Allah
insanları bu dünyada imtahan vermək üçün yaradıb və insanla birlikdə
onları doğru yola yönəldəcək peyğəmbərlər də göndərib. Ancaq,
şübhəsiz ki, zaman-zaman ortaya yalançı peyğəmbərlər də çıxıb.
Bu baxımdan peyğəmbərlərin tanınması, təşxis edilməsi, Haqla olan
münasibət və əlaqələrinin göstərilməsi üçün dəlilə ehtiyacı var.
Peyğəmbərlərin peyğəmbər olduğunu göstərən dəlillər ancaq möcüzələrdir.
Möcüzələr isə insanların qarşısında aciz qaldıqları fövqəladə
hadisələrdir.
Möcüzələr peyğəmbərlərə,
əsasən, həmin əsrdə rəvac tapan, rəğbət qazanan şeylərdən gəlib.
Məsələn, Musanın zamanında sehr rəvac tapdığı üçün Musanın möcüzələri
də ona oxşar bir tərzdə gəlib. İsanın zamanında tibb elmi daha
çox rəvac tapdığından, möcüzələrin əksəriyyəti o növdən olub.
Məhəmməd peyğəmbərin zamanında isə Ərəbistan yarımadasında daha
çox gözəl söz söyləmək, şer, xitabət yayğın idi. Hətta bir qəbilənin
qüvvətli bir şairi o qəbilənin ən böyük milli qəhrəmanı kimi idi.
Gözəl söz söyləmək həmin əsrdə o qədər yayğın idi ki, bir ədibin
bir sözü ilə iki qəbilə müharibə etdiyi kimi, iki qəbilə arasında
sülh də bağlana bilərdi. Hətta o şairlərin içərisində ən məşhur
olan yeddisinin yeddi qəsidəsini qızılla Kəbənin divarına yazardılar.
Məhz belə bir zamanda Quran nazil oldu. Ayələr nazil olduqca şairlər
heyrətlərini gizlədə bilmirdilər. Qızılla yazılan ən gözəl şerləri
Kəbənin divarından sildilər.
Əslində Qurandakı bir
ayə bütün şairlərə, ədəbiyyatçılara, gözəl söz söyləyənlərə açıqca
meydan oxuyurdu. Baqara surəsinin 23 və 24-cü ayələrində
aşağıdakılar xülasə olunur: «Bəndəmizə [Muhammədə] nazil elədiyimizə
[Qurana] şəkk gətirirsizsə əgər, di siz də onuntək bir surə gətirin.
Allahdan başqa bütün şahidlərinizi də çağırın.
Əlinizdən gəlməsə bu - əlinizdən gəlməz də heç - onda gözləyin
özünüzü yanacağı insanlar və daşlar olan oddan. Kafirlər üçün
hazırlanmış oddan ».
Buradakı ayələrdən də
başa düşüldüyü kimi, Quran açıqca bütün rəqiblərə meydan oxumuşdur.
Quranın oxşarını kim yarada bilər? Nə üçün Ərəbistan yarımadasında
o əsrin gözəl şairləri Quranın bir surəsinin oxşarını yaradıb
onu aradan qaldıra bilmədilər? Çünki bu, mümkün deyil. Onun üçün
o əsrin bütpərəstləri aciz qalıb hərb yolunu seçmişdilər.
İşin ustası olanlar danışmalıdırlar.
Zəmanəmiz artıq ixtisaslaşma əsridir. Hər əsrin sözü öz ixtisası
sahəsində mötəbər ola bilər. Birisi öz sahəsində alim, professor
ola bilər, amma başqa fənn üçün sözü ciddi ola bilməz. Məsələn,
bir xəstəliyin müayinəsində tibb fakültəsindən yenicə məzun olmuş
bir həkimin sözü yüz nəfər başqa ixtisas sahibinin sözündən daha
mötəbərdir.
Mənəviyyat məsələsi də
belədir. Quran nazil olmağa başlayandan əsrimizə qədər minlərlə
din alimi gəlib keçib. Bu şəxslər ömürlərini tamamən bu işə həsr
ediblər. Eləsi olub otuz cild, bəzisi yüz cildə yaxın Quran təfsiri
yazıb. Bu cür yetişmiş Quran alimi hamısı birlikdə bu qərara gəliblər:
«Quranın bəlağəti insan qüdrətinin fövqündədir. Belə bir kitab
bir insanın, bəşər övladının öz əsəri ola bilməz».
Quranın bir cümləsinin
də oxşarı yaradıla bilməzmi? Bəzi islam alimləri deyiblər ki,
Quranın bir surəsinə deyil, tək bir ayəsinə, kəlməsinə belə bənzəyən
bir şey yoxdur və olmamışdır. Bu sözlər mübaliğəli görünür və
ağıla batmır. Çünki insanların sözlərində Quran cümləsinə oxşar
çox cümlələr var. Bəs bu işin sirri nədədir?
Məlum olduğu üzrə, insanın
göz bəbəyini kəlləsində düzgün yerləşdirilmək insan orqanizmindəki
bütün əlaqələri və gözün də həmin əlaqələrdə yerini, rolunu düzgün
bilməklə mümkündür. Yəni gözü, göz bəbəyini müstəqil olaraq fikirləşmək
olmaz. Gözə qan damarlarının gəlməsi lazımdır. Bu, gözün qidalanması
baxımından lazımdır. Bundan başqa, gözün fəaliyyət göstərməsi
üçün sinirlərlə və beyinlə əlaqəsi olmalıdır. Nəticə etibarilə,
bütün vücudu yaradan gözü və göz bəbəyini yaratmışdır.
Bu nümunələr kimi, Qurandakı
bir kəlməni belə tək, müstəqil, əlaqəsiz fikirləşmək olmaz. Qurandakı
kəlmələr arasında bir çox münasibətlərə, ayələrə, cümlələrə baxan
(açılan) istiqamətlər var. Bir ayədəki kəlmələr ayənin bütününə,
ayələr surəyə, surələr də Quranın bütününə istiqamətlənib. Ancaq
bütün Quranı nazil edən bir tək kəlməni bütünü ilə əlaqələndirib
yerli-yerinə qoya bilər.
Bilavasitə hərflərlə
məşğul olan alimlər daha irəliyə gedərək tək bir Quran hərfində
bir səhifəyə qədər sirri bəyan edərək isbat etmişlər. Bədəndəki
hər bir hüceyrədə Allah sanki aləmləri gizlədib. Bunun kimi tək
bir Quran hərfində də Allah çox sirləri gizlədib.
Beləliklə, Quranda, sadəcə,
gözəl ifadələr deyil, kainatın fənlərinə işarə edən yüzlərlə elmi
möcüzələr, keçmiş əsrlərə və gələcəyə baxan bir çox istiqamətlər
var.
|