Rəhman
və Rəhim Allahın adıyla
1.
Əlif ləm mim.
2. Şübhə yoxdur, haqdan gəlib o Kitab, müttəqilərə
yol göstərir o Kitab.
3. Qeybə inanar, namaz qılar, verdiyimiz ruzini
Allah yolunda sərf edər onlar.
4. Sənə [Muhammədə müraciətlə] göndərilənə də,
səndən öncə göndərilənlərə də iman gətirər, axirətə də, şübhəsiz,
inanar onlar.
5. Rəblərinin yolundadılar, uğura uğrayandılar.
6. Kafirlərə gəlincə, istər xəbərdarlıq elə, istər eləmə, fərq
eləməz onlara, onsuz da imana gələn deyillər.
7. Yrəklərinə, qulaqlarına möhür vurmuş Allah, gözlərini də pərdə
örtmüş. Böyük bir əzab gözləyir onları.
8. İnsanlar içində elələri də var «Allaha, axirət gününə iman
gətirdik» deyərlər.
9. İstəyirlər aldadalar Allahı, mö'minləri. Yalnız özlərini aldadarlar,
bunu duymaz olarlar.
10. Azarlıdır ürəkləri, Allah da artırmış azarlarını. Ağrılı bir
əzab gözləyir onları, yalan söyləyirdilər.
11. «Yer üzünün nizamını pozmayın» deyiləndə onlara, «Bizlər pozanlar
deyilik, düzəldənlərik» deyərlər.
12. Bilin, onlardır pozuculuq salanlar, bunu duymaz olarlar,
13. «Başqaları imana necə gəlmiş, siz də imana gəlin eləcə» deyiləndə
onlara, «Biz dəmi səfehlik eləyib iman gətirək» deyərlər. Bilin,
özləridir səfehlər, amma bilməzlər bunu.
14. Möminlərlə üzləşəndə «Biz də imana gəldik» deyərlər. Şeytanlarıyla
baş-başa qalanda isə «Biz sizinləyik, onları [mö'minləri] dolayırıq
sadəcə» deyərlər.
15. Allah da onları dolayar, çaşqınlıq içində vurnuxar onlar.
16. Düz yolun əvəzində sapmışların yolunu satın almışlar, qazanc
gətirməmiş alış-verişləri, düz yolu tutmamışdılar.
17. Onların o kəsə bənzəri var ki, qaranlıqda od qalamaq istəmiş.
Ətraf nura boyananda gözlərinin nurunu almış Allah, qaranlıqlar
içində onu yalqız buraxmış. Görən deyillər daha.
18. Laldır, kardır, kordur onlar, doğru yola dönməz onlar.
19. Bə'zisi də bənzər o kimsəyə ki, qaranlıqlar içində göy gurultusu
və şimşək gətirən yağmura düşüb ölüm vahiməsiylə barmaqlarını
qulaqlarına tutar. Kafirlərin hər işini bilir Allah.
20. Şimşək elə çaxır parıltısı az qalır gözləri kor eləyə. O şimşək
ki, çaxdıqca işığında yeriyər, qaranlıq çökəndə dayanıb durar
onlar. Allah istəsəydi əgər, qulaqlarını da, gəzlərini də alardı.
Şübhəsiz, hər şeyə qadirdir Allah.
21. Ey insanlar, sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə
ibadət eləyin, qoruyun özünüzü Allahın əzabından.
22. Sizin üçün yer üzünü döşəmiş, səmanı tavan eləmiş, göydən
su endirmiş, sizin üçün meyvələrdən ruzilər yetirmiş O. Bunları
bilə-bilə şərik qoşmayın Allaha.
23. Bəndəmizə [Muhammədə] nazil elədiyimizə [Qurana] şəkk gətirirsizsə
əgər, di siz də onuntək bir surə gətirin. Allahdan başqa bütün
şahidlərinizi də çağırın.
24. Əlinizdən gəlməsə bu - əlinizdən gəlməz də heç - onda gözləyin
özünüzü yanacağı insanlar və daşlar olan oddan. Kafirlər üçün
hazırlanmış oddan.
25. İmana gələnlərə, əməli salehlərə mücdə ver, içindən çaylar
axan cənnətlər gözləyir onları. Onlara bu cənnətlərin meyvəsindən
ruzi veriləndə «Bu ruzidən əvvəllər də [dünyada] verərdilər bizə»
deyərlər. Pak olan zövcələr gözləyir onları və onlar orada əbədilik
qalarlar.
26. Ağcaqanadı, ondan da zəif bir məxluqu misal çəkməkdən çəkinməz
Allah. İman gətirənlər bilirlər, Rəblərindən gələn bir gerçəkdi
bu. Kafirlərsə «Bu misalla Allah nə demək diləyir?» deyərlər.
Bununla bir çoxunu azdırır, bir çoxunu da yola gətirir Allah.
Ancaq günaha batmışları bu misalla azdırır Allah.
27. Allaha verdikləri sözü pozar, birləşdirilməsini Allahın buyurduğu
şeyi kəsərlər və yer üzünün nizamını pozarlar. Məhz onlardır itkiyə
uğrayanlar.
28. Siz Allahı necə inkar edərsiniz, ölüydünüz diriltdi sizi,
yenə öldürəcək, yenə dirildəcək sizi. Və Onun dərgahına dönəcəksiz
axırı.
29. Yer üzündə nə varsa sizinçün yaratmış, sonra göyə çəkilib
yeddi səma düzəltmiş. Hər şeyi bilən Odur.
30. «Mən yer üzündə bir xəlifə yaradacam» demişdi sənin Rəbbin
mələklərə bir zaman. «Orada fəsad törədəcək, qan tökəcək kimsənimi
yaradacaqsan? Elə isə biz Səni öyürük, Səni müqəddəs sayırıq»
dedi mələklər. Şübhəsiz, sizin bilmədiklərinizi Mən bilirəm dedi
Allah.
31. Və öyrətdi Adəmə bütün isimləri. Sonra yer üzündə nə varsa
mələklərə göstərib «Düz danışansınızsa, bunların adlarını Mənə
söyləyin» dedi.
32. «Ucalardan ucasan. Öyrətdiyindən savayı bir bilgimiz yox bizim.
Hər şeyi bilən, müdrik olan təkcə Sənsən, Sən!»
33. «Ey Adəm, bunların adlarını söylə onlara» dedi Allah. Adəm
söylədikdə, «Deməmişdimmi, Mən bilirəm göylərin, yerin görünməz
sirlərini, Mən bələdəm sizin iç üzünüzə də, çöl üzünüzə də» dedi
Allah.
34. «Adəmə səcdə eləyin» söyləmişdik mələklərə bir zaman. Hamı
səcdə elədi, iblis eləmədi, təkəbbürlə yaxasını çəkdi kənara,
kafirlərdən oldu.
35. «Ey Adəm, öz zövcənlə cənnətdə qal, orada olandan istədiyiniz
qədər yeyin, yalnız bu ağaca yaxınlaşmayın, yoxsa ki, zalımlardan
olarsız [özünüzə zülm eləyənlərdən]» dedik.
36. İkisini də azdırdı şeytan orada. «Bir-birinizə düşmən olaraq
düşün yer üzünə, orada bir müddət keçinəcəksiz» dedik.
37. Rəbbindən buyruqlar aldı Adəm, yerinə yetirdi onları. Rəbbi
də qəbul elədi tövbəsini. Şübhəsiz, tövbələri qəbul edəndir, Rəhimdir
O.
38. «Yerə düşün oradan. Sizə yol göstərən gələcək Mənim yanımdan.
Kim bu yolu gedəcəksə, ona zaval yoxdur, dərd əlindən üzülməz
o» dedik.
39. Cəhənnəmlikdir kafirlər, ayələrimizi dananlar, od içində əbədilik
qalarlar.
40. Ey İsrail oğulları, sizə verdiyim ne'məti anın, Mənə verdiyiniz
sözə sadiq qalın. Mən də yetirərəm yerinə sizə verdiyim sözü.
Qorxun Məndən.
41. Əlinizdə olanın [Tövratın] doğruluğunu təsdiq üçün sizə nazil
elədiyimə [Qur'ana] inanın, onu dananların ilki olmayın, ayələrimi
dəyər-dəyməzinə satmayın, təkcə Məndən çəkinin.
42. Haqqa nahaq don geydirməyin, haqqı bilərəkdən gizlətməyin.
43. Namaz qılın, zəkat verin, ruku edənlərlə [Allahın hüzurunda
əyilənlərlə] birgə əyilin.
44. Kitab oxuya-oxuya yaxşı işlər görməyi buyurursuz başqalarına,
amma unudursuz özünüzü. halbuki siz Tövrat oxuyursuz. Bunu anlamazmısız?
45. Səbrlə, namazla Allaha sığınıb yardım diləyin. Bu böyük işdir,
amma Allaha itaətdə olanlara ağırlıq eləməz.
46. Allaha qovuşacaqlarını, Onun dərgahına dönəcəklərini bilir
Ona itaətdə olanlar.
47. Ey İsrail oğulları, sizə verdiyim ne'məti, sizi başqalarından
üstün tutduğumu anın.
48. Və o gündən qorxun ki, kimsə kimsənin karına gəlməyə, kimsə
kimsədən iltimas qəbul eləməyə, kimsədən fidyə alınmaya [günahdan
təmizlənib əzabdan xilas olmaq üçün əvəz alınmaya] köməksiz qala
hamı.
49. Sizə işgəncə verən, qadınlarınızı sağ buraxıb oğullarınızın
başlarını kəsən Fir'on ailəsinin əlindən almışdıq sizi. Böyük
imtahana çəkmişdi sizi Rəbbiniz.
50. Dənizi yarıb nicat vermişdik sizə, gözünüzün önündə Fir'onun
adamlarını qərq etmişdik sulara.
51. Musayla qırx gecəlik möhlətə sözləşmişdik, sonra özünüzə zülm
eləyib buzova tapındınız.
52. Bundan sonra yenə keçdik suçunuzdan, dedik bəlkə şükr edəsiz
Allaha.
53. Musaya Kitab və furqan [gerçəklə batili bir-birindən ayıran
ölçü] vermişdik gələsiniz doğru yola.
54. Musa öz qövmünə demişdi: «Ey qövmüm, buzova inanmaqla özünüzə
zülm elədiniz, tövbə qılın Rəbbinizə, öldürün özünüzü. Rəbbinizin
qarşısında bu sizə daha yaxşı. Tövbənizi qəbul edər. Tövbələri
qəbul edəndir, Rəhimdir O».
55. Bir zaman da «Ey Musa, açıqdan-açığa görməyincə Allahı, sənə
inanan deyilik» demişdiniz, ildırım vurmuşdu sizi, yerinizdə mat-məətəl
qalmışdınız.
56. Ölmüşdünüz, diriltdik sizi yenə, dedik bəlkə şükr edəsiz Allaha.
57. Üstünüzə kölgə saldıq buludla, qüdrət halvası və bildirçin
gendərdik göydən sizə. «Verdiyimiz ne'mətlərdən yeyin» dedik.
Onlar Bizə zülm eləmirdilər, özləri özlərinə eləyirdilər.
58. «Girin bu kəndə, istədiyiniz kimi bol-bol yeyin. Qapıdan içəri
əyilərək girin, «bağışla» deyin, Biz də səhvlərinizi bağışlarıq,
yaxşıların haqqını qat-qat artıq qaytararıq» demişdik onlara.
59. Zalımlarsa başqa sözlə dəyişdilər deyilmiş sözü. Biz də göydən
əzab endirdik zalımlara tutduqları işə görə.
60. Öz qövmünə su axtarırdı Musa. «Əsanla daşa vur» dedik. On
iki bulaq qaynadı yarılan daşdan. Hər kəs tanıdı içəcəyi yeri.
Allahın ne'mətindən yeyin, için, yalnız yer üzündə fəsad törədib
qarışıqlıq salmayın.
61. «Ey Musa, eyni yeməyə dözə bilmərik, bizdən ötrü dua elə Rəbbinə,
yerin bitirdiyi səbzə, qabaq, sarımsaq, mərcimək və soğan yetişdirsin
bizə demişdiniz.
«Düşük şeyləmi dəyişdirmək istəyirsiz sizə xeyirli olanı? Düşün
şəhərə, şübhəsiz, tapacaqsız istədiyinizi» dedi. Yoxsulluq, düşgünlük
damğası vuruldu onlara, Allahın qəzəbinə düşdülər. Allahın ayələrini
danırdılar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Allaha qarşı
çıxmışdılar, düşmənçilik eləyirdilər.
62. Şübhəsiz, imana gələnlər [İslamdan öncə], yəhudilər, xristianlar
və sabiilərdən Allaha, axirət gününə inananların, əməli salehlərin
əcirlərini Rəbləri verəcəkdir. Onlara zaval yoxdur, dərd əlindən
üzülməzlər.
63. Sizdən qət'i söz almışdıq. Tur dağını ucaltmışdıq üstünüzdə.
Müttəqi olasız deyə «Sizə verdiyimiz Qur'andan var qüvvənizlə
yapışın, onda olanları anın» demişdik.
64. Yenə üz döndərdiz dediyimizdən. Allahın fəzli və rəhməti olmasaydı
üstünüzdə itkiyə uğrayardınız.
65. Artıq bilirsiniz, sizlərdən kim azğınlıq eləmiş şənbə günü.
«Murdar meymun olun» demişdik onlara.
66. Çağdaşlarına və xələflərinə ibrət olsun deyə, müttəqilərə
öyüd olsun deyə vördik bu cəzanı beləcə.
67. «Allah sizə əmr eləyir bir inək kəsəsiniz demişdi qövmünə
Musa. «Bizimlə zarafatmı edirsən?» deyə soruşdular. «Allah Özü
saxlasın cahil olmaqdan məni» dedi Musa.
68. «Bizdən ötrü dua elə Rəbbinə, inəyin nə nişanda olduğunu bildirsin
bizə» dedilər. «O inək nə qart, nə düyə, yaşı ikisinin ortasında
bir inəkdir. Di yerinə yetirin əmri» dedi.
69. «Bizdən ötrü dua elə Rəbbinə, o inəyin rəngini bildirsin bizə»
dedilər. «O deyir sapsarıdır rəngi, baxanların gözünü oxşayır»
dedi.
70. «Bizdən ötrü dua elə Rəbbinə, o inəyin nəliyini söyləsin bizə.
Bizə görə inəyin inəkdən fərqi olmaz. Amma Allah istəsə doğru
yola gələrik» dedilər.
71. «O deyir həmin inək boyunduruq altında əzilməmiş, qüsursuz,
ləkəsiz bir inəkdir, yer şumlamaz, əkin suvarmaz» dedi Musa. «İndi
gerçəyi bildirdin» deyibən kəsdi inəyi onlar. Axır bitirdilər
bu işi.
72. Siz bir kimsəni öldürmüş və biri-birinizin üstünə atmışdınız
günahı. Sirlərinizi üzə çıxarandır Allah.
73. «İnəyin bir parçasıyla ona vurun» söylədik. Ölüləri dirildir
beləcə Allah və ağıl işlədəsiz deyə göstərir sizə ayələrini.
74. Sonra yenə ürəyiniz bərkidi, daşa döndü, daşdan da bərk oldu.
Daş var içindən çaylar fışqırar, daş var çatlayarkən bağrından
su qaynayar. Daş da var Allah qorxusuyla yuxarıdan düşər yerə.
İşləklərinizdən xəbərsiz deyil Allah.
75. Siz indi bunlardan imanmı umursunuz? Bunlardan eləsi vardı
dinləyərdi Allahın kəlamını, düşünüb-daşınardı, sonra dəyişdirərdi
bilərəkdən onu.
76. Mö'minlərlə üzləşəndə «imana gəldik» deyərdilər. Bir-biriylə
baş-başa qalanda isə «Allahın sizə açıqladığını onlara söyləyirsiz
ki, bunu Rəbbinizin dərgahında dəlil kimi işlətsinlər əleyhinizə?
Düşünməzmisiniz?» deyərdilər.
77. Xəbərləri yoxmu məgər, onların iç üzündən, çöl üzündən xəbəri
var Allahın.
78. Savadsızdı bə'zisi, bixəbərdi Kitabdan, amma nəsə umar ondan.
Xəyala qapılaraq vurnuxurlar sadəcə.
79. Vay halına o adamların ki, Kitabı əlləriylə yazıb sonra onu
dəyər-dəyməzinə satmaq naminə «Bu Allahın göndərdiyidir» deyərlər.
Vay əllərinin yazdıqlarına! Vay qazandıqlarına!
80. «Yalnız bir neçə günlüyə qarsacaq bizi od» dedilər. Bilin,
Allahdan və'd aldınızmı, və'dini pozmaz Allah. Yoxsa Allah adına
bilmədiyiniz bir şeymi söyləyirsiz?
81. Bəli, cəhənnəmdir yeri pislik edib günaha batmışların, orada
əbədilik qalarlar.
82. İmana gələnlər, əməli salehlərsə cənnət əhlidir, orada əbədilik
qalarlar.
83. İsrail oğullarına «Allahdan başqa heç kəsə ibadət eləməyin,
ataya, anaya, yaxınlara, yetimlərə, yoxsullara yaxşı olun, insanlara
gözəl-gözəl sözlər deyin, namaz qılın, zəkat verin» deyibən söz
almışdıq onlardan. Azınız dönmədi sözündən, çoxunuz döndü. Yz
çevirib durmusunuz hələ də.
84. «Bir-birinizin qanını tökməyəcəksiz, bir-birinizi yurdunuzdan
qovmayacaqsız» deyə sizdən söz almışdıq, sonra özünüz də bu qərara
gəldiniz. Buna siz şahidsiniz.
85. Amma yenə bir-birinizi öldürür, bə'zilərinizi yurdundan didərgin
salır, onlara qarşı günah işlətməkdə, düşmənçilik eləməkdə birləşirsiz,
onları didərgin salmaq sizə yasaqkən bildiyinizi eləyirsiz, sonra
da əsir olub gələnlərin fidyələrini verirsiz. Yoxsa Kitabın bir
qisminə inanıb, bir qismini danırsız? Dünya həyatında rəzil olmaq
deyilsə bəs nədir beləsinin cəzası. Qiyamət günündə də ən şiddətli
əzaba düçar olar belələri. Əməllərinizdən qafil deyil Allah.
86. Onlar əslində axirəti verib dünya həyatını satın alan kimsələrdir,
əzabı yumşaldılmaz onların, yardım edilməz onlara.
87. Kitabı verdik Musaya, ardınca peyğəmbərlər göndərdik. Məryəm
oğlu İsaya da sənədlər verdik və Ruhul Qüdslə [Cəbrail] ona yardım
elədik. Hər hansı peyğəmbər könlünüzün istəmədiyi bir şeyi gətirəndə
sizə, təkəbbürlük edərək kimini yalançı sayıb, kimini də öldürməliydiz
məgər?
88. «Pərdəlidir ürəyimiz» dedilər. Artıq çox az inanarlar. Onları
küfr elədiklərinə görə lə'nətləmişdir Allah.
89. Əllərində olan Tövratın doğruluğunu təsdiq üçün Allah Kitabı
nazil edəndə onlara, bundan öncəkiləri inkar edənlərlə çarpışmaq
üçün yardım arayırdılar və Qur'anla tanış olub dandılar onu. Allah
kafirlərə lə'nət eləsin.
90. Bəndələrindən dilədiyinin gerçəkləşməsi üçün Allahın vəhy
göndərməsinə dözməyərək Onun nazil elədiyini dandılar və özlərini
nə alçaq şeyə satdılar və qəzəb ardınca qəzəbə tutuldular. Alçaldıcı
bir əzab üz verər kafirlərə.
91. «Allahın nazil elədiyinə iman gətirin» deyiləndə onlara «Bizə
göndərilənə inanırıq» deyərlər və ondan sonra gələn Qur'anı danarlar.
Halbuki bu, əllərindəki Tövratı təsdiq edən haqq bir Kitabdır.
Onlardan soruşun «Gerçəkdən inanan kimsələrdinizsə əgər, peyğəmbərləri
niyə öldürürdünüz?
92. Aşkar dəlillər gətirmişdi Musa sizə, siz zalımlar da sonra
tutduğunuz buzova tapındınız.
93. Ystünüzdə Tur dağını ucaltmışdıq bir zaman, «Sizə verdiyimizi
bərk tutun, dinləyin» deyib bu xüsusda sizdən söz almışdıq». «Dinlədik
və üsyan elədik» dedilər və küfr elədiklərinə görə tutdu qəlblərini
buzov sevgisi. De ki, «Mö'minsinizsə, imanınız sizə nə pisliklər
buyurur»,
94. De ki, «Əgər Allah yanında axirət evi gerçəkdən kimsənin deyil,
təkcə sizindirsə və doğru sözlü, düz əməlli kimsələrsinizsə haydı
özünüzə ölüm diləyin».
95. Ancaq öncəki işləklərindən bəllidir, ölümü əsla istəməzlər.
Zalımları tanıyır Allah.
96. Görürsən, başqalarından və hətta Allaha şərik qoşanlardan
da artıq həyat düşkünüdürlər. Hər biri istər ki, min il yaşasın.
Uzun ömür əzabdan uzaqlaşdırmaz adamı. Onların hər işini görür
Allah.
97. De ki, «Cəbrailə düşmən kəsilən düşməndir Allaha». Çünki Qur'anı
Allahın izniylə əvvəlkini təsdiq edən, mö'minlərə yol göstərən,
mücdə gətirən Kitab olaraq sənin qəlbinə O göndərmişdir.
98. Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrailə və Mikəilə
düşmən kəsilən bilsin, Allah da kafirlərin düşmənidir.
99. Aydın ayələr nazil elədik sənə. Sapmışlardan özgəsi danmaz
bunları.
100. Hər dəfə əhdi-peyman bağlayandan sonra bə'ziləri bu əhdi
pozmurdumu? Əslində imana gələn deyil onların çoxu.
101. Əllərində olanı təsdiq üçün onların yanına Allahın bir elçisi
gələndə, Kitab verilənlərdən bə'ziləri özlərini bilməməzliyə qoyub
Allahın Kitabını bir kənara atdılar.
102. Suleymənin hökmranlığı haqqında şeytanların uydurduqları
sözlərə uydu onlar. Sehr işlədərək kafirlik eləməmişdi Suleymən.
Kafirlik eləyənlər o şeytanlar idi. Onlar insanlara cadu və Babildə
Hərut və Mərut adlı mələklərə göndəriləni öyrədirlər. Bu mələklərsə
«Biz bir fitnəyik [sizi sadəcə sınaqdan keçiririk], kafirlik eləməyin»
deməsəydilər, kimsəyə bir şeyi öyrətməzdilər. İnsanlar həmin mələklərdən
ərlə arvadın arasını vuracaq şeyləri öyrənirdilər, amma Allahdan
xəbərsiz kimsədən zərər çəkməzdilər. Özlərinə yararlı deyil, zərərli
şeyləri öyrənirdilər. Öyrəndiyini satın alanın axirətdən bir nəsibi
olmadığını bilirdilər. Əvəzində özlərini satdıqlarının nə pis
şey olduğunu biləydilər kaş.
103. İmana gəlsəydilər, Allahdan çəkinsəydilər Allahdan gələn
savab daha xeyirli olardı onlar üçün. Bunu biləydilər kaş.
104. Ey iman gətirənlər, Peyğəmbərə «rainə» deməyin, «unzurnə»
deyin və dinləyin onu.
105. Kitab əhlindən olan kafirlər də, bütpərəstlər də istəməzlər
Rəbbiniz sizə xeyir göndərə. Rəhmətini istədiyi kimsəyə bəxş edər
Allah. Lütfü genişdir Allahın.
106. Biz daha yaxşısını, yaxud bənzərini gətirmədikcə dayandırmarıq,
yaxud unutdurmarıq hansısa bir ayənin hökmünü. Bilməzmisən, hər
şeyə qadirdir Allah.
107. Bilməzmisən, tək Allahdır göylərin, yerin yiyəsi. Allahdan
savayı nə bir dostunuz var, nə də bir yardımçınız.
108. Yoxsa öncə soydaşlarının Musadan umduqlarını siz dəmi Peyğəmbərinizdən
umursunuz. Şübhəsiz, imanı küfrə dəyişdirən doğru yoldan sapmış
olur.
109. Kitab əhlinin çoxu haqqı tam tanıyandan sonra içlərini saran
qısqanclığın hökmüylə sizi imanınızdan azdırmaq istər. Allahın
əmri gələnə qədər keçin suçlarından. Hər şeyə qadirdir Allah.
110. Namaz qılın, zəkat verin. Xeyrinizi Allahın dərgahında tapacaqsınız.
İşlərinizi görür Allah.
111. «Yəhudi, xristian olmayan əlbəttə ki, girməyəcək cənnətə»
dedilər. Bu, onlara elə gəlir. De ki, «Doğru sözlü, düz əməlli
kimsələrsinizsə, gətirin dəlilinizi».
112. Kim yaxşı olub özünü Allaha təslim edirsə, onun əcri Rəbbinin
dərgahında. Belələrinə zaval yoxdur, üzülməzlər dərd əlindən.
113. «Xristianlığın bir özülü yox» dedi yəhudilər. «Yəhudiliyin
bir özülü yox» dedi xristianlar. Hamısı da Kitabı oxuyur. Elmsiz
kəslər də onların dediklərini demişdilər. İxtilaflarını həll etmək
üçün qiyamət günü hökmünü verəcək Allah.
114. Allahın məscidlərində Onun adının anılmasına əngəl olan və
məscidlərin dağılmasına çalışandan daha zalım kim ola? Gərək qorxuya
bürünüb girələr məscidlərə. Onların nəsibi dünyada rəzillikdir,
axirətdə böyük əzab.
115. Məşriq də, məğrib də Allahındır. Haraya getsəniz Allahla
üz-üzəsiz. Hər yeri tutmuş Allah, hər şeyi bilir Allah.
116. «Bir övlad götürmüş Özünə Allah» dedilər. Ucalardan ucadır
O. Onundur göylərdə nə varsa, yerdə nə varsa. Hamı Ona boyun əymiş.
117. Göyləri, yeri yoxdan var eləyən Odur. Nə istəsə, «Ol» desə
olasıdır.
118. «Allah bizimlə danışmalı, ya da bizə bir ayə gətirməli deyildimi?»
dedi elmsiz kəslər. Onlardan öncəkilər də belə söyləmişdilər.
Bir-birinə bənzədi ürəkləri. Gerçəkləri yaxşıca bilmək istəyənlərə
apaçıq göstərdik ayələrimizi.
119. Haqqın mücdəçisi və öncədən xəbər verəni olaraq göndərmişik
Biz səni. Sorğuya tutmaz səni cəhənnəm adamları.
120. Sən onların dinlərinə dönməyincə nə yəhudilər, nə də xristianlar
səndən razı qalar. De ki, «Əsil doğru yol Allah yoludur». Sənə
gələn elmdən sonra onların istəyinə uyacaq olsan, and olsun ki,
Allahdan sənə nə bir dost, nə də bir yardımçı olar.
121. Verdiyimiz Kitabı gərəyincə oxuyanlar iman gətirərlər ona.
Onu inkar edənlər itkiyə uğrayarlar.
122. Ey İsrail oğulları, xatırlayın sizə verdiyim ne'məti və sizi
bir zamanlar aləmlərdən üstün tutduğumu.
123. Və o gündən qorxun ki, kimsə kimsədən ötrü bir şey ödəməyə,
kimsədən fidyə alınmaya, kimsəyə iltimas fayda verməyə və yardımsız
qala hamı.
124. Bir zaman Rəbbi İbrahimə əmrlər verib onu sınamaq istəmişdi,
o da yerinə yetirmişdi onları, «Səni insanların imamı edəcəyəm»
demişdi Allah. «Nəslimi də et» demişdi o. «Zalımlarla əhdi-peyman
bağlamadım demişdi Rəbbi.
125. Biz Kə'bəni insanlar üçün toplantı və ümid yeri olaraq qurduq.
Siz də İbrahimin məqamını namaz yeri seçin. «Ziyarət eləyənlər,
ibadətə qapılanlar, ruku və səcdə eləyənlər üçün Evi [Kə'bəni]
təmizləyin» buyurmuşduq» İbrahimlə İsməilə.
126. «Rəbbim, buranı əmin-amanlıq yurduna döndər, əhalisi içindən
Allaha, axirət gününə inananları növbənöv ne'mətlərlə dolandır»
demişdi İbrahim. «Küfr eləyən kimsəni də bir müddət dolandıraram,
sonra cəhənnəm əzabına salaram. Pisdən pis yerdir ora» demişdi
Rəbbi.
127. İbrahim İsməillə bərabər Kə'bənin təməlini ucaldır. «Qəbul
buyur işimizi, Rəbbimiz. Hər şeyi eşidən, hər işi bilən təkcə
Sənsən, Sən!»
128. «Rəbbimiz, təslim elə bizi Özünə, soyumuzdan Sənə təslim
olan bir soy yetişər. Göstər bizə mə'bədlərimizi, qəbul buyur
tövbəmizi. Tövbələri qəbul eləyən, Rəhim olan təkcə Sənsən, Sən!»
129. «Rəbbimiz, onlara öz içlərindən bir peyğəmbər göndər ayələrini
oxusun, soydaşlarıma Kitab və Hikməti öyrətsin, pisliklərdən təmizləsin
onları. Küclü və müdrik olan təkcə Sənsən, Sən!»
130. Ağılsız adamdan savayı kim axı üz döndərər İbrahimin dinindən?
And olsun, bəyənmişdik, seçmişdik onu dünyada, yaxşılardan olaraq
qalır axirətdə.
131. «İslam ol [təslim ol]» demişdi Rəbbi ona. «Aləmlərin Rəbbinə
təslim oldum» demişdi o.
132. İbrahim vəsiyyət elədi bunu oğullarına. Yaqub da «Oğullarım,
Allah sizdən ötrü o dini seçmiş. Siz də ancaq müsəlman olaraq
can verin» dedi.
133. Yaqub ölüm ayağında ikən yanındamı idiniz? «Məndən sonra
kimə ibadət edəcəksiz?» demişdi Yaqub oğullarına. «Sənin Tanrın
və ataların İbrahim, İsməil və İshaqın Tanrısı olan tək Tanrıya.
Biz Ona təslim olanlarıq» dedilər.
134. Onlar bir ümmətdi - gəldi, getdi. Onların öz qazancı vardı,
sizin öz qazancınız. Onların işləklərinə siz cavabdeh deyilsiz.
135. «Yəhudi, yaxud da xristian olun ki, doğru yolu tapasız» dedilər.
De ki, «Biz doğruya yönəlmiş İbrahim dininə tabe olarıq. Allaha
şərik qoşanlardan deyildi o».
136. Deyin ki, «Allaha, bizə nazil edilənə, İbrahimə, İsməilə,
İshaqa, Yaquba və onun törəmələrinə göndərilənə, Musaya, İsaya
verilənə və Rəbləri tərəfindən peyğəmbərlərə verilənə inanmışıq.
Onları bir-birindən ayrı tutmarıq. Biz Allaha təslim olanlarıq».
137. Sizintək gəlsələr imana, doğru yolu taparlar. Yz çevirsələr,
çıxılmaza düşərlər və Allah qoruyar onlardan səni. O eşidəndir
hər şeyi, biləndir hər işi.
138. Allahın rənginə boyan. Kimin rəngi Onunkundan gözəldir? «Təkcə
Ona ibadət edərik» deyin.
139. De ki, «Allah barəsindəmi höcətləşirsiniz bizimlə? O bizim
də Rəbbimizdir, sizin də. Bizim öz işimiz var, sizin də öz işiniz.
Könüldən bağlanmışıq biz Ona».
140. Yoxsa ki, deyirsiniz, İbrahim, İsməil, İshaq, Yaqub və onun
törəmələri yəhudi, yaxud xristian idilər? De ki, «Siz, yoxsa Allah
daha yaxşı bilir? Allahın bildiyi bir gerçəyi gizləyəndən daha
zalım kim ola?» İşləklərinizdən qafil deyil Allah.
141. Onlar bir ümmətdi - gəldi, getdi. Onların öz qazancı vardı,
sizin öz qazancınız. Onların işləklərinə siz cavabdeh deyilsiz.
142. «Onları qibləsindən döndərən nədir?» deyəcək bəzi beyinsizlər.
De ki, «Məşriq də, məğrib də, Allahındır». İstədiyi kimsəni doğru
yola çəkər O.
143. Beləcə aralıqda sizdən bir ümmət qurduq ki, insanlara şahid
və örnək olasız. Peyğəmbər də sizə şahid və örnəkdir. Sənin çoxdan
üz tutduğun Kə'bəni qiblə elədik ki, bilək görək, kim Peyğəmbərin
ardınca gedir, kim geriyə. Doğrusu Allahın doğru yola çəkdiyi
kimsələrdən başqasına bu ağır gələr. Allah boşa çıxaran deyil
imanınızı. Şübhəsiz, insanlara şəfqətlidir, Rəhimdir Allah.
144. Görürük üzünü göyə tutub durmusan. Əlbəttə, dilədiyin qibləyə
döndərəcəyik səni. Məscidi haram səmtinə tut üzünü». Və harada
olursanız üzünüzü ora tutun. Kitab verilənlər bilirlər, bu Rəbblərindən
gələn gerçəkdir. Onların əməllərindən qafil deyil Allah.
145. Kitab verilənlərə nə ayə [mö'cüzə, dəlil] gətirsən də üz
tutmazlar qiblənə. Sən də onların qibləsinə üz tutmazsan. Onlar
bir-birinin qibləsini də tanımaq istəməzlər. Sənə gələn elmdən
sonra onların istəyinə qoşulsan, zalımlardansan, deməli.
146. Kitab verdiklərimiz
öz oğullarını tanıdıqları kimi tanıyırlar onu [Muhammədi]. Fəqət
yenə onlardan bə'zisi bilərəkdən gizlədir gerçəyi.
147. Gerçək Rəbbindən gələndir, buna şübhən olmasın.
148. Hər kəsin bir yönümü var, xeyirli işlər görün. Harada olsanız
bir yerə toplar sizi Allah. Şübhəsiz, hər şeyə qadirdir Allah.
149. Hər haradan yola çıxsan Məscidi harama sarı tut üzünü. Rəbbindən
gələn haqdır. İşləklərinizdən qafil deyil Allah.
150. Hər haradan yola çıxsan Məscidi Harama sarı tut üzünü. Harada
olsanız ora tutun üzünüzü, əleyhinizə bir bəhanəsi olmasın insanların.
Zalımlardan qorxmayın, Məndən qorxun ki, tamamlayım sizə olan
ne’mətimi, doğru yola gələsiz.
151. Sizin öz içinizdən seçib göndərdik sizə Peyğəmbəri. Gəndərdik
oxusun ayələrimizi, təmizləsin sizi pisliklərdən, öyrətsin sizə
Kitabı, hikməti, bilmədiklərinizi.
152. Və buna görə Məni anın, Mən də sizi anaram. Mənə şükr eləyin,
nankorluq eləməyin.
153. Ey mö'minlər, səbrlə, namazla yardım diləyin. Şübhəsiz, səbr
edənlərin tərəfindədir Allah.
154. Allah yolunda öldürülənlərə «ölülər» deməyin, diridir onlar,
siz bunu duymazsınız.
155. Sizi mütləq sınağa çəkərik bir az qorxu, bir az da aclıq
ilə və malların, canların, məhsulların qıtlığı ilə. Səbrliləri
mücdələ!
156. «Biz Allahınıq və Onun dərgahına qayıdarıq» deyər bir bəlaya
düşənlər.
157. Rəbləri keçər günahlarından, rəhmət edər onlara. Haqq yoluna
düşənlər də onlardır.
158. Safə ilə Mərva Allahın nişanələrindəndir, şübhəsiz. Kim Kə'bəyə
həccə gedərsə, yaxud umra edərsə bu ikisini də tavaf etməsinə
[ətrafına dolanmasına] görə heç bir günaha batmaz. Kim könüldən
yaxşılıq edirsə, bilsin, Allah verər əvəzini, nə elədiyinizi bilir
O.
159. Göndərdiyimiz aşkar dəlilləri, haqq yolunu insanlara Kitabda
bəyan qılandan sonra bunları ört-basdır etmək istəyənlər ki var,
onlara həm Allah lən'ət eləyər, həm də lə'nətçilər.
160. Ancaq tövbə eləyib islah olunanlar və haqqı açıqlayanlar
onlardan deyil. Qəbul buyuraram tövbələrini. Mən tövbələri qəbul
edənəm, Rəhiməm.
161. Küfr eləyib və kafirliyində qalıb ölənlərə Allah, mələklər
və bütün insanlar lə'nət eləyər.
162. Əbədilik qalarlar lə'nət içində, azalmaz əzabları, baxmazlar
onların üzünə.
163. Tanrınız tək Tanrıdır. Ondan başqa tanrı yoxdur. O Rəhmandır,
Rəhimdir.
164. Şübhəsiz, göylərlə yerin yaranışı, gecəylə gündüzün növbələşməsi,
dənizdə gəmilərin insanlara xeyir daşıması, Allahın göydən su
endirib ölmüş torpağı diriltməsi, hər cür canlının orada yaşaması,
küləklərin və yerlə göy arasında əmrə müntəzir buludların cövlan
etməsinin dəlilləri var düşünən başlar üçün.
165. Allahı buraxıb Ona qoşduqları şəriklərə tanrılar olaraq tapınanlar
və onları Allahı sevər kimi sevənlər var insanlar içində. Mö'minlərsə
ən çox Allahı sevər. Zalımlar zülm eləyib əzabı görən zaman kaş
ki, biləydilər, bütün güc Allahdadır və şiddətlidir Allahın verdiyi
əzab.
166. Özlərinə tale olanlar, əzab görüb tabe olanlardan gen duracaq,
aralarındakı bağlar qırılacaq.
167. «Ah, kaş ki, dünyaya dönməmiz mümkün olaydı, bizdən gen duranlardan
biz də aralanaydıq» dedi əzab görənlər. Beləcə göstərir onlara
Allah həsrətini çəkəcəkləri işlərini. Və oddan çıxan deyil onlar.
168. Ey insanlar, yeyin yer üzündə olan halal, təmiz şeylərdən,
yeriməyin şeytanın yerişini, açıqca düşməndir o sizə.
169. Pis, əxlaqsız işlər görməyi, Allaha qarşı bilmədiyiniz şeyləri
söyləməyi buyurar sizə.
170. «Allahın göndərdiyinə tapının» deyiləndə onlara, «Xeyir,
biz atalarımızın getdiyi yola tapınarıq» deyərlər. Ataları işlətmirdilərsə
ağıllarını, azırdılarsa yollarını, bəs onda necə?
171. Çığırtıdan-bağırtıdan başqa bir şey eşitməyib ulayan hay-küyçüyə
bənzər o kafirlər. Laldır, kardır, kordur onlar, ağıldan kəmdir
onlar.
172. Ey mö’minlər, sizə ruzi kimi verdiyimiz ne’mətlərin yaxşılarından
yeyin. Təkcə Allaha ibadətdəsinizsə Ona şükr eləyin.
173. Leşi, qanı, donuz ətini və Allahdan qeyrisi adına kəsiləni
haram buyurmuş sizə Allah. Ancaq kim məcburiyyət qarşısında qalarsa,
başqasının payına əl uzatmadan və zərurət miqdarını aşmadan bunlardan
yeyərsə, bir günahı olmaz onun. Bağışlayandır, Rəhimdir Allah.
174. Allahın nazil elədiyi Kitabdakını gizləyərək onu dəyər-dəyməzinə
satanlar var ki, oddan başqa bir şey doldurmazlar qarınlarına.
Qiyamət günü nə dindirər, nə təmizə çıxarar onları Allah.
175. Onlar o kəslərdir ki, doğrunu verib çaşqınlığı, məğfirəti
[günahdan keçmə, bağışlama] verib əzabı satın almışlar. Necə də
dözümlüdürlər oda.
176. Belə də olmalı. Çünki Kitabı haqq olaraq göndərmiş Allah.
Kitab haqqında ayrı-ayrı fikirlərdə olanlar çətin ki, çıxılmazdan
çıxalar.
177. Yzünüzü məşriqə və məğribə çevirməyiniz hələ yaxşılıq demək
deyil. Yaxşı o kəsdir ki, Allaha, axirət gününə, mələklərə, Kitaba,
peyğəmbərlərə iman gətirmiş, Allah sevgisiylə yaxınlara, yetimlərə,
yoxsullara, yolçulara, dilənçilərə, boyunduruq altında olanlara
mal paylamış, namaz qılmış, zəkat vermiş, əhdində vəfalı olmuş,
çətində-darda və savaş zamanında səbr göstərmiş. Doğru yola tapınmış
onlar, Allahın əzabından yayınmış onlar.
178. Ey mö'minlər, öldürənlərin qisasını almaq taleyinizə yazılmış
yazıdır. Hürrə - hürr, köləyə - kölə, qadına - qadın. Qatili bağışlayırsa
ölənin qardaşı, o zaman ürfə [qanuna] görə qan bahasını ədəb-ərkanla
ödəməlidir qatil. Rəbbiniz acıyır halınıza, yumşaldır cəzanızı
beləcə. Kim bundan sonra da təcavüz eləyərsə, ağrılı bir əzab
üz verər ona.
179. Ey ağıl yiyələri, qisas alırsınızsa, yaşayırsız deməli, beləcə
qorunursuz Allahın əzabından.
180. Biriniz ölüm ayağında ikən bir xeyir qoyub gedirsə, ataya,
anaya, yaxınlara hərəsinə uyğun bir biçimdə onun vəsiyyət eləməsi
müttəqilərə borc kimi taleyinizə yazılan yazıdır.
181. Günaha batar vəsiyyəti eşidib dəyişdirən. Şübhəsiz, Allah
eşidəndir hər şeyi, biləndir hər işi.
182. Vəsiyyət edənin yanılıb günaha batacağından əndişələnən kimsə
tərəflərin arasını düzəldərsə, onun suçundan keçilər. Şübhəsiz,
bağışlayandır, Rəhimdir Allah.
183. Ey mö'minlər, sizdən öncəkilərin taleyinə yazıldığı kimi
sizə də oruc buyuruldu ki, Allaha qarşı çıxmaqdan çəkinəsiniz.
184. Sizdən kim xəstədirsə, yaxud yol üstədirsə oruc tutmadığı
günlərin əvəzini başqa bir vaxt çıxmalı. Oruca tab gətirməyənlər
bir yazığı doyuracaq qədər fidyə verməlidirlər. Xeyirxahlığı könüldən
eləyənin qabağına xeyirxahlıq çıxar. Bilsəydiniz orucun nə qədər
xeyri var sizə.
185. İnsanlara yol göstərən, doğru nədir, əyri nədir - ayırd edən
Qur'anın nazil olduğu Ramazan ayı ki var, kim o zaman ayı gördü
oruc tutsun. Kim xəstədirsə, yaxud yol üstədirsə, oruc tutmadığı
günlərin əvəzini başqa bir vaxt çıxmalı. Allah işinizi asanlaşdırmaq
istər, çətinləşdirmək istəməz. Orucu başa vurub tamamlamağınızı,
sizə doğru yolu göstərdiyinə görə şükr eləməyinizi, Onu uca tutmağınızı
istər Allah.
186. Məni səndən soruşsalar bəndələrim bilsinlər, yaxınam onlara.
Dua eləyənlər duasıyla çağırsınlar Məni, cavab verərəm. Qoy onlar
da Mənim dediyimə səs veribən Mənə iman gətirsinlər, doğru yola
tapınsınlar.
187. Oruc gecəsi qadınlarınızla yaxınlıq eləmək halal bilinmiş.
Onlar sizin libasınızdır, siz də onların. Allah bilmiş ki, özünüzə
yazığınız gəlir və tövbənizi qəbul edib bağışlamış sizi. İndi
artıq yaxınlaşın onlara və Allahın sizin üçün yazdığını tələb
edin. Dan yerinin ağ ipliyi qara ipliyindən seçilənə qədər yeyin,
için. Sonra da gecə düşənə qədər orucu tamamlayın. Məscidlərdə
ibadət zamanı qadınlarınıza yaxınlaşmayın. Yasaqlardan çəkinələr
deyə ayələrini beləcə açıqdan-açığa bildirir insanlara Allah.
188. Haqsızlıq işlədərək bir-birinizin malınızı yeməyəsiz, insanların
mallarını hakimlərə verməyəsiz, bir qismini yeməyəsiz bata-bata
bilərəkdən günaha.
189. Səndən soruşarlar hilal halında doğan aylar nədir? De ki,
«Bunlar insanların vaxt ölçüsüdür, həcc vaxtlarını bilmək üçündür».
Evlərə arxadan girmək yaxşı deyil. O adam yaxşıdır ki, Allahdan
qorxar. Evlərə qapılardan girin və Allahdan qorxun ki, qəzəbinə
düşməyəsiz, uğura uğrayasız.
190. Allah yolunda savaşın sizinlə savaşanlarla. Ancaq təcavüz
eləməyin. Təcavüzkarları sevməz Allah.
191. Harada yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən
siz də çıxarın onları. Fitnəkarlıq adam öldürməkdən daha betərdir.
Məscidi haramın yanında onlarla savaşmayın ki, sizinlə savaşalar.
Savaşsalar, öldürün onları. Budur kafirlərin cəzası.
192. Savaşdan əl çəksələr, bilsinlər, bağışlayandır, Rəhimdir
Allah.
193. Fitnə yox olub təkcə Allahın dini meydanda qalana qədər savaşın
onlarla. Savaşdan əl çəksələr, sataşmayın onlara. Bundan sonra
düşmənçilik yalnız zalımlarladır.
194. Haram ayı haram aya tən gərək. Yasaqlar yasaqlara bağlıdır.
Sizə təcavüz eləyənə sizə təcavüz elədiyi sayaq təcavüz eləyin.
Qorxun Allahdan və bilin, Allah müttəqilərin tərəfindədir.
195. Malınızı Allah yolunda xərcləyin, öz əlinizlə özünüzü təhlükəyə
atmayın, yaxşı-yaxşı işlər görün. Yaxşıları sevər Allah.
196. Başladığınız həcci və umranı Allah naminə tamamlayın. Bir
çətinə düşsəniz, alınmasa, əlinizə keçən qurbanlığı göndərin oraya.
Qurbanlıq ünvanına çatmayınca başınızı qırxmayın. Aranızda xəstə
olan, başı ağrıyan varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə
verməli, ya da qurban kəsməli. Həccə qədər umradan faydalanmaq
istəyən kəs əlinə keçən qurbanı kəsər. Qurban tapmayan kimsə isə
üç gün həcdə olduğu vaxt, yeddi gün də geriyə dönən zaman - bu
elədi tam on gün oruc tutmalı. Bu, ailəsi Məscidi haramda olmayanlar
üçündür. Qorxun Allahdan və bilin, Allahın cəzası şiddətlidir.
197. Həcc mə'lum aylardadır. O aylarda həccə getmək istəyən kəs
bilməli, həcdə nə qadınla yaxınlıq, nə əxlaqsızlıq, nə də cidal
etmək olar. Nə xeyir iş görsəniz xəbəri var Allahın. Tədarük görün
özünüzə. Ən yaxşı tədarük Allahdan qorxmaqdır, şübhəsiz. Ey ağıl
yiyələri, qorxun Məndən.
198. Rəbbinizin kəramətini arayırsınızsa, bunda bir günah olmaz.
Arafatdan aşağı axışan zaman Məş'ari haramın yanında anın Allahı.
Onu sizə göstərdiyi kimi zikr eləyin. Bilirsiniz, O yol göstərməmişdən
sapmışlardan idiniz.
199. Sonra insanların axışdığı yerdən axışıb gedin və Allahdan
məğfirət diləyin. Bağışlayandır, Rəhimdir Allah.
200. Həcc ibadətinizi bitirəntək anın Allahı atalarınızı andığınız
sayaq və bundan da qüvvətli bir anımla. İnsanlar içində «Rəbbimiz,
payımızı dünyada ver» deyən var. Beləsinin axirətdən payı yox.
201. Kimi də «Rəbbimiz, bizə dünyada da pay ver, axirətdə də,
qoru bizi od əzabından» deyir.
202. Onlara pay düşür qazanclarından. Hesabı tez aparandır Allah.
203. Sayılı günlərdə anın Allahı. Allahdan qorxan kimsə tələsərək
Minədəki ibadətini iki günə bitirərsə batmaz günaha, yubansa,
geri düşsə də olmaz günahı. Qorxun Allahdan və bilin, Onun hüzurunda
cəm olacaqsız.
204. İnsanlar içində eləsi var sənə qatı düşmənsə də həyat və
dünya barəsində söz-söhbəti xoşuna gələr, ürəyində olana Allahı
şahid tutar.
205. İş başına keçdimi, başlayar yer üzündə qarışıqlıq salmağa,
əkin-biçini, mal-qaranı məhv eləməyə. Fəsadı sevməz Allah.
206. Beləsinə «Allahdan qorx» deyilsə, qürurlanar, günaha batar.
Beləsinə cəhənnəm bəs eləyər, pisdən pis yataqdır ora.
207. İnsanlar içində eləsi də var Allahın rizasını qazanmaq üçün
keçər canından. Allah da bəndələrə çox şəfqətlidir.
208. Ey mö'minlər, hamılıqla barışığa girin, şeytanın yerişini
yeriməyin, açıqca düşməndir sizə.
209. Sizə aşkar dəlillər gəldikdən sonra da büdrəsəniz, bilin,
güclüdür, müdrikdir Allah.
210. Bulud kölgələri içində Allahın, mələklərin gəlməyini gözləyirlər,
deyilmi? Hər şey bitib artıq və Allaha qalmış bütün işlər.
211. İsrail oğullarından soruş nə qədər aşkar ayələr vermişik
onlara. Allahın ne'mətini başqa şeyə dəyişdirən kəs bilsin, Allahın
cəzası şiddətlidir.
212. Bərbəzəkli görünmüş kafirlərə dünya həyatı. Lağa qoyarlar
imana gələnləri. Qiyamət günüsə kafirlərdən ucalarda qərar tutar
Allahdan çəkinənlər. İstədiyi kimsəyə hesabsız ruzi verər Allah.
213. İnsanlar vahid bir ümmət idi. Peyğəmbərləri mücdəçilər öyüdçülər
olaraq göndərmiş Allah. Peyğəmbərlərlə birgə içində haqq daşıyan
Kitab da göndərmiş ki, insanlar arasında ixtilafların həlli üçün
hökmlər versin. Ancaq Kitab verilənlər onlara aşkar dəlillər gəldikdən
sonra hissiyyata qapılaraq Kitab haqqında fikir ayrılığına düşdülər.
Ona iman gətirənləri mübahisə elədikləri haqqa yetişdirdi Allah.
İstədiyi kimsəni doğru yola çıxarar Allah.
214. Yoxsa elə bildiniz sizdən öncə gəlib gedənlərin hallarına
düşmədən cənnətə girəcəksiz? Onlara elə yoxsulluq, elə sıxıntı
üz vermişdi, elə sarsılmışdılar ki, axırı Peyğəmbər və ətrafındakı
mö'minlər də «Allahın yardımı nə vaxt gələcək?» deyə söyləməli
olmuşdular. Yaxşı bilin, Allahın yardımı yaxındadır.
215. Səndən nə xərcləməli olduqları barədə soruşarlar. De ki,
«Sərf edəcəyiniz hər xeyirbərəkət ata-ana, yaxınlar, yetimlər,
yoxsullar və yolçular üçündür. Gördüyünüz hər xeyir işdən xəbəri
var Allahın.
216. Qismətinizə savaşmaq yazılıb, sizsə buna nifrət edirsiz.
Bə'zən xeyrinizə olana nifrət edərsiz, bə'zən də şərinizə olanı
sevirsiz. Bunu siz bilməzsiz, Allah bilər.
217. Səndən haram ayı barəsində, o ayda savaşmaq barədə soruşarlar.
De ki, «O ayda savaşmaq böyük bir günahdır. Allah yolundan sapmaq,
Onu inkar eləmək, Məscidi Harama gələnlərin qabağını kəsmək, onun
əhlini oradan [Məkkədən] didərgin salmaq isə Allah dərgahında
daha böyük günahdır. Fitnəkarlıq adam öldürməkdən daha böyük günahdır».
Gücləri çatarsa, sizinlə savaşarlar ta sizi dininizdən döndərələr.
Kim dinindən dönərsə, kafir olub ölərsə, dünyada və axirətdə boşa
çıxar işləri. Cəhənnəmlikdir onlar, orada əbədilik qalarlar.
218. O kəslər ki, imana gəliblər, hicrət eləyiblər, Allah yolunda
vuruşublar, Allahın rəhmətini umar onlar. Bağışlayandır, Rəhimdir
Allah.
219. Səndən şərab və qumar barədə soruşarlar. De ki, «Hər ikisi
insanlara böyük günah da gətirir, bə'zi fayda da. Günahı faydasından
böyükdür». Bir də soruşarlar nələri xərcləməli Allah yolunda.
De ki, «Artıq qalanı». Allah beləcə ayələri açıqlayır ki, bəlkə
düşünəsiz dünyanı və axirəti.
220. Səndən yetimlər barədə soruşarlar. De ki, «Onların vəziyyətini
düzəltmək savabdır. Qaynayıb-qarışın onlarla, sizin qardaşlarınızdır
onlar». Nizamı pozanla düzəldəni seçib bir-birindən ayırar Allah.
İstəsə çətinə salar sizi. Şübhəsiz, güclüdür, müdrikdir Allah.
221. Allaha şərik qoşan qadınlarla evlənməyin nə qədər ki, gəlməyiblər
imana. İman gətirən bir qarı xoşunuza gələn bütpərəst qadından
yaxşıdır. Allaha şərik qoşan kişiləri evləndirməyin nə qədər ki,
gəlməyiblər imana. İnanan bir kölə xoşunuza gələn bütpərəst bir
adamdan yaxşıdır. Oda vasil olmağa çağırır bütpərəstlər. Allah
isə Öz izniylə cənnətə, məğfirətə çağırır. Və insanlara ibrət
dərsi kimi beləcə açıqlayır ayələrini.
222. Səndən qadınların aybaşı vəziyyətini soruşarlar. De ki, bu
vəziyyət əziyyətdir. Aybaşı halında olan qadınlardan kənar durun
nə qədər ki, təmizlənməyiblər, yaxınlaşmayın onlara. Təmizlənəndən
sonra Allahın əmr elədiyi yerdən yaxın gəlin onlara. Allah tövbə
edənləri sevər, təmizləri sevər.
223. Qadınlarınız əkin yerinizdir, girin istədiyiniz kimi əkin
yerinizə. Hazır olun və Allahdan çəkinin. Bilin, Ona qovuşacaqsız
və bunu mücdə ver mö'minlərə.
224. Xeyirxah olmaq, günaha batmamaq və insanların arasını düzəltmək
üçün verdiyiniz andların hədəfinə çevirməyin Allahı. Allah eşidəndir
hər şeyi, biləndir hər işi.
225. Allah sizi çərənləyərək içdiyiniz andlara görə töhmətləndirməz,
ürəyinizdən gələn andlara görə töhmətləndirər. Şübhəsiz, bağışlayandır,
Rəhimdir Allah.
226. Qadınlarıyla yaxınlıq etməməyə and içənlər ancaq dörd ay
müddətinə gözləyib dura bilərlər. Andlarından dönsələr bilsinlər,
bağışlayandır, Rəhimdir Allah.
227. Əgər boşanmaq qərarına düşsələr, bilsinlər, Allah eşidəndir
hər şeyi, biləndir hər işi.
228. Üç aybaşı halını gözləyərlər. Boşanmış qadınlar Allaha və
axirət gününə inanırlarsa, bətinlərində Allahın yaratmış olduğunu
gizlətmələri halallıq gətirməz onlara. Ərləri bu arada barışıq
istəsələr bu qadınları təzədən almağa onların daha çox haqqı çatır.
Qadının üstündə kişinin haqqı olan kimi kişinin üstündə də qadının
haqqı var. Kişinin haqqı azacıq artıqdır. Güclüdür, müdrikdir
Allah.
229. Boşanma iki dəfədir. Bu qanuni yolla mal-mülkdən tutub saxlamağı,
ya da xeyirxahlıq göstərib mal-mülkdən əl çəkməyi tələb edir.
Hər ikisi Allahın qoyduğu sədləri qoruya bilməməkdən qorxmalı.
Bağışladığınızdan nəyisə tutub saxlamaq halallıq gətirməz sizə.
Əgər qorxsanız ki, Allahın qoyduğu sədləri qoruya bilməyəcək kişiylə
qadın, o zaman qadının fidyə verməsi ilə heç biri batmaz günaha.
Bu Allahın sədləridir, pozmayın, ancaq zalımlar pozar onları.
230. Kişi [üçüncü dəfə] boşayırsa, qadını başqa birisinə ərə getməyincə
bir daha onun halalı olmaz. İkinci əri də boşasa bunu və köhnə
ər-arvad Allahın sədləri daxilində qalacaqlarını düşünüb qət etsələr,
onda ikisi yenidən birləşə bilər ki, bunda da bir günah yoxdur.
Bunlar bilənlər üçün Allahın açıqladığı sədlərdir.
231. Qadınları boşayanda iddələri bitdimi, onlara qanuni yolla
verəcəyinizdən bir hissəni saxlayın, yaxud verin. Tutub saxlayanda
haqlarını kəsməyin. Özünə zülm eləyər belə iş tutan. İstehza eləməyin
Allahın ayələrinə. Allahın verdiyi ne'məti və sizə öyüd vermək
üçün göndərdiyi Kitabı, hikməti düşünün, qorxun Allahdan, bilin,
hər şeyi bilir Allah.
232. Qadınları boşayanda iddələri bitdimi, öz aralarında [yə'ni
ərə gedəcəyi adamla] düzəlişiblərsə, ərə getmələrinə maneçilik
törətməyin onların. Bu bir öyüddür sizlərdən Allaha və axirət
gününə inanan kəsə. Bu sizin üçün daha yaxşı, daha pakdır. Allah
bilər, siz bilməzsiniz.
233. Analar körpələrini əmizdirməyi tamamlamaq istəyən kimsə üçün
- tam iki il əmizdirərlər. Qaydaya uyğun şəkildə ananın yeməyinin,
pal-paltarının qayğısına qalmaq körpənin atasına aiddir. Kimin
gücü nəyə çatırsa, onu öz boynuna götürə bilər. Nə ana, nə də
ata uşağına görə bir zərərə düşməməli. Varis də onlar kimi. Əgər
ata-ana körpəni süddən ayırmaq qərarına gəlsələr, batmazlar bir
günaha. Körpələrinizi süd anasına əmizdirmək istəsəniz, verəcəyinizi
verdikdən sonra yenə də bir günahınız olmaz. Qorxun Allahdan,
bilin, işləklərinizi görür Allah.
234. Sizlərdən vəfat edənlərin zövcələri dörd ay on gün gözətlərlər
özlərini. Müddətləri bitdimi, siz günahkar tutulmazsız eləsələr
özlərinə uyğun olan bir şeyi. İşləklərinizdən xəbəri var Allahın.
235. Belə qadınlara evlənmək təklifini eləyəndə, yaxud bu istəyi
ürəyinizdə saxlayanda günaha batmazsınız. Allah bilir anacaqsız
onları. Qanuni işdən savayı nəyinsə barəsində onlarla gizlincə
və'dləşməyin. Müddət bitməyincə kəbin kəsdirmək fikrinə düşməyin.
Bilin, ürəyinizdən keçəni bilir Allah, çəkinin Ondan. Və bilin,
günahlardan keçəndir, Rəhimdir Allah.
236. Qadınlara toxunmadan, yaxud da onlara bir mehir kəsmədən
boşasanız, günaha batmazsınız. Faydalandırın onları. Varlı özünə
görə, kasıb da özünə görə bir şey versin onlara. Bu, əxlaqlı adamların
üstündə bir borc kimidir.
237. Əgər mehir kəsib qadına toxunmadan boşasanız onu, kəsdiyinizin
yarısını verin. Ancaq qadın, yaxud nigah bağı əlində olan kişi
paydan imtina eləyərsə, bu başqa. Siz kişilərin mehri bütöv verməsi
taqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq eləməyi unutmayın.
Şübhəsiz, işləklərinizi görür Allah.
238. Namazları və orta namazı [yə'ni üçüncü namazı] qılmaqda olun.
Allahın hüzuruna qalxın sevgi ilə, sayğı ilə.
239. Bir təhlükə qarşısında qorxsanız, piyada, minikdə ikən namaz
qılın. Təhlükə sovuşanda Allahı anın, bilmədiyiniz şeyləri sizə
öyrətdiyi sayaq anın Onu.
240. Sizlərdən vəfat edənlər, zövcələrini qoyub gedənlər evlərindən
zövcələrinin birillik dolanışığını saxlayacaq şeyləri vəsiyyət
eləsinlər. Əgər bunlar evlərindən gedərlərsə, özlərinə uyğun olan
bir şeyi elədiklərinə görə günaha batmazsınız. Güclüdür, müdrikdir
Allah.
241. Boşanmış qadınları müvafiq tərzdə dolandırmaq müttəqilər
üçün bir borcdur.
242. Bəlkə düşünəsiz deyə ayələrini sizə beləcə açıqlayır Allah.
243. Min-min adam ikən ölüm qorxusuyla yurdlarından çıxanları
görməzmi oldun? Allah «ölün» dedi, sonra diriltdi onları. Şübhəsiz,
insanlara lütfünü verəndir Allah. Amma naşükürlük eləyər onların
çoxu.
244. Allah yolunda savaşın və bilin, Allah eşidəndir hər şeyi,
biləndir hər işi.
245. Kimdir o adam ki, Allaha gözəl bir borc versin, Allah da
qat-qat artıq qaytarsın onun haqqını. Allah yumar da, açar da
əlini. Onun dərgahına dönəcəksiz axırı.
246. Musadan sonra İsrail oğullarından irəli gedənləri görməzmi
oldun? Peyğəmbərlərindən birinə «Bizə bir hökmdar göndər Allah
yolunda vuruşaq» dedilər. «Bəlkə vuruşmaq yazılsa taleyinizə,
vuruşmayacaqsız?» dedi. «Allah yolunda niyə də vuruşmayaq? Yurdumuzdan
qovulmadıqmı, uşaqlarımızdan ayrı düşmədikmi?» dedilər. Ancaq
vuruş zamanı azları əməl elədi yazıya, qalanları eləmədi. Zalımları
tanıyır Allah.
247. «Talutu sizə hökmdar göndərmiş Allah» dedi onların peyğəmbəri.
«O bizim üstümüzdə necə hökmranlıq edə bilər axı? Biz hökmdarlığa
ondan daha çox layiqik, ona mal-dövlət də verilməmiş» dedilər.
«Allah sizə başçı seçmiş onu, artırmış biliyinin, biləyinin gücünü»
dedi peyğəmbər. Hakimiyyəti istədiyinə verir Allah, lütfü genişdir
Allahın. Hər şeyi bilir O.
248. «Onun hökmdarlığının əlaməti sizə tabutun gəlməsidir. İçində
Rəbbinizdən gələn könül rahatlığı və Musa nəslinin, Hərun nəslinin
qoyub getdiklərindən qalanlar var. Tabutu mələklər daşımaqdadır.
Əgər mö'minsinizsə, bu da sizdən ötrü aşkar bir dəlil» dedi onların
peyğəmbəri.
249. Talut əsgərləriylə ayrılıb gedən zaman peyğəmbər dedi: «Sınağa
çəkəcək sizi bir çayla Allah. Çaydan içən məndən deyil. Ondan
dadmayan, əliylə sadəcə bir ovuc alan məndəndir». Azları içmədi,
qalanları içdi ondan. Və nəhayət, Talut və onunla birlikdə imana
gələnlər çayı keçən zaman «Caluta və əsgərlərinə qarşı vuruşmağa
taqətimiz yox bu gün» dedilər. Allaha qovuşacaqlarını düşünən
kimsələrsə «O qədər olub ki, azsaylı dəstə çoxsaylı dəstəyə Allahın
izniylə qalib gəlib. Səbr edənlərin tərəfindədir Allah» dedilər.
250. Cəlutun və onun əsgərlərinin qarşısına çıxanda «Rəbbimiz,
bizə səbr ver, addımlarımızı düzəlt və kafir qövmə qarşı bizə
yardım et» dedilər.
251. Və Allahın izniylə onların dəstəsini dağıtdılar. Davud Cəlutu
öldürdü. Hakimiyyət və hikmət verdi Davuda Allah, istədiyini öyrətdi
ona. İnsanların arasına girməsəydi Allah pozulardı yer üzünün
nizamı. Aləmlərə lütfünü verəndir Allah.
252. Bunlar Allahın ayələridir, Biz bunları sənə verilən haqq
kimi oxuyuruq. Sən, həqiqətən, göndərilən elçilərdənsən.
253. O peyğəmbərlərdən bə'zisini digərindən üstün tutduq. Bə'zisilə
söhbətləşdi Allah, bə'zisini dərəcələrlə ucaltdı. Məryəm oğlu
İsaya da aşkar dəlillər verdik və Ruhul Qüdsü ona arxa verdik.
Allah istəsəydi, aydın dəlillər alandan sonra bir-birini öldürməzdi
onlardan sonra gələn nəsillər. Ancaq ixtilaflar başladı aralarında,
kimisi imana gəldi, kimisi küfr elədi. Allah istəsəydi, bir-birini
öldürməzdilər. Ancaq dilədiyini eləyər Allah.
254. Ey mö'minlər, nə alış-verişin, nə dostluğun, nə də şəfaətin
olmayacağı gün gəlməzdən öncə sizə verdiyimiz ruzini sərf eləyin
Allah yolunda. Kafirlər elə zalımdılar ki, var.
255. Allahdan başqa tanrı yoxdur. O diridir, əbədidir. Yaratdıqlarının
üstündədir Allahın gözü. Onu nə mürgü tutar, nə yuxu. Göylərdə
nə varsa, yerdə nə varsa Onundur. Onun izni olmadan kim gələ bilər
yanına iltimas üçün. Onların nə elədiklərini, eləyəcəklərini bilir
O. Onun elmindən yalnız Onun istədiyi qədər bir şey qavraya bilərlər.
Onun kürsüsü göyləri, yeri tutmuş. Bunları hifz eləmək Ona ağır
olmaz. Böyükdür, ucadır O.
256. Dində məcburiyyət yoxdur. Doğru yol azdıran yoldan ayrılıb
aydınlaşıb. Kim bütləri inkar eləyib Allaha tapınarsa, artıq o
Allahın qopmaz ipindən bərk yapışıb tutmuşdur. Allah eşidəndir
hər şeyi, biləndir hər işi.
257. İman gətirənlərin dostudur Allah, onları qaranlıqdan aydınlığa
çıxarar. Kafirlərin dostlarısa bütlərdir, bunlar da aydınlıqdan
qaranlıqlara sürükləyər onları. Od əhlidir onlar, od içində əbədilik
qalarlar.
258. Rəbbi haqqında İbrahimlə höcətləşən kimsəni görməzmi oldun?
Bəs necə, hakimiyyət verib axı Allah ona. «Rəbbim dirildəndir,
öldürəndir» dedi İbrahim. «Mən də dirildərəm, öldürərəm» dedi
o. «Şübhəsiz, Allah günəşi məşriqdən gətirir, sən də məğribdən
gətirsənə» dedi İbrahim. Çaşıb qaldı kafir. Zalımları düz yola
çəkməz Allah.
259. Altı üstünə çevrilmiş bir kənddən keçəni necə, görməzmi oldun?
«Allah bu kəndi ölümündən sonra necə dirildəcək» demişdi. Allah
da onun özünü öldürüb yüz il orada saxladı, sonra diriltdi, «Nə
qədər qaldın?» dedi. «Bir gün, yaxud bir gündən az qaldım» dedi.
«Xeyr, yüz il qaldın. Yeməyin, içməyin bax hələ korlanmayıb, eşşəyinə
bax, çoxdan ölüb. Sən insanlara ibrət olasan deyə bunları belə
elədik. Sümüklərə bax, gör onları bir-birinin üstünə necə qoyuruq,
sonra onlara əti necə geydiririk». Bu işlər ona açıqca bəlli olanda
dedi: «Bilirəm, hər şeyə qadirdir Allah».
260. İbrahim də bir zaman Rəbbim, ölüləri necə dirildirsən, göstər
mənə demişdi. «İnanmırsan?» dedi Allah. «Xeyr, elə deyil, ancaq
qəlbim əmin olsun deyə göstər» dedi İbrahim. «Elə isə quşlardan
dördünü tut, özünə öyrəşdir onları, sonra isə onların hərəsindən
bir parça kəsib dağın başına qoy. Və səsləsən onları gələrlər
sənə sarı. Onda bil ki, güclüdür, müdrikdir Allah».
261. Mal-dövlətini Allah yolunda xərcləyənlər hər sünbülündə yüz
dən olmaqla yeddi sünbül bitirən bir dən kimidir. Allah istədiyinə
artıqlamasilə verir. Lütfü genişdir Allahın. Hər işi biləndir
O.
262. Mal-dövlətini Allah yolunda xərcləyib sonra başa qaxmayan
və əziyyət verməyənlərin əcrini verəcək Allah. Onlara zaval yoxdur,
dərd əlindən üzülməzlər.
263. Kəzəl bir söz söyləmək, əfv eləmək əziyyət gətirən sədəqədən
yaxşıdır. Varlıdır, həlimdir Allah.
264. Ey mö'minlər, adamlar qarşısında riyakarlıq edərək mal-dövlətini
xərcləyib Allaha və axirət gününə inanmayan adam sayaq başa qaxıb
əziyyət verməklə sədəqələrinizi boşa çıxarmayın. Ystündə torpaq
olan bir qayaya bənzər beləsi. Leysan yağdımı [üstündəki torpağı
yuyub apararaq] sərt bir daşa döndərər onu. Qazandıqlarından bir
şey əldə eləməz belələri. Kafirlərin qövmünü doğru yola çəkməz
Allah.
265. Allahın rizasını qazanmaq, qəlblərini saflaşdırmaq naminə
mal-dövlətini xərcləyənin təpə üstündə olan bir bağa bənzəri var.
Bol yağmur düşdümü, ikiqat verər meyvəsini. Yağıntı olmasa da
çisəyi bəs edər ona. İşləklərinizi görür Allah.
266. Sizlərdən kim istəyər içində çaylar axan xurmalıqdan, üzümlükdən
ibarət və içində hər cür meyvəsi yetişən bağı olsun və ixtiyar
çağında, uşaqları köməksiz və kiçik ikən birdən-birə od-alov gətirən
qasırğa bu bağı yandırıb kül eləsin? Düşünəsiz deyə beləcə açıqlayır
ayələrini sizə Alllah.
267. Ey mö'minlər, qazanclarınızın təmizlərini və sizin üçün yerdən
çıxardıqlarımızı Allah yolunda sərf eləyin, göz yummadan almayacağınız
pis şeyləri sədəqə verməyə tələsməyin. Bilin, varlıdır, həlimdir
Allah.
268. Şeytan sizi kasıbçılıqla qorxudur və sizə çirkin işlər görməyi
buyurur. Allah isə sizə məğfirət və fəzilət və'd eləyir. Şübhəsiz,
lütfü genişdir Allahın. Hər şeyi bilir O.
269. İstədiyi adama hikmət verir. Hikmət verilən adamın xeyri-bərəkəti
bol olar. Ancaq aqillər bunu düşünüb anlar.
270. Nə xərciniz çıxıbsa, nə nəzir vermisizsə bilir Allah. Zalımlara
yardım edən tapılmaz.
271. Sədəqəni açıq-aşkar verirsizsə nə yaxşı! Gizlicə yoxsullara
paylayırsızsa, sizin üçün daha yaxşı, Allah keçər bir para suçunuzdan.
Allahın xəbəri var işlərinizdən.
272. Onları doğru yola gətirməyə sən borclu deyilsən. Allah istədiyi
adamı doğru yola gətirər. Xeyir verməyin xeyri sizədir. Yalnız
Allahın rizasını qazanmaq üçün xeyir verərsinizsə, verdiyiniz
də sizə verilər və heç inciməzsiniz.
273. Sədəqələrinizi o yoxsullara paylayın ki, qapanıb qalmışlar
Allah yolunda [doğru yoldan kənara çıxmazlar] gəzib-dolaşmazlar
yer üzünü. Cahil adam utancaq görüb varlı sanar onları. Yzlərindən
tanıyarsan onları. Yzünə üz tutub bir pay istəməz onlar başqalarından.
Verdiyiniz xeyirdən xəbərdardır Allah.
274. Mal-dövlətini gecə-gündüz, açıq-aşkar və gizli Allah yolunda
sərf edənlərin əcrini verəcək Rəbbləri. Onlara zaval yoxdur, dərd
əlindən üzülməzlər.
275. Faiz yeyənlər [sələmçilər] məhşər ayağında şeytanın toxunub
yerə yıxdığı adamın qalxdığı kimi qalxarlar ayağa. Belələri «Alış-veriş
də sələm kimi bir şeydir» demişdilər. Və buna görə Allah halal
buyurmuş alış-verişi, haram buyurmuş sələmçiliyi. Rəbbindən öyüd
alıb sələmçilikdən əl çəkən adamın nəyi varsa özünə qalar, öz
işi də qalar Allaha [əfv edər onu Allah]. Kim təzədən başlayarsa
sələmçiliyə, cəhənnəmlikdir o, əbədilik qalar od içində.
276. Sələmi məhv edər Allah, sədəqələri artırar. Heç bir günahkar
nankoru sevməz Allah.
277. O kəslər ki, imana gəliblər, yararlı işlər görüblər, namaz
qılıblar, zəkat veriblər - Rəbləri verəcək əcirlərin. Zaval yoxdur
onlara, dərd əlindən üzülməzlər.
278. Ey mö'minlər, qorxun Allahdan, mö'minsinizsə imtina eləyin
sələmdən yığılan hesabdan.
279. Yoxsa bilin ki, Allaha və Rəsuluna qarşı savaşa qoşulursuz.
Tövbə etsəniz sizindir sərmayəniz. Və nə siz haqsızlıq edərsiniz,
nə də sizə haqsızlıq edilər.
280. Borcu olan dardadırsa, vəziyyəti yüngülləşənə qədər möhlət
verin. Əgər bilsəniz, sizin üçün daha yaxşı olardı borcu bir pay
olaraq bağışlayasız.
281. O gündən özünüzü gözləyin ki, Allahın dərgahına dönəcəksiniz,
sonra hər kəsə qaytarılacaq öz qazancı, öz haqqı.
282. Ey mö'minlər, müəyyən müddətə bir-birinizə borc verəndə yazın
bunu. Ya da aranızda olan bir katib ədalətlə yazsın bunu. Katib
Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borcu
olan da yazdırsın ona və o da Rəbbi Allahdan qorxsun, heç nəyi
əskiltməsin. Əgər borclu ağıldan kəmdirsə, yaxud zəifdirsə, ya
da diktə eləmək vəziyyətində deyilsə, onda onun yaxın adamı diktə
eləyib ədalətlə yazdırsın. Aranızdan iki kişini şahid tutun. İki
kişi tapılmasa, razı olduğunuz bir kişi və iki qadın şahidlik
eləsin. Biri [qadınların] çaşanda o biri düzəltsin səhvini. Şahidlər
çağrılanda şahidlikdən qaçmasınlar. Az olsun, ya çox, müddətini
göstərməklə yazın borcu, darıxdırmasın sizi yazmaq. Allah qarşısında
daha insaflı olmağınız üçün, daha ədalətli şahidlik üçün, şübhələrdən
lap uzaq düşmək üçün belə vacib bilinir sizə. Əgər aranızda nəqd
pulla alış-veriş varsa, bunu yazmasanız günaha batmazsınız. Alış-veriş
zamanı da şahid tutun. Katib də, şahid də ziyana düşməsin. Ziyana
salsanız onları sapmış olursunuz doğru yoldan. Qorxun Allahdan.
Dərs verər sizə Allah, hər şeyi bilər Allah.
283. Əgər yolda olsanız və bir katib tapmasanız alınan girov kifayətdir.
Bir-birinizə e'tibarınız varsa, e'tibar edilən adam qaytarsın
əmanətini və qorxsun Rəbbi Allahdan. Gördüyünüzü ürəyinizdə gizlətməyin,
günaha batar ürəyiniz. İşləklərinizi bilir Allah.
284. Allahındır göylərdə nə varsa, yerdə nə varsa. Yrəyinizi açsanız
da, açmasanız da haqq-hesaba çəkər sizi Allah, istədiyi adamın
keçər suçundan, istədiyinə əzab verər. Hər şeyə qadirdir Allah.
285. Rəsul iman gətirmiş Rəbbindən ona nazil olana, mö'minlər
də eləcə. Hər biri iman götirmiş Allaha, mələklərinə, Kitablarına
və peyğəmbərlərinə. «Onun elçilərindən birini o birindən ayırmarıq»
demişlər. «Eşitdik, itaət etdik. Rəbbimiz, əfvini dilərik. Sənin
dərgahına dönəcəyik!» demişlər.
286. Hər kəsi gücünə görə yükləyər Allah. Hər kəsin qazandığı
yaxşılıq onun lehinədir, pislik əleyhinə, Rəbbimiz! Nəyisə unutsaq,
nədəsə yanılsaq danlama bizi, Rəbbimiz! Bizdən öncəkiləri yüklədiyin
kimi ağır yüklə yükləmə bizi, Rəbbimiz! Gücümüz çatmayan şeyi
daşıtma bizə. Əfv et bizi, keç günahımızdan, yazığın gəlsin bizə.
Sən bizim mövlamızsan [cənabımız, ağamızsan] Kafirlərin qövmü
əleyhinə yardım et bizə!
|