«Etika
ilə siyasəti bir-birindən ayıranların nə ondan, nə də bundan xəbəri
var»
U.Çör.çil
Son
ayların ən gözlənilməz olaylarından biri və şübhəsiz ki, birincisi
Danimarka mətbuatından başlayaraq bir sıra Qərb kütləvi informasiya
vasitələrində uca peyğəmbərimizə həqarət edilməsidir. Milyarddan
artıq insanın heysiyyatına toxunan bu hərəkət, təbii olaraq, böyük
hiddət doğurdu. Və bu karikatura olayı, qələmə verildiyi kimi,
Qərbin sərhədsiz söz azadlığnın təzahürü, bizim ona olan münasibətimiz
isə söz azadlığını anlamamaqdan gələn təpki deyildi. Bu, bir sıra
siyasi dairələrin və onlara bağlı KİV-lərin məkrli bir planının
tərkib hissəsi, davamlı bir layihənin növbəti addımı idi.
YENİ
QÜTB AXTARIŞI
Əslində
hər şey ikiqütblü dünyanın kollapsından başladı. Sosializm düşərgəsi
tarixin arxivinə göndəriləndən sonra Qərbin ikincü qütb axtarışı
başlanıldı. Təbii olaraq formalaşan ikinci qütb isə elə formalaşma
mərhələsində qarşı tərəfin razılığını almadı və dağıdıldı. Rusiya,
Çin, İndoneziya, Hindstan kimi böyük dövlətlərin Qərbə qarşı blok
yaratmaq istəyi İndoneziyanın cəzalanması ilə yekunlaşdı. Onillərlə
sosializm düşərgəsinə qarşı mücadilədə Qərblə əməkdaşlıq etmiş
və bu üzdən də daim müttəfiq kimi sevilən Suxarto üzünü Şərqə
tutan kimi «məlum oldu» ki, o, diktator və korrupsiyaçıdır. Analoci
başağrıları başqa müttəfiqlər üçün də ola bilərdi. Onların bir
daha düşünüb-daşınmaq şansı vardı. Mütəffiqlər bu zamanı yaxşıca
qiymətləndirib «ağıllı» qərar çıxarmağı bacardılar. Beləliklə,
yeni qütb ideyası iflasa uğradı. Və Qərb özü üçün hədəf «sifariş
verdi». Bu, islam idi.
İSLAM
MONOLİT BİR TƏŞƏKKÜL DEYİL
İslamın
ikiqütblü dünyada bir tərəf olması obyektiv amillərləmi şərtlənir?
Qətiyyən yox. Bir dünya dini və sivilizasiyası kimi islam gerçəkliyi
dini rəngarəngliklə səciyyələnir. Burada sünnilik və şiəlik cərəyanlarını,
müxtəlif konfessiyalar və saysız-hesabsız təriqətlər var. Bütün
müsəlmanları eyni dünyagörüşü birləşdirsə də, bu, islamı bir monolitə,
xüsusən də təhlükəsizlik siyasəti nöqteyi-nəzərindən əhəmiyyəti
olan bir simaya çevirmir. İstər indi, istərsə də gələcəkdə 55
islam dövlətinin vahid islam sivilizasiyası halında bir araya
gəlməsi mümkün deyil. Amma Qərb üçün İslamın başqa cür təqdimi
– onun demokratik dünya, xüsusən də Qərb dövlətləri üçün təhlükə
yaradan bir qüvvə olması imici xüsusi əhəmiyyət kəsb edir. Təhlükəsizlik
siyasəti məsələsinin islam dövlətləri və ya sivilizasiyasına yönəldilməsinin
nəticəsidir ki, son illər «islam» və «fundamentalizm» sözləri
bir yerdə anılır.
FUNDAMENTALİZM
BÜTÜN DİNLƏRDƏ VAR
Sivilizasiyalar
arasında fərqlərin siyasiləşdirilməsi məsələsi qlobal xarakter
daşıyır və bu, bütün dünya dinlərində var. Və onun bütün növləri,
necə deyərlər, «bir bezin qırağıdır».. Bu sahə ilə az-çox maraqlananlar
xristianlıqda Olster fundamentalizmi, ABŞ-da protestant xristianların
fundamentalizmi, bundan başqa, Qvatemala adventistləri, İtaliyada
«Comunione e Liberpzione» təşkilatı var. Hindistanda bir-biri
ilə bağlı olan üç hinduist fundamentalist təşkilatı mövcuddur.
RSS və ya Könüllülərin Milli Birliyi, VHP və ya Ümumdünya İndus
Cəmiyyəti, BCP və ya Hindistan Xalq Partiyası. Yəhudilikdə «Quş
Eminum», «Kax» təşkilatı, «Xabad», «Xarodi», buddizmdə Şri-Lankadakı
«Sinhal Maha Sabha» təşkilatı, Yaponiyada «Meydzi» sintoist funtamentalistləri
və s.
Əgər gerçək
maraq bütün fundamentalzm təzahürlərinə qarşı mübarizədirsə, onda
fundamentalizmin islamla eyniləşdirilməsi yenə məqsədəuyğun deyil.
Çünki bu, «islam» sözü arxasında gizlənənlərə böyük xidmət olar
ki, islam diasporunu özlərinin siyasi fəaliyyətlərinin səhnəsinə
çevirsinlər və bütövlükdə islam adından danışsınlar.
«CİN»İN
KUZƏDƏN ÇIXMASI
İslama böhtan
atanların çalışdığı məsələlərlən biri də islam və terrorçu anlayışlarının
bir assosiasiya olunması istəyidir. Elə son karikatura olayı da
bu düşüncənin birbaşa nəticəsidir. Amma çoxlarına bəllidir ki,
Yaxın Şərqdə «islam» sözünü adında daşıyan terrorçu təşkilatlar
məhz Qərbin əli ilə yaradılıb. Bu, dünyanın kapitalzm və sosializm
düşərgələrinə bölündüyü zamanlara təsadüf edir. Kommunizm ideologiyasının
Kuba, Çili, Vyetnam kimi ölkələrə çatması və tərəfdar toplaması,
Laos, Kamboca, Yaxın Şərqdə isə Yəmən, Misir və s. ölkələrlə sıcaq
münasibətlərin yaranması Qərbi müxtəlif tədbirlər görməyə məcbur
edirdi. O vaxt müsəlmanlar arasında kommunizmə meyl yaranmasına
mane olmaq və Yaxın Şərqdə Sovetlərin möhkəmlənməsinə əngəl olmaq
üçün müsəlmanlar arasında SSRİ-nin ateist ölkə olması və kommunistlərin
hakimiyyətə gəldiyi təqdirdə, dünyəvi dövlət quracaqları hədəsi
ilə Qərbin birbaşa ideoloci, siyasi, maliyyə və texniki dəstəyi
ilə islam yolunda ölməyə hazır olanlardan ibarət terrorçu qruplar
yaradılırdı. Bipolyar dünyanın sonu bu təşkilatları maliyyə dəstəyindən
məhrum etdi və onlar yeni sifarişçilər aramağa başladılar. Kuzədən
çıxmış «cin» artıq onların özü üçün də təhlükə mənbəyinə çevrildi.
Amma əvvəlki «patron»lar bundan da yararlanmağa başladılar. «Cin»lərin
varlığının səbəbini islamın mahiyyəti ilə bağlamaq siyasəti yürüdülməyə
başladı.
Elə həmin
dövrdə Türkiyədə SSRİ-nin ideoloci, maliyyə və texniki yardımı
ilə məşhur PKK terror təşkilatı yaradılırdı. Bu təşkilatın əli
ilə indiyə kimi otuz mindən artıq insan qətlə yetirilb və onların
mütləq əksəriyyəti, demək olar ki, hamıısı müəslmanlardır. Ümumiyyətlə,
özünü islamçı adlandıran terror təşkilatlarının qətlə yetirdiyi
adamların çoxu müsəlmandır. Amma nədənsə Qərbin məlum dairələri
bu barədə danışmağı sevmir, zərərçəkmiş kimi özlərini göstərirlər.
MÜSƏLMAN
TERRORÇU, TERRORÇU İSƏ MÜSƏLMAN OLA BİLMƏZ
1996-cı
ilin martında Misirin Şarm əl-Şeyx şəhərində terrorizmlə mübarizəyə
həsr olunmuş yüksək səviyyəli görüşdə islam dövlətlərinin başçıları
öz qərbli həmkarlarının yekun kommünikeyə «islam terrorçuluğu»
anlayışını salmaq cəhdlərinin əleyhinə getdilər. Bu, dəfələrlə
vurğulanıb və İslam Konfransı Təşkilatının sənədlərində də birmənalı
şəkildə bildirilib ki, müsəlman terrorçu, terrorçu isə müsəlman
ola bilməz. Bir sözlə, ben Ladenlər, taliblər, daha kimlər, kimlər
(onları Qərbdən olan müəllimləri daha yaxından tanıyır) islamın
bətrından çıxmayıb.
QURULTAY
İSLAM ÖLKƏLƏRİNİN TƏKİDİ İLƏ YASAQLANDI
Avropa kütləvi
informasiya vasitələri istisnasız olaraq «islam» fundamentalistlərinin
terror aktları haqda məlumatlar yaysalar da, islamı fundamentalizm
və terrorizmlə eyniləşdirmək kimi riyakar siyasət, yaxşı ki, Qərbin
özündə çoxları tərəfindən qəbul olunmur. Almaniyanın Gettingem
Universitetinin professoru Bassam Tibi bu məsələ ilə bağlı yazır:
«İslam dünyasında hələ onu da unutmayıblar ki, aktiv şəkildə terrorla
məşğul olanların çoxu Əfqanıstanda müharibə zamanı Amerikanın
Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb. ABŞ-da «islam
təhlükəsi» haqda danışa-danışa amerikalılar bu müharibənin elə
əvvəlində Pakistan xüsusi xidmət orqanları tərəfindən ən radikal
və dözümsüz fundamentalistləri - taliban hərəkatını dəstəkləyirdilər.
İndi taliblər artıq ABŞ-la münasibətləri kəsiblər, necə ki bundan
əvvəl bunu «ərəb əfqanları» eləmişdi...» Elə həmin müəllif maraq
doğuran daha bir faktı diqqətə çatdırır: «Adında «islam» sözünü
daşıyan terror təşkilatları «İslam İnternasionalı» adlı təşiklat
yaratmaq niyyətində idilər və onu 1996-cı ildə Londonda reallışdırmaq
istəyirdilər. Yalnız Misirin və digər ərəb ölkələrinin davamlı
təzyiqləri sonucunda Böyük Britaniya hökuməti bu qurultayı yasaqladı».
«BU,
MƏNİM SİVİLİZASİYAMDIR»
Amma Qərbin
bir sıra siyasi dairələri üçün kimin haqlı olması önəmli deyil.
Bir vaxtlar «Haqlıdır, haqlı deyil, bu, mənim dövlətimdir» prinsipi
indi Hantinqtonun tərtibində «Haqlıdır və ya haqlı deyil, fərq
etməz, bu, mənim sivilizasiyamdır» şəklində həyata keçirilir.
Hədəf isə Qoca Şərqdir. Zəngin karbohidrogen ehtiyatları müqabilində
milyonlarla insanın kasıblıq həddində yaşadığı bir coğrafiya.
Beləliklə, bizim portret cizgilərimiz belə müəyyənləşir: fundamentalist,
terrorçu, ekstremist, demokratik dəyərlərlə uzlaşmayan... Əslində,
güman etmirəm ki, bir sıra aparıcı Qərb dövlətləri rəsmilərinin
müsəlman dövlətlərində demokratik, xalq iradəsinə söykənən hakimiyyət
formalaşmasında marağı ciddidir. Bəlkə də, istəyirlər ki, dünyada
hər kəs Şərqə üzünü tutanda görsün ki, Hikmət Hacızadə demiş,
bir padşah oturub, yanında da oğlu. Azərbaycan nümunəsində bunun
belə olduğunu gördük. Bütün bunlardan sonra adam fikirləşir ki,
Şərqdə demokratiya yolu seçmiş Türkiyə, güclü iqtisadi inkişaf
keçirən Malayziya kimi örnəklər Qərb siyasi dairələrinə, ən nəzakətli
adamların təbiri ilə desək, könül xoşluğu vermir, əksinə, bu ölkələr
nə qədər sıxıntıda olsa, daha məmnun olarlar. İmkan qazanarlar
ki, «arqument»lərinə daha bir paraqraf əlavə etsinlər: «Müsəlmanlar
demokratiya yolunu mənimsəyə bilmirlər».
HİDDƏTİMİZİN
MONİTORİNQİ
Uca peyğəmbərimizə
ünvanlanan təhqirə, təbii ki, bütün islam dünyası çox sərt reaksiya
verdi. Amma düşünürəm ki, bu məsələdə hiddətimizdə nə qədər haqlı
olsaq da, əməllərimizdə də Quran prinsiplərinə sadiq qalaraq –
«pisliyi özündən kənar edəndə bunu ən yaxşı üsulla et» ayəsini
əsas tutaraq hərəkət etməliyik. Səfirliklərin yandırılması, dini
mənsubiyyətinə görə kiminsə incidilməsi faktları olmasa yaxşı
olardı. Bu işdə günahı olmayan kəsləri hədəfə almaq olmaz. Bundan
başqa, bizim sərt reaksiyamızdan da Qərbdə bizim ziyanımıza istifadə
edəcəkləri şəksizdir. Ağıllı adamlar hər şeyi düzgün qiymətləndirsə
də, bu, obıvatellərin yaddaşında mənfi bir iz buraxacaq. Hər halda,
ölkəsinin səfirliyi, dövlət bayrağı təhqir olunub. Azərbaycanda
tolerantlıq örnək olacaq həddə, bəs deyincədir. Bu, çox gözəldir.
Amma təəssüf ki, bir sıra yazarlar bu karikatura məsələsinə etiraz
edəndə hədəfdən yayınır, günahkarları yox, bütövlükdə Qərbi hədəfə
alırlar. Qəzetlərdə «şərəfsiz Avropa toplumu» kimi xoşagəlməz
ifadələrin yer alması təəssüf doğurur. Əslində, bu ssenarini quranların
əsas hədəflərindən biri, heç şübhəsiz ki,i bizim reaksiyamızdan
yararlanmaq və Qərb toplumunun dəstəyini almaq idi.
«NƏNƏ,
BƏS SƏNİN DİŞLƏRİN NİYƏ BELƏ UZUNDU?»
Bəli, islamın
düşmən və barbar obrazı Qərbin bir sıra üzdəniraq siyasilərinə
hava və su kimi lazımdır. Arada bir düşünürsən ki, əslində 11
sentyabr da, digər terror hadisələri də bu qüvvələrin işinə daha
çox yarayıb. Axı Şərqin təhlükə mənbəyi olduğuna gərək öz xalqını
inandırasan. 11 sentyabrdan sonra əvvəlcə beynəlxalq ictimai rəy
ben Ladenin, bir qədər sonra «əl-Qaidə»nin, sonra Əfqanıstanın,
daha sonra İraqın əleyhinə səfərbər olundu. Bununla da kifayətlənilmədi.
Artıq dairə bir qədər də genişləndirilib. Çünki sözügedən siyasi
qüvvələrə islam sivilizasiyasını təhlükəsizlik siyasətinin hədəfi
seçməkdə haqlı olduqlarını sübut etmək üçün dəlillər lazımdır.
Və bununla da öz militarist, müstəmləkəçi siyasətlərinə bəraət
qazandırmaq istəyirlər. Bu yerdə məşhur «Qırmızı papaq» nağılı
yada düşür. Nağılı bir az dəyişsək, belə bir mənzərə alınır: Nənə
cildinə girmiş canavar öz sifətinə məsum görkəm verməyə çalışır.
Nəvənin (Qərb cəmiyyətinin): «Nənə, bəs sənin dişlərin niyə belə
uzundu?» sualına «nənə» (canavar-rəsmi dairələr) belə cavab verir:
«Əziz balam (xalqım), bu uzun və iti dişlər səni islamdan qorumaq
üçündür».
NƏHAYƏT
Qərbdə hakimiyyət
süngü ilə saxlanmır. Ölkənin yiyəsi azad və fəal vətəndaşlardır.
Təhlükə haqda təsəvvürlər lazımdır ki, demokratiyanı yaymaq və
ya milli təhlükəsizliyə təhdidi aradan qaldırmaq adı ilə əslində
karbohidrogen ehtiyatlarını ələ almaq və ya geosiyasi balansı
öz xeyrinə pozmaq üçün məsum insanların başına bombalar yağdıranda
Qərb toplumunun təpkisi ilə qarşılaşmasınlar. Məqsəd budur. Qərb
deyəndə biz həmişə insan azadlığını düşünmüşük. Amma bu azadlığın
«razmeri» haqqında təsəvvürlərimiz bitkin deyilmiş. Qərbin bəzi
siyasi dairələrinin və onlara bağlı mətbuat orqanlarının təfsirində
bu anlayışa həm də bütöv bir sivilizasiyaya böhtan, milyarrdan
artıq insanın heysiyyatını təhqir və güclülərin zəifi əzmək, böyük
balığın kiçikləri yemək azadlığı da daxil imiş. Yazını ünlü siyasətçi
Uinston Çörçilin bir kəlamı ilə bitirmək istərdik: «Etika ilə
siyasəti bir-birindən ayıranların nə ondan, nə də bundan xəbəri
var»
|