Rəhman
və Rəhim Allahın adıyla
1. Əlif ləm mim.
2. Allahdan başqa tanrı yoxdur. O diridir, əbədidir, yaratdıqlarını
qoruyandır.
3. Öncəki Kitabları təsdiq üçün haqq Kitabı O göndərmiş sənə.
Tövratı, İncili göndərmişdi O
4. bundan öncə göstərməkçin doğru yolu. Doğru nədir, əyri nədir
- ayırd edən Kitabı göndərmiş O. Ağrılı bir əzab gözləyir Allahın
ayələrini dananları. Güclüdür, intiqam alandır Allah.
5. Yerdə-göydə nə varsa heç bir şey Allahdan gizli qalmaz. Odur
ana bətnində sizi istədiyi şəklə salan.
6. Ondan başqa tanrı yoxdur. Güclüdür, müdrikdir O.
7. Kitabı O göndərmiş sənə. Aydın anlamlıdır burda bə'zi ayələr.
Kitabın anasıdır bu ayələr. Digərləri oxşar anlamlar daşıyır.
Oxşar ayələrdən yapışar ürəyi düz olmayanlar fitnə-fəsad törətmək
üçün, özlərinin xeyrinə yozar onlar bu ayələri. Allahdan başqa
kimsə bilməz bunların yozumunu. "Ona iman gətirdik, Rəbbimizdən
gəlir hər şey" deyər dərin alimlər. Yalnız ağıllı adamlar
bunu düşünüb anlar.
8. Rəbbimiz, doğru yola yönəltdikdən sonra bizi qırma ürəyimizi,
rəhmətindən pay ver bizə. Sonsuzdur səxavətin.
9. Rəbbimiz, gəlməyi haqq olan o gün cəm edərsən insanları bir
yerə. Sözündən dönməz Allah.
10. Kafirlər ki var, nə malları, nə uşaqları qurtarar onları Allahın
buyruğundan. Odda yanacaq onlar
11. Fir'on ailəsi və ondan öncəkilər kimi. Ayələrimizi danmışdılar.
Günahlarına görə yaxaladı onları Allah. Allahın cəzası şiddətlidir.
12. "Məğlub olacaqsız, cəhənnəmə dolacaqsız. Pisdən pis yataqdır
ora" söylə küfr edənlərə.
13. Üz-üzə gələn bu iki dəstənin döyüşü bir ibrət dərsi idi sizin
üçün. Allah yolunda döyüşürdü biri, kafirlərdən ibarətdi o biri.
Bunların da gözləri iki görürdü əks tərəfin hər birini. İstədiyinə
yardım edər Allah. İbrət götürər bundan bəsirəti olanlar.
14. Qadınlara, uşaqlara, kantar-kantar qızıl-gümüşə, ürgəyə, mal-qaraya,
torpağın məhsullarına qarşı hərisliyə, həvəsə qurşanmaq cazibəli
göründü insanlara. Bunlar dünya həyatının gəldi-gedər ne'mətləridir.
Allahın dərgahıdır gediləsi gözəl yer.
15. De ki, "Söyləyimmi bunlardan yaxşısını?" Allahdan
qorxanları Rəblərinin dərgahında içindən çaylar axan cənnətlər
gözləyir, oralarda əbədilik qalarlar pak olan zövcələrlə. Allahın
rizası oralarda qərar tutub. Allah görür bəndələri -
16. "Rəbbimiz, Sənə iman gətirdik, keç bizim suçumuzdan,
qoru bizi oddan yanmaq əzabından" deyən bəndələri,
17. səbr edənləri, sadiqləri, hüzurunda ürəkdən əyilənləri, Allah
yolunda xərcləyənləri, səhərlər bağışlanmalarını diləyənləri.
18. Allah şahidlik etmiş, Ondan başqa tanrı yoxdur. Mələklər və
insaflı elm sahibləri şahidlik etmişlər, Ondan başqa tanrı yoxdur.
Güclüdür, müdrikdir O.
19. Allah mərtəbəsində din, şübhəsiz, İslam dinidir. Ancaq Kitab
verilənləri bilik alandan sonra aralarındakı qısqanclıq ayırmış
bir-birindən. Allahın ayələrini danan kimsə bilsin, hesabı tez
aparandır Allah.
20. "Mən də, ardıcıllarım da Allaha təslim etdik özümüzü"
de səninlə höcətləşənə. "Siz müsəlman oldunuzmu" de
Kitab verilənlərə və savadsızlara. Doğru yolu taparlar müsəlman
olsalar. Dindən üz döndərsələr sənin borcun yalnız başa salmaqdır
onları. Bəndələri görür Allah.
21. Allahın ayələrini dananları, haqsız yerə peyğəmbərləri öldürənləri,
ədalətin keşiyində duranları öldürənləri ağrılı bir əzab ilə xəbərlə!
22. Dünyada və axirətdə boşa çıxar işləri. Bir kimsə də yardım
etməz onlara.
23. Kitabdan pay düşənləri görmədinmi? Hökm almaq üçün Allahın
Kitabına üz tutar onlar, sonra da bə'zisi üz döndərər ondan.
24. "Yalnız sayılı günlərdə toxunacaq od bizə" demişdi
belələri. Və uydurmalarına görə yanılmışlar dinlərində.
25. Bəs gəlməyi haqq olan gündə onları cəm etsək necə, hər kəsin
qazandığını haqsızlığa yol vermədən özünə qaytarsaq necə, onda
necə olar halları?
26. De ki, "İlahi, ey varlığın yiyəsi, Sən dilədiyinə verirsən
mal-dövləti, dilədiyinin əlindən alırsan mal-dövləti, istədiyini
ucaldırsan, istədiyini alçaldırsan. Xeyirxahlıq əlindədir. Sən
hər şeyə qadirsən.
27. Gecəni gündüzə, gündüzü gecəyə qatırsan, ölüyə can verirsən,
diridən can alırsan, istədiyini hesabsız ruzuya çatdırırsan".
28. Mö'minlər mö'minləri qoyub kafirlərlə dost olmasınlar. Yoxsa
Allah dərgahında dəyərsiz olar onlar. Onlardan uzaq olun. Allah
sizi Özü ilə qorxuzur. Onun dərgahına axır dönəcək hamı.
29. De ki, "İçinizi, çölünüzü bilir Allah. Göylərdə nə varsa,
yerdə nə varsa bilir Allah. Hər şeyə qadirdir Allah".
30. Hər kəsin qabağına çıxar elədiyi pislik - pis əməldən nə qədər
uzaq düşmək istəsə də. Qabağı düşünün. Allah Özü ilə qorxuzur
sizi. Bəndələrinə şəfqətlidir Allah.
31. De ki, "Allahı sevirsəniz Mənə inanın, Allah da sizi
sevsin və keçsin suçunuzdan. Günahlardan keçəndir, Rəhimdir Allah".
32. De ki, "Allaha və Rəsula itaət edin!" Dediyindən
üz döndərsələr bilsinlər, kafirləri sevməz Allah.
33. Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlərdən
üstün tutdu Allah.
34. Bunlar bir nəsildir törəyib bir-birindən. Allah eşidəndir
hər şeyi, biləndir hər işi.
35. "Rəbbim, nəzir demişdim Sənə bətnimdən azad olanı, onu
məndən qəbul buyur. Tək Sənsən eşidən hər şeyi, bilən hər işi"
demişdi İmranın zövcəsi.
36. Doğub qurtarandan sonra - kimi doğduğunu bilirdi Allah - dedi:
"Qız doğdum, qızdan fərqlidir oğlan. Adına Məryəm dedim.
Onu da, soyunu da məl'un şeytanın şərindən Sən Özün qoru, Rəbbim".
37. Çox yaxşı qəbul etdi Rəbbi onu. Gözəl bir bitki kimi yetişdirdi,
Zəkəriyyənin himayəsinə buraxdı onu. Mə'bəddə olduğu zaman hər
dəfə girəndə onun yanına yeməyə bir ruzi tapardı Zəkəriyyə, "hardandı
bu səndə, Məryəm?" deyərdi. "Allah yetirib" deyərdi
Məryəm. İstədiyinə hesabsız ruzi yetirir Allah.
38. Zəkəriyyə orada Rəbbinə dua etdi: "Rəbbim, təmiz bir
soy bəxş et mənə, Sən dua eşidənsən".
39. Mə'bəddə dayanıb namaz qılırdı, mələklər səslədilər onu və
dedilər: Yəhyənin gəlməsini mücdələyir sənə Allah. Allahdan gələn
kəlməni təsdiq edər, ağa olar, nəfsinə hakim kəsilər, yaxşı bir
peyğəmbər olar o".
40. "Rəbbim, qocalıq haqlayıb məni, qadınım da sonsuzdur,
oğlum necə ola bilər?" dedi. "Elədir, amma Allah dilədiyini
edər" dedi Allah.
41. "Rəbbim, elə isə buna dair bir əlamət göstər mənə"
dedi. "İnsanlarla üç gün yalnız işarəylə danış, tez-tez yada
sal Rəbbini, axşam-səhər həmd et Onu - bu da sənin əlamətin"
dedi Allah.
42. "Ey Məryəm, Allah səni seçdi, pak elədi və aləmlərin
qadınlarından səni üstün tutdu" demişdi mələklər.
43. "Ey Məryəm, könüldən boyun əy Rəbbinə, səcdə et Ona,
ruku edənlərlə birgə əyil önündə demişdi" onlar.
44. Bunlar sənə vəhy etdiyimiz qeyb aləmindən xəbərlərdir. Məryəmə
kim qəyyum olacaq deyə qələmlərini atarkən sən onların yanında
deyildin, çəkişdikləri zaman da yanlarında deyildin.
45. "Ey Məryəm, Allah səni bir kəlməsilə mücdələyir. Məryəm
oğlu İsa olan Məsihdir həmin kəlmə. Dünyada və axirətdə onun sanbalı
var. Allaha yaxınlardan sanılar" demişdi mələklər.
46. "Beşik yaşında da, böyüyəndə də insanlarla danışar o,
əməli salehlərdən olar o" demişdilər.
47. "Rəbbim, bir bəşər övladı toxunmamış mənə, uşağım necə
ola bilər". "Dilədiyini beləcə yaradır Allah, bir şeyə
"Ol" desə olasıdır".
48. Kitabı, hikməti, Tövratı və İncili öyrədər ona Allah.
49. İsrail övladlarının peyğəmbəri edər onu və o da belə söyləyər:
"Mən sizə Rəbbinizdən bir əlamət gətirdim. Palçıqdan quş
şəklində bir şey düzəldərəm sizə, üfürərəm onu, Allahın izniylə
o quş canlanar. Açaram korların gözlərini, sağaldaram cüzamlıları.
Allahın izniylə dirildərəm ölüləri. Nə yeyəcək, nə saxlayacaqsınız
evinizdə xəbər verərəm sizə. Əgər mö'minsinizsə, əlbəttə inanarsınız
bu əlamətə.
50. Məndən öncə göndərilən Tövratdakıları təsdiq üçün sizə haram
qılınan bə'zi şeyləri halal eləyim deyə gətirdim Rəbbinizdən sizin
üçün bir əlamət, bir ayə. Qorxun Allahdan və itaət eləyin mənə.
51. Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Onun qulluğunda
durun, doğru olan yol budur".
52. Onların kafirliyini duyub "Allah yolunda kimlər mənə
yardım edər" dedi İsa. "Biz Allahın yardımçılarıyıq.
Allaha iman gətirdik. Ona təslim olduğumuza şahidlik elə"
dedi həvarilər.
53. "Rəbbimiz, Sənin göndərdiyinə iman götirdik, Rəsulun
ardınca getdik. Şahidlərlə bir yazıya al bizi".
54. Hiyləyə əl atdılar. Allah da hiyləsilə başını qatdı onların.
Allah ən yaxşı hiyləgərdir.
55. "Ey İsa, səni əcəlinə çatdıraram, Öz yanıma ucaldaram.
Kafirlərdən təmizləyib səni pak edərəm, ardıcıllarını qiyamətə
qədər kafirlərdən üstün tutaram. Sonra Mənim dərgahıma qayıdarsınız.
Mübahisələrinizi həll eləyib hökm verərəm" demişdi Allah.
56. "Kafirlərə də şiddətli bir cəza verərəm dünyada və axirətdə,
yardımsız qalar onlar".
57. İman gətirənlərin və əməli salehlərin verər əcrini. Zalımları
sevməz Allah.
58. Ayələrdən, hikmət dolu Qur'andan oxuyuruq bunları sənə.
59. Allah dərgahında İsanın vəziyyəti Adəminki kimidir. Torpaqdan
yaratdı Adəmi Allah. Sonra "Ol" dedi ona, torpaqdan
var oldu o.
60. Rəbbindən gələn haqdır. Buna şübhən olmasın.
61. Sənə göndərilən bilikdən sonra höcətləşmək istəsələr səninlə
belə söylə onlara: "Gəlin çağırıb toplayaq bir yerə oğullarımızı,
oğullarınızı, qadınlarımızı, qadınlarınızı - bizləri və sizləri.
Və sonra bir ağızdan yalvaraq ki, Allah lə'nətləsin yalançıları.
62. Gerçək əhvalatdır bu deyilənlər. Allahdan başqa tanrı yoxdur.
Şübhəsiz, güclüdür, müdrikdir Allah.
63. Əgər üz çevirsələr, bilsinlər, pozğunçuluq edənlərin əməllərini,
şübhəsiz, bilir Allah.
64. "Ey Kitab əhli, gəlin sözü bir yerə qoyaq, Allahdan başqasına
ibadətdə olmayaq, Ona şərik qoşmayaq, Allahı qoyub bir-birimizin
arasında Rəbbləri axtarmayaq" söylə onlara. Əgər üz çevirsələr,
"Şahid olun, biz müsəlman olmuşuq" deyin onlara.
65. Ey Kitab əhli, İbrahim haqqında niyə höcətləşirsiz? Axı Tövrat
da, İncil də ondan sonra nazil olub. Düşünməzmi oldunuz bunu.
66. Deyək ki, siz az bildiyiniz şey haqqında höcətləşdiniz. Bəs
niyə höcətləşirsiz az da olsa bilmədiyiniz şey haqqında? Hər şeyi
Allah bilər, siz bilməzsiniz.
67. Nə yəhudi, nə də xristiandı İbrahim, əsil müsəlmandı İbrahim,
müşriklərdən deyildi.
68. Doğrusu, İbrahimə ən yaxın insanlar - onun ardıcılları, bu
Peyğəmbər Muhamməd və iman gətirənlərdir. Allah da mö'minlərin
dostudur.
69. Kitab əhlinin bir qismi istərdi sizi azdıra yolunuzdan. Özləri
də duymadan azdırırlar özlərini.
70. Ey Kitab əhli! Həqiqəti görə-görə niyə danırsınız Allahın
ayələrini?
71. Ey Kitab əhli! Haqqa nahaq don geydirib nəyə görə bilərəkdən
haqqı gizlədirsiniz?
72. Kitab əhlinin bir dəstəsi belə dedi: "Günün başında mö'minlərə
göndərilənə iman gətirin, günün sonunda onu danın, bəlkə onlar
dönələr öz dinindən.
73. Heç kimə inanmayın sizin dinə iman gətirənlərdən savayı".
"Doğru yol Allah yoludur" de onlara. "Sizə verilən
bir başqasına da verilir deyəmi, yaxud Rəbbinizin dərgahında əleyhinizə
dəlillər gətirirlər deyəmi belə fikrə düşdünüz?" deyərlər.
Sən də de ki, "Allahın əlindədir fəzilət, istədiyinə verir
O fəzilətini". Hər yeri tutmuş Allah, hər şeyi bilir Allah.
74. Rəhmətini istədiyinə ayırıb verər Allah, lütfü böyükdür Allahın.
75. Kitab əhli arasında eləsi var bir kantar əmanət versən ona
qaytarar əmanəti. Eləsi də var bir dinar əmanət versən ona kəsdirməsən
üstünü qaytarmaz əmanəti. Səbəbi də odur ki, "Savadsızlara
görə biz cavabdeh deyilik" deyərlər və bilə-bilə yalan söyləyərlər
Allaha qarşı.
76. Bəli, əhdinə vəfa eləyən, günahdan taqva eləyən bilsin, müttəqiləri
sevər Allah.
77. Allaha verdiyi və'di və andları dəyər-dəyməzinə satanların
payı olmaz axirətdə. Qiyamət günü danışmaz onlarla, üzünə baxmaz
onların, pisliklərdən təmizləməz onları Allah. Ağrılı bir əzab
gözləyir onları.
78. Kitabda olmayan sözü Kitabdan sanasız deyə Kitabdakına bənzədərək,
dillərini əyib-büküb tələffüz edər onlardan bir dəstə adam. Allahdan
gəlməyibsə də "Allahın sözüdür" deyər və bilə-bilə Allahın
adına yalan söyləyər onlar.
79. Kitab, hökm və peyğəmbərlik verəndən sonra Allah ona "Allaha
yox, mənə qul olun" demək yaraşmaz insan oğluna. "Kitabı
öyrətdiyinizə və öyrəndiyinizə görə Rəbbinizə qul olmalı"
demək yaraşar ona.
80. Və mələklərə, peyğəmbərlərə tanrılara olduğu sayaq tapınmağı
əmr etməsi də yaraşmaz ona. Siz müsəlman olduqdan sonra küfrümü
buyuracaq sizə?
81. Peyğəmbərlərlə şərt kəsmişdi Allah. "Sizə Kitab və Hikmət
verdim. Bunları təsdiq üçün sizə bir Rəsul göndərdim. Ona mütləq
inanacaq, mütləq yardım edəcəksiz. Qərar verdinizmi buna, götürdünüzmü
bu yükümü üstünüzə?" demişdi O. "Bəli, qərar verdik
buna" dedilər. "Elə isə şahid olun, Mən də sizinlə birgə
şahid olanlardanam" dedi O.
82. Bundan sonra sözündən dönən günaha batar artıq.
83. Allahın dinindən başqa bir dininmi arzusundadır onlar? Göylərdə
kim varsa, yerdə kim varsa artıq Ona təslim olmuş könüllü ya könülsüz.
Onun dərgahına axır dönəcək hamı.
84. Biz iman gətirdik Allaha, bizə nazil olana, İbrahimə, İsməilə,
İshaqa, Yaquba və onların törəmələrinə göndərilənə, Rəbləri tərəfindən
Musaya, İsaya və peyğəmbərlərə vörilənə. Bir-birindən ayırmarıq
onları. Biz Ona təslim olarıq.
85. İslamdan özgə dinə üz tutanın qəbul olunmaz dini və itirər
o axirətdən düşən payı.
86. Allah necə yol göstərsin bir qövmə ki, iman gətirəndən, Rəsulun
haqq olduğunu görəndən, onlara aydın ayələr gələndən sonra da
küfr etdilər? Zalım qövmü doğru yola çəkməz Allah.
87. Onların üstündədir Allahın, mələklərin və bütün insanların
lə'nət yazısı. Budur onların cəzası.
88. Əbədilik qalarlar lə'nət içində, yumşaldılmaz əzabları, heç
kim baxmaz üzlərinə.
89. Ancaq sonra tövbə edib düzələnlərə bu aid deyil. Günahlardan
keçəndir, Rəhimdir Allah.
90. O kəslər ki, iman gətirəndən sonra küfr etdilər və get-gedə
artırdılar küfrlərini - qəbul olunmaz tövbəsi onların. Məhz onlardır
doğru yolu azanlar.
91. Kafirlik edənlərin və kafirliyində qalıb ölənlərin heç birinin
qəbul edilməz fidyəsi dünyanı dolduracaq qızıl qədər olsa belə.
Ağrılı bir əzab gözləyir onları, yardımsız qalar onlar.
92. Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməsəniz almazsınız
yaxşılığın qarşılığını. Hər nəyi xərcləsəniz, şübhəsiz, bilir
Allah.
93. Bütün yeməklər halal idi İsrail oğullarına, İsrailin [Yaqub
peyğəmbərin] özünə haram saydığından savayı. Tövrat nazil olmamışdı
o vaxt hələ. "Doğru sözlü, düz əməlli kimsələrsinizsə əgər,
gətirin Tövratı, oxuyun onu" söylə.
94. O kəslər ki, bundan sonra da Allahın adına yalan yaxırlar,
bilin, zalımların özüdür onlar.
95. De ki, "Doğru söyləmiş Allah. Doğru yola yönələn İbrahimin
dininin ardınca gedin, müşriklərdən deyildi o".
96. Həqiqətən, insanlar üçün qurulan ilk ev Məkkədədir, aləmlərə
mübarək və doğru yol göstərən Kə'bədir.
97. Aydın-aydın dəlillər var orada. İbrahimin məqamı var orada.
Oraya girən əmin-amanlıq içində olur. Oraya yol getmək imkanında
olan kimsələr Kə'bəni həcc etməli. Kafirlik eləyən bilsin, hamıdan
varlıdır, aləmlərdən ucadadır Allah.
98. De ki, "Ey Kitab əhli, Allahın ayələrini siz niyə danırsınız?
İşləklərinizi görür Allah".
99. De ki, "Ey Kitab əhli, nəyə görə haqqı görüb bilə-bilə
Allahın yolunu əyri göstərirsiniz, mö'minləri azdırırsınız Allah
yolundan? İşləklərinizdən qafil deyil Allah".
100. Ey iman gətirənlər! Kitab verilənlərin bir qisminə itaətdə
olsanız dininizdən döndərib kafir edərlər sizi
101. Allahın ayələri oxuna-oxuna sizə, Rəsulu ola-ola aranızda
siz necə küfr edərsiniz? Allahın Kitabına kim sarılarsa, doğru
yola çıxar o.
102. Ey iman gətirənlər! Gerçəkdən qorxun Allahdan və ancaq müsəlman
olaraq can verin.
103. Allahın ipindən yapışın hamılıqla, ayrılmayın ondan. Anın
Allahın sizə verdiyi bol ne'məti. Düşməndiniz bir zaman, qəlblərinizi
birləşdirdi O. Onun ne'mətilə qardaş oldunuz. Odlu bir uçurumun
kənarında idiniz, sizi xilas etdi Allah. Düz yola gələsiz deyə
beləcə açıqlayır ayələri Allah.
104. Qoy sizin içinizdən yaxşılığa çağıran, düzgünlüyü buyuran,
adamları fənalıqdan qoruyan bir icma yaransın. Uğura uğrayar onlar.
105. Oxşamayın o kəslərə ki, aydın dəlilləri görəndən sonra fikir
ayrılığına düşüb cidala başladılar. Böyük bir əzab gözləyir onları
qiyamət günü.
106. O gün ağarar bə'zi üzlər, qaralar bə'zi üzlər. Yzüqara olanlara
"İman götirəndən sonra kafirlikmi etdiniz? Elə isə dadın
əzabı" deyiləcəkdir.
107. Yzüağ olanlarsa isə Allahın rəhmətində əbədilik qalarlar.
108. Bunlar Allahın ayələridir. Bunları sənə haqq olaraq oxuyuruq.
Aləmlərə [heç kimə] zülm eləmək istəməz Allah.
109. Allahındır göylərdə nə varsa, yerdə nə varsa. Allaha qalar
bütün işlər.
110. Siz insanlar üçün yaradılan ən gözəl ümmətdiniz. Düzgünlüyü
buyurardınız, adamları fənalıqdan qoruyardınız, Allaha inanardınız.
Kitab əhli imana gəlsəydi özləri üçün daha yaxşı olardı. İmana
gələnlər var onların arasında, amma çoxu yolundan sapmışlardır.
111. İncitməkdən başqa bir zərər verməzlər sizə. Sizinlə savaşa
girsələr geri dönüb qaçarlar. Sonra yardım da edilməz onlara.
112. Harada olurlar olsunlar - Allahın və mö'minlərin himayəsindən
savayı - əzilməyə məhkumdurlar. Allahın qəzəbinə düşüblər, düşgünlük
damğası vurulub onlara. Allahın ayələrini danırdılar, peyğəmbərləri
haqsız yerə öldürürdülər. Allaha qarşı üsyana qalxmışdılar, düşmənçilik
edirdilər.
113. Kitab əhlinin hamısı bir deyil. Onlardan eləsi var gecələr
Allaha səcdə qıla-qıla Allahın ayələrini oxuyar.
114. Allaha və axirət gününə inanar, pis əmələ yaxın durmaz, xeyirxahlıq
eləməyə tələsər onlar. Əməli salehlərdəndir onlar.
115. Nə yaxşı iş tutarlarsa çıxar qarşılarına. Müttəqiləri tanıyır
Allah.
116. Allah dərgahında nə malları, nə də uşaqları azad edər kafirləri
günahlarından. Cəhənnəmlikdir onlar, od içində əbədilik qalarlar.
117. Şaxtalı küləyə bənzəri var bu dünyada onların xərclədiyi
şeylərin. Dondurub məhv edər bu külək özünə zülm eləyən qövmün
əkin yerini. Onlara zülm eləyən Allah deyil, özləri özlərinə eləyirlər.
118. Ey iman gətirənlər, sizdən olmayanı özünüzə sirdaş eləməyin.
Sizi çaşdırmaqdan çəkinməzlər, istərlər çətinə düşəsiz. Qəzəb
daşıb tökülər ağızlarından. Sinələri daha çox doludur kin-küdurətlə.
Aydınlatdıq ayələri sizlərə ağlınıza girdisə.
119. Baxın, sizi sevməsələr də sevirsiniz onları, inanırsınız
Kitaba başdan ayağa. Sizinlə üzləşəndə "İmana gəldik"
deyərlər, yalqızlıqda qalanda qəzəbdən dişləyərlər barmaqlarını.
"Qəzəbdən çatlayın, ölün" söylə onlara. Sinələrin altını,
şübhəsiz, bilir Allah.
120. Pisinə gedər onların sizə bir yaxşılıq dəysə. Sevincək olarlar
sizə bir pislik dəysə. Dəyməz sizə bir zərəri onların hiyləsinin
səbrli olsanız, Allahdan qorxsanız. Onların işləklərinin qarşısını
alar Allah.
121. Sən evindən-eşiyindən erkən ayrılmışdın ki, mö'minləri döyüş
üçün cərgələrə düzəsən. Hər şeyi eşidəndir, hər işi biləndir Allah.
122. Sizdən iki dəstə geri çəkilmək istəmiş. Halbuki onların dostu
idi Allah. İman gətirənlər güvənsinlər Allaha.
123. Allah yardım etmişdi sizə Bədirdə. O zaman zəifdiniz. Allahdan
qorxun ki, şükr eləyə biləsiz Ona.
124. O zaman sən mö'minlərə deyirdin: "Rəbbinizin üç min
mələklə yardımı bəs etməzmi sizə?
125. Bəli, səbriniz tükənməsə, Allahdan çəkinsəniz və onlar da
dayanmadan üstünüzə gəlsələr beş min nişanlanmış mələklə Rəbbiniz
yetişər imdadınıza.
126. Yrəyiniz arxayın olsun deyə yardımını sadəcə mücdələyir sizə
Allah. Yardım yalnız güclü və müdrik olan Allahdan gələr.
127. Kəsər kafirlərin qol-qıçını, yaxud darmadağın edər onları
O. Ymidsiz-ümidsiz dönüb qaçarlar geriyə.
128. Tövbələrini qəbul edər, ya onlara əzab verər - sənə dəxli
yox bunun. Hər nə isə zalımlardır onlar.
129. Allahındır göylərdə nə varsa, yerdə nə varsa. İstədiyi kimsənin
keçər suçundan, istədiyinə əzab verər. Bağışlayandır, Rəhimdir
Allah.
130. Ey iman gətirənlər! Verdiyinizdən faiz alıb yeməyin. Allahdan
qorxun ki, uğura uğrayasız,
131. Kafirlər üçün hazırlanmış oddan çəkinin.
132. Allaha və Rəsula itaət eləyin bəlkə bağışlana günahlarınız.
133. Tələsin Rəbbinizin məğfirətinə, göylər və yer qədər geniş
olan və müttəqilər üçün hazırlanmış cənnətə.
134. Xərcləyər malını xeyirdə-şərdə, udar qəzəbini, əfv edər insanları
onlar. Allah da sevər yaxşılıq edənləri.
135. Bir fəna iş tutanlar, özlərini incidənlər Allahı yada salar,
günahlarının bağışlanmasını dilərlər. Allahdan başqa kim bağışlaya
bilər onları. Tutduqları əməllərdə bilə-bilə israr eləməz onlar.
136. Əvəzində onlara Rəbləri məğfirət verər və içindən çaylar
axan cənnətləri qismət eləyər ki, oralarda əbədilik qalarlar.
Yaxşı davrananların nə gözəl əcri vardır.
137. Nələr gəldi, nələr getdi sizdən öncə. Gəzin-dolaşın yer üzünü,
baxın-görün necə olur aqibəti ayələri dananların.
138. İnsanlığın bəyannaməsidir bu Kitab, yol göstərir, öyüd verir
müttəqilərə.
139. Əl-qolunuz boşalmasın, qəmlənməyin, əgər mö'minsinizsə hamıdan
üstünsünüz.
140. Bir yara aldınızsa, demək nə zamansa o qövm də almışdı buna
bənzər bir yara. İman gətirənləri tanısın, aranızdan şəhidlər
seçsin deyə paylaşdırırıq bu günləri insanlar arasında [gah bir
qövmü, gah o birini qələbəyə çatdırdıq]. Zalımları sevməz Allah.
141. Və inam gətirənləri günahlardan təmizləsin və kafirləri məhv
etsin deyə O, beləcə günləri ötüşdürürük.
142. Yoxsa elə bildiniz Allah cihad edənləri və səbirli olanları
tanımadan cənnətə girəcəksiniz?
143. Ölümlə üzləşməzdən öncə onu arzulayırdınız. Gözünüzlə gördünüz
ölümü. Baxa-baxa qalmışdınız.
144. Ancaq bir Rəsuldur Muhamməd. Ondan öncə də gəldi, getdi elçilər.
Geriyəmi dönəcəksiz ölsə ya öldürülsə. Geriyə dönəcək kimsə bir
zərər verə bilməz Allaha. Şükr eləyənlərin əcrini verər Allah.
145. Allahdan izinsiz bir kimsə ölə bilməz. Ölüm bir yazıdır əcəli
var. Dünyanın da, axirətin də ne'mətindən istəyənə pay veririk.
Verəcəyik şükr eləyənlərin əcrini.
146. Neçə-neçə peyğəmbərlərlə bir sırada döyüşmüş bəndələr Allah
yolunda. Başlarına gələnlərdən sarsılıb həsləmədilər, zəiflik
göstərib süstləşmədilər, itaət göstərmədilər. Səbrliləri sevər
Allah.
147. Ancaq bundan ibarətdi söylədikləri: "Rəbbimiz, suçumuzdan
keç bizim, işimizdə həddimizi aşmağımıza görə bağışla bizi, addımlarımızı
möhkəmlət, kafirlərə qarşı yardım et bizə".
148. Dünyanın və axirətin ne'mətinin yaxşısını onlara vermiş Allah.
Gözəl davrananları sevər Allah.
149. Ey iman gətirənlər! Kafirlərə itaətdə olsanız geriyə döndərərlər
sizi, itgiyə uğrayarsız.
150. Mövlanız Allahdır. Odur sizin ən yaxşı yardımçınız.
151. Qorxu salacağıq kafirlərin qəlblərinə, hakimliyi haqqında
heç bir ayə-dəlil gətirməyə-gətirməyə nəyisə Allaha şərik qoşar
onlar. Oda sığınar onlar. Nə pis yerdir zalımların yuvası.
152. Verdiyi sözünün üstündə durdu Allah. Onun izniylə qırıb-tökürdünüz
onları. Amma istədiyiniz qələbəni sizə göstərəndən sonra Allah
həslədiniz. İrəli getmək, geri durmaq barədə çəkişməyə başladınız.
Ona qarşı çıxdınız - kiminiz dünyanı arzulayırdı, kiminiz axirəti.
Sonra sizi sınağa çəkmək istədi, onlardan aralayıb geri çəkdi
O. Bağışladı sizi O. Mö'minlərə Öz lütfünü göstərər Allah.
153. Kimsəyə dönüb baxmadan elə hey qaçırdınız. Rəsul da səsləyirdi
sizi arxanızdan. Əlinizdən gedənlərdən, başınıza gələnlərdən qəmlənməyə
macalınız olmasın deyə qəm üstündən qəm yağdırdı sizə Allah. İşləklərinizdən
xəbərdardır Allah.
154. Sonra qəm-qüssənin ardınca əmin-amanlıq göndərdi Allah, sakitləşib
mürgülədi bir qisminiz. Bə'ziniz də öz başının hayında idi, haqsız
yerə Allah haqqında cahiliyyə çağından qalma bir fikirdə idi,
"Rə'yimiz hanı bizim bu işdə?" deyirdi. "Əmr bütövlükdə
Allahdan gələr" söylə onlara. Qəlblərində gizlədərlər sənə
açıb demədiklərini. "Rə'yimiz bu işdə nəzərə alınsaydı öldürülməzdik
burada" deyirdilər. "Evinizdə olsaydınız belə, alnına
ölüm yazılanlar hökmən qovuşardılar əbədi mənzillərinə" söylə
onlara. Ürəyinizdə nə var, nə yox -yoxlayıb bilər Allah.
155. İki dəstə üz-üzə gələn gün geri durdu bir qisminiz. Bə'zi
işləklərinə görə onları yolundan çıxarmaq istəmişdi şeytan. Onları
əfv etdi Allah. Şübhəsiz, bağışlayandır, həlimdir Allah.
156. Ey iman gətirənlər! Səfərə çıxan ya döyüşə gedən qardaşları
barədə "yanımızda olsaydılar ölməzdilər, öldürülməzdilər"
deyən kafirlərə oxşamayın ki, bir həsrət yükünü çökdürsün onların
qəlbinə Allah. Həyatı verən də, alan da Allahdır. İşləklərinizi
görür Allah.
157. Allah yolunda öldürülsəniz, ya ölsəniz onların yığdığından
sizə daha xeyirli olar Allahın məğfirəti, rəhməti.
158. Ölsəniz ya öldürülsəniz, fərqi yoxdur, Allah dərgahında cəm
olacaqsız.
159. Allahın rəhmətinin səbəbilə Sən onlara mülayim oldun. Kobud
olsaydın, qəlbi qəliz olsaydın əgər, ətrafından dağılışıb gedərdilər.
Əfv et onları, məğfirət dilə onlara, məsləhətləş onlarla. Gəldinmi
bir qərara, güvən Allaha. Ona güvənənləri, şübhəsiz, sevər Allah.
160. Allah yardımını əsirgəməsə heç kim qalib gəlməz sizə. Tərk
edərsə sizi əgər Ondan sonra kim sizə yardım edər. Qoy Allaha
güvənsin mö'min olan kimsələr.
161. Heç bir peyğəmbərə aldatmaq [qənimətə, xalqın malına, əmanətə
xəyanət] yaraşmaz. Aldadan kəs qiyamət günü gətirər aldadıb qazandığını.
Sonra da insaf ilə qaytarılar hər kəsə öz qazancı.
162. Allahın rizasının ardınca gedən kimsə Allahın qəzəbinə, cəhənnəm
əzabına düşənəmi oxşayar? Beləsinin nə acı taleyi var.
163. İnsanların dərəcələri var Allah yanında. Onların işləklərini
görür Allah.
164. Mö'minlərə lütfkarlıq göstərdi Allah. Onların öz içindən
seçib Allahın ayələrini oxuyan, paklığa çıxaran, Kitab və hikmət
öyrədən bir Rəsul göndərdi onlara. Əvvəllər açıqdan-açığa bir
çaşqınlıq içində vurnuxurdular.
165. Başqalarının başına ikiqat artıq gətirdiyiniz bir müsibət
gələndə öz başınıza "Bu nədən oldu belə?" dediniz. "Səbəbini
özünüzdə axtarın" söylə. Hər şeyə, şübhəsiz, qadirdir Allah.
166. İki dəstə üzləşəndə Allah sizi bəlaya salar ki, tanısın mö'minləri
167. və riyakarları. "Gəlin Allah yolunda savaşın ya heç
olmazsa müdafiə olunun" deyiləndə riyakarlara, "Savaşmağı
bacarsaydıq ardınızca gələrdik" dedilər. İmandan çox küfrə
yaxındı onlar o gün. Yrəkdən gəlmirdi sözləri. Gizləyib demədiklərini
bilir Allah.
168. Cərgədən geri qalıb qardaşları barədə "Sözümüzə baxsaydılar
öldürülməzdilər" deyənlərə "Doğru sözlü, düz əməlli
kimsələrsinizsə, gözləyin özünüzü ölümdən" söylə.
169. Ölmüş bilməyin heç vaxt Allah yolunda öldürülənləri. Diridir
onlar, Rəblərinin dərgahında ruzisinə çatıblar.
170. Sevinirlər Allahın bol ne'mətinə. Onlara hələ qoşulmamış
insanlara görə də aşıb-daşır sevincləri. Bunlara da zaval yox,
üzülməzlər dərd əlindən!
171. Allahın ne'mətinə, bolluğuna görə aşıb-daşır sevincləri.
Mö'minlərin əcrini boşa çıxarmaz Allah.
172. Yara aldıqdan sonra da Allahın və Rəsulun çağrışına səs verənlərin
sırasında yaxşı davranan kəsləri, müttəqi olanları böyük bir əcir
gözləyir.
173. "Sizə qarşı qoşun toplamış düşmənləriniz, qorxun onlardan"
dedilər o kəslərə. Bu sözlər daha da artırdı imanlarını. "Tək
Allah bəs edər bizə, nə gözəl vəkildir O" dedilər.
174. Allahdan ne'mət və bolluq alıb geriyə döndülər, heç bir pislik
toxunmadı onlara. Allahın rizasını qazanmaq istədilər, itaət etdilər
Ona. Böyük lütf sahibidir Allah.
175. O şeytansa [qoşunlardan qorxmağı təbliğ edən adamlar nəzərdə
tutulur] öz dostlarını qorxuda bilər ancaq. Onlardan qorxmayın.
Əgər mö'minsinizsə Məndən qorxun!
176. Qoy səni üzməsinlər bir-birilə kafirlikdə yarışanlar. Bir
zərər verə bilməzlər Allaha. Allah istəməz onların bir nəsibi
ola axirətdən. Böyük bir əzab gözləyir onları.
177. İmanı verib küfrü satın alanların bir zərəri dəyməz Allaha.
Ağrılı bir əzab gözləyir onları.
178. Kafirlər elə bilməsinlər xeyri vardır onlara verdiyimiz möhlətin.
Günahlarını artırsınlar deyə onlara möhlət veririk. Alçaldıcı
bir əzab gözləyir onları.
179. O hala ki, siz düşmüsüz, imana gələnləri bu halda qoymaz
Allah, yaxşıdan ayırar pisi. Qeybi sizə tanıdan deyil Allah. Ancaq
peyğəmbərlərindən istədiyi birinə qeybi tanıdar Allah. Allaha,
peyğəmbərlərinə iman gətirin. İman gətirsəniz, Allahdan çəkinsəniz
böyük bir əcir veriləcək sizə.
180. O kəslər ki, xəsislik eləyirlər Allahın bol ne'mətinə, elə
bilməsinlər xeyir gətirər bu onlara. Xeyr, şər gətirər bu onlara.
Xəsislik elədikləri şeylər dolanar boyunlarına qiyamət günü. Göylərin
və yerin mirası Allahındır. İşləklərinizdən xəbərdardır Allah.
181. "Biz varlıyıq, Allah fəqir" deyənlərin sözlərini
eşitdi Allah. Nə deyirdilərsə, haqsız yerə peyğəmbərləri necə
öldürürdülərsə hamısını yazacağıq və "Odda yanmaq əzabını
dadın" deyəcəyik.
182. Əməlinizin əvəzidir bu. Yoxsa bəndələrə əsla zülm etməz Allah.
183. "Bizlərə and verdi Allah inanmayaq bir peyğəmbərə də
əgər odun yeyəcəyi bir qurban gətirməsə o" dedilər. Sən də
söylə: "Məndən öncə aşkar dəlillər və bu dediyinizi də gətirən
peyğəmbərlər gəlmişdi sizə. Doğru sözlü, düz əməlli kimsələrsinizsə,
nəyə görə öldürdünüz onları?"
184. Yalançı saydılarsa səni, yalançı saymışdılar deməli o peyğəmbərləri
ki, səndən öncə aşkar dəlillərlə dolu yazılar və ziya verən Kitab
gətirmişdilər.
185. Dadacaqdır hər bir insan ölümü. Qiyamət günü bütövlükdə veriləcək
əcriniz. Kim ki, oddan uzaqlaşdırılıb cənnətə salınarsa, demək
uğura uğramış o. Bu dünyada yaşamaq aldadıcı zövq-səfadan başqa
bir şey deyildir.
186. Mallarınız və canlarınızla sınağa çəkəcəklər sizi. Heç şübhəsiz,
əzab verən çoxlu söz eşidəcəksiz o kəslərdən ki, sizdən öncə onlara
Kitab verilib və o kəslərdən ki, Allaha şərik qoşur onlar. Və
əgər səbr göstərsəniz və Allahdan qorxsanız, bilin, bunlar işinizi
öncədən möhkəm tutmaq deməkdir.
187. "Kitabı açıqlayacaqsız insanlara, onda olanları gizlətməyəcəksiz"
deyə Kitab verilənlərdən söz almışdı Allah. Bir kənara atdı onu
və dəyər-dəyməzinə satdı Kitabı onlar. Nə pis şeydir əvəzində
aldıqları.
188. Heç elə bilməyin ki, elədiyinə sevinənlər, eləmədiyinə görə
tə'riflənməyi sevənlər qurtulacaqlar əzabdan. Ağrılı bir əzab
gözləyir onları.
189. Allahdır göylərin, yerin yiyəsi. Hər şeyə qadirdir O.
190. Göylərin və yerin yaranışının, gecə ilə gündüzün növbələşməsinin,
şübhəsiz, dəlilləri var düşünən başlar üçün.
191. Ayaq üstə durarkən, bir yerdə oturarkən, böyrü üstə uzanarkən
Allahı anar, göylərin və yerin yaranışını düşünə-düşünə deyər
onlar: "Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun
Sənə, od əzabından qoru bizi.
192. Sən kimi atdınsa oda, demək ləkəlidir o. Zalımlar yardımsız
qalar.
193. Rəbbimiz, "Rəbbinizə iman gətirin" çağrışını eşitdik
və gəldik imana. Rəbbimiz, suçumuzdan keç bizim, pis əməllərimizdən
təmizləyib qurtar bizi, əməli salehlərin sırasında rəhmətə göndər
bizi.
194. Rəbbimiz, peyğəmbərlərinə və'd etdiyini bizə ver, qiyamət
günü bizi bədnam eləmə. Sən dönən deyilsən verdiyin sözdən".
195. Rəbləri dualarını qəbul buyurdu, dedi: "Mən sizlərdən
bir kimsənin gördüyü işi, istər qadın olsun, istər kişi, heç vaxt
boşa çıxarmaram. Hamınız bir candansınız. O kəslər ki, hicrət
ediblər, qovulublar yurdlarından, yolumda əzab çəkiblər, vuruşublar
və öldürülüblər - təmizləyib qurtararam onları pisliklərindən.
Allahdan bir ne'mət olaraq içindən çaylar axan cənnətlərə salaram
onları. Allah dərgahındadır savabların yaxşısı".
196. Kafirlərin rifah içində ölkə-ölkə dolaşması qoy səni çaşdırmasın.
197. Bir az zövq-səfa çəkər, sonra cəhənnəmə çökər onlar. Pisdən
pis yataqdır ora!
198. Ancaq Rəblərindən qorxanları Allah dərgahından bir pay olaraq
içindən çaylar axan cənnətlər gözləyir ki, oralarda əbədilik qalarlar.
Allah dərgahında olan şeylər əməli salehlər üçün daha xeyirli.
199. Kitab əhlindən eləsi var Allaha tabe olub Ona, sizə göndərilənə,
onlara göndərilənə inanar və dəyər-dəyməzinə satmaz ayələrini
Allahın. Rəbləri verəcəkdir əcirlərini. Şübhəsiz, hesabı tez aparandır
Allah.
200. Ey iman gətirənlər! Səbr eləyin, səbrlə silahlanın, cihada
hazır dayanın və Allahdan qorxun ki, uğura uğrayasız.
|