Dünyadakı
həyatın bitməsinin absolyut son olmaması, ondan sonra yeni bir
həyatın – axirətin olmasına inam iman əsaslarındandır. “Axirət”
sözü axır deməkdir. Amma bu mütləq son yox, bu dünyadakı həyatın
axırı, insandan ilahi nəfəsin alınması, yeni bir vüsalın başlanğıcıdır.
Quranda dəfələrlə “onlar ki Allaha və axirətə inanarlar” ifadəsi
keçir. Yəni bir çox hallarda başqa iman əsasları sadalanmır, Allaha
və ölümdən sonrakı həyata inam isə qoşa səsləndirlir.
Ölümdən sonrakı həyatdan danışılarkən ilk olaraq ağıla gələn Cənnət
və Cəhənnəmdir. Amma daha iki anlayış var ki, onlar barədə də
danışmağa ehtiyac var. Bunlar Bərzəx və Ərafdır. “Bərzəx” istər
ərəbcədə, istərsə də dilimizdə coğrafi termin kimi, adətən, iki
dəniz arasında qalan quru parçası anlamı verir. Bu söz Quranda
üç dəfə işlənilib. O, Furqan və Rəhman surələrində dadlı və duzlu
iki dənizin bir-birinə qarışmasına əngəl olan maneə kimi göstərilir:
«Şirin sulu, acı sulu iki dəniz yaratmış, qovuşuq görünür gözə
onlar. Qovuşa bilmirlər bir-birinə, maneə kəsibdir aranı» (Rəhman,
19-20); «Bir-birinin yanında qoşa dəniz yaradıb, birinin suyunu
içməli, şirin, digərinin suyunu duzlu, acı eləyən və qarışmasınlar
deyə aralarında maneəyə qərar verən Odur» (Furqan, 53). Muminin
surəsində isə Bərzəx ölümlə yenidən dirilmə arasındakı müddət
kimi verilir: «Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim,
geriyə qaytar məni. Yarımçıq qoyduğum işimi tamamlaram, yaxşı
işlər görərəm». Bir sözdür, deyir o, deməyin nə faydası? Diriləcəkləri
günə qədər bir maneə dayanar onların arxasında» (Muminin, 99-100).
Quranda Bərzəx aləmi barədə müfəssəl məlumat verilmədiyi üçün
bu barədə müxtəlif şərhlər meydana gəlib. Bir sıra sufi mütəfəkkirlərə
görə, Bərzəx ruhun “kiçik qiyamətdən” – insanın ölümündən qiyamətə
qədər qalacağı yerdir. Hər bir kəs dünyadakı əməllərinə müvafiq
olaraq, burada ləzzət və ya əzaba düçar olacaq. Onda belə bir
sual meydana çıxır: eyni savab-günah nisbətinə malik olan iki
nəfərdən birisi qiyamətdən bir az əvvəl dünyasını dəyişib, o biri
ondan 5 min il əvvəl yaşayıbsa, onda necə olacaq? Əgər həmin adekvat
resurslu ruhların savabı daha çoxdursa, biri o birindən 5 min
il çox ləzzət alacaq, günahı çoxdursa, bir o qədər artıq əzaba
düçar olacaq. Füzuli «Mətləül-etiqad»da məhz bu xüsusa diqqət
çəkərək maraqlı nəticələrə gəlib: «Belə deyə bilərlər: əgər eyni
dərəcədə düzgün əməllər etmiş iki şəxsin biri Nuh zamanında, o
biri isə bizim dövrümüzdə ölərsə, dirçəliş dövrü hər ikisinin
nəfsi eyni həzzi alarsa və cənnət həzlərini almaqda bərabər olarlarsa,
onda əvvəl ölənin həzzi sonrakından vaxt baxımından çox olar.
Bu isə sonra ölən üçün haqsızlıqdır. Buna cavab olaraq deyərik
ki, ölüm ilə dirçəliş arasındakı həzz cənnət nemətlərinin daimi
olması üçün iztirabla qarışdırılmışdır». Bizcə, dünyaya nə zaman
gəlmək insanın öz iradəsindən asılı olmadığı üçün müxtəlif dövrlərdə
yaşamış və ekvivalent günah sahibi olan iki şəxsin bu qədər fərqli
cəza və ya mükafat alması bizim təsəvvürlərimizlə izah edilən
deyil. Axı “Allah heç kimsəyə haqsızlıq etməz” (Kəhf, 49). Biz
yalnız onu ehtimal edə bilərik ki, ölümdən sonra bədəni tərk edən
ruh yeni bir bədəndə yaşamırsa, onda onun qeyri-maddi olması həm
də zamanın təsirindən kənarda olması deməkdir. Əqli dəlillərlə
ehtimal etmək olar ki, Bərzəx məhz zamansız bir aləmdir. İnsan
isə cəmi bir dəfə - qiyamətdə sorğuya çəkilir. Qurana görə, Qiyamət
ixtilafların həlli günüdür (Baqara 113). Əməllərin qarşılığı o
gün veriləcək (Ali İmran 185). “Hesab aparan kimi Biz yetərliyik”
ayəsi isə (Ənbiya 47), fikrimizcə, Qiyamətdən başqa hansısa hakimliyin
və sorğu-sualın olmamasına işarə edir. Və nəhayət, Quranın heç
bir yerində Qiyamətə qədər kiməsə ya əzab, ya da mükafat veriləcəyi
barədə bir işarəyə belə rast gəlmədik. Qiyamətdən əvvəl qəbir
əzabının mövcud olması fikrinin tərəfdarları Quranda yalnız Ğafir
(Mümin) surəsinin Fironun cəzalandırılması barədə olan 46-cı ayəsinə
istinad edirlər: “Səhər-axşam yanar odu göstərərlər onlara”. Amma
göründüyü kimi, burada söhbət cəhənnəmdə yanmaqdan yox, o od barədə
onlarda təsəvvür yaradılmasından gedir. Cəza isə qiyamətdən sonra
olur: “Elə ki, yetişdi Qiyamət günü mələklərə əmr olunar: «Ən
şiddətli əzaba salın Fironun adamlarını» (yenə həmin ayədə). Və
ya Hud surəsindən də görünür ki, məhz həmin gün Firon və tərəfdaşları
cəhənnəmə girəcək: “Qiyamət günü də öz qövmünün önündə gedər,
od içinə aparar soydaşlarını Firon. Getdikləri yer pisdən pis
bir yer imiş” (Hud 98) .
Göründüyü kimi, cəza Qiyamətdən sonra verilir.
Nəhayət, Fatihə surəsində Qiyamətin “Din günü” (əvəz verilən gün)
adlandırılması, həmin günün yiyəsinin isə Allah olmasının deyilməsi
bir daha onu göstərir ki, o vaxta qədər nə mühakimə, nə cəza,
nə də mükafat olacağı barədə hökm vermək olmaz. Allah taalanın
Qiyamət günü verəcəyi cəza ilkin və yekun cəzadır, başqa cəza
təyin etmə instansiyası və subyektləri yoxdur. Bu təqdirdə Bərzəx
ölümlə qiyamət arası yer (şərti olaraq) və ya müddətdir (şərti
olaraq). Onu dəqiq demək olar ki, orada da insan-Allah ünsiyyəti
davam edir: “«Onlardan hər kimi ölüm haqlayarsa, deyər: «Rəbbim,
geriyə qaytar məni...» (Müminin 99).
Gələk Ərafla bağlı qənaətlərə. Qeyd edək ki, xristianlıqda da
Əraf anlayışı var. Əraf haqda təlimi pravoslavlıq və protestantlıq
qəbul etmir. Katolisizmə görə, Əraf cənnətlə cəhənnəm arasındakı
bir yerdir. Orada dünyada olarkən bağışlanmamış, amma cəhənnəmlik
də olmayan günahkarlar yerləşdirilib. Bu insanlar Cənnətə girməzdən
əvvəl odla təmizlənirlər. Katolik ilahiyyatçılar bu prosesi fərqli
şəkildə şərh edirlər. Bəzilərinin fikrincə, Ərafdakı od rəmzdir,
o, vicdan əzabı və tövbədir. Bir qisim isə söhbətin gerçək oddan
getdiyini bildirir. Katolik ruhanilər iddia edir ki, dünyasını
dəyişənlərin ruhunun əzabdan daha tez qurtulması mümkündür. Bunun
üçün onun dünyadakı yaxınları “yaxşı işlər” görməlidirlər. “Yaxşı
işlər” deyəndə dualar, messalar, kilsəyə maddi yardımlar nəzərdə
tutulur. Bundan başqa indulgensiya ilə də buna nail olmaq olar.
İndulgensiya günahın yuyulması üçün Papanın verdiyi etimadnamədir.
Onu pulla və ya katolik kilsəsi qarşısında xüsusi xidmətlərə görə
əldə etmək olar. Katolik ilahiyyatçılar iddia edirlər ki, Vatikan
İsa Məsihin və Məryəm ananın etdiyi saleh işlərdən ibarət yaxşı
işlər ehtiyatına malikdir və bununla insanların günahlarını yumaq
olar. Əraf haqda təsəvvürlər xristianlıqda 1-ci əsrdə yaranıb,
Foma Akvinski bu barədə təlimi geniş şəkildə işləyib. Katoliklər
hesab edirlər ki, Qiyamət başlayanda Əraf ləğv ediləcək.
XIII əsrin böyük italyan şairi Aligyeri Dante “İlahi komediya”adlı
poemasında Ərafdan ətraflı bəhs edir. Cəhənnəmi 9 dairədən ibarət
təsvir edən şair onun qıf şəklində olduğunu göstərir. Cəhənnəm
yerin dibinə doğru uzanır və dərinə getdikcə daralır. Əraf isə
yeddi mərtəbədən (dairədən) ibarətdir. O da qıf şəkindədir, amma
tərsinə qoyulmuş qıf kimi. Yəni daha çox dağa bənzəyir. Danteyə
görə, bu nəhəng dağ cənub yarımkürəsində okeanda yüksəlir, onun
ətəyi Ərafın girəcəyidir. Oraya daxil olanda əli qılınclı mələk
adamların alnına 7 ədəd “P” hərfi cızır. “P” latınca “peccatun”
(günah) sözünün ilk hərfidir. Ərafın mərtəbələrini keçdikcə hər
mərtəbədə o hərflərin biri silinir. Danteyə görə, hər dairədə
konkret bir günah növünü işlədənlər cəza alırlar. Birinci mərtəbədə
təkəbbürlü adamlar əzab çəkir. Onların üzərinə böyük qayalar qoyurlar.
Ərafın ikinci mərtəbəsində paxıllar yerləşdirlib, onların gözləri
kor edilib. Üçüncü dairədə qəzəbli olanlar yerləşib. Dördüncü
dairədə tənbəllər, beşincidə xəsis və israfçılar, altıncıda qarınqulular,
yeddinci dairədə şəhvət düşgünləri təmizlənir. Ərafdan cənnətə
yol var və bütün dairələrdə təmizlənənlər, nəhayət, cənnətə daxil
olurlar. Dante o vaxt xristianlıqda geniş yayılmış təsəvvürləri
təxəyyülünün əlavələri ilə dolğunluqla qələmə alıb.
İslamda da Əraf anlayışı var. Amma onun Cənnət və ya Cəhənnəm
kimi mərtəbələri, dairələri barədə danışılmır. Katolisizmdən fərqli
olaraq, hansı qrup insanların orda qərar tutması barədə qəti fikir
də ifadə edilmir. Eyni zamanda, Ərafın təmizlənmə məkanı olub-olmadığı
da açıq bəyan edilmir. Müqəddəs Kitabımızda Ərafdan danışılan
surənin adı da Ərafdır. Orada deyilir: “İki tərəf [cənnət və cəhənnəm
əhli] arasında pərdə var. Və hər iki tərəfi üzlərindən tanıyan
adamlar dayanıblar Əraf üzərində. Cənnət əhlini səsləyərək «Sizə
salam olsun deyirlər. Bunlar cənnətə girməyiblər, amma cənnətə
girməyin arzusuyla yanırlar. Cəhənnəm əhlinə zillənəndə gözləri
«Zalımların qövmilə bir yerdə yerləşdirmə bizi, Rəbbimiz» dedi
onlar. Üzlərindən tanıdığı adamları səsləyib Əraf əhli dedi: «Nə
yığdığınız mal-dövlətin, nə də lovğalandığınız şeylərin faydası
qalmamışdı sizə” (Əraf, 46-48).
Cənnət və cəhənnəm arasında yerləşən bu məkanda qərar tutanların
kim olması barədə müxtəlif fikirlər var. Bir qisim onların mələklər
olduğunu, başqaları peyğəmbərlər, şəhidlər və alimlərin qəsd edildiyini
söyləyir. Üçüncü qrup fikir tərəfdarları iddia edir ki, guya bu
kateqoriyaya aid olanlar hər hansı bir peyğəmbərin təbliğini eşitmədən
ölənlər, müşriklərin yetkinlik yaşına çatmayan övladları və qanuni
nikahdan doğulmayanlardır. Dördüncü və daha çox inandırıcı versiyaya
görə, Əraf əhli günah və savabı bərabər səviyyədə olanlardır.
Mələklər yalnız dürüst işlər görmək üçün proqramlanmış varlıqlardır
və mükəlləf deyillər – nəyinsə mələklər üçün savab və ya günah
olması barədə söhbət gedə bilməz. Başqa səmavi dinlərdən fərqli
olaraq islamda günahkar mələklər anlayışı yoxdur. Surənin 47-ci
ayəsindən görünür ki, Əraf əhli cənnət arzusundadırlar, cəhənnəm
qorxuları isə yüksəkdir: “Cəhənnəm əhlinə zillənəndə gözləri «Zalımların
qövmilə bir yerdə yerləşdirmə bizi, Rəbbimiz» dedi onlar”. Ona
görə onların mələklər olması barədə deyilənlər özünü doğrultmur.
Bunlar, təbii ki, peyğəmbərlər, siddiqlər və şəhidlər də ola bilməz.
Üçüncü iddiaya gəlincə, hər hansı bir peyğəmbərin təbliğini eşitmədən
ölmək insanın iradəsi xaricində ola bilər. Müşriklərin yetkinlik
yaşına çatmayan övladlarının isə dini məsuliyyəti olmamalıdır.
Qanuni nikahdan doğulmayanların onlardan asılı olmayan səbəbə
Ərafa yerləşdirilməsi də məntiqə ziddir.
Dördüncü versiya daha inandırıcıdır. Çünki Quranda cənnət və cəhənnmi
haqq edənlərin savab və günahın tərəzidə çəkilməsi yolu ilə müəyyən
ediləcəyi deyilir: “Gördükləri işləri danışarıq birər-birər onlara,
iş görən zaman onlar Biz qaib deyildik axı. Haqq çəkisi qoyulacaq
o gün mizan-tərəziyə. Çəkisi ağır gələnlər uğura uğrayarlar. Çəkisi
yüngül gələnlər ayələrimizə haqsızlıq eləyənlərdir, itiriblər
özlərini” (Əraf 7-9); “Sur çalınan gün əsil-nəsəb deyilən şey
qaldırılar aradan və bir-birindən bu barədə soruşmaz onlar. Kimlərin
ki, ağır gəlmiş çəkisi, uğura uğramış onlar. Kimlərin ki, yüngül
gəlmiş çəkisi, onlar itirmişlər özlərini, cəhənnəmdə əbədilik
qalarlar” (Müminin 101-103). Buradan belə nəticə çıxır ki, savabla
günahların müqayisəsi zamanı müsbət saldoya malik olanlar cənnətə,
mənfi saldosu olanlar cəhənnəmə göndəriləcək. Günah və savabı
eyni olanların aqibəti barədə isə Quranda heç nə deyilmir. Ona
görə Əraf əhlinin məhz günah və savabı eyni olanlar olduğunu deyənlər
fikirlərində daha əsaslı görünürlər.
Amma onların “hər iki tərəfi üzlərindən tanıyan adamlar” olması
tam əminliklə fikir yürütməyi mümkünsüz edir. Hər şeyin əsl mahiyyətini
Allah bildiyi kimi, onların kimlər olduğunu da tam dəqiqliyi yalnız
Allah bilir.
Ədəbiyyat
1. . Qurani-Kərim, N.Qasımoğlunun açıqlaması, Bakı, 1993.
2. .Yaşar Nuri Öztürk, Kuran mealı
3. M.Füzuli, Əsərləri, 5 cilddə, 5-ci cild
4. Ислам, энциклопедический словарь, Наука, Москва, 1991.
5.Yaşar Nuri Öztürk, Kuran`dakı islam, İstanbul 1995
6. Aligyeri Dante “İlahi komediya”, “Yazıçı” 1988.
|