Ağıl
psixoloji fəaliyyətin beyin vasitəsi ilə həyata keçirilən, çox
inkişaf eləmiş və differensasiya olunmuş xüsusi funksiyasıdır.
Bilik əldə etmək, toplamaq, yeni biliklər yaratmaq, rasionalcasına
əsaslandırılmaşəsaslandırılmaş qərarlar çıxarmaq, məqsədlər müəyyənləşdirmək,
onlara çatmaq üçün yollar seçmək, situasiyaları düzgün dəyərləndirmək
bacarığı olan ağıl intellektual bir fəaliyyətdir. Elm isə ağıldan
doğan bir məhsuldur.
Ağıl həm də dünya və
axirət səadətinin vəsiləsi hesab olunur. Dünya və axirətdə səadətə
səbəb ola bilirsə, demək, şərəfli bir nemətdir. Qurani-Kərimin
Nur surəsində deyilir: «Göylərin, yerin nurudur Allah. Onun nuru
içində çıraq olan bir qəndildir elə bil. Bir şüşənin içindədir
o çıraq. İstədiyi kimsəni Öz nuruna qovuşdurar Allah» (Nur,
35). Əbu Hamid əl-Qəzaliyə görə, bu ayədə ağıl qəlbə
atılan bir nur, insanda yaradılmış bir fitrət kimi tərif olunur.
Və göstərilir ki, qəlb sahibi idrak etmə imkanını məhz bu nurla
əldə edir. Böyük ilahiyyatçıya görə, bu, ilahi ədalətin təzahürlərindən
biridir. Demək, bütün fərdlər ilkin olaraq «bərabər start» imkanına
malik olur. Yəni cövhərində, fitrətində haqla batili, ùàràì və
halalı, savab və günahı fərqləndirəcək bir imkana malik olur.
Əgər fərd ayrılan ömürdən istifadə edib özünü təkmilləşdirsə,
Allahın qatında daha yaxşı məqama yiyələnə bilər. Əks təqdirdə
isə unudanlardan, ağıl işlətməyənlərdən olub, itkiyə məruz qala
bilər. İnsanlara ünvanlanan: «And olsun ki, biz Quranı düşünüb
öyüd almaq üçün asanlaşdırdıq. Fəqət hanı düşünən?» (Qamər,
17) və «Bütöv bir hikmətlə yoğrulur hər biri. Xəbərdarlıq
eləməyin, görünür, yox faydası» (Qamər, 5) iradı
əbəs deyil. Bu, əslində cəbr – insanın alın yazısından kənara
çıxa bilməməsi haqda islama ünvanlanan ittihamlara da tutarlı
bir cavabdır. Deyilən ittihamlardan qidalananlardan biri də görkəmli
dramaturq və filosofumuz M.F.Axundov olub. O, «Kəmalüddövlə məktubları»nda
Allaha irad tutur ki, «yazını yazan da, cəzanı verən də özüdür».
Amma Qurani-Kərim insanın fitrətində olan bu imkanı – nuru realizə
etmənin onun özündən asılı olduğunu göstərir. İnsan öz əməlləri,
böyük cihadı - nəfsi ilə mübarizəsi yolu ilə alın yazısına da
təsir edə bilər. «Yazıya pozu olmaması» haqda atalar sözü Quranda
öz təsdiqini tapmır: «Dilədiyini pozub silər, dilədiyini sabit
saxlayar Allah, onun dərgahındadır yazıların anası» (Rad,
39).
O kəslər ki, Allahın
ona verdiyi ağıldan yararlanıb idrakı ilə zülmətləri yara bilir,
Müqəddəs Kitabımızda belələri nəfsin pıçıltılarına uyub ulu əmanəti
– nuru boğan və zülmətdə qalan kimsələrdən, təbii ki, üstün tutulur.
«Heç ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə bilməsi
üçün nur verdiyimiz kimsənin qaranlıqlar içində çıxılmazda qalan
kimsə ilə bənzəri ola bilərmi?» (Ənam, 122).
Ümumiyyətlə, Quranın hansı bir hissəsində nur və zülmətdən bəhs
edilirsə, onların adı çəkilirsə, mütləq nur ağıl, elm anlamına,
zülmət isə cəhalət anlamına gəlir: «Allah iman edənlərin yardımçısıdır.
Onları qaranlıqlardan nuruna çıxarar» (Baqara, 527).
Peyğəmbərimizə aid edilən bir kəlamda isə belə deyilir: «Ey insanlar!
Rəbbinizi bilin və anlayın. Bir-birinizə ağıl-kamallı olmağı tövsiyə
edin. Çünki sizə əmr edilənləri və yasaq edilənləri ağlın köməyi
ilə bilə bilərsiniz. Bilin ki, Rəbbinizin hüzurunda sizi ağlınız
qurtaracaq. Bilin ki, ağıllı insan Allaha itaət edən insandır.
Bu ağıllının görünüşü çirkin, dünya mərtəbəsi kiçik, üstü-başı
pərişan ola bilər... Və ya bilin ki, cahil Allaha üsyan edən kimsədir.
Hərçənd bunun isə görünüşü gözəl, xalqın nəzərində qiyməti yüksək,
geyimi yaxşı, danışığı bəlağətli ola bilər».
Cəlaləddin Ruminin «Məsnəvi»sində
belə bir rəvayət var. Səhrada iki nəfər yol yoldaşı olur. Bunlardan
biri alim, o biri isə cahil bir bədəvi imiş. Alim yol yoldaşından
dəvənin üstündəki xurcununda nə apardığını soruşur. Bədəvi xurcunun
bir gözündə buğda, o birində isə xurcun aşmasın deyə qum olduğunu
deyir. Alim ona məsləhət görür ki, qumu yerə boşaldıb buğdanı
yarı bölsün. Bədəvi belə də edir. O, alimin ağlına heyran qalıb
soruşur: «Yəqin, bu ağılla sənin karvan-karvan dəvələrin var?»
Alim belə olmadığını deyir. «Onda imarətlərin, mülklərin var?»
Alim yenə yox deyir. «Qızıl-gümüşlə dolu xəzinən var?» Alim izah
edir ki, onun əynindəki paltardan savayı heç nəyi yoxdur. Bədəvi
bunu eşitcək buğdanı əvvəlki qayda ilə xurcunun bir gözünə yığır,
o birinə isə qum doldurub deyir: «Ay bədbəxt, sənin başına nə
gəlib, o ağıldan gəlib. Sənin o cındır, heç nəyə sahib olmayan
ağlından mənim xurcunun bir gözünə qum dolduran ağılsızlığım yaxşıdır.
O ağıldan yaxanı qurtar. Sənin bütün uğursuzluqların mənbəyi o
ağıldır». Bu rəvayətlə Rumi insanların ağıla münasibətdə tutduğu
fərqli mövqeyi açıqlayır. Həqiqətən, əgər dünyaya o bədəvinin
gözləri ilə baxsaq, ağıl dedikdə isə sərvətə aparan yolu nəzərdə
tutsaq, onda ən ağıllı elə o bədəvi kimilərdir. Amma əsl sərmayənin
haqq dünyası olduğunu qəbul edənlərə də o bədəvinin məntiqi absurd
görünür. Çünki Tövbə surəsində Ulu Tanrı buyurur: «Əvəzində cənnəti
vermək üçün möminlərdən canlarını, mallarını, satın alıbdır Allah.
Allah yolunda savaşır, öldürür, öldürülür onlar. Tövratda, İncildə,
Quranda bu, Allahın verdiyi haqq vədidir. Vədinə Allahdan çox
vəfa eləyən kim ola? Sevinin alış-verişinizə. Budur böyük qurtuluş!»
(Tövbə, 111).
Digər bir surədə isə
sanki rəvayətdəki bədəvi nəzərdə tutularaq deyilir: «Yazıqlar
olsun hər cür tənəbaza, rişxəndbaza. O kəsə ki, var yığar, yığdığını
dönə-dönə sanayar. Sanar ki, varı ona əbədiyyət var eləyər. Xeyr,
hutəməyə atacaqlar mütləq onu axırı. Nə biləsən nədir hutəmə.
Allahın yanar odudur» (Huməzə, 1-6).
Ümumiyyətlə, Müqəddəs
Kitabımızda insan hey düşünməyə, ağıl işlətməyə təhrik edilir:
«Bir düşünməzmisiniz?», «Ağıl işlətməzmisiniz?», «Beyinsizlər...»
və s. Bu iradların tez-tez, həm də müvəqqəti, imtahan üçün nəzərdə
tutulan dünyanın parıltısına uyanlara ünvanlandığını görürük.
Kitaba görə, keçicini inkar etməyə, rədd etməyə özündə güc və
təpər tapanlar düzgün yolda, doğru əxlaq üzərindədir. Əsl insanı
imansızlardan və heyvanlardan, ağıllını ağılsızdan fərqləndirən
əlamətlərdən biri də budur.
«Azadlıq» qəzeti,
17 dekabr 2002
|