Əxilik
adı ilə daha geniş tanınan fütüvvət təşkilatları əsas etibarı
ilə təsəvvüflə bağlı olduğu kimi, həm də peşə-sənət sahibləri
birliyi olub. Əvvəllər bir əxlaqi termin kimi qavranılan fütüvvət
sosial bir təşəkkül halını alandan sonra iqtisadi-sosial-dini
termin kimi də işlənməyə başlayıb.
«Fütüvvət» Quranda «gənc» mənasında işlənən «fəta»
sözündən yaranıb. Müqəddəs Kitabımızda İbrahim və Yusif peyğəmbərlərə,
Əshabi-Kəhfə aid olaraq işlənilir. Bir sözlə, bu kəlmə ilə bir
insan tipi, şərlə mübarizə aparan gənclər nəzərdə tutulub.
«Bir cavan var, İbrahimdir
adı» (Ənbiyə 60); «Mağaraya sığınmışdı o cavanlar.
Dedilər: Rəbbimiz, dərgahından bizə rəhmət bəxş elə və bir çıxış
yolu tap düşdüyümüz bu işdən» (Kəhf 10); «Şübhəsiz,
Rəblərinə iman gətirən cavanlardı o kəslər, Biz də artırmışdıq
imanlarını» (Kəhf 13). Fütüvvət haqda məşhur
təsəvvüfçülərdən olan Süləminin bu fikri məşhurdur: «Kimdə Nuhun
səbatı, İbrahimin vüqarı, İsmayılın doğruluğu, Musanın ixlası,
Əyyubun səbri, Davudun ağlayışı, Məhəmmədin comərdliyi varsa,
yenə kimdə Əbubəkrin canıyananlığı, Ömərin qeyrəti, Osmanın utancaqlığı,
Əlinin elmi varsa, sonra bütün bunlarla bərabər nəfsini boğar,
öz eyiblərini görə bilirsə, o, fütüvvət sahibidir».
Fütüvvət əhlinin işlətdiyi
bir sıra istilahlar var ki, bunların mənasını anlamadan bir sıra
məqamlarda nəyin nəzərdə tutulduğunu dərk etmək olmaz. Bu terminlər
təsəvvüf terminləri olmaqla yanaşı, bir qismi sırf spesifik –
sosial sahə, günlük davranış qaydaları ilə, təhsil prosesi və
s. ilə bağlıdır.
Bu yazıda bunlardan bir
qisminin mənasına aydınlıq gətirməyə çalışacağıq.
Əqdi-təriqət
– beyət əsnasında əl tutmaq. Ata ilə oğulun (mürid və mürşid)
sağ əllərini irəli uzadıb baş barmaqlarını qarşı-qarşıya tutmaqla
əl verməsi.
Ariflər məqamı – elm əl-yəqin, eyn əl-yəqin və
həqq əl-yəqin deyilən məqamlardır.
Elm əl-yəqin – Allaha qovuşmanın üç məqamından
ilkidir. Biliklə (irfanla) yaxınlaşmaqdır.
Eyn əl-yəqin – Allahı sezmək yolu ilə qavramanı
nəzərdə tutan ikinci məqamdır. Buna mükaşifə (kəşf etmə, sirr
açma) də deyilir.
Həqq əl-yəqin – Arifllər məqamının üçüncüsü –
sonuncusudur. Qulun Haqqda yox olması, əriməsi, Onunla bir olması
məqamı sayılır. Bu məqamda Haqq ilə qul arasındakı pərdələrin
qalxdığı deyilir.
Çar pir – (əsli farsca «çahar pir» – dörd pir).
Fütüvvət ənənəsinin qaynaqlandığı dörd böyük peyğəmbərə: Adəm,
Nuh, İbrahim, Məhəmməd - verilən addır.
Çar yar – (əsli farsca «çahar yar» - dörd dost deməkdir).
Rəşidi xəlifələr olan Əbubəkr, Ömər, Osman və Əliyə verilən ad.
Əsrar – Lüğəvi mənası «sirlər» deməkdir. Fütüvvət
ənənələrində və təsəvvüfdə həqiqət məqamında dilə gətirilməsi
mümkünsüz halların olduğu deyilir. Bunların yalnız yaşanması mümkün
sayılır. Cəlaləddin Rumi bu fikri «Dadmayan bilməz» şəklində ifadə
edib. Bu cür hallar «əsrar» adlanır.
Bəqabillah - qulu Allahdan ayıran vəsflərdən
ayrılmaq. Bəqabillahın dərəcələri bunlardır: fəna fiş-şeyx, fəna
fil-pir, fəna fir-rəsul, fənafillah.
Fənafillah - bəqabillahın son dərəcəsidir. Varlıq
qayğılarından qurtulub Allahda ərimək deməkdir. Füzulidə də var.
«Leyli və Məcnun»da Leylinin dilindən deyilir: «Yarəb, məni qıl
fənayə mülhəq, Çün rəhi-fəna imiş rəhi həqq!». (Yarəb, məni fənaya
qovuşdur. Çünki Haqq yolu fəna yolu imiş!).
Füqəra - təsəvvüf yoluna gəlib yoxluğu qəbul
edənlər.
Min bir gün - bəzi təriqətlərdə sınaq müddəti.
Gövhər – ədəb və həya mənasında işlənib.
Hübab – (ərəbcə «dostlar») fütüvvətin doqquz
dərəcəsindən ilkidir.
Miskinlik - Fütüvvət üzvü səhvə yol veribsə,
öz dostları üçün gücü nisbətində hər kəs üçün ayrıca olmaqla hədiyyə
hazırlayırmış. Buna «miskinlik» deyilib.
Seyr
- müridin dərvişliyə başlayıb vüsala qədər davam edən mənəvi yolçuluğuna
verilən ad. Dörd dərəcəsi olub: seyri-illəllah (Allahı seyr),
seyri-fillah (Allahda seyr), seyri-maallah (Allah ilə seyr) və
seyri-anillah (Allahdan seyr).
Təcəlli
– qeyb aləmi nurlarından qəlbə bir pəncərə açılması. İlahi sirlərlə
qüdrət əsərlərinin Haqq nurları ilə görünməsi.
Təcəllayi-sirri-sirr
– öz vücudundan keçib nəfsini ağıla, ağılı ruha, ruhunu Allaha
təslim eləyib varlığını Allahda məhv eləmək. Bu məqama çatmayanın
kamil insan ola bilməyəcəyini deyərdilər.
Duz – dad mənasında işlənib. «Hər şeyin bir duzu var.
Əxilik və şeyxliyin duzu çörəyi qazanıb miskinlərə yedirməkdir»
(Radavi fütüvvətnaməsi).
Ustadi-kamil
– müridi qaranlıqdan aydınlığa çıxaran kəs.
Qapalı qapılar
– göz, dil, bel (təriqətlərdə fərqlidir).
Açıq qapılar
– əl, alın, süfrə, qapı (təriqətlərdə fərqlidir).
Yəd
– əl. Vasitə mənasında işlənən bu söz müridin şeyxə təslimliyi,
tabe olması mənası verir.
Yaşıl yarpaq
– Belə izah olunur ki, məlum günaha görə Adəm peyğəmbər cənnətdə
çılpaq qalanda bütün cənnəti dolaşır, amma heç kəs (insanlar nəzərdə
tutulmur) ona heç nə vermir. Təkcə əncir ağacı ona üç yarpaq verir.
Comərdlik göstərib Adəmə öz eybini örtməyə kömək edir. Bu səbəblə
fütüvvət əhlində yaşıl yarpaq comərdlik simvolu olaraq qəbul edilmişdi.
Yol Ata
– tələbəyə Yol göstərən. Yol Ata nəsihətlərindən nümunələr: «Yol
Ata əmanətləri: Aynü ammün (gözlərin kor olsun, yəni görülməsi
lazım olmayanı görmə), lisnu şommün (dilsiz ol, əbəs söz söyləmə)
üznün bikmün (qulağın kar olsun – lazımsız sözü dinləmə), yədu
maktun (haqqın çatmayana əlini uzatma), riclün məcruhun (gedilməyəsi
yerə getmə)».
Yol Qardaşı
– fütüvvətə qoşulan bir şəxsin mütləq dost olaraq qəbul etdiyi
iki nəfər yardımçısı olmalı idi. Sağ Yol Qardaşı və Sol Yol Qardaşı.
(müqayisə et: sağdış, soldış). Onlar ona Yol boyu yardım etməli
idilər. Yol Qardaşı nəsihətlərindən: «Təriqət qardaşı kimdir,
sənə nə söylədi?» «Yeddi söz söylədi: hər şeyə təhəmmül elə, hər
şeydə hafiz ol, ağıllı ol, xeyirli iş gör, qeybət eləmə, elm öyrən,
yalan və böhtan söyləmə».
Çilə
– bəzən səhvlər müqabilində, bəzən də protokol üzrə müridlərin
əxlaqlarının təmizlənməsi üçün tətbiq edilən üsul. Şeyxin təyin
etdiyi qayda ilə onun xəlvətə qoyulmasına süluk, orda yaşadığı
çətinliklərə isə çilə deyilirdi. Bəzi təriqətlərdə qırx gün, bəzilərində
səksən, bəzilərindəsə min bir günlük çilə olurdu. Üç gün aclıq
və yeddi gün döyülüb-söyülmə çiləsi, qırx gün aclıq və çılpaqlıq
çiləsi kimi təmrinlər də olurdu.
Mövləvilərdə bu müddət
qırx gün idi. Əvvəlcədən hazırlanmış qaranlıq otağa salınan mürid
qırx gün orada qalmalı idi. Arada iki dəfə suyu dəyişirdilər.
Yeməyi isə çox az miqdarda, yalnız çörəkdən ibarət olurdu. Arif
məqamına yüksəlməyi nəzərdə tutan mürid o qədər özünə qapılardı
ki, suyu dəyişilən zaman belə bunu hiss etməzdi. Sonuncu gün şeyx
gedib qapını açardı. Mürid onun üzünə baxıb ürəyindəki sözləri
oxumalı idi. Düzgün tapdığı təqdirdə o artıq müridlikdən çıxıb
arif adlandırılırdı. Onun başına üləma çalması bağlayıb uzun tərəfini
sağ çiyninin üstünə salardılar. Bundan başqa, ona ariflik verildiyini
bildirən xirqə də geyindirirdilər.
Müasir Türkiyə türkcəsində
əzab mənasında işlənən «çilə çəkmək» ifadəsi də, yəqin ki, bu
əsldəndir. Ümumiyyətlə isə, «çilə»nin farsca qırx mənasını verən
«çehel»dən olduğu söylənilir. Yuxarıda bu müddətin bəzi təriqətlərdə
qırx gün olduğu deyildi. Dilimizdə işlənən «çillə» də, yəqin ki,
bu kökdəndir. Böyük çillənin qırx gün olması da bu ehtimalın həqiqətə
söykəndiyini göstərir.
«Bizim Yol» qəzeti,
13 aprel 2003.
|