Desəm
ki, ciddi şəkildə islam-ateizm qütbləşməsi yoxdur, çoxları təəccüb
qalar. Çünki belə bir ictimai təsəvvür var ki, guya İslam dini
Tanrı varlığını isbat etmək və allahsızları dinə-imana gətirmək
üçün nazil olub. Məsələ burasındadır ki, Tanrı varlığını dananların
fikirləri müqəddəs Oxu ayələrinin yalnız az bir qismində ciddiyyətə
alınaraq cavablanır. Əsasən insanın dünya həyatı, ölümü, axirət
həyatı, ruhların dirçəlməsi mətləblərilə bağlı səslənən ateistanə
kinayələr (“Öldüksə də, torpaq, sümük olduqsa da, bizmi gerçəkdən
o zaman dirçələnlər olarıq?!” – əl-Muminin – Möminlər, 82) ayələrdə
aqressiv qarşılanmır, bunların tutarsızlığı İlahinin kainatda,
təbiət hadisələrində yaratdığı qanunauyğunluqların fonunda sadəcə
nəzərə çatdırılır.
Islamın – Tanrı varlığına,
qüdrətinə, hikmətinə, dəyərlərinə bu təslimolma dininin əsil mənada
savaş açdığı cəbhə ateizm deyil də saxta dindir, Tanrıya şərik
qoşma səpkisində ən çeşidli çalarları ilə aşkarlanan, örtüklərilə
gizlənən şirk dəyərləridir.
Bəllidir ki, bəşəriyyət
çoxluq etibarilə heç zaman ateist düşüncə gərəyincə ölçülən allahsızlıq
daşıyıcısı olmamışdır. Tarixin bütün dönəmlərində insanların böyük
qismi gözlə görülməyən, əllə duyulmayan, qulaqla eşidilməyən Yaradanın
varlığına inanmışdır. Ancaq Onun lütfünə, kəramətinə yetişmək
naminə konkret yardımçı vasitələr, predmetlər də aramışdır. Ilahi
deyimlə, “əksəri də inanmazlar Tanrıya bütçülüyə varmadan” (Yusif,
106). Od, ağac, günəş, ay, eləcə də bəzi “müqəddəs” insan materialından
yapılma, yonulma, uydurma, qurama, canlı-cansız bütlər Tanrı-insan
münasibətlərinə müdaxilə edən həmin o vasitəçi predmetlərin tam
olmayan siyahısına daxildir.
Və ilahi mətnin uca mənalarından
biri Tanrı-insan münasibətlərinin məhrəmliyə, doğmalığa, yaxınlığa
xələl gətirə biləcək hər cür maddi mifik, ideoloji bulanıqlardan
arınmış olaraq təqdim edilməsilə aşkarlanır. Xurafat, mif, əfsanə,
nağıl, hədis yaradıcılığının su içdiyi mənbələrə üz tutanlara
Quran qınağı belə ifadə olunur: “…Elə isə bəs hansı hədisə inanar
onlar Tanrıdan, ayələrdən sonra?” (əl-Cəsiyə -Diz çökmüş, 6).
Vəhy dışında olan mənbələrlə müqayisədə isə müqəddəs Kitabımızı
Rəbbimiz belə tanıdır: “Uydurulan hədis deyil, təsdiqidir özündən
öncəkinin, təfsilidir hər şeyin, bir bələdçi, mərhəmətdir inananlara”
(Yusif, 6).
Ibrahim peyğəmbər soydaşlarının
tapındığı bütləri qırıq-qırıq edir. Bu Allah elçisinin öz həyatı
ilə risk etməsi onunla bağlıdır ki, bütlərin lal-dinməz, yarasrız-zərərsiz,
xeyirsiz-şərsiz olduğu barədə sözlə təbliğ etdiklərini əyani olaraq
çatdıra bilsin. Məhəmməd Seçilmişin də Məkkənin fəthi zamanı Kəbə
içindəki bütləri eyni qaydada yıxdığı tarixdən bəllidir. Ümumiyyətlə,
peyğəmbər dəvətlərinin ilk dönəmlərdə üzləşdiyi bütçülük açıq
şirk məzmunundadır, yəni Allaha ortaq qoşanlar bunu aşkaranə nümayiş
etdirirlər.
Bütpərəstliyin başqa
bir təzahürü də gizli, örtülü şirkdir. Müqəddəs Kitablara zahiri
tapınma əlamətlərilə pərdələnən bu şirk növü dinin saflığını içəridən
bulandırandır, daha təhlükəlidir. Və hətta o dərəcədə təhlükəlidir
ki, Tanrı dəstəyi olmadan peyğəmbərin özünü belə yanlışlıqlara
sövq etmək gücünə malikdir: “Az qalmışdılar səni vəhy eylədiyimizdən
ayırıb bir fitnəyə salalar. Bizə iftira yaxaraq ondan bir başqasını
uydurasan. O halda səni özlərinə bir dost edəcəkdilər. Sənə səbat
verməsəydik, and olsun, az qalmışdın onlara azacıq meyl eyləyəsən”
(əl-İsra – Gecə yolçuluğu, 73-74).
Din örtüklü gizli bütpərəstlik
dəyərləri İslamı 1400 ilin son tarixi içində də rahat buraxmamışdır.
Gerçək və saxta din mahiyyət etibarilə ayrı-ayrı dinlər olaraq
günümüzədək gəlib çıxmışdır. Müqəddəs Oxuda kafirlərə bərabər
tutulanların əksəriyyəti saxta din ardıcıllarıdır. “Kafirlər elə
sandılar Məni bir yana qoyub qullarımı özlərinə dostlarmı edəcəklər?”
(əl-Kəhf – Mağara, 102) ayəsində Yaradana şərik qoşduqlarına görə
qınananlar bütün çağlarda yanlış din dəyərlərinə üz tutanlardır.
“Dostlar” deyə tərcümə edilən söz orijinalda “vəlilərin” cəmi
“övliya”nın türkcəmizdə qarşılığıdır. Bu söz mətndə Allahla bəndələr
arasında bir növ vasitəçilər olaraq seçilən şəxsləri tanıtmaq
üçün işlədilir. Bunu belə də anlamaq mümkündür ki, övliyaya, böyük
iman yiələrinə belə müqəddəs simalar timsalında tapınmağın kökündə
dayanan bütpərəstlik də fəsadlıdır. Illah da ki, dini şüarları
siyasətə alət edib sadəlövh insanların gözündə uca məqamlar qazanan
kimsələrə səcdə məsələsi ola, bunun günahından danışmaq bəlkə
də artıqdandır. Və bu da sirr deyil ki, son zamanlar örtülü şirkin
daşıyıcıları rolunda daha çox dini siyasilədirmərə səy edənlər
nəzərə çarpırlar. Maraqlisı odur ki, müasir siyasi proseslərdə
iştiraka can atan, bəzi ölkələrdə isə real içtirakçılar olan bu
sonuncuların ideoloji plaforması gerilikçi, bir çox parametrlərinə
görə insaniyyətə zidd və elə bu baxımdan da Quran ayələrinə tərs
düşən orta əsrlərdən qalma dini yozumlar təşkil edir. Quran məntiqini
görməzlikdən, yaxud dərketməzlikdən irəli gələn bu yozumlar İslam
dininə aid olaraq qələmə verildiyinə və bu zaman istinad edilən
ikinci dərəcəli yazılı qaynaqlar ilahi ismarışların izahında faktiki
olaraq Qurana şərik qoşma səpkisində müəyyənləşdiyinə görə cari
şüarlarından asılı olmayaraq dini təmsil iddiasında bulunan bütün
siyasi qruplar əslində gizli şirk daşıyıcıları siyahısında yer
alır.
Din bilikləri elmi əsaslara,
müqəddəs Oxu təməllərinə söykənmədikcə, böyük şairimiz Mirzə Ələkbər
Sabirin də «şirki-xəfi», yəni gizli bütpərəstlik dediyi nəsnənin
daşıyıcısı olan din dəllallarının meydanı genişlənir, onların
“təzvir”lə, yəni saxta din təlimlərilə tovladığı camaat əziyyət
çəkməli olur. Belələri ilə ifşaedici tonda danışan şairin sərt
dilində, elə bilirəm, bu günün ziyalıları üçün də ibrət götürüləsi
nümunə var:
Tərk eylə riyani ki,
riya şirki-xəfidir,
İşbu sözü kəndin belə təqrir eləyirsən!
Mən məkrini hiss etməyə
meyl etmədim əsla,
Kəndin dili-həssasimə təsir eləyirsən!
Bizdən gözünü yığ ki,
sənə aldanan olmaz,
Get onları tovla ki, təzvir eləyirsən!
Quran məntiqi Tanrı-insan münasibətlərini mütləq ölçüdə məhrəmanə
əlaqə kimi dəyərləndirir (Qaf, 16) və bu əlaqəyə hətta peyğəmbər
şəxsiyyətinin belə müdaxilə haqqını tanımır. “İşin sənə heç nədə
dəxli yox ki, tövbələrini qəbul eyləyə, ya onlara əzab verə O
zülm eyləmişlər deyə” (Al-i İmran – İmran ailəsi, 128) – deyə
Yaradan Öz elçisinə buyurur.
Insana yaxından yaxın
ulu Tanrı lütfünə, rizasına, kəramətinə yetişməyin yolunda əngəllərdən
sayıla biləcək çeşidli vasitələrdən və vasitəçilərdən can qurtarmaq,
eləcə də açıq-gizli bütpərəstlik risqindən sığortalanmaq naminə
təkcə Tanrıya üz tutmalı. “Ummu-l-Quran”, yəni “Quranın Anası”
olaraq vəsflənən “Fatihə”də (Açılış) olduqca anlaşıqlı yazılmış:
“Təkcə Sənə ibadət eyləyər, tək Səndən yardım dilərik”.
|