İctimai
şüur formalarindan biri əxlaq ictimai həyatın bütün sahələrində
insanların davranışlarını tənzimləyən sosial institutdur. Əxlaqûn
qoyduğu normaların yerinə yetirilməsinə isə konkret bir orqan
yox, hamı tərəfindən nəzarət olunur. Hər bir fərd əxlaqın təkcə
obyekti yox, həm də subyektidir. İctimai həyatın müxtəlif sahələrinə
tətbiq olunanda əxlaqın xüsusi növləri yaranır. Peşə əxlaqı, siyasi
əxlaq, məişət əxlaqı, ailə əxlaqı, vətən əxlaqı və b. k..
Xalqımızın müasir əxlaqı minilliklər ərzində formalaşıb.
Qədim türklərə məxsus əxlaq öz ciddi qaydaları ilə seçilib və
örnək ola biləcək cəhətləri var. Qafqaza gələndən sonra yerli
mühit, yeni yaşayış tərzi, oturaqlıq, qonşu xalqlar və etnoslarla
təmas Azərbaycan türklərinin əxlaqına bir sıra detalların artırılması
ilə sonuclanıb. Sonralar islamın qəbulu ilə çox mükəmməl olan
Quran əxlaqını da mənimsəyən xalqımızın əxlaqı yuxarıda sadalanan
bu üç əxlaqın sintezindən ibarətdir.
Dilimizdə olan «əxlaq»
sözünün özü də ÿrəbcə olub səciyyə, təbiət, xasiyyət anlamında
olan «xülq» sözündəndi. İslamdan əvvəl əxlaq haqda ərəblərdə olan
məlumatlar cahiliyyə şairlərinin əsərlərindən, atalar sözlərindən,
Qurandakı ayələrdən öyrənilir. Tədqiqatçılar cahiliyyə ədəbiyyatında
ayrıca «əxlaq» sözünə təsadüf olunmadığını, bu anlamda olan «mürüvvət»
sözünə daha çox rast gəlindiyini deyirlər. Bundan başqa, o dövrün
ədəbi nümunələrində əxlaq terminləri kimi «şücaət», «kərəm», «vəfa»,
bunların antonimi olan bir sıra sözlər işlənib. Ayrı-ayrı əxlaqi
kateqoriyaları əhatə edən bu terminlərin işlənmə məqamlarını və
ehtiva etdikləri mənanı kontekst içində incələyəndə yüksək, cahanşümul
bir əxlaqdan yox, dünyəvi və sırf qəbilə mənafeyini hədəfə alan
bir düşüncə tərzindən söz açıldığı bəlli olur. Cahiliyyə zamanının
adamları ölümdən sonrakı həyata inanmadıqları üçün bu dünyanın
heç bir zövq qaynağını əldən çıxarmamaq, bacardığı qədər çox faydalanmaq
haqda düşünür, hedonist bir həyat tərzini sevir və qiymətləndirirdilər.
Cahiliyyə çağının ən
məşhur şairlərindən olan Züheyrinin şerlərindən verilən nümunələr
bu əxlaq haqda aydın təsəvvür yaradır. Zəmanənin kumiri, qəhrəman
etalonu haqqında Züheyrinin bir şerində oxuyuruq: «O bir aslandır,
pür silah (silahlanmış), dırnaqları kəsilməmiş. İgiddir, zülmə
uğrayanda əlüstü zalıma qarşılıq verər, zülmə uğramazsa, özü zülmə
başlar. Öz elini silahıyla qorumayan kişi zillətə düşər. Və insanlara
zülm etməyənin özü zülmə məruz qalar». Göründüyü kimi, burada
ədalət, mənəviyyat prinsipləri yox, başqalarına qalib gəlməyi
ideal olaraq götürən, sərhədləri fərd və qəbilənin mənafeyi hüdudlarından
kənara çıxmayan bir əxlaq tərənnüm olunur. Bu əxlaq islamda qəzəb
nəfsi adlanan nəfslə yüklənib, elə bir nəfs ki, dinimizdə o, aradan
qaldırılması lazım olan heyvani bir özəllik kimi hədəfə alınır.
Bu səbəbdən Qurani-Kərimdə adamlar bir neçə dəfə məhz cahiliyyə
çağının nostalcisi xüsusunda tənqid edilir, belə əxlaqın yaramazlığı
göstərilir, nadanlıqları ucbatından o dövrün prinsiplərini arzu
etdiklərinə görə fərdlər qınağa məruz qalırlar: «Əslində insanların
çoxu çıxmış yolundan. Yoxsa cahiliyyə çağının hökmünü istəyirlər?
Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı bir qövm üçün?»
(Məidə, 49 - 51); «Erkən cahiliyyə çağında olduğu
sayaq bəzənib-düzənərək ətrafa açılıb-saçılmayın» (Əhzəb,
33); «Ürək ağrısıyla cahiliyyə çağının təəssübünü çəkirdi
cahillər» (Fəth, 26). Quran ayələrində bəzən
cahiliyyənin adı çəkilmədən də bu toplum hədəfə alınır, Qiyamət
zamanı yaramaz əxlaqları müqabilində haqq-hesab olunacaqları çox
ciddi təhdidlə bildirilir: «Elə ki büküldü günəş, elə ki töküldü
ulduzlar, elə ki yerindən oynadı dağlar, elə ki yiyəsiz qaldı
ikicanlı dəvələr, elə ki bir yerə cəm oldu bütün vəhşilər, elə
ki aşdı-daşdı dənizlər, elə ki bədənlərə birləşdi canlar, elə
ki diri-diri basdırılan körpə qızlar barədə soruşdular ki, günahları
nə imiş, öldürüblər onları?.. » (Təkvir, 1-9).
İslam dini bu əxlaqın
daha çox fərdi mənafeləri düşünən, cəngəllik qanunlarını xatırladan
«insan insanın canavarıdır» fəlsəfəsinə qarşı insana münasibətdə
helm, şəfqət, məhəbbət və təqva dolu bir əxlaq qoydu. Bu əxlaqın
qaynağı, şübhəsiz ki, Quran idi. Burada Allahı ən yüksək dərəcədə
sevmək (Baqara, 165), Onun xoşnudluğuna nail
olmaq və Ondan xoşnud olmaq (Məidə, 119) təməl
əxlaqi motiv olaraq göstərilir, doğru inanc və təmiz yaşayışın
ən yüksək qayəsinin Allahın razılığı olduğu vurğulanır
(Tövbə, 72), (Hadid, 27). Qurani-Kərim insanların başqalarına
qarşı yönəltdiyi mübarizə enerjisini öz daxilindəki nöqsanlara
– nəfsinə yönəldir. Nəfsə yönəldilən cihadın böyük, əsgəri cihadın
kiçik cihad adlandırılması əbəs deyil. Bu məntiqlə, dünyada baş
verən bütün yaramazlqların mənbəyi olan insan nəfsi insanın ağıl
və düşüncəsinin, «bu olmaz» deyən bir ədalət, insaf və təqva duyğusunun
nəzarətində saxlanmalıdır. Çünki o, bu buxovdan kənara çıxanda
aradan qaldırılması imkansız olan fəsadlar yaradır. Bütün müharibələrin,
kütləvi qırğınların, əxlaqsızlıqların və bunlara cavab olaraq
göndərilən təbii fəlakətlərin qaynağı insanların yüksək əxlaqa
söykənməyən hərəkət və ya hərəkətsizlikləridir. «Gəlsəydi imana
o ölkənin adamları, qorxsaydılar Allahdan, göyün və yerin bərəkətini
qismət eləyərdik onlara» (Əraf, 96). Deyilənlərin
cəmiyyətə, insanlığa vurduğu zərbənin nəticələrini aradan qaldırmaq
sonradan çox çətin olur. Ona görə Qurani-Kərim bu yaramazlıqların
mənbəyi olan nəfsi elə bətnindəcə – rüşeym halında boğmağı prinsip
olaraq irəli sürür. Bu halda nə ədalətsiz müharibələr, nə şəhvani
pozğunluqlar, nə də total ədalətsizliklər olar.
İslam əxlaqında təsəvvüf
əhlinin – sufilərin əxlaqı isə bir sıra məsələlərdə daha həssas
və tələbkar idi. Sufilər islamın əmr və qadağanlarını yerinə yetirməklə
kifayətlənməyib, bu əmrləri tam səmimiyyətlə əməllərində bütövləşdirməyi,
bütün ömrünü ruhunun təmizlənməsinə, Allaha yaxınlaşmağa həsr
etməyi hədəfə alır, dünyaya daha az bağlanmağı, ürəyində Allahdan
başqa kimsənin olmamasına nail olmağı vəzifə olaraq qarşılarına
qoyurdular. Yunus Əmrə «əməliyyə ilə nəzəriyyə» arasında ziddiyyət
olduğu, ibadətlərin saleh əməllərlə bütünləşmədiyi halda namazın
belə anlamsız olduğunu deyir, «əl-üz yumağa» bərabər belə ibadətləri
puç sayırdı:
«Bir
ürək sındırdın isə,
o qıldığın namaz deyil,
Yetmiş iki millət dəxi,
əl-üzünü yumaz deyil»
- deyə böyük
mütəsəvvif insanları həssaslığa, ədalət və insafda daha israrlı
olmağa dəvət edirdi. Arqument yetərincə əsaslı idi: Axı Uca Tanrı
insanı ən gözəl bir təbiətdə yaradıb (Tin ñórəsi, 4) və ona Öz
nəfəsini üfürüb (Hicr surəsi, 29). Ona görə əsl
insan yüksək dəyərə sahibdir, hətta and ünvanıdır: «And olsun
insana, insanı kamil yaradana» (Şəms 7). Sufilər
dünya nemətlərinə bağlılıqdan qurtarmağı da vəzifə olaraq götürürdülər.
Əgər dünya həyatı «bir oyun-oyuncaqdırsa», bu sərvətin insanlar
arasında çeşidli fitnə və fəsadların, müharibələrin ünvanı olmasını
necə qəbul etmək olar? Sərvət və vəzifə sahiblərindən uzaq olmaq
da təsəvvüf əxlaqının əsas şərtlərindəndir. Ümumiyyətlə, dinimizdə,
yumşaqlıq, həlimlik, insana qarşı sevgi, xoş sifət, kinli olmamaq
çağırışları çox güclüdür. Cəlaləddin Rumi İsa peyğəmbərsayağı
düşməni belə öz məhəbbəti ilə dosta çevirməyin mümkünlüyünü iddia
edirdi:
O
iki qara gözünə de ki,
Ən qəddar düşmənin belə olsa,
Ona qırx gün sevərək baxsın.
Qırx birinci gün onun da sənə
Sənin kimi baxdığını görəcəksən.
Qurani-Kərimdə
Şeytanin insana təzyiqlər etdiyi və onu düz yoldan sapdırmaqda
israrlı olması da dəfələrlə vurğulanır. Və hər kəsin bu təzyiqlərə
qarşı mətanətlə durmağının insanın özünün xeyrinə olduğu deyilir.
Şeytanin yerişini yeriməyin. O, sizin açıq düşməninizdir. O, sizi
yalnız şər və iyrənc işlərə təhrik edir» (Baqara, 169).
Allah tərəfindən bu qədər şərəfləndirilən insan öz nəfsinə əsir
olmamalıdır. Çünki insana ağıl və iradə verilib və üzərinə xeyli
məsuliyyətlər qoyulub. Belə olduğu halda, bütün hərəkət və hərəkətsizlikləri
ağlın nəzarətindən çıxan adam heyvandan da betər sayılmalıdır:
«Öz nəfsinə tanrı təkin tapınan kimsəni tanıyırsanmı? Sənmi vəkil
olacaqsan ona? Bəlkə elə bilirsən söz eşidir, ağıl işlədir onların
çoxu? Heyvan kimi şeydirlər, yox, heyvandan da betərdilər»
(Furqan, 43-44). Məhəmməd peyğəmbərə aid edilən bir kəlamda
isə deyilir: «Əgər bir insan yaxşı iş görəndə sevinir, pis iş
görəndə isə üzülürsə, demək, o gerçəkdən mömindir». Quranda insanın
fitrətinə Allah tərəfindən haqqı batildən ayıran imkan - furqan
qoyulduğu deyilir. Onu hərəkətə gətirib yararlanmaq, özünün bu
günü və sabahını düşünmək hər bir kəsin öz əlindədir. «Allah insan
nəfsinə fücurunu da, təqvasını da ilham edib, onu təmizləyən uğura
uğrayar, çirkləndirən isə ziyana» (Şəms, 9-10).
Göründüyü
kimi, islam dinində əxlaqa çox böyük əhəmiyyət verilib. İslam
filosoflarının əxlaqı «ruhani təbabət» adlandırması əbəs deyildi.
Müqəddəs Kitabımızda insanın Allah, bəşəriyyət, vətən, fərdlər,
ailə, qonşular və s. qarşısında borclu olmasından danışılır, bütün
bunlara riayət eləməyin həm də hər bir fərdin özü üçün faydalı
olması vurğulanır. Dünyanın öz sahmanı var və insana yaraşmayan
hər bir yaramazlıq bu sahmana zidd olduğu kimi, yaxşı əməllərə
üstünlük vermək də bütün insanlar üçün faydalı olur, dünyada əmin-amanlığın,
sülhün, rahatlığın qarantına çevrilir. Bütün total fəlakətlərin
kökündə isə məhz əxlaqi «bespredel» durmasını Quran məntiqi ilə
əsaslandırmaq o qədər də çətin deyil.
Qurani-Kərimdə yerimək,
danışmaq və s. kimi xırda detallarda da ədəb gözləmək tövsiyə
olunur. İnsanın şəstlə yeriməsi, başını qürurla dik tutması, ucadan
danışması məqbul sayılmır. Quran bir öyüd kitabı olduğundan, burada
ən incə nüanslara belə aydınlıq gətirldiyini görmək olar: «Sədəqələrinizi
o yoxsullara paylayın ki, qapanıb qalmışlar Allah yolunda. Gəzib-dolaşmazlar
yer üzünü. Cahil adam utancaq görüb varlı sanar onları. Üzlərindən
tanıyarsan onları. Üzünə üz tutub pay istəməz onlar başqalarından»
(Baqara, 273). Müqəddəs Kitabımızda nəinki yalan
danışmaq, hətta ona qulaq vermək belə xoşagəlməz sayılır. Görünür,
bu, insanlarda yalana qarşı dözümsüzlüyün hər zaman kəskin olması
üçündür. Çünki qulaq yalana öyrəşərsə, istər-istəməz insanda ona
qarşı olan etiraz zəifləyir, səngiyir. İnsan öz içində Allahın
sevmədiyi keyfiyyətlərə qarşı etirazı hər zaman yüksək hazırlıq
vəziyyətində saxlamalı, dilini, qulağını, gözünü yàramazlıqlardan
qorumalıdır. Məidə surəsində oxuyuruq: "Yalana qulaq verərlər,
haram yeyərlər...” (Məidə, 42).
Dinimizdə başqalarının
haqqını yemək, ədalətsizcəsinə başqaların haqqına tamah salmaq,
rüşvət almaq insanlara zülm etmək sayılır. Zalımları isə Allahın
sevmədiyi dəfələrlə vurğulanır: «Haqsızlıq işlədərək bir-birinizin
malını yeməyəsiniz, insanların mallarını hakimlərə verməyəsiniz,
bir qismini yeməyəsiniz bata-bata bilərəkdən günaha» (Baqara,
188).
Dini. irqi, dili, dərisinin
rəngi, hansı ölkədən, regiondan olmasının fərqinə varılmadan insanlara
öz dəyərlərinə görə qiymət verilməsini də önə çəkir. Buradan o
nəticə də çıxır ki, deyilən prinsiplər əsasında insanlara fərq
qoymaq islam əxlaqı ilə daban-dabana ziddir. Beynəlmiləlçilik,
insansevərlik təqdir edilir, proteksionizm, yerlibazlıq və bu
kimi yaramaz təzahürləri rədd edən bir əxlaq tövsiyə olunur. Müqəddəs
Kitabımızın Hücurat surəsində deyilir: «Ey insanlar! Şübhəsiz
sizi bir erkəklə bir dişidən yaratdıq. Bir- birinizlə tanış olasınız
deyə, sizi millətlərə və qəbilələrə ayırdıq. Əlbəttə ki, Allah
qatında ən şərəfli olanınız Ondan ən çox qorxanınızdır» (Hücurat,
13). Bu ayədə, yəqin ki, həm cahiliyyəyə xas qəbilə marağını
önə çəkmək, həm də indiki sayaq regional marağı milli maraqlara
qarşı qoymaq kimi cahiliyyə təfəkkürü mənsubları qınağa məruz
qalır. Bundan başqa, Allah yanında adamların dəyərinin fərdi keyfiyyətlərdən
asılı olduğu vurğulanır. Başqa tip bölgü zülm, cəhalət və abdallıq
əlaməti kimi dəyər alır. Bir sözlə, insan üçün ən böyük dəyər
yüksək əxlaqdır. Belə əxlaq sahibləri heç zaman qəmlənməməli,
əlləri boşalmamalıdır. Çünki Müqəddəs Kitabımızda açıqca deyilir
ki, «əgər möminsinizsə, hamıdan üsütünsünüz». Yüksək əxlaq ən
böyük mənfəət, ən yaxşı sərmayədir. Çünki o, insanı ən uca hədəfə
– Allah razılığına qovuşdurur. Qaləm surəsindəki bir ayə ilə bu
yazıya sonuncu nöqtəni qoymaq olar: «Sənin üçün bitməz-tükənməz
bir mənfəət vardır. Çünki sən böyük bir əxlaq üzərindəsən»
(Qaləm, 3-4).
|