Qurani-Kərimdə
üç yerdə keçən bu termin iki şeyin arasını ayıran nəsnə və ya
keçid deməkdir. Əsasən axirət həyatıyla dünya həyatının arasını
ayıran müddətə bərzəx deyilməkdədir. İlk müfəssirlərdən Mücahid
bin Cəbr (ölümü 719) bu terminin Qurandakı mənasına işarə edəndə
belə deyir: «Bərzəx ölümlə həşr arasında qalan müddətdir». Quran
ölümdən sonrakı həyatımızın bir qisminin keçəcəyi aləmə bərzəx
aləmi deyir (Muminun, 100).
Quranda bərzəx həyatının
necəliyindən bəhs edilmir. Ancaq islam təsəvvüf ədəbiyyatı bərzəx
mövzusunda çox zəngin biliklər verir. Müsəlman mistiklərin ruhi
sınaqlarına istinad edərək verdikləri bilgiyə görə, bərzəx həyatı
bir növ röyadır. Elə bir röya ki, müstəsna ruhlar bir yana, o
röyadan oyanma ancaq axirət ilə olur. Bu röya hər fərdin axirətdə
haqq edəcəyi qarşılığa uyğun bir seyr içində keçir. Axirət hesablarını
uğurlu şəkildə verəcək mənliklərin bərzəx həyatları xoşbəxtlik
və gözəlliklərlə, digərlərininki isə əzab və sıxıntılar içində
keçəcək.
Təəvvüfün təsbitlərinə
istinad edib bunu da asanlıqla söyləyə bilərik: bərzəx aləmində
insanın təkamülü davam edəcək. Bərzəxlə bağlı təsbitləri dəyərləndirən
dövrümüzün ən böyük islam mütəfəkkiri Məhəmməd İqbal (ölümü 1938)
belə deyir: «Bərzəx halı bəsit bir gözləmə halı olmağa bənzəmir.
O, mənliyin, realitənin yeni görünüşlərinə şahid olduğu bir varlıq
halıdır. Elə bir hal ki, mənlik özünü qarşılaşacağı yeni oluşlara
orada hazırlayar».
Quran anlayışlarına,
xüsusən bunların axirətlə bağlı olanlarına ən doyurucu açıqlamaları
gətirən alimlərdən biri olan Şah Vəliullah Dəhləvi (ölümü 1762)
bərzəx mövzusunu belə xülasə edir: «Bil ki, insan öləndə torpağa
bağlı cəsədi dağılır, çürüyür, ölümsüz mənliyi qalır. Beləcə,
mələklik deyilən bir hal zühur edir, heyvanlıq ölər. Bərzəx aləmində
insanlar müxtəlif qruplar əmələ gətirirlər. Bir qismi oyanıq haldadır
ki, bunlar nemət və əzaba düçar olarlar. Bir qisim bərzəxlilər
isə tam oyanıq deyillər. Bunlar röya halındadırlar. Bunlar axirətdə
də oyanmazlarsa, bərzəxi gerçək sanırlar. Bir qismi də mələklik
və heyvanlığın ortalarında yer aldıqları üçün bəsit bəzi varlıqlara
qatılırlar... Qısacası, bərzəx aləmi bu aləmin qalıntılarından
başqası deyil».
İbn Ərəbi Qurandakı bərzəx
anlayışını dəyərləndirərkən bu yolda bir qənaət sərgiləyib: bərzəx
bilinənlə bilinməyən, olanla olmayan, mənfi və müsbət və s. arasındakı
ayırıcıdır. Ağlın qavraya bildiyi ilə qavraya bilmədiyi arasındakı
ayırıcıya da bərzəx deyilir.
Bərzəx xəyaldan ibarətdir.
Aynaya baxanın onda öz əksini görməsi bu növdəndir. Surət baxan
üçün həm var, həm yoxdur. Aynadakı surəti bilir ki, o, öz əksidir,
amma surətin ayna olmadığında vücudu yoxdur..
Buna görə bərzəx insanın
üçölçülü plana adaptasiya olmuş idrakının daha üst planları qavramağa
hazırlandığı, bu yolda bir təkamül keçirdiyi ara aləm olaraq dəyərləndirilməlidir.
|