Bu
sözün kökü olan «bəyan» Quranda törəmələriylə birlikdə üç yüzə
yaxın yerdə keçir. Beyyinə bunlardan biri olub, yüzə yaxın yerdə
işlənir. Ərəb dilində dəlil, bəlirti, açıqlıq, qətilik deməkdir.
Quran dilinin böyük ustadı
Rağib İsfahani beyyinəni «ağıla və ya duyğu orqanlarına bağlı
açıq dəlil» deyə izah edir. Qurani-Kərim duyğularüstü idrakın
yetdiyi reallıqlara və dəlillərə də beyyinə deyir. İlahi vəhy
də beyyinələr toplusudur.
Bütün peyğəmbərlər beyyinələrdir.
Son rəsul da bir beyyinədir. Elə bir beyyinədir ki o «Allahdan
gələn bir elçi sifətində içində ölməz mesacların olduğu tərtəmiz
səhifələri insanlara oxuyur» (Beyyinə, 2-3).
Quran insan, vəhy və kainat üçlüyünün bir-birinə bağlı üç kitab
əmələ gətirdiyini və bu kitabların beyiinələrlə yüklü ayələrdən
meydana gəldiyini dəfələrlə ifadə edir.
Quranın açıq bəyanına
görə, iman da gözü qapalı bir inanma hadisəsi deyil, şüursuz qəbul
deyil, bir beyyinə hadisəsidir. Bunun üçündür ki, hər şeydə nə
üçün, niyə sualı vermək Quranın sadəcə icazəsi deyil, direktividir.
Yenə Qurana görə, insanın həyatı da, ölümü də bir beyyinə üzrə
olmalıdır (Ənfəl 42). Beyyinənin bu əvəzsiz dəyəri
onu əldə etmə zamanı ortaya çıxan şübhəni islam peyğəmbəri tərəfindən
uca bir keyfiyyət halına gətirib. Allahın varlığı haqqında şübhəyə
düşdüklərini deyən səhabələrə Məhəmməd peyğəmbər «Bax bu, imanın
özüdür ki var» deyib və Yaradıcını həmd edib ki, ona bağlı olanları
şübhə ilə üz-üzə gətirir.
İslam hüququnda beyyinə
isbat vasitəsi olaraq önə sürülən hər cür dəlil yox, şahid mənasında
işlənilir. Və gündəmə gələn davalarda peyğəmbərimizin bu hədisi
tətbiq olunur: «İddia sahibinin borcudur ki, ortaya beyyinə qoysun».
Qurani-Kərim imanı bir
beyyinə hadisəsi sayarkən, inkarı, xüsusən bütpərəstliyi bir beyyinəsizlik
və biliksizlik olaraq tanıdır. Ona görə, Allahı, peyğəmbərləri
və ölümdən sonrakı həyatı inkar varlıq və həyatı doldurmuş olan
apaçıq və saysız beyyinələri dəyərləndirməməkdən qaynaqlanmaqdadır.
|