Bu
söz Qurani-Kərimdə fel şəklində («mübayəə») altı yerdə keçib.
Satış anlaşmaları mənasındakı «bey» kökündən törəyən «beyət» və
«mübayəə» bir mövzu üzrə razılaşaraq əl sıxmaq deməkdir. Hüquqda
bu, bir mövzuda tərəflərin iradələrinin uyuşması mənasını verir.
Dövlət başçısının qəbul edildiyini göstərən razılıq bəyanına da
beyət və ya mübayəə deyilir.
Təsəvvüfdə beyət müridin
mürşidə intisabını elan etməsidir ki, bu da əl öpmə, bəzən də
bir mərasimlə ortaya qoyulur.
Qurani-Kərimdə iki yerdə
(Bəqərə, 282; Tövbə 111) hüquqi anlamda, digər
yerlərdə isə peyğəmbərimizlə hər məsələdə iradə uyğunluğunu ifadə
etmək mənasında işlədilib.
Peyğəmbərimizlə edilən
bu beyətləşmələrin ən məşhurları hicrətin öncəsində gerçəkləşən
Akabe beyətləri ilə hicrətdən altı il sonra gerçəkləşən Hüdeybiyyə
müqaviləsi sırasındakı Rizvan beyətidir (Fəth, 10-18 ).
Akabe beyətləri hicrətdən
öncə (peyğəmbərliyin 10,11 və 12-ci illərində)
Məkkə yaxınlığındakı Akabe təpəsində mədinəli təmsilçilərlə peyğəmbərimiz
arasında olub. Bu beyətlərin birincisi Mədinədən gələn 6 nəfərin
Məhəmməd peyğəmbərə islamın yayılmasında xidmət etmək üzrə beyət
etmələri şəklindəydi. Bu altı nəfərə ilk mədinəli müsəlmanlar
deyilir.
Bundan bir il sonra yenə
həcc mövsümündə gerçəkləşən ikinci Akabe beyətində isə mədinəlilər
on iki nəfərlik heyət şəklində peyğəmbərə beyət etdilər. Bu beyətdən
bir il sonra üçüncü və son Akabe beyəti oldu. Bu beyətdə mədinəlilər
75 nəfərlik bir heyətlə gəlmişdi.
Bəzi tarixçilər ilk heyət
olan altı nəfərin peyğəmbərlə görüşməsini beyət saymır, Akabe
beyəti adı ilə son iki görüşü qəbul edirlər.
Rizvan beyəti deyə tanınan
və bir ağac altında gerçəkləşən beyət isə hicrətin altıncı ilində
Hüdeybiyyə müqaviləsi sırasında meydana gəlib.
Həmin ildə peyğəmbərimiz
və dostları Kəbəni ziyarət üçün Məkkəyə doğru yola çıxmış və Məkkəyə
bir günlük məsafədəki Hüdeybiyyə quyusu başnda dayanmışdılar.
Müsəlmanlar 1500 nəfərə qədər idilər. Peyğəmbərimizin hərəkətindən
xəbər tutan məkkəlilər müsəlmanlara zərbə vurmaq üçün bir birliyi
Hüdeybiyyə üzərinə göndərmişdilər. Bu birlik müsəlmanlar tərəfindən
əsir edildi. Müsəlmanların müharibə niyyəti və təchizatı yox idi.
Peyğəmbərimiz məkkəlilərlə anlaşmaq istəyini bildirən bir elçi
göndərdi, əsir edilənləri isə azad elədi. Bir qədər gözlədilər.
Qüreyş tərəfindən bir xəbər çıxmadı. Bundan sonra peyğəmbər Osman
b. Üffanı elçi olaraq göndərdi. Bütpərəstlər Osmanı tutdular.
Onun gəlmədiyini görən müsəlmanlar vəziyyətin ağırlaşdığını anladılar.
Sülh təklifləri qəbul edilməmişdi. Döyüş üçün hazırlıqlar yox
idi. Çox ağır vəziyyət idi. Hər an üz-üzə gələ bilərdilər. Quranın
öydüyü Rizvan beyəti bu zaman gerçəkləşdi. Peyğəmbərimiz əshabını
toplayaraq onlara vəziyyətin çətinliyini anlatdı və ölüm də daxil
hər bir hadisəyə qarşı onunla birlikdə olacaqlarına söz verməyə
çağırdı. Bütün müsəlmanlar peyğəmbərimizlə əl sıxaraq onunla beyətləşdi,
lazım gələrsə, sevə-sevə ölümə gedəcəklərini dedilər. Fəth surəsinin
10-cu ayəsi bu beyətləşmədən belə bəhs edir: «O səninlə beyətləşənlər
gerçəkdən Allahla beyətləşirlər. Allahın əli onların əlinin üstündədir».
Nəticə sevindirici oldu.
Bir müddət sonra Osman qayıtmış və məkkəlilərlə bir sülh müqaviləsi
bağlanmış və müqavilə müsəlmanlara Məkkə fəthinə gedən yolu açmışdı.
|