Asanlıq,
asanlaşdırma xəfifləşdirmə mənasındakı sözlər (yüsr, yüsra, yesir,
meysur, təhfif) Quranda (fel və isim kimi) qırxa yaxın yerdə keçir.
Bunların çoxunda Allahın asanlaşdırıcı bir iradə daşıdığı, qulları
üçün asanlıq və xəfiflik istədiyi anladılır.
Yüsrün antonimi Quranda
üsrdür (çətinlik). Üluhiyyətin ən əsas özəlliyi rəhmət olduğundan
ən əsas özəlliklərindən birinin də asanlaşdırıcılıq olması qaçılmazdır.
Quran bu xüsusda belə deyir: «Allah sizə asanlıq (yüsr) istər,
sizin üçün çətinlik (üsr) istəməz» (Baqara, 185)
və «Allah istər yükünüzü yüngül eləyə. Zəif yaranmışdır insan
binadan» (Nisa, 28).
Yaradıcı Qüdrətin özünə
bu özəlliyi aid etməsi varlıqda da bir təcəlli tapmalıdır. Quran
bu nöqtəyə aid belə deyir: «Heç şübhəsiz, hər çətinliyin yanında
bir asanlıq var, qəti olaraq hər çətinlik özü ilə bir asanlıq
gətirir» (İnşirah, 5-6).
Asanlıq və asanlaşdırma
şərtinin vəhy-insan əlaqəsinə tətbiqini görürük. Quran özündən
bəhs edəndə bu ifadəni tam dörd dəfə işlədir: «And olsun ki, Biz
bu Quranı oxunub anlaşılsın, öyüd alınsın deyə asanlaşdırdıq»
(Qamər, 17, 22, 32, 40). Bu ifadələr də diqqət
çəkicidir: «Quranı sənin dilinlə asanlaşdırdıq ki, müttəqilərə
mücdə verən, tərs olan kəslərə xəbərdarlıq edən zaman bir çətinlik
çəkməyəsən» (Məryəm, 97); «Biz o Quranı sənin
dilin üzrə gerçəkdən asanlaşdırdıq ki, onlar anlayıb öyüd ala
bilsinlər» (Duxən, 58).
Yüsr Quranın özünün oxunmasında
da uyulması lazım gələn bir şərtdir. Müzzəmmil surəsinin
20-ci ayəsində ibadət vaxtı asan gələni oxumaq tövsiyəsi
var. Çünki «Quran çətinlik, sıxıntı, əziyyət gətirsin deyə göndərilməyib»
(Ta-hə 2).
İnsan həyatında yüsr
gözəllik, bolluq, comərdlik, Allaha sayğı kimi dəyərlərlə birlikdə
vücud tapır. Hər şeydən öncə, təqva asanlığı bir ilahi bəxşiş
olaraq gətirir (Talaq, 4).
Bundan əlavə, sahib olduqlarından
verən, təqvaya sarılan, gözəlliyi mənimsəyən fərd və cəmiyyətlər
üçün həyat asanlaşdırılır, onların yüsrə çatmaları rahatlıqla
təmin edilir. Quran burada «yüsrün təysiri» deyimini işlədir ki,
bu yüsrü yüsr ilə əldə eləməyi təmin etmək deməkdir. Asanı sevib
axtarmaq yetməz, asanı əldə etmə asanlığını da yaxalamaq lazımdı.
Anılan yerdə Quran bu sirrə də diqqət çəkir (Leyl, 7;
Ələ, 8).
Xəsislik yolu seçən insanlarla
heç bir maddə və könül alış-verişində olmayan, gözəlliyi yalanlayıb
gözələ arxa çevirən fərd və cəmiyyətlər isə çətinliyə sürüklənir.
Quran burada «üsrün təysiri» ifadəsini işlədir ki, bu, çətinliyi
asan zənn etmək mənası verir. İnsan qəflət və yanlış biliyin dustağı
halına gələndə çətini asan saya bilər və heç fərqində olmadan
başına minlərlə sıxıntı və problem yığa bilər.
Dində yüsrlə bağlı deyilir
ki, güc çatmayan şeyi təklif etməmək lazımdır. Bir də ilahi əmrlər
insanı çətinə sürükləməməli, ona yarar verməlidir. İslam alimləri
burada bir məsələdə ortaq məxrəcə gəliblər ki, dinin gəlişi, ilahi
əmrlərin və yasaqların göndərilişi üçdür: bir yararın əldə edilməsi,
bir zərərin qarşısının alınması, bir də çətinliyin yüngülləşdirilməsi.
Quran bütün əmr və yasaq qoyan ayələrdə bu gerçəkləri özü göstərir.
Buna fiqh dilində hökmün hikməti və ya məqsədi deyilir. Məsələn,
namazı əmr edən ayə: «Namaz qıl. İnsanı əxlaqsızlıqdan, fənalıqdan
qoruyar namaz.» (Ankəbut, 45). Zəkatı əmr edən
ayə bunun hikmətini təmizlənib arınma, malı bərəkətləndirmə (Tövbə,
103), içki və qumar yasağı gətirən ayə bunun hikmətinin
şeytanın vücud verəcəyi pislik, qəzəb və düşmənlikdən uzaq qalmaq
(Maidə, 90-91) olduğunu bildirir.
Asanlıq prinsipinin peyğəmbərimiz
tərəfindən həyata keçirilməsi nümunələri bir rəhmət möcüzəsidir.
«Allah dini bir asanlıq və xoşgörü olaraq göndərdi» buyuran odur.
Və o biri asanlıq, biri çətinlik ərz edən seçənəklərdən asanlıq
gətirəni seçməyi prinsip edib. Bütün bunlar bizi bu nöqtələri
təsbit etməyə sövq edir:
a) islam dinində həyat
və insanla çatışan heç bir əmr və yasaq yoxdur: Allah və peyğəmbər
altından qalxa bilməyəcəyi heç bir yükü insana yükləməyib. İslam
insanı yoxuşa yönəldən, çətinə salan, insan üçün həyatı işgəncəyə
çevirən heç nəyi qəbul etmir. Evlənməmək, yeyib-içməmək, dünya
nemətlərindən əl çəkmə, gülüb-əylənməmək, çalışıb-qazanmamaq və
s. kimi insan yaradılışına tərs düşən tövrləri islam qəbul etmir.
İbadətlər bir işgəncə, bir sıxıntı deyil, bir iç fərəhliyi və
Yaradıcıyla hüzur verici bir yaxınlıq olduğu müddətdə məna daşıyır.
Bu üzdən «Dində məcburiyyət yoxdur» (Baqara, 256).
«Dində məcburiyyət yoxdur»
prinsipinin də iki praktik mənası var. Din çətinlik gətirən heç
bir hökmə malik deyil və din adına çətinlik gətirmə, təzyiq ilahi
iradəyə ziddir.
b) Peyğəmbərimizin xoşgörü
və asanlıq üçün göndərilməsinin ikinci anlamı hz.Aişənin bu sözündə
açıq görünür: «Uca peyğəmbər biri daha asan, biri daha çətin iki
seçim qarşısında qalanda mütləq hər zaman asanı seçərdi». Allahın
qoyduğu ölçülərə toxunmaq olmaz. Onların zədələnməsi insanı islamdan
qırağa çıxarar. Fəqət bir məsələdə Allahın qoyduğu qəti bir ölçü
yoxsa, məsələ mübahlar müstəvisinə girirsə, o nöqtədə ən asanı
seçib çətindən qaçmaq islam peyğəmbərinin mövqeyidir. Necə ki
o: «Mücdələyin, nifrət etdirməyin, asanlaşdırın, çətinləşdirməyin»
buyuraraq bu tövrünü bir formul olaraq ortaya qoyub.
|