Lider
despotizminin olduğu məclislərdə demokratiya üçün tək açıq qapı
bütün seçimlərin gizli səsvermə yolu ilə müəyyənləşməsidir. Türk
millətinin ana problemi iplərin gerçəkdə demokratiya istəməyənlərin
əlində olmasıdır. Bu cəmiyyət, əcəba, insan haqları və demokratiya
məsələsində yarğıtay başqanı kimi düşünən birini prezident kimi
görə bilməyəcəkmi önümüzdəki illərdə? Ya demokratiya, ya köləliyə
davam: yüz illərdir olduğu kimi.
Dərdini dili bağlandığına görə anlada bilməyən əli ilə anlatmağın
çarəsini axtarar. Əlini də bağlasanız, sizə nə deyərlər? Bəs faşizm
nədir? Örtülü faşizm necə olur?
Demokratik cəmiyyətlərdə
ictimai mühit etiqad azadlığını məhdudlaşdıra bilməz.
Siyasətlə maraqlanmamaq
hüquqsuzluğu mənimsəmək, ya da qəbul etmək deyil. Hər insanın
hüququ var və hər insan bir başqasının hüququna hörmət etmək məcburiyyətindədir,
eyni hüquqa sahib olmaq üçün. Hüququn olmadığı yerdə insanlar
arasında «hər şey məqbuldur» anlayışı inkişaf edir. Bunun nəticəsi
o cəmiyyətdə meşədəki qanunların keçərli olmasıdır.
İnsanların əməllərindən
şikayət edəndən qabaq o cəmiyyətdə hüququn var olub-olmadığına
baxın.
«Etiqad azadlığı» demək
fərdin inandıqlarını başqalarının haqlarına təcavüz etmədən istədiyi
qədər yaşaması deməkdir. İnancın tələb etdiyini yaşamaq isə hüququn
olmadığı cəmiyyətlərdə mümkün deyildir.
Demokratik cəmiyyətlərdə...
İnanc azadlığını «ictimai
mühit» məhdudlaşdıra bilməz!
Dövlət milləti təhkim
üçün deyil, millətə xidmət və fərdlərin haqlarını qorumaq, onlara
xidmət etmək üçün vardır.
Dövlətin deyil, Millətin
Məclisi var!
Demokratik dövlətlərdə
vətəndaşlar bürokratların nökəri deyil!.
İnsan kimi yaşamaq fərdlərin
inandıqlarını başqalarının inancına qarışmadan azadcasına yaşamaları
ilə mümkündür.
Əlbəttə, bütün bunlar
demokratiya ilə idarə edilən ölkələr üçün keçərli kriteriyalardır.
İnsanların oxumaq haqqının
əllərindən alınması ümumi insan haqları, azadlıq və demokratiya
ilə bir araya sığmaz
Necə izah edim, Rəsulun
(Məhəmməd peyğəmbər) dəxi insanları məcbur etmə səlahiyyəti yox
ikən, dinin vacib bildiklərini insanlara icra etdirməyə məcbur
etməyə çalışanlara dində yer olmadığını?
Necə anlada bilərəm inancına
görə başını örtən gənc insanların oxuma haqlarının əllərindən
alınmasının ümumi insan haqları, azadlıq və demokratiya ilə uyğun
gəlməyəcəyini?
Necə izah edim təqlidlə
dini qəbul etməyin, filankəsi və ya fəhmənkəsi təqlid edib, məsafə
qət etmənin mümkünsüzlüyünü, hər kəsin ayrıca öz ağlı ilə öz yolunu
cızmasının lazım olduğunu?
Allah Rəsulundan başqa
kimsəyə TABE olunmamasının lazım gəldiyini, hər kəsin başqalarının
fikirlərindən istifadə edib, nəticədə öz məntiqi ilə yolunu cızmasının
gərək olduğunu, ölümdən sonra yanlış qərara tabe olmağın üzürlü
səbəb olmayacağını necə anlada bilərəm?
Demokratiya islamın gərəyi və nəticəsidir! Demokratiya olmayan
yerdə islam idarəçiliyi yoxdur
Səltənət və ya diktatorluq
olan yerdə islam tətbiq olunmur demək. İslam etiketinin demokratiya
olmayan recimlərə etiketlənməsi onları islam idarəçiliyi olan
recimlər etməz. Cümhuriyyət idarəsi demokratiya deyil. Sovet və
ya İran İslam Cümhuriyyəti. Bunlarda demokratiya olmadığı üçün
islam dini gərəyi olan recim yoxdur deməkdir. Adı islam olsa belə.
Demokratiya islamın gərəyi
və nəticəsidir. Çünki hər kəs öz fitrətinin gərəyini yaşayacaq.
Xarici məcburiyyət ilə bunu dəyişdirmək mümkün deyil. Dini təzyiq
və məcburiyyət isə insanı öz rəhbərlərinə və Allaha qarşı riyakar
edəcək. Münafiq olacaq bu vəziyyətdə. Bu isə sonda saatlı bombaların
əmələ gəlməsindən başqa bir şeyə yol açmaz.
İnsan olmağın ilk şərti
insanların öz fitrəti üzrə, demokratik bir yaşam içində, hər cür
məcburiyyətdən uzaq şəkildə öz qabiliyyət və istedadlarına görə
yaşamalarına hörmətlə yanaşmağı öyrənməkdir. «Mərhəmət etməynə
mərhəmət olunmaz» ilə «Zərər verəni öldürün» şəklindəki Rəsulullah
açıqlamalarını yaxşı dəyərləndirmək lazımdır. Xatıladığıma görə,
əqrəbdən söz düşüb, «öldürə bilərikmi?» deyə soruşulanda bu söylənilib.
Yəni bu, bir başqasının həyatına zərər verən zərər verməz bir
hala gətirilir deməkdir!
Elə isə, islam dininə
görə, sistem insanların başqalarına zərər vermədiyi müddət ərzində
istədiklərini edə bilməsi əsasına görə qurulmalıdır. Bu olmadan
insan etdiyindən məsul tutulmaz, mükafat da ala bilməz. Hər kəs
öz fitrəti üzrə yaşayacaq və yaşadığının nəticəsinə də yetişəcək.
Dində
məcburiyyət yoxdur
Mətbuat Şurasının sədri
və „Hürriyyət“in baş yazarı hörmətli Oqtay Ekşi 15 dekabr 1995-ci
il tarixli yazısında aşağıdakı mətni qaynaq kimi götürərək islam
dinində məcburiyyət olduğunu iddia edir: Əbürrəhman Dilipak „İslam
çağımızın tələblərinə cavab verə bilərmi?“ adlı yazıda deyir:
„İslamı demokratiya ilə, liberalizmlə, rasionalizmlə açıqlaya
bilmərik. İslam demokrat deyildir, rasionalist də deyildir. İslamın
öz dəyərləri, ölçüləri vardır... Dində məcburiyyət yoxdur, fəqət
islamda vardır. Bir insan bu müqavilənin altına imza atıbsa, (islamı
qəbul edibsə) və bunlara uymursa, cəzalandırılır. Məsələn, müsəlman
qadın başı açıq gəzə bilməz, cəzalandırarlar. Müsəlman olduğunu
deyən kəs oruc yeyə bilməz. Hər uşaq 18 yaşına çatana qədər dindən
çıxa bilər. Amma bu vaxta çatandan sonra dindən çıxarsa, öldürülər“.
Bizə görə, islamı tənqid
edən hörmətli Ekşi və başqa yazarların ən böyük xətası oricinal
dəyər və hökmləri ilə islamı bilməmələridir. Ağızdan eşitmə, ətrafdan
gələn boş sözlərə görə islam belədir demələridir.
İslamın oricinal Kitabının
hökmünə görə, „Dinin tətbiqində məcburiyyətə yer yoxdur!“ Ayədəki
„ikrah“, yəni məcburiyyət kəlməsi „fiddin“ ifadəsilə birləşərək
dinin tətbiqi ilə əlaqəli olduğunu vurğulamaqdadır. Bunun „dinə
girməsi üçün məcbur edilməz, amma girmişsə, məcbur edilər“ kimi
yanlış izahı dindəki sistemin anlaşılmamasından irəli gəlir. Quran
hökmünə görə, heç kim din içində hansısa qaydaları həyata keçirmək,
tətbiq etmək üzrə məcbur edilə bilməz.
Niyə?
Èñëàì äèíèíÿ görÿ insanlardan
istənən ilk xüsus səmimiyyət, ixlas, işi ürəkdən icra etməkdir.
Nümayiş və ya riya üçün icra edilən bəyənilmir. İslamın əsas mübarizə
apardığı işlərdən biri münafiqlikdir. Yəni daxildə başqa olduğu
halda, hansısa səbəblə inandığının əksinə bir davranış ortaya
qoymaqdır. Yəni ürəyi istəmədən birisinin namaz qılması, oruc
tutması və ya başını örtməsi onu imanlı etməz, əksinə münafiqlər
sinfinə daxil edər.
Amma bu fərdin ən azı
bəlli bir imanı varsa, amma buna baxmayaraq, bəzi işləri icra
edə bilmirsə, bu fərd heç olmasa, imansız deyil.
Biz bu adamı istəmədiyi
işlərə məcbur etsək, o da məcburiyyət üzündən bu işləri icra etməli
olarsa, bu halda biz onu münafiq etmiş oluruq. Yəni az da olsa
imanı olan bir adamı münafiq vəziyyətinə salırıq. Bunun vəbalının
altından qalxa bilmərik.
Bu səbəblədir ki, dinin
tətbiqində məcburiyyət yoxdur. Quran hökmünü, islamın sistemini
anlayan bir kəs başqasını məcbur etməz.
İslamı tənqid edənlərin
öncə bu xüsusu çox yaxşı anlamaları lazımdır.
İslamın təməl əsaslarına
görə (sonrakıların zənlərinə görə qoyduqları hökmlərə görə yox)
Qurandakı bütün təkliflər məcburi deyil, fərdin öz arzusuna görədir.
Fərd bunlardan istədiyi qədərini yerinə yetirər və qarşılığını
da alar. Etmədiklərinin nəticəsinə də ölümdən sonra qatlanmalı
olar. Dünya həyata keçirmə meydanı, ölümdən sonrakı həyat isə
əməllərin nəticəsi ilə qarşılaşma yeridir.
Məcburiyyətin islam dinində
olmaması, insanları bu məsələdə məcbur etməyin dinə uyğun olmayan
bir davranış olmasını görün dəyərli təfsirçi Elmalılı Həmdi Yazır
«Haqq dini Quran dili» əsərində necə izah edir: «Dinin mövzusu
əfali-iztirariyyə (məcburi əməllər) deyil; əfali-ixtiyariyyədir
(fərdin öz arzusu ilə)... Buna görə ikrah (məcburiyyət) dində
mənhidir (yasaqdır).
Bəlkə, aləmdə məcburiyyət
ola bilər, amma dində, dinin hökmündə, dinin dairəsində olmaz
və olmamalıdır. Dinin şəni məcbur etmək deyil, bəlkə, məcburiyyətdən
qorumaqdır. İslam dininin hakim olduğu yerdə məcburiyyət olmaz
və olmamalıdır!
Məcburiyyət ilə olan
işdə dinin vəd etdiyi savab olmaz. Razılıq və hüsni-niyyət olmayınca,
heç bir əməl ibadət olmaz.
Məcburiyyət ilə etiqad
olmaz. Məcburiyyət ilə qılınan namaz namaz deyil, oruc da həmçinin,
həcc də eləcə.
Bundan başqa, bir kimsənin
digərinə təcavüz edib hər hansı bir işi məcburən etdirməsi də
caiz deyil. Xülasə, islam hökmü altında hər kəs öz işini öz ixtiyarı
ilə icra etməli, məcburiyyətsiz yaşamalıdır». (1-ci cild; səh.
860-861)
Ağalarını seçməkdən vaz
keçən cəmiyyətlər müstəqilliyi və azadlığı yaşayarlar
İnsanlar düşünə bilmirlərsə,
haqsız deyillər!
Biz bilikləri uşağa verir,
«bunu əzbərlə, «beş» verim» deyirik. Əgər bir kəlməni ötürərsə,
«3» veririk, ya da «2» verib sinifdə saxlayır, sonra da «niyə
düqşünən bir gənclik yoxdur?» deyirik.
Körpə çağından o beyinləri
əzbərçiliyə proqramlayırsınız, sual verməyi qadağan edirsiniz,
daha sonra nə gözləyəcəksiniz?
Düşünən insan kiçik yaşdan
sual verməyə, düşünməyə təşviq edilməklə əldə edilir.
Amma nə məktəbdə, nə
də dində sual vermək, haşa günahdır, yasaqdır, sayğısızlıqdır.
Bir bilənin yanına getdiyin
zaman, orda çəkinin, sual verməyin, ayıbdır. Otur, dinlə, get!!!
Sonrasında nə gözləyirik
ki?!
Müstəqil düşünmək isə
kiçiklikdən etibarən düşünməyə və araşdırmağa yönələn beyinlər
üçün mümkündür.
Ağalarını seçən cəmiyyətlər
ağalarının qulu olaraq yaşayarlar, onlar düşüncə müstəqilliyindən
məhrumdurlar.
Ağa seçməkdən vaz keçib,
öz vəkillərini seçən cəmiyyətlərsə azadlıq və demokratiyanı yaşayarlar.
Onlar yer üzündə üfüqlər fəth edib gələcəyə yolçuluqlarını davam
etdirərlər. Müstəqil düşüncə önyarğısız və stereotiplərin təsiri
altında qalmayan düşüncədir.
Rahat sual verən düşüncədir!
|