«Cadubaz
nə eləyir, eləsin, uğura uğrayan deyil»
(Ta-hə 69)
Son illər «Cadudan, bədnəzərdən qoruyuram, taleyi
açıram, bədən bağlılığını aradan qaldırıram» və s. tipində elanlara
tez-tez rast gəlirik. Bu ünvanlara üz tutanlar, adətən, obyektin
girişində müxtəlif iynələr, rəngbərəng saplar, pərvanə görməmiş
şamlar, açar səsi eşitməmiş kiçik qıfılların satışının şahidi
olurlar. Belə yerlərə getməyi sevən qadınların söhbətindən az-çox
xəbəri olanlar bu predmetlərin təyinatını yaxşı anlayar. Şamları
niyyət edib yandırır, sapları isə bağlayırlar. Qıfıllar da bağlama
funksiyasını yerinə yetirir. Onunla kiminsə bəxtini kilidləyirlər.
Niyə
insanlar bu yardımı Allahdan istəmir? Görünür, mövhumat təbəqəsində
olanların da öz məntiqi var. Bəlkə də, düşünülür ki, falçı və
cadugərlər daha «operativdirlər». Bundan başqa, Allahdan istəmək
insanların üzərinə hansısa təəhhüdlər qoyur. Doğruluq, dürüstlük,
səmimiyyət və s. Onları yerinə yetirmək lazımdır. Nəzərə alaq
ki, Allahdan istəməyə üzü olmayanlar da var. Və ya elə şeylər
var ki, məşru (dini cəhətdən məqbul) deyil və onları Allahdan
istəmək olmaz. Cadugərə (falçıya, görücüyə) isə hər cür sifariş
vermək olar. İstədikləri də azdır. «üç manat pul, bir kəllə qənd»...
Üstəlik, Allahdan fərqli olaraq, verilən pulun halal və ya haramlığı
cadugərləri əsla maraqlandırmır...
CADUNUN
MÜŞTƏRİLƏRİ, DİNİN İSƏ CAMAATI VAR
Cadu və
sehr anlamında yunanlarda «maqos», ingilis və fransızlarda «magiya»
sözləri işlənir. Pəhləvicə kahin anlamında olan «maq» sözü ilə
oxşar olan bu kəlmə ilə ərəbcədəki «məcus», «məcusi» sözləri bir
kökdəndir. Bəzi araşdırmaçılar (məsələn, Frezer) cadunun dindən
əvvəl yarandığını, insanların onun (cadunun) gücünün yetərsiz
olduğunu anladıqdan sonra dinin meydana gəldiyini deyir. Amma
məşhur alim Şmidtə görə, dinin başlanğıcı təkallahlılıq olub.
Zaman keçdikcə bu inanc pozulanda çoxallahlılıq və cadu yaranırb.
Bu vəziyyət sonralar yenidən vəhylər gələnə kimi davam edib. Dürkheymin
qənaəti də yetərincə maraqlıdır. O yazır ki, cadunun müştəriləri,
dinin isə camaatı var. Bu, artıq çoxları tərəfindən qəbul olunmuş
bir nöqteyi-nəzərdir. Bundan başqa, bəllidir ki, dində günah anlayışı
var, caduda isə bu, yoxdur. Dində aşkarlıq, caduda gizlilik, dində
itaət, caduda mənfəət var. Dindən mənəvi prinsiplər üstünlük təşkil
etsə də, caduda maddi olan, günlük maraqlar, əmr edən nəfsin (nəfsi-əmmarə)
diqtələri var.
SEHRBAZLAR
«TANRI»LARA QARŞI
Qədimdə yaxşı ov etmə, düşmənə zərər vurma, xəstəlikdən qurtarmaq
və s. məqsədlə «təbiət üstü güclərlə əlaqə quran» kəslərin insana
yardım edəcəyinə inanırdılar. Qədim xalqlarda bir sıra mağara
rəsmlərinin sırf bu məqsədlə çəkildiyi qənaəti var. Babilistanda
sənət, ticarət, müharibə, din, ov və s. sehr və cadu ilə iç-içə
idi. Misirlilər isə lap irəli getmişdilər. Onlar sehr və cadu
yolu ilə tanrılara təsir etmək, onları nəyəsə məcbur etmək, hətta
itaət altına almağın mümkünlüyünü düşünürdülər. Ona da inanırdılar
ki, guya sehrbazlar ölülərlə yaxşı davranmayan tanrıları cəzalandıra
bilərlər. Hinduizmdə də sehr geniş yayılıb. Vedalar dövründən
başlayaraq xəstəliklərin müalicəsində də sehrdən geniş şəkildə
yararlanılırdı.
Sehr və
cadunun ağı, qarası var. Məzkur peşə sahibləri bu və ya digər
fərdə təsir etmək üçün, adətən, onun saçını, dırnağını, paltarından
bir parça və s. istəyirlər. Texnologiyalar da müxtəilfdir. Ən
geniş yayılanlarından biri təqlid cadusudur. Bu texnologiyada,
sifarişçi, məsələn, uşaq və ya ev istəyirsə, parçadan uşaq maketi
və ya ev maketi düzəldildir. Sonra sehrlə bunun baş tutmasını
təmin etmək üçün işlər görülür. Qədimdə bəzi xalqlarda yağış yağdırmaq
üçün bir qız uşağının başına yarpaq və budaqlar bağlayır, sonra
başından su tökərmişlər. M.F.Axundovun «Hekayəti-müsyö Cordan
– həkimi-nəbatat və Dərviş Məstəli şah – cadugüni-məşhur» əsərində
Dərviş Məstəli şah Parisi dağıtmaq üçün məhz təqlid metodundan
istifadə edir. Parisin maketini düzəldir və cadu edib onu dağıdır.
BƏDƏNDƏNKƏNAR
TƏRBİYƏ
Qədim dövr
və orta əsrlərdə türklərdə tanrıçılıq ilə yanaşı şamançılıq da
olub. Bu iki inanc bir-biri ilə qovuşmayıb, onlar, sadəcə, yanaşı
yaşayıblar. «Şaman» kəlməsi tunqus dilində olan «şa man» sözündən
olub, «müdrik adam», «bilici» anlamına gəlir. «Şaman» sözü 17-ci
əsrdə rus mənbələrində işlənməyə başlayıb. Bu kəlmə I Pyotrun
Çinə göndərdiyi diplomatik heyətin tərkibində Sibirdən keçən avropalı
İzbranda İdes və Adam Brandt adlı şəxslər vasitəsilə sonralar
Avropaya keçib və orada o vaxtacan mövcud olan «kahin», «sehrbaz»,
«maq» kimi sözləri sıxışdırıb. Sibir türklərinin özü isə «şaman»
yox, «qam» sözü işlənilib. Şaman o şəxs sayılırdı ki, guya fiziki
bədəndən çıxıb müxtəlif ruhlarla əlaqəyə girə bilir, hansısa problemləri
çözür, bir sıra cinləri çağırıb onlardan nəsə tələb edir, xahiş
edir, informasiya alır, lazım gələndə bunu adamlara xəbər verir.
Bu bacarıqlara sahib olmaq üçün şaman güclü «təhsil» almalı idi.
Qədim yakutlar inanırdı ki, insanın üç qutu olur. İyə qut (ana
qut) ənsədə, bor qut (dünyəvi qut) bütün bədəndə, salqın qut isə
beldə yerləşir. Belə təsəvvürlər geniş yayılmışdı ki, alnına gələcəkdə
şaman olmaq yazılan uşaq anadan olanda ruhlar onun qutlarını oğurlayıb
aparır. Bu zaman uşaq ölmür, bir az xəstələnir. Hər bir oğurlanmış
ruh ayrı bir yerdə bir müddət «tərbiyə» alandan sonra sahibinə
qaytarılır.
Şamanların
nə oxuduğu çoxlarına gizli qalardı. Amma bir sıra araşdırıcılar
bəzi örnəklər əldə edə biliblər. Şamanın şər ruhlarla əlaqəyə
girib onların zərərini aradan qaldırmaq üçün gördüyü işlər barədə
bir təsvirə nəzər salaq. «Şaman ayin paltarında dəfi götürür,
oturub üç dəfə əsnəyir və üç kərə də dəfə vurur. Sonra ritmik
şəkildə başını yelləyərək orada «iştirak edən» yuxarı, aşağı və
yerli ruhlara nəğmə ilə müraciət edib onları and verir ki, çıxıb
getsinlər. Və onlara belə müraciət edir:
Səkkiz ayaqlı
şər ruhların qövmü,
Öz yaxın qohumlarınızı çəkib aparın yanınıza.
Səkkiz ayaqlı şər ruhların qövmü,
Qoy sizə həsr olunan ovsun bitsin.
Qoy tam olsun sizə həsr olunan nəğmə.
Baxın, ha, bizə qəzəbiniz tutmasın».
«SALAM,
ÇAVAQ BAJI», «ƏLEYKÜM SALAM»
Qamlamada
növbəti mərhələ isə köməkçi ruhların çağırılması olur. Bu zaman
şamanlar öz himayəçi ruhlarının «qüdrətini» vəsf edirdilər:
Əgər üzü
üstə yerə yıxılsam,
Məni müdafiə etməyə söz verənlər
Dalı üstə yıxılsam,
Mənə dayaq olmağa söz verənlər.
Mənə – pəltəyə dil bəxş edənlər
Mənə - çəpgözə göz verənlər
Mənə – kara eşitmə hissi verənlər
Məni – şaman əcdadı olmayanı Şaman edənlər...
Sonra şaman
onlara öz xahişini bu sözlərlə çatdırır:
Mənim qarşımda
açın
Bütün rahat keçidləri.
Mənə güc verin oxuyum
Ürəkdən gələn nəğməmi.
Yalvarıram, aradan qaldırın
Yollardakı əngəlləri,
Yolun əyri-üyrüsünü hamarlayın.
Orta yerin adamlarına,
Yalvarıram, bədbəxlik gətirməyin.
Başqa bir
müəllifin qeydə aldığı mətndə şaman iştirakçıları inandırmağa
çalışır ki, tayqanın zəhmli sahibləri, şamanın himayəçi ruhları
ilə isti münasibətləri var:
Çavaq Bajı,
salam,
Şaraş Tayqa, salam
Sizdən – öz ağalarımdan yardım və himayə xahiş edərək
Mən yoluxuram sizin hamınızı, hamınızı,.
Ağ göllər, salam,
Əbədi qarlar, salam
mənim dağlarımın ruhları.
«HƏKİM
BƏYƏNMƏZ CADUGƏR SÖZÜN»
Onuncu əsrdə
türklər islama üz tutduqdan sonra sehrbazlığı ciddi şəkildə qadağan
etdiyindən öz dolanmasını itirməmək üçün ovsunçu və sehrbazlar
dini don geydirməklə fəaliyyətlərini davam etdirdilər. Bir sıra
ruhi və cinlərin yaratdığı xəstəlikləri müalicə etdiklərini deyən
sehrbazlarla həkimlər arasında rəqabət əsrlər boyu davam edib.
Yusif Xas Hacib «Qudatqu bilik» əsərində bu barədə yazır:
Həkim bəyənməz
üfürükçü sözün,
Üfürükçü həkimdən çevirir üzün,
O, deyir ki, xəstəyə dərman verilsə yaxşı olar,
Busa cadu yazılsa, cin iraq olar deyir.
O vaxtlar
«cadu» sözü əvəzinə yazı mənasında «bitik» sözü işlənirdi. Sonralar
«cadu» daha geniş yayılmağa başladı və «bitik» onunla qoşalaşmaqla
«piti» şəklində varlığını qorudu. İndi də «cadu-piti» sözü əhali
arasında işlənilir.
«OVSUNÇU
QADINI YAŞATMAYACAQSAN»
Yəhudilikdə
və xristianlıqda sehr və cadu şeytan əməli kimi pislənilir. Yəhudi
mətnlərində bu xalqın ilk kralı Saulun cindar və görücüləri ölkəsindən
qovduğu haqda məlumat verilir. Amma xalq arasında sehr, ovsun,
münəccimlik, saxta peyğəmbərlərə inamın da hər zaman olduğu haqda
Əhdi-ətiqdə məlumat var. Yəhudi müqəddəs mətnləri caduya inamı
tək bir Allahın dünyanı iradə etməsi fikrinə zidd düşüdüyünü vurğulayır.
Buna görə də sehrbazlarla mübəarizə aparılması məsləhət görülür:
«Ovsunçu qadını yaşatmayacaqsan» (Çıxış, 22:18).
Xristianlıqdan əvvəlki Romada sehrbazlıq qanunda cinayət kimi
tövsif olunmurdu və birbaşa qadağan olunmamışdı. Cadu kiməsə zərər
vurardısa, onun törətdiyi nəticələrə qarşı mübarizə aparılırdı.
Cadugərlik cinayət yox, cinayət aləti sayılırdı. Məntiqlə belə
əsaslandırılırdı ki, (və bu məntiq çox normaldır) silahqayıran
onun düzəltdiyi silahla, tutaq ki, qılıncla kiminsə öldürülməsndə
məsul olmadığı kimi, cadugər də məsuliyyət daşımır. Əsas günahkar
cadunu sifariş verən sayılırdı. Əgər cadugərin özü təşəbbüsdə
olub kiməsə zərər vurardısa, onda, təbii ki, cəza nəzərdə tutulurdu.
Romada xristianlaşandan sonra - eramızın dördüncü əsrindən etibarən
bütpərəstliyin bütün təzahürlərinə qarşı güclü mübarizəyə başlandı.
Yeni dönəmdə hər hansı cadu aləti və vasitəsi cinayət məsuləyyəti
yarada bilərdi. Məsələn, imperator Konstantin zamanında cadugər
hətta öz yaxın qohumunun evinə belə gedərdisə, onu odda yandırılma
cəzası gözləyirdi. Öz evinə cadugər çağıranlar isə əmlakdan məhrum
edilir və sürgünə göndərilirdilər. Bu barədə məlumat verənləri
isə mükafat gözləyirdi. Bir sözlə, təkcə inzibati orqanlar yox,
həm də ictimaiyyət bu təzahürlə mübarizəyə cəlb edilmişdi. Yeni
dinin cadugərliyə münasibəti çox kəskin idi. Adi falabaxanlar
və yuxuyozanlar da cəzaya məruz qalırdı. Kiminsə yaxın bir adamının
yuxusunu yozması da cadugərlikdə ittihamla nəticələnə bilərdi.
Bu ittihamdan tonqala isə bir addımlıq yol vardı. Sonralar bu
təqiblər daha da kəskinləşdi. Elə vaxtlar olurdu ki, ifrata da
varılırdı. Məsələn, hər hansı bir dilənçi qəbiristanlıqda gecələyərdisə,
o, asanlıqla tutulub nekromantlıqda ittiham oluna – yəni ölülərin
ruhunu çağırıb fala baxan kimi cəzaya məruz qala bilərdi. Tiblə
məşğul olanlar sırf elmi araşdırma niyyəti ilə əgər meyitlərin
yarılmasına girişərsə, onları da tonqal gözləyirdi. İmperator
Yustinian hətta riyaziyyatla məşğul olmağı da qadağan eləmişdi.
«MƏN
SIĞINIRAM QARANLIQDAN SƏHƏRİ YARIB ÇIXARAN RƏBBƏ»
Quranda
cadu ilə insanlara təsir etməyin mümkünlüyü inkar olunmur və ondan
qorunmaq üçün dua da təqdim edilir. «De ki, «Mən sığınıram qaranlıqdan
səhəri yarıb çıxaran Rəbbə, qaçıram Onun yaratdıqlarının şərindən,
qatılaşan qaranlığın şərindən, düyünlərə üfürən qadınların şərindən,
paxıllığı tutan zaman bir paxılın şərindən» (Fələq 1-5).
Amma cadugərlərin
uğura uğratmadığı, onun günah (Ta-hə 68-70),
küfr olduğu da vurğulanır: «Sehr işlədərək kafirlik eləməmişdi
Süleyman» (Baqara, 102).
|