İlk
insanın yaradılışının səbəbi, məqsədi, belə demək mümkünsə, xammalı,
texnologiyası və memarı haqda dünya xalqlarında müxtəlif əsatirlər
var. Bunlar antropoqonik miflər adlanır. Ayrı-ayrı xalqların tarixin
müxtəlif dönəmlərində yaratdığı çeşidli əsatirlər ilk insanın
yaradılışını fərqli düşüncə tərzi üzrə izahlayır. Bir sıra əsatirlərdə
ilk insanın demiurq-allahlar tərəfindən müxtəlif materiallrdan
hazırlaması versiyaları irəli sürülür. Bunların sırasında qurumuş
okeanın dibindəki laxta topası da var, heyvan sümükləri də, ağac
da.
Skandinav mifologiyasına görə,
as «allahlar»dan olan Odin və onunla birlikdə bir neçə
«allah» insanların ağac proobrazlarına can veriblər. Sonra isə
üzərinlərdə işləyərək onları insana çeviriblər. Dünya əsatirlərində
daha çox rast gəlinən variant isə insanın gil və ya torpaqdan
yaradılmasıdır. Maraqlıdır ki, bu görüş lokal xarakter daşımiır,
yəni Bibliyanın və ya Quranın yayılma arealı ilə hüdudlanmır.
Bu üzdən də onların bir xalqdan başqa xalqa, bir qitədən digərinə
iqtibas yolu ilə keçməsi haqda iddialar özünü doğrultmur. Biri
digərindən əsrlər boyu xəbərsiz olan sivilizasiyalarda insanın
torpaqdan yaradılması, dünyanı su basması, tufan vaxtı pis adamların
qırılması, yaxşıların isə ilahi yardım ilə xilas olması haqda
miflər təsadüfən formalaşa bilməzdi. Məsələn, ilk insanın gildən
düzəldilməsi inancı Şimali Amerikada məskun olan irokezlərdə də
var. Doğrudur, bir qədər fərqli şəkildə. Belə ki, onların bir
əsatirinə görə, İoskexa (onlarda yaradıcı belə adlanır) insanları
özünün suda olan əksinə baxaraq gildən düzəldib. Yenə başqa bir
hindu əsatirinə görə isə demiurq Muxat öz ürəyindən qara palçıq
çıxararaq adam bədəni düzəldib və sonra ona can verib...
SƏRXOŞ QAFANIN MƏHSULLARI
Qədim şumer miflərində
də oxşar versiyaya rast gəlirik. İnsanın yaradılma materiyası
şumer antropoqonik miflərində də torpaqdır. Bu əsatirlərin birində
deyilir ki, tanrılar Enki və Ninmax əvvəlcə yeraltı dünya okeanının
palçığından «uğurlu» – yəni yaxşı, yüksək standartlı adamlar düzəldirmişlər.
Sonradan «allahlar» bərk kefləniblər və èñòåhsal etdikləri məhsul
– adamlar çıxdaş və idbar olublar.
İnsanın gil və ya torpaqdan
yaradılması Misir mifologiyasında da var. Bu ölkənin qədim sakinləri
də yaradılış prosesini demiurq «allah»a bağlayıblar. Guya Xnum
ilk insanları dulusçu alətində düzəldib. Sonra ona can verilib.
Yunan mifologiyasında isə bu işi Prometey həyata keçirir.
İnsanın meymuna bənzərliyi
də dünya xalqlarının miflərində bir-birinə zidd olan bir sıra
qənaətlərin üzə çıxmasına yol açıb. Bir qism əsatirlərdə, görünür,
zahiri bənzərlik səbəbiylə insanların meymundan əmələ gəlməsi
(Tibet mifologiyası, Cənubi Afrikadakı kandzali tayfasının qənaəti)
haqda miflər yaranıb. Bir başqalarında, əksinə, insanların meymuna
çevrildiyi deyilir. Məsələn, buşmenlərə görə, meymunlar əvvəl
insan imişlər. Qətl törətdiklərinə görə mifoloci qəhrəman Saqn
sonralar onları meymuna çevirib.
HƏVVA
NƏNƏNİN GÜNÜSÜ VARMIŞ?
Bibliya və Qurana görə
ilk insan Adəm peyğəmbər olub və o, torpaqdan yaradılıb. Ümumiyyətlə
«Adəm» sözü yəhudicə olub, adam, insan mənasına gəlir. Bibliyada
insanın yaraldılması haqda rəvayətə görə, Allah ilk insanı torpaqdan
yaradıb və ona «həyat nəfəsi» üfürüb. Həvva isə onun qabırğasından
yaradılıb. (Yeri gəlmişkən, Adəm peyğəmbərin Həvvadan əvvəl Lilit
adlı başqa bir arvadı olması haqda rəvayət də var. Həvvadan fərqli
olaraq onun Adəmin qabırğasından yox, ayrıca yaradıldığı söylənilir).
Bibliya rəvayətlərinin birində deyilir ki, yer üzündə torpaq işi
– əkinçiliklə məşğul olmağa adam olmadığına görə Yəhva (demiurq
Allah) Adəmi yaradıb. Sonra düşünüb ki, tək olmaq yaxşı deyil
və onun üçün tay da yaradıb. «Yəhva torpaqdan bütün çöl heyvanlarını
və səma quşlarını yaratdı, onları Adəmin hüzuruna gətirdi ki,
görək onları necə adlandıracaq». Adəm onlara ad verir və onlar
elə də adlanır. Daha sonra Adəm tək qalmasın deyə Yəhva onu yuxuya
verir. Onun qabırğalarından birini çıxarıb Adəm üçün arvad yaradır
və onu Adəmin yanına gətirir. Bibliya rəvayətləri kişi və qadının
bir-birinə meylinin – şəhvətin səbəbini də Həvvanın Adəmin bədəninin
bir hissəsi olması ilə izah edilir: «Ona görə adamlar öz atalarını
və analarını atıb arvada meyl edir və bir bədən olurlar».
Bibliyadakı ikinci bir
rəvayət isə daha sonrakı dövrlərə aiddir. Birinci babil dövrünə
məxsus olan bu rəvayət bir qədər fərqlidir. Əgər birinci rəvayətdə
Yəhva demiurq kimi götürülürdüsə, bu rəvayətdə kainatın yaradıcısı
olan Allahdan bəhs edilir. Dünyanın altı günə yaradılması ilə
bağlı təsvirlərdən sonra yer üzündə idarəçiliyi həyata keçirəcək
insanın yaradıldığı deyilir. «Və Allah dedi ki, özümüzə bənzər
olaraq insanı yaradaq və qoy o dənizdəki balıqlara, göydəki quşlara
və yer üzərində olan hər cür heyvanata hökmdarlıq etsin». Sonra
Allah insana deyir: «Çoxalın, yer üzünü tutun»
Orta əsrin bir sıra
mistik təlimlərində, xüsusən kabbalistikada Adəm «gizli sirləri»
bilən kimi təsvir olunurdu. Deyirdilər ki, Adəm cənnətdən qovulandan
sonra Allaha yalvarır ki, ona zaman bitənə qədər bütün nəsillərin
taleyini bilmək bacarığı versin. Və buna görə mələk Raziel («Allah
sirləri» - Bibliyaya görə, mələklər hər biri Allahın ipostasıdır)
onun yanına gəlir və tale kitabı gətirir. Kabalistlərə görə, yaradılışın
sirlərinə yiyələnmək üçün «Adəm vəziyyətinə» - yəni ibtidai duruma
dönmək lazımdır. Bunun üçün müxtəlif yollar da düşünülürdü. Məsələn,
adəmdənsonrakı mədəniyyətdən imtina eləmək, utancaqlıq hissini
atmaq və s. Hesab etmək olar ki, Freydin insanların utancaqlığı,
çərçivələri atmağa çağıran ideyaları da buradan qaynaqlanır. Və
bu gün kabbalistlər sırasında Madonna kimi pornoulduzun olmasının
məqbul sayılması da bu səbəbdəndir.
«ÖLÜM GÜNAH VASİTƏSİLƏ DÜUYAYA GİRDİ»
İncildə Adəmə münasibət
bir qədər fərqlidir. Bu kitabda İsa Məsihin şəcərəsin başlanğıcı
Adəmdən götürülsə də (Lukanın müjdəsi, 3: 23-38)
onlar bir-birinə qarşı qoyulur. Belə ki, İncilə görə, ölüm və
zülm ilk günahdan – Adəmin günahından qaynaqlanır. İncilin məntiqinə
görə, ilk günah olmasaydı, insanlar üçün ölüm olmayacaqdı və həyat
da həzz və iztirablardan yox, yalnız cənnət həyatından ibarət
olacaqdı. Amma belə olmadı. Çünki Adəm peyğəmbər sınaqdan uğurla
çıxa bilmədi. O, yasağı pozdu. «Buna görə necə ki, günah tək bir
adam vasitəsilə (Adəm peyğəmbər – V.S.) və ölüm
günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara
keçdi» (Romalılara məktub, 5:12). İncilə görə,
Adəm peyğəmbər tərəfindən yol verilən günahı İsa öz saleh əməli
ilə yuyub və bütün bəşəriyyəti reabilitasiya edib: «Deməli, bir
nəfərin (Adəm peyğəmbər – V.S.) təqsiri üzündən
bütün insanlar necə məhrumiyyətə uğradılarsa, eləcə də tək bir
Nəfərin (İsa peyğəmbər –V.S.) salehliyi nəticəsində
bütün insanlara yaşamaq üçün bəraət verildi» (İncil, Romalılara
məktub, 5:18). İncildə
həmçinin İsanın cəhənnəmə enərək bütün möminləri xilas etməsi
sırasında Adəmi də oradan çıxarması göstərilir.
«GİLDƏN BİR BƏŞƏR YARADACAM...»
Müqəddəs Kitabımız Qurana
görə, ilk insan və ilk peyğəmbər Adəmdir. O, torpaqdan yaradılıb.
«Səmud qövmünə də göndərdik Biz Salihi, onların öz qardaşını elçi
olaraq. Dedi: «Ey qövmüm, təkcə Allaha ibadət eləyin, yoxdur sizin
Ondan başqa tanrınız. Odur sizi torpaqdan inşa eləyən, yer üstündə
yerləşdirən» (Hud, 61); «Torpaqdan yaratdıq sizi,
torpağa qaytararıq sizi və torpaqdan bir daha çıxardarıq sizi»
(Ta-hə, 55); Allah taala yer üzündə bir xəlifə
yaradacağını, ona elm, iradə, qüdrət sifətləri verəcəyini bildirir.
Və onun tərkib etibarilə yer üzü elementlərindən olacağını bəyan
edir: «Sizi torpaqdan yaratmış. Sonra siz insanlar yer üzünə səpələnmisiz.
Bunlar Onun qüdrətinin dəlilləridir» (Rum, 20).
Təfsir alimlərinin fikrincə,
torpaqdan insana çevrilənəcən insan bir neçə mərhələlərdən keçib:
Tin mərhələsi. «Tin»in torpağın su ilə qarışığı
olduğu deyilir. «O ki yaratdığı hər şeyi gözəl yaratdı və insanı
yaratmağa da palçıqdan başladı» (Səcdə, 7). Quran
bu tərkibdə suyun da iştirakını irəli sürür: «Sudan insan yaradan,
ona nəsəb, nəsil verən Odur. Hər şeyə qadirdir Rəbbin» (Furqan,
54). «Onların özlərini yapışqan bir gildən yaratmışıq
Biz axı» (Saffət 11). Bundan
sonra quru gil «xameyi-məsnun» - mərhələsi gəlir:
«Quru gildən, qara palçıqdan yaratdıq Biz insanı. Öncə cinləri
yaratmışdıq tüstüsüz oddan. Bir zaman sənin Rəbbin mələklərə demişdi:
«Mən quru gildən, qara palçıqdan bir bəşər xəlq eləyəcəm. Onu
düzəldəndən sonra, Öz ruhumdan ona üfürəndən sonra əyilərək səcdə
eləyin ona» (Hicr, 26-29).
Nəhayət, qoxu vermiş
və forma verilmiş palçıq qurudularaq «fəxxar»
- saxsı, kirəmid kimi quru bir hala gətirilir: «Saxsı qablar sayaq
bişmiş gildən yaratmışdır insanı» (Rəhman 14).
Yuxarıda sadalanan kimi
mərhələlər keçəndən sonra bədənə ruh üfürülür. «Bir zaman mələklərə
Rəbbin demişdi: «Gildən bir bəşər yaradacam, düzəldəcəm, sonra
da Öz ruhumdan ona üfürəcəm. Ona səcdə edərsiz» (Sad 71-72).
Adəm və Həvva cənnətə
yerləşdirilirlər: ««Ey Adəm, öz zövcənlə cənnətdə qal, orada olandan
istədiyiniz qədər yeyin, yalnız bu ağaca yaxınlaşmayın, yoxsa
ki, zalımlardan olarsız [özünüzə zülm eləyənlərdən]» dedik (Baqara
35). Yasaq olunan ağacın nə olduğu bilinmir. Müxtəlif
rəvayətlərdə əncir, üzüm və buğda kimi təsvir olunur. Azərbaycanlılar
arasında buğda variantı daha geniş yayılıb. «Buğda yeyib cənnətdən
çıxıb» məsəli bu qəbildəndir. Ələkbər Sabir də bir şerində «Satdı
gülzari-behişti iki buğdayə babam...» yazır.
Göründüyü kimi, cənnətdə
Adəm peyğəmbərə bol nemət və böyük azadlıq verildiyinə baxmayaraq,
bir hədd də qoyulub. Bu isə sərhədləri aşmamaq, qul borcunu yerinə
yetirmək üçündür. Bir sözlə o, böyük imtahan qarşısındadır. Başqa
bir məqam ondan ibarətdir ki, İblisə Adəm peyğəmbəri yoldan çıxarmaq
gücü verilmişdi. «Onları sapdırmaq üçün Sənin doğru yolunun üstündə
oturacam» dedi iblis. «Sonra onların önündən və arxasından, sağından
və solundan keçəcəm və görəcəksən ki, Sənə şükr eləmir onların
çoxu» dedi Iblis. «Rüsvay olmuş, qovulmuşsan, di rədd olub çıxsana
oradan. And olsun ki, insanlardan kimlər sənə uyacaqsa onları
və sizi, hamınızı cəhənnəmə dolduracam» dedi Allah (Əraf
16-18). Adəm bu xüsusda xəbərdar edilmişdi: «Dedik: «Ey
Adəm, sənə də, zövcənə də düşməndir o, şübhəsiz. Gözlə sizi cənnətdən
çıxarmasın, əziyyətə düşərsən. Orda ac qalmaq, çılpaq qalmaq bilməzsən
nə olan şey. Orada susuzlamaq, günorta bürküdən bişmək bilməzsən
nə olan şey» (Ta-hə 117-119). Amma Adəm peyğəmbər
Həvvanın təhriki ilə İblisə uyub yasaq olan meyvəni yeyir və cənnətdən
qovulur.
Adəmlə Həvvanın yerləşdirildiyi
yer barədə təfsirçilər arasında görüş ayrılığı var. Bilindiyi
kimi, «cənnət» sözü bağ, bağça, yaşıllıqlıarla örtülü yer anlamına
gəlir. Əcəba, bu, yer üzündəki bir yerdimi, yoxsa axirətdə yaxşılar
ö÷öí vəd edilən cənnətdirmi? Yer üzü olmadığını deyənlər «Rəbbi
yenə seçdi onu, qəbul etdi tövbəsini, doğru yolu göstərdi ona.
Dedi: «Hamınız düşün oradan, bir-birinizə düşmənsiniz.(Ta-hə
122-123) ayəsinə istinadən «düşmək» sözünü götürüb deyirlər
ki, əgər bu yer üzü olsaydı, «oradan düşün» deyilməzdi.
Adəmlə Həvvanın
olduğu yerin əbədi cənnət yox, yer üzü olması fikrini müdafiə
edənlərin dəlitilləri isə budur: Əgər bu, savab yurdu olan cənnət
olsaydı, orada əbədi qalınardı. Çünki Hicr surəsində də deyilir:
«Cənnətlərdə, bulaqlar başındadır müttəqilər, şübhəsiz. Daxil
olun oralara salamatlıq, arxayınlıq içində. Onların ürəyində kin
deyilən nə varsa çıxarıb atmışıq. Taxtların üstündə qardaşlar
sayaq üzbəüz əyləşiblər. Yorğunluq bilməzlər nədir, oralardan
çıxası da deyillər (Hicr 45-48). Bundan başqa,
İblis Allahın lənətinə uğramışdı, onun cənnətə buraxılmasına şübhə
edilir. Başqa bir arqument də odur ki, cənnət imtahan yurdu deyil.
Nəhayət, Allah taala «Yer üzündə xəlifə yaradacağam» (Baqara
30) demişdi. Buna əsasən də cənnətin yerdə olması fikri
müdafiə edilir. Beləliklə, bu məsələdə yekdil rəy hələ də yoxdur.
Adəmin İblisin sözünə inanması ona imtahandan uğurla çıxmağa imkan
vermir. Quranda insanın zəif yaradıldığı, Adəmin isə səbatsız
olduğunu deyən ayələr var. Bəlli olduğu kimi, insan yaradılanda
mələklərə ona səcdə eləmək əmr olunmuşdu və İblisdən başqa hamı
bu əmrə tabe olmuşdu. İnsana bu şərəfi verən ona Allah nəfəsinin
üfürülməsi idi. İslam antroposentrik dindir və insana belə dəyər
verilməsinə başqa dinlərdə rastlanmır. Amma Adəm peyğəmbər, əvvəldə
də qeyd olunduğu kimi, bu ağır sınaqdan uğurla çıxa bilmir.
Xristianlıqdan fərqli olaraq, islamda Adəmə mənfi münasibət yoxdur.
Bu rəvayətlərdə İblisin Adəmi aldada bilməyinin səbəbi äÿ «à÷ûãëàíûr»:
Guya Adəm hələ gildən hazırlandığı, daha doğrusu, saxsı şəklində
olduğu, amma ilahi nəfəsin üfürülmədiyi vaxtı İblis gizlicə onun
daxili strukturunu araşdırıb zəifliklərini öyrənibmiş.
XƏLİFƏLİK ŞƏRƏFİ
Mühyəddin ibn əl-Ərəbi
özünün «Füsus əl-hikəm» adlı əsərində yazır: «Yuxarıda sözü keçənə
«insan» və «xəlifə» adı verildi. İnsan adı verilməsi nəşətinin
ümumi olmasından və bütün həqiqətləri öz içinə almasından dolayıdır.
Və insan Haqq üçün gözdəki görməyi mümkün qılan göz bəbəyi kimidir.
Beləcə ona (göz bəbəyi anlamına gələn) «insan» adı verildi. Çünki
Haqq məxluqlara insandan baxar və məxluqata ünvanlanan rəhmətini
onunla ehsan edər». Səhvlərinə baxmayaraq, Adəm peyğbəmbər belə
şərəfə layiq görülənlərin ilki idi.
|