Bütün
böyük dini sistemlərdə – buddizm, iudaizm, induizm və xristianlıqda
özünə yer tapan mistika – təsəvvüf ideyaları islamda da ilkin
çağlardan özünü göstərib. Onun ilk nümayəndələrindən biri bütün
türk sufilərinin ulu babası sayılan Əhməd Yəsəvi (1166-cı ildə
vəfat edib) idi. Yəsəvi əslən Türküstandan idi. Türklərin müsəlmanlığı
qəbul etməsində onun böyük rolu olub.
Yəsəvinin türkcə yazdığı «Divani-hikmət» əsərində müsəlmanlıq
təbliğ olunurdu. Bu kitabdakı şerləri sufi dərvişlər qopuzların
müşayiəti ilə oxuyurdular. Bu dərvişlər ozana bənzədiklərindən
türklər onları rəğbətlə qəbul edirdilər. Əhməd Yəsəvinin ən böyük
xidmətlərindən biri də türklərin əski inancları ilə müsəlman dəyərlərinin
sintezini yaratması idi. Yəsəvi təkyələri tədricən əcəmi təsirindən
kənar türk-islam mədəniyyəti mərkəzlərinə çevrilirdi. Deyilənə
görə, Əhməd Yəsəvi bir təsəvvüf əhli kimi həyatın mənasını da
fəna fillaha çatmaqda görüb və özü altmış üç yaşına keçərkən (Məhəmməd
peyğəmbərin yaşadığı müddət) torpaq altında olan hücrəsinə girib
və bir daha oradan çıxmayıb. Təsadüfi deyil ki, Əmir Teymur onun
qəbri üstündə möhtəşəm bir məqbərə tikdirmişdi. Sonralar yəsəvilikdən
iki təriqət yarandı: nəqşbəndilik və bəktaşilik.
Hacı
Vəli Bəktaş
Bəktaşiliyi yarıməfsanəvi
türk sufisi xorasanlı Hacı Vəli Bəktaşın adı ilə bağlayırlar.
Monqollar Səlcuqilər dövləti və xilafətin qalıqlarını dağıdandan
sonra o, Kiçik Asiyaya mühacirət edib. Hacı Bəktaşın öz ruhani
silsiləsini Əhməd Yəsəvidən götürdüyü və onun vasitəsilə imam
Museyi-Kazıma çıxdığı deyilir. Hacı Bəktaşın əsərləri qalmadığınıdan
onun təlimi haqda bitkin bir fikir yürütmək çox çətindir. Ərəb
dilində «Məqalət» adlı əsərin müəllifi olduğu deyilir. Amma bu
əsərin orijinalı qalmayıb. Bir zamanlar Hacı Vəlinin digər gəzərgi
dərvişlər kimi qələndəriyyə təmayüllü olduğu ehtimal olunur. Bu,
sonralar bəktaşilik təriqətində bir çox izlər buraxıb. Qələndəriyyə
hinduist və buddist ənənələrindən təsirlənən bir təriqət idi.
Qələndərlər, adətən, sədəqə toplamaqla dolanırdılar. Ən zəruri
şəxsi əşyalardan savayı heç bir əmlaka sahib olmazdılar. Sərgərdan
həyat tərzi sürən qələndərlərin bir qismi nikahsız yaşamaq haqda
əhd də edərdilər. Qələndərlərin bir qisminin çox ekzotik görünüşü
də olardı: onlar başlarını, üzlərini, bığ, saqqal, hətta qaşlarını
da tərtəmiz qırxdırar, qısa xirqə geyərdilər. Başlarına konusşəkilli
papaq qoyar, üstlərində isə ağır dəmir bəzəklər – boyunbağı, üzük,
bilərzik və s. gəzdirərdilər. Onların həyat tərzi çox sadə idi.
Bahalı olan bütün şeylərə nifrət edər, həmişə gülərüzlü olar,
daim səfərlərdə dolanardılar. Beləliklə, Hacı Bəktaşın Orta Asiyadan
gətirdiyi panteist dünyagörüşü ünsürlərinə qələndərlərə məxsus
keyfiyyətlər də əlavə olunmuşdu.
Hürufiliklə
yaxınlaşma
Bəktaşilik 1450-ci ildən
sonra hürufiliyin güclü təsirinə məruz qalmağa başlayır. Teymurilər
tərəfindən təqib olunan Fəzlullah Nəiminin edamından sonra dağılışan
hürufilərin böyük hissəsi Anadoluya keçmişdi. İmadəddin Nəsiminin
Anadoluda Hacı Bəktaşla görüşmək istəməsi, amma ikincinin ehtiyatlılığı
üzündən bu görüşün baş tutmaması barədə yazan müəlliflər də var.
Anadoluda da təqib olunan hürufilər buradakı qələndəri təkyələrinə
üz tuturdular. Nəticədə onlarla qaynayıb qarışdılar, bəktaşilikdən
dəstək aldılar, onun içində söz sahibi oldular və Fəzlullah Nəimini
də bəktaşiliyin digər övliyaları ilə birlikdə təqdis olunan (müqəddəsləşdirilən)
övliyalar sırasına saldırdılar. Hürufiliyin ardından səfəviyyə
də Anadolu ərazisinə nüfuz etməyə çalışır və buna, əsasən, nail
olurdu. 16-cı əsrin əvvəllərində Bəlim Sultan təriqətin başına
keçəndə artıq bəktaşiliyin simasına son cizgilər əlavə olunurdu.
Elə bu zamanda «Haqq-Məhəmməd-Əli» şəklində ifadə edilən üluhiyyat
məfhumu meydana gəldi və on iki imam kultu təriqətin əsasları
arasında başa keçirildi. Bəktaşılər on iki imamı nəzərdə tutan
on iki guşəli ulduz şəklində boyunbağı taxardılar. Yeniçərilərin
bayrağında şiə simvolları kimi Əlinin zülfüqarı və əl şəkli olardı.
Bəlim
Sultan
Bəktaşılik özünə dəstəyi
kənd əhli içində tapmışdı. O, inkişaf edir, zaman keçdikcə çoxlu
icma və məbədləri, ciddi ierarxiya qaydaları olan bir təriqətə
çevrilirdi. Unifikasiya olunmuş mərasimləri və ayinləri, xüsusi
reqlamentlə tənzimlənən qəbul və təqdimetmə mərasimləri, rəmzləri
və paltarı olan bu təriqət durmadan güclənirdi. Təriqətin ən ciddi
təşkilatlanma dövrünü Bəlim Sultanın adı ilə bağlayırlar (1516-cı
ildə ölüb). Onu Piri-sani – ikinci pir adlandırırdılar. Bəlim
Sultan özünü Hacı Vəli Bəktaşinin davamçısı, varisi elan etmişdi.
Onun apardığı islahatlar təriqətin nüfuzunu daha da artırırdı.
Bir sıra müəlliflər hətta nikahsızlıq əhdi məsələsinin də Bəlim
Sultanın ideyası olduğunu güman edirlər. Bu islahatlarla razılaşanlarla
yanaşı, (bu qisim özünü «çələbi» - Hacı Bəktaşın davamçısı sayırdı),
razılaşmayanlar da olurdu. İkinci qrupda olub islahatlara qarşı
çıxanlar isə «baba» adlanırdılar. Bəlim Sultandan sonra ana təkyə
olan Pir Evi və qardaşlığa rəhbərlik çələbilərdə qaldı. 16-cı
əsrin ikinci yarısında bəktaşiliyin rəhbəri Sərsam Əli baba qardaşlığın
ən yüksək postunu – Dədə-baba vəzifəsini yaratdı. Bu vəzifə seçkili
idi və ona yiyələnmək üçün mərkəzi məbəddən olan səkkiz babanın
səsverməsindən keçmək lazım gəlirdi.
İnanclar
xəlitəsi
Bəktaşiliyin islam öncəsi
türk inanclarından olan şamanizm, buddizm və İran dinlərindən
bir sıra ayin və ərkan elementləri aldığı haqda məlumatlar var.
Yəsəviyyə vasitəsilə əski türklərdən ər-arvadlardan ibarət cütlərin
iştirak elədiyi kımız içmə mərasimi bəktaşilikdə qorunurdu. Manixeyçilikdən
isə təriqətə yeni daxil olan kişi və qadınları təriqətin üzvlərinə
təqdimetmə mərasimi götürülmüşdü. Məşhur «əlinə, dilinə, belinə
sahib ol» düsturunun da manixeyçilikdən gəldiyi söylənilir. Bəktaşılikdə
od kultu, çeşidli təbiət kultları , tənasüx (ruhun bir bədəndən
çıxıb başqa bir bədənə girməsi) və bir sıra başqa dinlərdən gəlmə
inancların olduğunu görürök. Bəktaşilərin çox güclü təbliğat maşınları
olub. Onlar getdikləri yerlərdə yerli inancları teziliklə islamlaşdırır,
onlara hörmətlə yanaşaraq təriqətlərini yayırdılar. Rumıniya,
Bolqarıstan, Yunanıstan və Albaniyada belə olmuşdu. Yerli xristianları
bu yolla asanlıqla islama gətirmişdilər. Yuxarıda qeyd edilən
və bir sıra başqa inanclardan ayrı-ayrı detalları hər zaman öz
təlimlərinə qəbul edərək bəktaşilik bir inanclar xəlitəsinə çevrilmişdi.
Bəktaşilikdə məhərrəmlik mərasimi də xüsusi qeyd olunurdu. Sazın
müşayiəti ilə nəfəs deyilən ilahilər oxunurdu. Həzrət Əlini yüksək
tutur, şiə bayram və ayinlərini icra edirdilər. Bəktaşilərin Şah
İsmayıl Xətayinin şerlərini təbliğ etməsi haqda məlumatlar da
var. Anadoluda xalq arasında Cəlaləddin Rumi və Hacı Bəktaşın
nüfuzu o qədər böyük olub ki, onların hansının daha yüksək olması
ətrafında mübahisələr gedirmiş. Müsəlman edilmiş xristianların
da çox vaxt üzlərini bəktaşiliyə tutduğu deyilir. Bəziləri Hacı
Bəktaşın xristian uşaqlarından təşkil olunan yeniçəriləri xeyir-dua
etdiyini də yazır. Yeniçərilər dərviş libasına bənzəyən libas
geyinir, bayraqlarında isə şiə nişanı: Həzrət Əlinin zülfüqarı
və əl təsvir olunmuş nişan gəzdirirdilər. Hacı Bəktaşın özü böyük
mütəsəvvif idi. Başına dördkünc tac qoyurdu. Bəktaşilikdə bu dörd
əsas: təsəvvüfün dörd qapısı – şəriət, təriqət, mərifət və həqiqət
kimi qəbul olunmuşdu. Təriqətin maliyyə işləri vəqflər vasitəsi
ilə həyata keçirilirdi. Başqa sufi təriqətlərindən fərqli olaraq,
bəktaşilərin yalan şəbəkələrinin olduğu da yazılır. Nəqşbəndilikdən
fərqli olaraq, bəktaşilik əsasən Kiçik Asiya ərazisində yayılmışdı.
Sultan I Mahmud tərəfindən təşkil edilən yeniçəri korpusları ilə
əlaqələr yaranandan sonra isə güclü inkişafa başlamışdı. Bir çox
Qərb müəllifləri bütün sufi təriqətlərini orden hesab etsələr
də, əslində az-çox bu anlama uyğun gələn bəktaşilik və səfəvilik
idi. Çünki başqa sufi təriqətlərinin əksəriyyətində katolik ordenlərinə
xas olan ierarxiya nərdivanı olmayıb.
İerarxiya
nərdivanı
1. Aşiqlər
– bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da.
Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanırdı.
2. Mühibb –
təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim
və ayinlərin icrasında iştirak etməyə icazə verilirdi.
3 Dərviş –
özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək
üçün and içib icazə almış, xirqə və digər simvolları daşımaq hüququ
əldə eləmiş kəslər.
4 Baba –
Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı.
Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə
şöbə rəhbəri ola bilərdi.
5 Dərvişi-mücərrəd
– nikahsızlıq andı içmiş dərviş. Xüsusi gizli mərasimləri olardı.
Yalnız məbəddə yaşayar, bığlarını, saç və saqqallarını qırxar,
fərqləndirici nişan olaraq sağ qulaqlarında mis ya gümüş sırğa
olardı (qələndərilər kimi).
6 Xəlifə
– Çələbinin müavini. Regional təkyənin rəhbəri olardı. Babaların
içərisindən seçilər və Dədə-baba tərəfindən imzalanan xüsusi icazənamə
alardı. Bu icazənaməyə hakimiyyət simvolu kimi lampa, ələm, süfrə
və s. əlavə olunardı.
Bəktaşilik
Osmanlı mədəniyyətində
Bəktaşilik Osmanlı mədəniyyətində
mühüm rol oynayıb. Qədim türklərdə qam-ozanların oxuduğu nəğmələrə
bənzəyən bəktaşi nəfəsləri orta əsrlərdə əhali içərisində geniş
yayılmışdı. Şəriətdə düzgün sayılmasa da, bəktaşilikdə rəsm sənətinin
də işləkliyinin və inkişaf etdirildiyinin şahidi oluruq. Bəktaşi
rəssamlar tərəfindən on iki imam, həzrət Əli, əhli-beyt, Hacı
Vəli Bəktaşinin təsvirləri yaradılırdı. Hürufiliyin təsiri ilə
hərflərdən ibarət şəkillər çəkilməsi də yayılmışdı.
Sonun əvvəli
On səkkizinci əsrdən etibarən yeniçəri kazarmalarında tez-tez
aclıq aksiyaları və qiyamlar olardı. Bunun nəticəsi olaraq yeniçəri
dəstələrini ləğv etmək fikri yetişməyə başladı. 1826-cı ildə yeniçəri
ordusu məğlub ediləndən sonra ləğv edildi. Kırşehirdə Hacı Bəktaşın
dəfn olunduğu məbəd isə bəktaşilərdən alınıb nəqşbəndilərə verildi.
Bundan sonra bəktaşilər gizli fəaliyyət göstərməyə məcbur oldular.
Ayrı-ayrı dönəmlərdə təşkilat zəifləyəndə bəktaşilər istehza predmetinə
çevrilirdi. «Bəktaşi» sözü yolunu azmış və əhlikef anlamına yaxınlaşmışdı.
Onlar haqqında lətifələr dolaşır və bunların bir çoxunda bəktaşilər
allahsız kimi hədəfə tutulurdu: «Bir bəktaşi gəmi ilə gedirmiş.
Birdən tufan qopur və gəmini atıb-tutmağa başlayır. Bəktaşi bərk
qorxur. Ona deyirlər: «Qorxma, Allah rəhmlidir». Bəktaşi deyir:
«Elə mən də ondan qorxuram ki, Allahın ac balıqlara yazığı gələ
və bizi onlara yem edə». Və ya: «Bir bəktaşi yol ilə gedən bir
ağa görür. Ağanın ardınca yaxşı geyinmiş sağlam nökərləri gedirmiş.
Bəktaşi üzünü göyə tutub deyir: «Ya Allah, bu ağaya bax, Sən də
qullarını belə saxla».
İyirminci
əsrdə
Birinci dünya müharibəsi
zamanı Türkiyənin başı üzərini təhlükə alanda bəktaşi Vəliəddin
Çələbi yeddi minlik bəktaşi qoşunu toplayıb əlindən gələni elədi.
Mustafa Kamal Atatürk ilk zamanlar ruhani təşkilatlara dözümlülük
göstərdiyindən, Vəliəddin hətta Millət Məclisinə deputat da seçilə
bilmişdi. Onun ölümündən sonra təşkilata rəhbərlik qardaşı Cəmaləddinə
keçdi. Cəmaləddin Çələbi vətənə və recimə sədaqətlə xidmət etməyə
söz versə də, bəktaşiliyin taleyi artıq həll edilmişdi. 1925-ci
ildə təkyələr yenidən bağlandı. 1928-ci ildə isə dinin dövlətdən
ayrılması haqda fərmandan sonra fəaliyyətləri tamamilə dayandırıldı.
Bundan sonra bəktaşilərin bir qismi Albaniyaya köçdü.
|