Qurani-Kərimdə
çox keçən və Quran terminologiyasının ən önəmli anlayışlarından
biri olan «ayə» sözü (cəmi ayat) ərəb dilində işarə, iz, dəlil
mənalarına gəlir. Quran «ayə» sözünü möcüzə mənasında da işlədir.
Quran ayrıca ayəni ümumilikdə «beyyinə» sözü ilə də verir. Quran
terminologiyası ilə danışsaq, ayənin insanı Allaha qılavuzlayan,
ona Allaha doğru getməkdə iz və işarə verən hər şey olduğunu söyləməyimiz
lazım gəlir. Bir müsəlman şair bu incəliyə diqqət çəkən zərbi-məsəl
olmuş bir misrasında belə deyir: «Hər şeydə onu göstərən bir ayə
var. Onun birliyini bizə anladır».
Quranın müəyyən parçaları
da insanın Allaha aparılması və bağlanmasında rol aldıqları üçün
ayə adlanır. Quranda 6600-ə qədər ayə olduğu qəbul edilib. Bunların
bəziləri bir cümlə, hətta bir hərf olduğu halda, bəziləri bir
səhifə tutmaqdadır. İlahi vəhy peyğəmbərimizə ayə şəklində gəlirdi.
Vəhyin hər gəlişində bir və ya bir neçə ayədən təşkil olunan buyruqlar
olurdu. Bu buyruqlar nüzul, yəni eniş səbəbi deyə adlandırılan
hadisə və ya hadisələr üzrə gəlir, beləcə ilahi mesacın insan
hafizə və həyatına yaxşıca yerləşdirilməsi təmin edilirdi.
Quran Allah kəlamı olduğu
kimi, onun tərtibi də Allah tərtibidir. Vəhyin peyğəmbərimizə
gəlməsinə vasitəçilik edən Cəbrail adlı mələk yenə Allahdan aldığı
əmr ilə hər ayənin qoyulması lazım gələn yeri də peyğəmbərə göstərirdi.
İş bununla da bitmirdi. Cəbrail hər il hz. Peyğəmbərə o ana kimi
gələn ayələri müqabilə edirdi. Yəni toplanmış olan Quran ayələrini
qarşılıqlı oxuyaraq ayələrin olmaları lazım gələn yerdə olub-olmasını
kontrol edirdilər. Bu müqabilə işi peyğəmbərimizin öldüyü ildə
iki dəfə edilib. Hz. Peyğəmbər buna baxaraq vəhyin bitmək üzrə
olduğunu və ölümünün yaxınlaşdığını anlayıb.
Hər bir ayənin Qurandakı
dinamizm və dialektik bünyəsində hansı ayələrlə bağlı olduğuna
qərar vermə səlahiyyəti insanın sistem tutqusuna və spekulyasyon
zəifliyinə buraxılmadan Yaradıcı Qüdrət tərəfindən müəyyənləşdirilib.
İslam alimləri, xüsusən Quranın şərhi üzrə ixtisaslaşmış müfəssirlər
heyranlıq verici bir təsbitlə «siyak və sibak karinesi»ndən söz
açırlar. Bunun mənası bir ayənin özündən sonrakı və əvvəlki ayə
və ayələrlə bağından doğan nüanslar və əldə edilən nəticələrdir.
İkinci praktik nəticə
bu ola bilər: Quranın tərtibi xronoloci və ya sistematik deyil,
həyati bir tərtibdir. Bu üzdəndir ki, Quran oxunduqca oxunur və
ən kiçik mənada bir usanma gətirmir. Bu, onun möcüzələrindən biridir.
Ayələrin tərtibinin vəhyi olması ən çox bu nöqtədə diqqət çəkir.
Qurani-Kərim varlıq və
kainatın bütününü və yaradılışı ayələr topluluğu olaraq verir.
Bu ayələrin insanı əhatə edən aləmdə yer alanlarına afaqi ayələr,
insanın iç dünyasında yer alanlara ənfusi ayələr deyilir (Ali
İmran, 190; Zariyat, 20-21; Fussılət, 53). Afaqi və ənfusi
ayələrdən bəhs edən Quran bəyanları ayələrin hədəfinin varlıq
və Yaradıcı Qüdrətin qavranması hədəfinə yönəldiyinə diqqət çəkir.
Varlıq və oluşun hamısını
ayə olaraq görən Quran varlıq və oluşun hamısını möcüzə sayır
deməkdir. Əsasən, Qurana görə, həyat bir möcüzədir. Bu möcüzənin
heyranlıq verən görünüşü arxasındakı evrənsəl şüuru və yaradıcı
sirri fərq edə bilmək heç bir ayırma etmədən bütün ayələri tədqiq
etməyə bağlıdır. Ayələr arasında ayrı-seçkilik etmək gerçəyin
dərkini əngəlləyər və insanın yanlış, əskik biliklərə çatmasına
səbəb olar.
Hər şey ayədir. Quran
ifadələrini işlətsək, ilahi vəhylər, peyğəmbərlər, göylər, yer
üzü, gecə, gündüz, dillər, rənglər, tarixi qalıntılar, böcəklər,
göz yaşı, kədər, sevinc, külək, yağış, doğulma, ölüm, sevgi, nifrət
və s. hamısı ayədir və bunların incələnməsi insanın vəzifəsidir.
Demək olar ki, vəhy vasitəsilə
endirilən (tənzili) ayələr olduğu kimi, yaradılış yolu ilə varlıqlar
dünyasına çıxarılan (təkvini) ayələr də var. Və bu ayələrin hamısı
yaradıcı şüuru göstərmək baxımından dəlildir. İsmayıl Haqqı Bursəvinin
təbiri ilə desək, «ayati-tənziliyə necə isə, ayati-təkviniyə dəxi
bürhani-ilahidir».
Bu ayələri sərgiləyəndə şüurla maddəni tək fərddə birləşdirən
insan həm ayələr topluluğu, həm də ayə oxuyucusudur. İnsan, demək
yerində isə, özünün kainatda detallanmasını seyr etməkdədir. İsmayıl
Haqqı Bursəvi bu mövzu ilə bağlı belə deyir: «İnsan mətn, aləm
bu mətnin şərhidir. Rəsul isə Quran hökmündədir».
İnsanın iç aləmindəki
ayələr ənfusi, onu əhatə edən aləmdəkilərə afaqi deyildiyini görmüşdük.
İnsan Quranın seyr dediyi bir incələməylə bu ayələrin hamısını
tədqiq etməlidir. Seyr insanın içindəki ayələrə yönəlibsə, buna
ənfusi seyr, xaricindəki ayələrə yönəlibsə, buna afaqi seyr deyilir.
Seyrin sonu yoxdur. Çünki
ayələrin sonu yoxdur. Cənab Haqq müddətin içində hətta müddətin
əslində özü olaraq Vasi (genişlənib yayılan) adını alır və bu
xüsusiyyətlə kainat sonsuz olmamasına baxmayaraq, bir sərhədsizlik
sərgiləyir. Bu, o deməkdir ki, ayələr rəsmi keçidi davam etməkdədir.
Quran bu incəliyə diqqət çəkəndə belə deyir: «Biz bir ayəni silib
yox edəndə və ya onu unutduranda yerinə ondan daha yaxşısını,
yaxud onun bənzərini mütləq verərik» (Baqara, 106).
Bundan başqa, Quran İnsanı
Allahın zatı deyil, əsərləri üzərində düşünməyə çağırır. Realitəyə
çatmağın güvənilən yolu bütünə getməklə bütündən gəlişi uyuşdurmaqdır.
Quran necə? sualının cavab müstəvisinə girməz, nə üçün? sualının
cavab müstəvisi ilə maraqlanır. Necə? mustəvisini nə üçün? sualı
ilə rabitəsi açısından dəyərləndirir. Beləcə Quran rasionalizasiyanın
lazım gəldiyi yerdə vəhyi bir susdurucu hegemoniya olaraq deyil,
bir üfüq açıcı pəncərə olaraq dövrəyə buraxır. Quran bilir ki,
bütünə gedişin lazım gəldiyi yerdə bütündən gəlişi istifadə etməkdə
israr inkar və materializmə zəmin hazırlamaqdır. Qısacası, Quran
təbiəti tədqiq yolunun gedilməsini bir materializm olaraq görməz.
18-ci əsr fransız materializmi deyilən hərəkat yaradıcı şüurun
inkar edilməməsi şərti ilə Quranın ayələri tədqiq tövr və əmrinin
bir ehyasıdır. Fəqət bu dinə rəğmən vücud bulduğu üçün bu hərəkatın
zəfəri dinlərin iflası kimi görülüb.
Realitəyə realitənin
özündən getmək çox az bəxtiyara nəsib olur. İnsan oğlu realitəyə
onun təcəllilərindən getməyin güvənli cizgisindən ayrılmamaq durumundadır.
Quran Zatdan sifatlara yerinə sifatlardan Zata getməyi əsas tutmaqla
insanı xarici dünyanı və özünü tədqiqin əmin yol olduğu gerçəyinə
çağırıb. Ayələrin incələnməsi tövr və tərzini incələdiyimiz varlığın
şüur və mənliyini yaxalamaqda bizə ən böyük yardımı edəcək. Hz.
İsanın dediyi kimi: «Mələkut həm içinizdə, həm də xaricinizdədir».
Təəssüf ki, kilsə mələkutun xaricimizdəki təcəllilərinə baxmağı
bir növ cinayət kimi cəzalandırmışdır. Patristik fəlsəfənin atalarından
biri olan Saint Ambroise belə deyirdi: «Yer üzünün necəliyi və
durumu üzərində mübahisə axirətdə bizim nə işimizə yarayar?» Belə
bir yanaşma kainatı böcək qanadından qalaktikalara qədər ayələr
topluluğu görən Quranın təsdiqini almaz. Çünki «Yer üzündə kor
olan axirətdə də kordur və yol baxımından ən sapıq da odur» (İsra,
72).
|