕ
Архангел
Статья рассматривает
религиозные и мифологические представления об Архангеле, одном
из ангелов, представленных в Коране как субстанции, ближайшие
ко Всевышнему. По Корану, Архангел, являясь другом пророков, доводит
до них божественные откровения. Автор обобщает сведения, которые
содержат Коран и религиозные сказания о формах и задачах общения
Архангела с пророками. Ссылки в этом плане делаются также на Ветхий
и Новый Заветы. Помимо этого, детально рассматриваются те Коранические
аяты, которые хотя не упоминают имени архангела, но, по известным
предположениям, именно его же подразумевают.
SUMMARY
Archangel
This article discusses
the religious and mythological views on Archangel, one of the
angels mentioned in Koran as being closest ones to God. According
to Koran, Archangel’s main mission as a friend of prophets is
to deliver holy revelations to them. The author generalizes information
contained in both Koran and religious tales about the shapes and
goals of communication between Archangel and prophets. References
in this regard are also made to Old and New Testaments. In addition,
the author discusses in details Koranic verses which although
do not mention the name of Archangel but are strongly believed
to mean just him.
|