Sivilizasiyaların
daha yaxın təmasa girdiyi kürəsəlləşmə çağında öyünə bildiyimiz,
vurğuladığımız və təbliğinə ehtiyac duyulan bir tarixi nailiyyət
xalqımızın dindarlığına dair istər bizim öz içimizdə, istərdə
də xaricdə formalaşan tolerantlıq dəyərləndirməsi ilə bağlıdır.
Və Azərbaycanı dini tolerantlığın dünya miqyasındakı ünvanlarından
birinə çevirmiş bu nailiyyət ona görə tarixidir ki, indinin qazancı
deyil də əsrlərin bizə ərməğan etdiyidir.
Azərbaycan ərazisində
yaşayanların əksəriyyəti İslam dinini qəbul etməmişdən öncələr
Tanrıçılıqda (qədim türklərin əski inanc sistemində Tanrıçılıq
dini başlıca yer tuturdu və yeri gəlmişkən, qeyd olunmalıdır ki,
bu əski din də təktanrılığın arxaik variantlarından biridir və
əcdadlarımız da daxil biz heç zaman bütpərəstlik dinlərində olmamışıq),
Zərdüştülükdə (bu dinin də mahiyyətcə monoteist dinə aidiyyatı
barədə maraqlı araşdırmalar mövcuddur), Xristianlıqda olmuşlar.
Bu sonuncu 2-ci əsrdən 7-ci əsrədək tariximizdə özəl yeri olan
Alban dövlətinin rəsmi dini kimi meydana gəlmişdir. Bu da tarixi
həqiqətdir ki, erməni tarixçilərinin təhrifli təbliğatına rəğmən
xristianlığı Qafqazda ilkin olaraq bizim əcdadlarımız qəbul etmişlər.
Dini tolerantlığın dərin
kökləri yeni zamanda milli-mədəni irsimizdən də su içir. Azərbaycan
dindarlığı Nizami Gəncəvinin “Xəmsə” qəhrəmanları, “Əsli və Kərəm”
dastanı, İsa Məsih obrazlı Nəsimi şeirləri, M.Ə.Sabirin gerçək
islamı təbliğ edən, dini mövhumatçılıq və fanatizm əleyhinə satiraları,
N.Nərimanovun “Bahadır və Sona”, Y.V.Çəmənzəminlinin “Əli və Nino”
romanları, C.Cabbarlının “1905-ci ildə”, H.Cavidin “Şeyx Sənan”
dramları və onlarca başqa nümunələr əsasında təlim-tərbiyə görmüş
bir mahiyyətdədir.
H.Cavidin Şeyx Sənanı
müsəlman dini icmasının rəhbəridir. Sevgilisi, xristian qızı Xumarın
yolunda hər cür məhrumiyyətlərə gedir, dini dözümsüzlük sərgiləyən
keşişlərin tələbi və təzyiqilə müsəlman kimliyinə aid şərtiliklərdən
imtina edir – donuz otarır, boynundan xaç asır, şərab içir və
s. Və nəhayət, ondan tələb edəndə indi də Quranı yandırsın, deyir
siz də rəva biməzsiniz ki, səhifələrində Həzrət Məryəmin, İsa
Məsihin adları keçən bir Kitab yansın. İlahi məntiqin qarşısında
radikal din böyükləri geri çəkilməli olurlar. Və bu yerdə oxucu
müəllif rəğbətlisi Şeyx Sənanı heç də dini dönük qiyafəsində deyil,
əksinə ali bir məqamda, xalis bir dinin içində görür. “Biz endirdik,
Biz Anımı (Quranı), Biz də gerçəkdən onu hökmən qoruyanlarıq”
(Quran- Kərim, 15-ci surə, 9-cu ayə) buyuran Rəbbimizin xalis
dinində.
“Kitab-i Dədə Qorqud”da
tarixən biçimlənmiş dindarlığımızın başqa bir mühüm keyfiyyətilə
də rastlaşırıq. Qorqud qəhrəmanlarının tapındığı din falçı, pir,
molla, imam dini deyil də sözün birbaşa mənasında, Quran diliylə
desək, xalis dindir, uca Allahın dinidir. Xalis təktanrılıq ruhu
oğuz qəhrəmanlarının düşüncə və davranış tərzində aşkarlanan bütün
məqamları ilə əlahiddə bir enerji qaynağıdır. Oğuz əcdadlarımızın
Tanrıyla təması mistik aləmə qapılanların, məbədlərdə gün keçirənlərin,
guşənişinlərin ibadətinə əks məzmundadır. Bu məzmun sırf həyati
müstəvidə və təktanrılığın insan üçün nəzərdə tutulan təyinatına
tamamilə uyğun gəlir ki, Tanrıdan qəbul görür. Dastanın Bamsı
Beyrək boyunda olduğu kimi: “Ol zamanda bəylərin alqışı alqış,
qarğışı qarğış idi. Duaları müstəcəb olurdu”. Qorqudçuların tapındığı
din saf təktanrılıq başlanğıcından güc aldığına görədir ki, aktiv
variantda bir imanla gerçəkləşir. Qayəsi mövhumatçılığa xas ağır
mənəvi-psixoloji yük olmaqdan deyil də həyatı hər cür əzablardan
qurtarmaqdan, gözəlləşdirməkdən ibarətdir və bu anlamda ibrətlidir.
Tarixi, mədəni, mənəvi nailiyyətimiz olan Azərbaycan dindarlığı
əslində belə keyfiyyətdə olduğuna görə tolerantlığı da dayanıqlı
və bu səbəbdən siyasiləşməyə, radikallaşmağa, dini dözümsüzlüyə
müqavimətlidir. Minilliklər ərzində mədəniyyətlərin qovuşduğu
polietnik və çoxkonfessiyalı bir məkan olaraq ölkəmizdə gəlişən
tolerantlıq dəyərləri təbliğ edilməklə yanaşı həm də bir nailiyyət
olaraq qorunmalıdır.
Sözsüz ki, milli müstəqilliyimizin
əldə edilməsi illərindən başlayaraq xaricdən edilən təcavüzlər,
torpaqlarımızın işğalı, yüz minlərlə yurddaşımızın qaçqınlıq,
didərginlik taleyinə məhkumluğu, daxili siyasi təlatümlər, eləcə
də qonşu ölkələrin nüfuzlu dini dairələrinin ölkəmizə siyasi məqsədlərlə
ayaq açmaq cəhdləri vətəndaşlarımızın dindarlığına da təsirsiz
ötüşməyib. İslam dünyasının bir parçası olan Azərbaycan Respublikasında
da çağdaş tərəqqi meyarlarına cavab verməyən, islamın tarixi-zahiri
əlamətlərilə kifayətlənən, din dəyərlərinin gerçək məzmunu və
elmi mündəricəsinə zidd düşən və başlıcası da tarixən biçimlənmiş
Azərbaycan dindarlığı keyfiyyətlərinə kölgə salan bəzi adət-ənənələr
yayıla bilib. Əhali arasında dindən siyasi məqsədlərlə istifadə
edənlər də yox deyil.
Dinimizi təmsil iddiasında
bulunan belələrinin fikrincə, “İslam siyasətdən ayrı ola bilməz.
Belə ki, İslam azadlıq, müştərək mənafelərin qorunması, ictimai
ədalət, təhlükəsizlik və s. məsələləri nəzərə almaqla yanaşı,
ölkələr arasında dostluq, qardaşlıq, bütün millətlərin bərabər
hüquqlara malik olma prinsiplərinə əsaslanan siyasi platforma
təklif edir”. İslamı siyasətdən ayrı görmək istəməyənlərin “mənəvi
platforma” deyil də “siyasi platforma” istilahına üstünlük vermələri
başa düşüləndir. Çünki məhz İslam adına qələmə verilən və siyasi
adlandırılan platforma dini-siyasi fəaliyyəti qanuniləşdirir,
sıravi dindarların tapındığı müqəddəs dəyərlərin konkret subyektiv
maraqların xidmətində tutulmasına bəraətli bir siyasi fon yaradır.
Məsələn, İranın məşhur
ayətullalarının biri, mərhum Fazil Lənkərani yazırdı: “İslam siyasət
dinidir, özü də siyasətin bütün sahələrində nəzəri olan dindir.
Bir kəs İslamın məhkəmə, siyasət, iqtisadiyyat və ictimai məsələlərində
azacıq təfəkkür etsə, qeyd olunanları səhih şəkildə anlaya bilər.
Hər kəs İslamın siyasətdən ayrı olmasını güman etsə, bir cahildir
ki, nə dindən xəbəri var, nə də siyasətdən başı çıxır”. Sıravi
dindarlarımız, gözüaçıq imanlı aydınlarımız bir yana, bu fikri
Azərbaycanda yaşayan və xarici dini çevrələrin təsiri altında
İslam dinini təmsil iddiasında olanlar bölüşürlər. Bir qism ənənəvi
islamçılar bu ideyanı öz fəaliyyətlərində rəhbər tutduqlarını
gizlətmir, başqa bir qism isə indiki şəraitdə dilə gətirməyə hələlik
ehtiyatlanır. Söhbət ənənəvi islamçıların Azərbaycanda tarixi
şəriət qaydalarını bərpa etmək arzusundan, bəzi hallarda isə əməli
fəaliyyətindən gedir. Bunun siyasi baxımdan yolverilməzliyi hamıya
aydındır - Azərbaycan Respublikasının ölkə konstitusiyasında nəzərdə
tutulan dünyəvi dövlət sistemi idarəçilik məsələlərində dini qaydaları
qəbul etmir. Din xadimlərinin seçkili orqanlarda iştirakının qarşısını
alan müvafiq konstitusuya maddəsi də dinin siyasiləşməsini əngəlləyən
vacib siyasi mexanizmlərdən biridir. Ancaq istərdim bunun elmi-teoloji
müstəvidə də qəbuledilməzliyinə bir qədər aydınlıq gətirim.
Ən çağdaş islam ilahiyyatçılığı
tarixən təşəkkül tapmış şəriət qaydalarının dinimizin ana qaynağı
Quran-i Kərimin məntiqi işığında yenilənməsini irəli sürürsə,
bu qaydaların müqəddəs Kitabımıza tərs düşən məzmunundan cəsarətlə
söz açırsa və şəriətin yenidən nəzərdən keçirilməsini əsaslandırırsa,
dinimizi siyasi məqsədlərinə alət edənlər bunun əksinə gedərək
insan zehninin məhsulu olaraq tarixən meydana çıxan şəriət qaydalarının
toxunulmazlığı və dəyişilməzliyində israr edirlər. Məsələn, onlar
bir çox məsələlərlə yanaşı, qəbul etmək istəmirlər ki, Qurana
istinad edilərsə, insanın edamı, qətlə yetirilməsi adekvat cəza
kimi yalnız qatilə, bilərəkdən adam öldürmüş caniyə tətbiq oluna
bilər, özü də ən yüksək cəza növü olaraq. Müvafiq Quran ayəsində
hətta o da var ki, öldürülən şəxsin ailəsinin istəyilə bu cinəyəti
törətmiş şəxs qan bahası ödəməklə canını ölümdən qurtara da bilər.
Şəxsin zinaya, eləcə də irtidada, yəni dinini dəyişməsinə görə,
eləcə də iki dəfə spirtli içki içdiyinin qarşılığında aldığı şallaqlanma
cəzalarına baxmayaraq uçüncü dəfə alkoqol qəbul etdiyinə və ya
hər hansı başqa əmələ görə insanın edamı müqəddəs Kitabımızda
nəinki nəzərdə tutulmur, bu həm də ilahi mətnin məntiqinə tamamilə
tərs duşən bir məsələdir. Siyasiləşmiş və islam adına qələmə verilən
ənənəvi din isə Quran dışı olan bu və ya digər qəddarlıqları tətbiq
etməyə iddialıdır. Bütün bunlar siyasiləşmiş dinin hakimiyyətdə
olduğu müsəlman ölkələrində artıq tətbiq olunur.
Şəriət qaydaları tarixin
müxtəlif dövrlərində islam alimləri tərəfindən formalaşmış və
cəmiyyətin din adına idarə olunmasında hüquqi tənzimləmə normalarını
ehtiva edir. Orta əsrlərin siyasi reallıqlarının təzyiqi ilə ərsəyə
gələn bu qaydalar əksərən çağdaş ilahiyyatçılığın araşdırma predmeti
olan Quran məntiqilə düz gəlmir. Yeri gəlmişkən, qeyd edim ki,
özünün nəzəri variantında, yəni ana qaynağı Quranda təktanrılığı
mütləqləşdirən Islam dini Tanrı-insan münasibətlərində hər hansı
vasitəçini qəbul etmədiyi kimi vasitəçilik institutlarını da məqbul
saymır. İslam adına fəaliyyət göstərən qruplar, partiyalar, strukturlar
əslində nəzəri baxımdan qeyri-islami bir məzmundadır. Tarixi şəriət
islamı isə strukturlaşmağa, təşkilatlanmağa, partiyalaşmağa, siyasətə
can atır. Onu da vurğulayım ki, mahiyyətcə siyasi olan şəriət
islamı dini məsələlərdə, şərhlərdə elmi fikir müxtəlifliyinə dözümsüzlük
göstərərək din “bazarında” inhisarçı olaraq davranır. Bu da faktdır
ki, ayrı-ayrı islami təriqətlərin bir-birindən fərqlənən islam
şəriətləri var. Azərbaycanda müxtəlif təriqətlər arasında din
bazarı uğrunda gedən sakit mübarizə indilikdə müəyyən problemlər
yaratsa da dərin fəsadlardan danışmaq hələ tezdir. Ancaq aydındır
ki, bu, mahiyyətcə siyasi mübarizədir, fikir müxtəlifliyinin sadəcə
çarpışması deyil də biri digərini mütləq ölçüdə inkar, biri digərini
təkfir, yəni küfrdə suçlama zəminində gedir. Dinin siyasiləşməsi
perspektivdə şəriət islamının dini durumda inhisarını artırar
ki, bu da azərbaycanlıların dini tolerantlıq nailiyyətinə, demokratik
mədəniyyətinin gəlişməsinə, milli dövlətçilik şüuruna zərbə vura
bilər.
Ölkəmizdə siyasi, şəriət
islamının indiyə qədər müəlliflərinə uğur gətirmədiyinin müxtəlif
səbəbləri var. Ən başlıcası azərbaycanlıların tarixən təşəkkül
tapmış və dini radikallığı qəbul etməyən mentalitetilə bağlıdır.
Bir daha qeyd edirəm, bu, bizim tarixi nailiyyətimizdir, bunu
qorumaq lazımdır.
Dinimizin siyasi çəkişmələr
arenasına çıxarılması cəhdləri isə məzmun baxımından əsasən bu
nailiyyətə kölgə salınmasına, aradan qaldırılmasına, milli təhlükəsizlik
məsələləri kontekstində problemlər yaradılmasına xidmət edir.
Azərbaycanda hələ təsirli
ölçüdə gəlişməmiş siyasi İslamın yolverilməzliyi həm də onunla
şərtlənir ki, bu, xarici təsir amili ilə sıx bağlıdır. Məsələ
burasındadır ki, hazırda İslamın bir din olaraq siyasiləşməsinə
rəvac verən amillər daxildən qaynaqlanmır. Milli müstəqilliyimiz
qazanılandan sonra qısa müddət ərzində Azərbaycanda qonşu müsəlman
ölkələrinin nüfuzlu dini dairələri tərəfindən dəstəklənən yeni
islami təriqətlər fəaliyyət göstərməyə başladı. Bu təriqətlərin
fəaliyyəti zahirən sırf dini missionerlik görüntüsü yaratsa da
bəlli siyasi mahiyyət daşıdığı aydındır.
Azərbaycanlı vahabilərlə
aparılan söhbətlərdə təriqət üzvləri özlərini açıqdan-açığa Ərəbistan
yarımadası ölkələrinin təəssübkeşləri qismində göstərirlər. Azərbaycanlı
nurçularla bağlı isə bu yaxınlarda maraqlı bir məlumat aldım.
Türkiyədə keçirilən prezident seçkilərində Abdulla Gülün qələbəsini
bir qrup gənc Azərbaycanlı nurçular elə məhrəmanə bir şadyanalıqla
qarşılayırmışlar ki, bu, sanki başqa ölkəyə deyil də özlərinə
aid bir hadisə imiş. Siyasi şiəliyin İranla bağlılığı isə ölkə
ictimaiyyətinə yaxşı bəllidir, bu barədə məlumatlar yetərincədir.
İslamın siyasiləşdirilməsi
cəhdləri ölkə daxilində dinimizin gerçək, ilahidən gəlmə dəyərlərlə
bağlı mahiyyətinə uyğun maarifçilik işinə də əngəl yaradır. Siyasi
islamın istinad etdiyi də əsasən mövhumat və fanatizmdir ki, bunun
gerçək dini dəyərlərlə uyarsızlığı dindarlarımızın da bilməli
və özlərinin etiqadına çevirməli olduğu bir məsələdir.
Artıq dünya təcrübəsi
də doğrulayır ki, dinin insanlığa, cəmiyyətə, mədəni yüksəlişə,
tərəqqiyə, milli maraqların qorunmasına xidmət zəminində yerinin
və rolunun müəyyənləşməsinin gerçək qarantı dinə iddiaçı bir sistem
deyil, dünyəvi dövlət sistemi ola bilər. Siyasiləşmiş dinin müxalifi
olduğu məhz bu sistem vətəndaşların etiqad azadlıqlarını təmin
edən ən mükəmməl mexanizmlərə malikdir.
|