«İrşad»
qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin
üçüncü sütununda yazılan sözləri əlbət ki, oxudular. Orada belə
yazılıb: «Baş yarmaq, zəncir vurmaq, Qasım otağı gəzdirmək adətlərinin
cümləsi artıq bir günahdır və bu, islam şəriətində heç bir kitabda
və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük
günahkar hesab olunur».
Bu sözlərə şəhər qazisi
Mirməhəmmədkərim ağa, Axund Hacı Molla Ruhulla, Axund Cavad, Axund
Ələkbər, Axund Şeyx Məhəmmədcavad, Axund Hacı Qəvam, Axund Hacı
Molla Ağa, Hacı Mirmöhsün, axund Molla Əbülqasım cənabları yekdil
razı olub imza etdilər».
Bir il bundan qabaq mən
bu sözləri yuxuda görsəydim və gedib qonşumuzda Molla İbrahimə
desəydim ki, mənim yuxumu təbir elə, yəqin ki, Molla İbrahim mənə
deyərdi: «sən yuxuda dəli olubsan».
Yazıq camaat, biçarə,
avam, yazıq müsəlman milləti, binəva müsəlmanlar! Dəxi nə oyun
qaldı ki, biz mollalar sizin başınıza gətirməmiş olaq? Biçarə
müsəlmanlar! Bir gün deyirik, qatıq ağdır, deyirsiniz – bəli,
sabah kefimiz istəyəndə deyirik qatıq qaradır, deyirsiniz – bəli.
Yazıq müsəlmanlar! Bakıda
qazilər buyururlar ki, baş yarmaq günahdır, deyirsiniz – bəli,
Naxçıvanda qazilər buyururlar ki, yarmamaq günahdır, deyirsiniz
–bəli, Ərbdəbildə Axund Mirzə Abdulla buyurur ki, qardaşın övrətin
almaq və yetimlərinin küçəyə salmaq savabdır, deyirsiniz – bəli,
Danabaş kəndində Molla Cəfərqulu buyurur ki, bığların qabağını
vurdurmamaq haramdır, deyirsiniz – bəli. Biçarə müsəlman milləti!
Bəli, Bakı qaziləri,
buyurursunuz ki, baş yarmaq günahdır. Çox əcəb, pəs indiyəcən
bu sözlər harada idi? Pəs bildir nə deyirdiniz? Bə üç il bundan
irəli niyə dəstə qabağında dolanırdınız və baş yaranlara deyirdiniz:
«Ədə, Kərbəlayı Həsən, bərk vur». Pəs niyə əlinizə dəsmal alıb
ağ köynəklərin qanını silirdiniz ki, gözlərini açıb bir də başlarına
vursunlar? Pəs niyə razı olurdunuz biçarə hammallar, fəhlələr
və Allahın kasıb bəndələri öz əlləri ilə özlərini naxoş eləyib
aylar ilə müalicəyə möhtac olsunlar və kəsbi-ruzidən qalsınlar?
Pəs niyə razı olurdunuz
ki, əcnəbilər tamaşaya gəlsinlər və müsəlmanların bu cür işlərini
görüb və əkslərini götürüb kitablar bağlasınlar və tamam yer üzündə
bizi vəhşi adı ilə adlandırsınlar?
Yazıq müsəlmanlar! Bütün
yer üzündə heç bir məmləkət, heç bir tayfa mənim ağlıma gəlmir
ki, orada bir ruhani, ya bir alim çıxa minbərə və ağzına gələni
deyə və camaat da gözlərini yumub və ağzını göyə tərəf açıb deyə:
«Bəli, belədi, qurbanın olum».
Mənim yəqinimdir ki,
əgər Bakı camaatının yerinə pataqoniya camaatı olsaydı, ya Sibirin
meşədə yaşayan tayfalarından biri olsaydı, genə mollaların bu
sözlərinin qabağında bir cavab verərdilər, deyərdilər ki, axır
ay ağalar, bu nə sözlərdi danışırsınız, bu yekəlikdə zarafat olmaz.
İndiyədək bizə buyururdunuz müsəlmançılıq ibarətdir baş yarmaqdan
və mollalara sitayiş etməkdən, amma indi özgə cür danışırsınız,
bizi ələ dolamamısınız ki?
Biçarə müsəlmanlar! Bəli,
bəli, müsəlman qardaşlar, axırda gələcəksiniz mənim sözümə: mən
bir neçə ay bundan qabaq demişəm ki, mollaların hamısına belə
bağlamayın. Mən demişəm ki, onların içində həqiqi molla, yəni
doğurçuq molla çox azdı. Mən sizə demişəm ki, özünüz dərs oxuyunuz,
uşaqlarınızı oxudunuz və görün ki, dünyada nə var, nə yox. Demişəm
ki, yalançı mollaların sözünə aldanmayasınız.
Bəli, müsəlman qardaşlar,
indi Bakıda sizə qazilər deyirlər ki, müsəlman kitablarında baş
yarmaq yazılmayıb, amma bir il bundan qabaq sizə deyirdilər ki,müsəlmanın
yetmiş iki min kitabı var və bu kitabların əsl və mötəbəri "İxtiyarat"
kitabıdır və bu kitabda yazılıb ki, Təbrizin kənarında bir çeşmə
var ki, hər baş yaran gedib bu çeşmədə başının yarasını yusa,
haman dəm yarası yaxşı olar.
Amma indi bu sözəl hara,
o sözlər hara!!! Hələ nələr görəcəksiniz! Nələr eşidəcəksiniz!
Yazıq müsəlmanlar!
«Molla Nəsrəddin»
jurnalı, 10 fevral 1907
|