«Üz
göstərmə tez-tez and içən hər alçağa»
(Qələm, 10)
Allah haqqı,
Quran haqqı, peyğəmbər haqqı, çörək haqqı, bu çayın piri haqqı,
bu suyun Aşafatması haqqı. Yol haqqı, vicdan haqqı, məslək haqqı...
Andların günlük həyatımızda öz yeri var. And içib kimisə inandırırıq,
və ya and içib bizi inandırırlar. Ədəbiyyat dərsindən «iki»dən
yuxarı qiymət alanlar Səməd Vurğunun «Muğan» poemasının qəhrəmanı
Sarvanın öz «nişanlısı nazlı sular sonasını» yada salıb (yəqin
ki, qovulmuş şeytanın təhriki ilə) Mingəçevirdə ekskavasiya işini
yarımçıq qoymaq istədiyini, sonra «Mən gələndə vədə verdim, and
da içdim komsomola» deyibən antisovet şeytana dağ üstünə dağ çəkdirdiyini
unutmayıblar.
Elə indinin özündə həkimlər
Hippokrata, hakim və prezidentlər isə Konstitusiya və Qurana and
içirlər. Əməl edirlər, ya etmirlər – Allah bilər, özləri bilər,
Konstitusiya bilər, Hippokrat bilər. Hər halda, o dünyada Hippokratın
azərbaycanlı həkimlərin əksəriyyəti ilə, ən nəzakətli adamların
təbiri ilə desək, mehribancasına görüşəcəyinə inanmıram.
«YALAN SÖZ BU
DÜNYADA OLUNCA, OLMASA YAXŞIDIR»
«Kitabi-Dədə Qorqud»
dastanlarından öyrənirik ki, əcdadlarımız olan oğuzlar and və
sədaqət məsələsində çox ciddi olublar. Peyğəmğərimizə aid edilən
bir hədisdə deyilir ki, vəfası olmayanın imanı da olmaz. Oğuzlar
da andlı və ya andsız vəfanı adi insanlıq əlaməti kimi götütürürdülər.
«Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy»da
kafirlər Qazan xana təklif edirlər ki, onları tərifləsin və and
içsin ki, bir də onlara düşmənçilik etməyəcək. Qazan xan əlinə
yalandan and içib qurtulmaq imkanı düşsə də «Vallah, billah, doğru
yolu görüncə əyri yola getmərəm» deyə and içir və əlavə edir:
«Əlinə düşmüşkən kafir, öldür məni, kəs başımı, öz əslimə, öz
kökümə xain çıxan deyiləm. Əgər sağ qalsam, mən sizi öldürcəyəm».
Bu əxlaq islam inancından və Dədə Qorqudun bu inancdan doğan «yalan
söz bu dynyada olunca, olmasa yaxşıdır» fəlsəfəsindən qaynaqlanır.
NƏYƏ GÖRƏ AND
İÇİLİR?
İnsanları andla inandırmaq
olur. Ona görə, Allah taala endirdiyi bir sıra ayələri müxtəlif
andlarla qüvvətləndirib. Əslində, andın əsas faydası and içilənə,
onun böyüklüyünə, əzizliyinə diqqət çəkərək deyilənin doğruluğuna
inandırmaq, şübhəni aradan qaldırmaqdır: «İndi sənə endirdiyimizə
şübhə edəcək olsan, səndən öncə Kitab oxuyanlardan soruş. Andolsun
ki, sənə Rəbbindən gerçək gəldi, nəbadə şübhə edənlərdən olasan!»
(Yunus 94). Əziz bir adamın canına and içiləndə
sanki onun canı girov qoyulur. Əgər bir and bir kəsin şübhələrinə
son qoyursa, ürəyinə rahatlıq verirsə, nə gözəl! Görünür, buna
görə Uca Tanrı da Quranda çoxlu andlar verir.
ALLAH TAALANIN
ANDLARI
Qurandakı andların əksəriyyəti
Müqəddəs Kitabımızın sonlarına yaxın surələrdədir. Bu andlardan
məqsəd, təbii ki, insanların qəlbində onların ziyanına olan şübhəni
azaltmaqdır. Eyni zamanda, and obyekti olmaqla kim və ya nəsə
dəyər qazanır. Bir qisim andlar isə müəmma olaraq qalır. Buradakı
sözün bir neçə anlamı var, burada hansı nəzərdə tutulur? Təbii
olaraq burada “Qurandan hər kəsə pay düşür” ayəsini xatırlamamaq
olmur.
Elə andlar var ki, and
içilənin adı çəkilmir, sadəcə, and olsun ki, deyilir: «Və düşünün
ki, Rəbbiniz belə buyurmuşdu: «And olsun ki, şükür etsəniz, əlbəttə,
artıraram sizə olan nemətimi və əgər nankorluq etsəniz, xəbəriniz
olsun ki, əzabım çox şiddətlidir» (İbrahim, 7).
Konkret ünvanlı andlar da var. Məsələn:
Qurana and:
«And olsun hikmətli Qur'ana, göndərilmiş elçilərdən birisən, doğru
yoldasan» (Yəsin 2-4). «Sad. And olsun Allahın
adı anılan Qur'ana, böyüklük iddiasındadır, Peyğəmbəri danmaq
davasındadır kafir kimsələr» (Sad 1-2). «Qaf.
And olsun bu Qur'ani-Məcidə, kafirlər görəndə ki, onlara öz içindən
xəbərdarlıq eləyən bir peyğəmbər gəlib çıxmış, çaşbaş qalıb dedilər:
«Bu çox qəribə işdir» (Qaf 1-2).
Məhəmməd peyğəmbərə and:
Hicr surəsində peyğəmbərimizin əziz və şərəfli ömrü, örnək həyatı
Uca Tanrının and yeri olaraq verilir, bununla bu ömür Allahın
and ünvanı olmaqla sevimlilik qazanır: «Rəsulum, ömrünə and olsun,
gerçəkdən onlar sərxoşluq içində kor-koranə vurnuxurdular» (Hicr,
72).
Nəfsə and: «Özünü
qınayan nəfsə and olsun, insan öləndən sonra diriləcəkdir» (Qıyəmə
2). Bəlli olduğu kimi, nəfslərin bölgüsündə ən aşağı
nəfs əmmarə (pisliyi əmr edən) adlanır. Ondan bir qədər yaxşı
olan ləvvamə (qınayan) nəfsə belə önəm verilməsi nədəndir? Axı
bundan sonrakılar (ayırd edən, Allahdan razı olan, Allahın razı
olduğu və kamilliyə qovuşmuş) daha üstündür. Görünür, qınama,
özünə tənqidi münasibət bəsləmə yaxşılığa doğru ilk addım kimi
təqdir olunur. Başqa bir izah da odur ki, qiyamət günü pis nəfslər
özünü çox qınayacaq, peşmanlıq çəkəcək. Və burada o acılığın böyüklüyünə
diqqət çəkilib (Elmalılı Həmdi Yazır təfsiri).
Astronomik andlar:
Burada göy, yer, göydəki cisimlər, məcrasını dəyişərək gözdən
itən cisimlər, bürclər yiyəsi göy, dan yeri və s. and predmetidir:
«And içirəm ulduzların tutduğu məqamlara – bunun nə ulu and olduğunu
kaş biləydiniz, - Qur'ani Kərimdir sizə bu oxunan Kitab»
(Vaqia 75-77). Yuxarıdakı ayədə ulduzların tutduğu məqam
anlamından başqa ulduzların çıxdığı və batdığı yer, axan ulduzların
düşdüyü yer və qiyamət günü töküldükləri yer kimi də izahları
var. Ezoterik təfsirlərdə isə mələklər, peyğəmbərlər, hafizlərin
qəlbləri və ya Quran ayələrinin yazıldığı səhifələr, onların mənaları
kimi izahlar da var.
İnsana andlar: and olsun insana, ata və oğula.
İnsana and içilən ayədə onun kamil yaradılması deyilir
(Şəms 7). Amma burada bütün insanlar nəzərdə tutula bilməz.
Çünki onların elə hissəsi var ki, «nəfsinə günah və təqva ilham
edilsə də», insanlığını qoruya bilməyib (Şəms 8-10).
Belələri haqqında deyilir: «Bəlkə elə bilirsən, söz eşidir, ağıl
işlədir onların çoxu? Heyvan kimi şeydirlər, yox heyvandan betərdilər,
doğru yoldan daha çox onlar azmış» (Furqan, 44).
Təbii ki, belələri dəyər olmadıqları üçün and predmeti də deyillər.
Ayrıca Quran oxuyan kimsələrə aid and: «And olsun səf-səf düzülən
mələklərə, Önündəkiləri sürdükcə sürən mələklərə, Quran oxuyan
kimsələrə» (Saffət 1-3). Bundan başqa, əsən yellərə,
mələklərə, gecə və gündüzə, səhər saatlarına, zamana və s. də
andlar var.
ALLAH TAALANIN
ÖZÜNƏ ANDLAR
Allah taalanın bəzi andları
birbaşa özünə ünvanlanıb. Öz dilindən Özünə and da var: «Öləndən
sonramı qəbirdən sağ çıxacam» deyər insan. Məgər xatırlamazmı
insan, öncə onu yaradan Biz idik, o sadəcə bir heç idi. Rəbbinə
and olsun ki, Biz onları şeytanlarıyla birgə bir yerə cəm edərik,
sonra da diz çökdürərik onları cəhənnəmin çölündə" (Məryəm
66-68). Peyğəmbərimizə tövsiyə ediləni də var ki, sən
belə and iç: «O haqdırmı?» deyə xəbər alar səndən onlar. De ki,
«Bəli, Rəbbim haqqı, haqdır O. Siz Onu aciz qoya bilməzsiniz»
(Yunus 53).
Bəzilərində isə Onun
adı çəkilmir, amma söhbətin Allahdan getdiyi aydındır. Ayrı-ayrı
təzahürlər and predmeti olmaqla yanaşı «onları yaradan» ifadəsi
işlədilməklə Allah nəzərdə tutulur: «And olsun göyə, göyü qurana,
and olsun yerə, yeri yayana, and olsun insana, insanı kamil yaradana,
insana pis əməllə taqvanı tanıtdırana, uğura uğramış artıq nəfsini
pak etmiş olan (Şəms 5-9). «And olsun erkəyi,
dişini yaradana, ayrı-ayrı şeylərə sizlər can atırsınız
(Leyl, 3-4).«Məşriqlərin, məğriblərin Rəbbinə and içirəm,
Biz qadirik onların yerinə daha yaxşı kimsələri gətirək. Bir kimsə
də çıxa bilməz qarşımıza bu işdə» (Məaric 40-41).
ÇƏRƏNLƏYƏRƏK
İÇİLƏN ANDLAR
Quranda andın üç növü
göstərilir: bir işi görməyə və ya görməməyə yönəlmiş and.
Belə andlar icra edilməlidir. İkinci and bilərəkdən yalandan
içilən anddır. Bunlardan kəffarə ödəyərək qurtulmaq imkanı
çox azdır. Allah istəsə bağışlar, istəməsə yox. Üçüncü isə sözü
qüvvətləndirmək məqsədi ilə yox, vərdişdən içilən anddır.
Belə anda görə məsuliyyət yoxdur, amma məkruh sayılır və pislənilir.
«Allah sizi çərənləyərək içdiyiniz andlara görə töhmətləndirməz,
ürəyinizdən gələn andlara görə töhmətləndirər» (Baqara
225).
Müəyyən səbəbdən andı
icra etmək mümkünsüz olanda necə kəffarə ödəmək haqda Quranda
məlumat verilir: «Pozulan anda görə günahı yumaq üçün ailənizə
yedirdiyinizin orta hesabı ilə on fəqiri yedizdirmək, yaxud onları
pal-paltarla tə'min etmək, yaxud da bir köləni azadlığa çıxarmaq
gərək. Buna gücü çatmayan üç gün oruc tutmalı. Andlarınızın kəffarəsi
bunlardır. And içəndə əməl edin andınıza. Ona şükr eləyəsiz deyə
beləcə açıqlayır sizə ayələrini Allah» (Məidə 89).
Quran insanı əhdinə vəfa
edən bir varlıq olaraq düşünür. Ona görə kiçik hədəflərə çatmaq
üçün andı pozmaq qınanılır. Allah taala ağzından çıxan sözün yiyəsi
olmağı əmr edir: «Ey iman gətirənlər! Eləməycəyiniz bir şeyi niyə
söyləyirsiniz? Eləmədiyiniz bir şeyi söyləməyiniz artırar qəzəbini
Allahın» (Saff 2-3). Amma andda pis bir niyyət
nəzərdə tutulubsa, onu icra etməmək daha yaxşıdır.
YALANDAN AND
İÇƏNLƏR
Quranda çox and içmək,
and yolu ilə insanları aldatmaq pislənilir, bununla riyakarlıq
və münafiqlik arasında bir bağ olduğu göstərilir: «İçdikləri andlarını
qalxan edib özlərinə, döndərərlər adamları Allah yolundan. Doğrudan
da pisdən pisdir onların bu əməli» (Münafiqun 2);
«Allaha and içərlər ki, sizdəndirlər, amma sizdən deyillər. Qorxaq
bir qövmdür onlar» (Tövbə 56); «Allahın qəzəbinə
düçar olmuş bir qövmün adamlarını özlərinə dost bilən o kəsləri
məgər tanımazmısan? Nə sizdəndir, nə onlardan o kəslər. Bilə-bilə
yalandan and içərlər. Şiddətli bir əzab hazırlamış onlara Allah.
Nə pis iş görürdülər!» (Mücadilə 14-15). Bu güruhun
hətta məhşər günü Allaha yalandan and içəcəyi də deyilir: «Allahın
hamını dirildəcəyi gün sizə and içdikləri kimi Ona da and verərlər
və elə bilərlər dünyada olduğu sayaq axirətdə də karlarına gələr
yalan. Bilin, onlardır yalançılar! (Mücadilə 18).
Qələm surəsinin 10-cu ayəsində bilərəkdən yalandan and içənlər
«alçaq» adlandırılır. Bundan sonra gələn ifadələri də onlara aid
edən türk alimi Yaşar Nuri Öztürk yalandan and içənlərin aşağıda
sadalanan keyfiyyətə sahib olması qənatəinə gəlir: səfillik, xaraktersizlik,
nöqsan gəzmək, qeybətçilik, hay-küyçülük, xeyiri əngəlləmə, iyrənc
davarınş sahibi olmaq, kobudluq, qabalıq, soysuzluq, südü xarablıq...
“YERİ-GÖYÜ YARADANA
AND OLSUN...”
Qeyd edək ki, Qurandakı
andla inandırma – tam əminlik yaratma metodu islam hökmdarlarına
da təsirsiz qalmayıb. Aşağıda verdiyimiz sənəd bu cəhətdən maraqlıdır.
Və bu sənəd mürəkkəbi qurumamış qüvvədən düşən, icra olunmayan
kağız parçası olmayıb, əsrlərlə öz gücünü saxlayıb. Bir neçə il
əvvəl türkiyəli dostum, Osmanlı arxivi işçisi Mustafa Haqqı Ertan
Bosniyada əldə etdiyi bir sənədin surətini verdi. Bu sənəddə Sultan
Mehmedin Bosniya rahiblərini himayəsinə almağından bəhs olunur
və onun məzmunu islamın vətəndaşlara verdiyi etiqad azadlığı nöqteyi-nəzərdən
çox qiymətlidir. Amma bizi burada maraqlandıran bu fərmandakı
başqa bir cəhət - andlardır. Sənədi azərbaycancaya çevirib olduğu
kimi veririk: «Nişani-humayun budur ki, mən ki Sultan Mehmed xanam,
üst və alt təbəqədə olan bütün xalq bu şəkildə xəbərdar edilsin
ki, bu fərmanı daşıyan Bosniya rahiblərinə lütf edib bu xüsusdan
buyurdum: Haqqında danışılan rahiblərə və kilsələrinə heç kim
tərəfindən əngəl törədilməyəcək və rahatsızlıq verilməyəcək. Bunlardan
istər ehtiyatsızca məmləkətimdə qalanlara və istərsə qaçanlara
əmin-amanlıq olsun ki, məmləkətimizə gəlib qorxusuzcasına məskun
olsunlar və kilsələrində yerləşsinlər. Nə mən, nə vəzirlərim və
nə də xalqım tərəfindən heç kim hər hansı bir şəkildə onların
işinə qarışıb incitməyəcək. Özlərinə, canlarına, mallarına, kilsələrinə
və qıraqdan məmləkətimizə gətirəcəkləri kimsələrə dəxi YERİ-GÖYÜ
YARADAN ALLAH HAQQI, ULU PEYĞƏMBƏRİMİZ HAQQI, YEDDİ MÜSHƏF HAQQI,
YÜZ İYİRMİ DÖRD MİN PEYĞƏMBƏR HAQQI VƏ QURŞANDIĞIM QILINC HAQQI
ən ağır and ilə and içirəm ki, yuxarıda sadalanan xüsuslarda haqqında
danışılıan rahiblər mənim xidmətimə və mənim əmrimə itaətkar olduqları
müddətdə heç kim tərəfindən onlara qarşı müxalifət edilməyəcək.
28 may 1478 (1
məhərrəm hicri 883)».
|