Qurani-kərimin
duyğular üstü baxış, sezmə, görmə qüdrəti olaraq tanıdığı bəsirət
(cəmi «bəsair», bax.: Ənam 103-104; Qiyamət 14) görmək, görməyi
asanlaşdıran işıq, görmə vasitəsi mənasındakı «bəsər» kökündən
törəyib. Quran bu anlayışı kəllə gözü mənasına gələn «bəsər» (cəmi
əbsar) sözü ilə bərabər də işlədir.
Bu məqamda kəllə gözünün insana, bəsirətin Allaha izafə edildiyi
diqqət çəkir. İslam alimləri bundan çıxış edərək bəsirəti qəlb
gözü kimi mənalandırıblar. İslamın bir mənada qəlb gözünü işlətmək
və inkişaf etdirmək qurumu olan təsəvvüfdə bəsirət belə dəyərləndirilir:
«Bəsirət qəlbin baxma və görmə gücü olub, ilahi işıqla aydınlanır
və varlığın iç sirləri onunla əldə edilir».
Bəsirət barədə izahları
diqqətə alaraq bunları deyə bilərik: Bu görmə gücü duyğularla
bağlı riyazi idraka qarşılıq Yaradıcı Qüdrətdən qaynaqlanan və
sonsuzu əldə edən bir idrakdır. Başqa bir ifadə ilə, idrakın bu
ucalığa çatmış şəklidir. Quran insanı da öz içinə çevrilmiş bir
bəsirət olaraq tanıdır və beləcə insanın iç dünyasının incəliklərini
ancaq duyğular üstü bir idrakla qavramağın mümkünlüyünü diqqətə
çatdırır.
Quran bəsirətlə eyni
anlamda qəlb və lübb (cəmi əlbab) terminlərini də işlədir.
Sonsuzu əldə edən idrakın
insanı gerçək insan edən güc olması yönündəndir ki, bütün nəbilər
bəsirət sahibi olublar.
Bütün varlıq və oluş
da, hətta ilahi vəhy də bir bəsirət sərgiləyir: «Haqqa üz tutan
hər qulun gözünü, könlünü açmaq və ibrət almasını təmin etmək
üçün...» (Qaf 8).
Mövlana insanı bir bəsirət
keyfiyyəti olaraq qiymətləndirərək belə deyir: «İnsan gözdür,
qalanı dəridən ibarətdir. Göz isə Dostu, yəni Allahı görən gözə
deyilir» («Məsnəvi», beyt 1405).
|