ABŞ-a üç həftəlik
səfərimiz usandırıcı yoxlama prosedurları ilə yadda qaldı. Bakı,
İstanbul və Nyu-Yorkda kəmər açlb-bağlamaq, ayaqqabı soyunmaq
çox üzücü idi. Amma nə edəsən? Məlum terror hadisələrindən sonra
bu cür təhlükəsizlik tədbirlərinin vacibliyini anlamaq o qədər
də çətin deyildi. Qarşıda isə bizi yeni bir dünya gözləyirdi:
adını eşitdiyimiz, üzünü görmədiyimiz bir dünya.
|
Dallas şəhəri, oktyabr 2006 |
ABŞ Beynəlxalq
İnkişaf Agentliyinin maliyyə dəstəyi, “Project harmony”nin təşkilatçılığı
ilə reallaşan “İcma əlaqələri” proqramı”nın əsas məqsədi ABŞ-dakı
ailələr və yerli icmalarla Azərbaycandakı dini icmalar arasında
mədəni əlaqələrin yaradılması, mədəni dəyərlərin mübadiləsi yolu
ilə ictimai diplomatiyanın yayılmasından ibarət idi. Səfər zamanı
ABŞ-dakı dövlət və ictimai təşkilatlarla təcrübə mübadiləsi etdik,
seminar və məşğələlərin iştirakçısı olduq. Dövlət-din münasibətləri,
konfessiyalararası əlaqələr və s. barədə çoxlu məlumatlar əldə
etdik. Oxucuları daha çox maraqlandıran, təbii ki, oradakı islam
və müsəlmanların həyatıdır.
“Amerikanın
din həyatında yeni dönəm”
Bəzi
mənbələr hazırda ABŞ-da 7 milyona yaxın müsəlmanın yaşadığını
yazır. Bu rəqəmin nə qədər dəqiq olduğunu deyə bilmərik. Amma
burası dəqiqdir ki, müsəlmanlar artıq ABŞ-da cəmiyyətin içində
daha qabarıq sezilməyə başlayır. Müsəlman icmalarının sıraları
genişlənir, onlar ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak
edirlər. Bu faktor yuxarı dairələrdə də nəzərə alınır. Dövlət
və hökumət yetkililərinin xalqa xitabən deyilən müraciətlərində
əvvəllər kilsələr və sinaqoqlardan bəhs edilirdisə, indi buraya
“məscidlər” sözü də əlavə edilib. Müsəlmanlar üçün müqəddəs olan
ramazan ayı ictimai rəyi cəlb edir və media bununla bağlı öz səhifələrində
materiallar verir. “Dallas morninq star” ötən əsrin sonlarını
Amerikanın din həyatında yeni dövrün başlanğıcı adlandırır: “1990-cı
ilin sonlarından Konqresdə, Pentaqonda və Dövlət Departamentində
işləyən müsəlmanlar tərəfindən iftar yeməkləri təşkil edilir.
Bütün bunlar bizə Amerikanın din həyatında yeni bir dönəmin başlandığını
xəbər verir...”
11
Sentyabr sonrası
Bütün
dünyanı dəhşətə gətirən 11 Sentyabr hadisələrindən çox vaxt keçməyib.
Minlərlə günahsız insanın ölümü ılə nəticələnən bu olayı Azərbaycan
ictimaiyyəti də kəskin şəkildə pislədi. Bu hadisədən sonra ABŞ-da
yaşayan müsəlmanların bir müddət psixoloji diskomfort yaşadığını
deməyə lüzum yoxdur. Bəs qeyri-müsəlmanların müsəlmanlara münasibəti
hansı istiqamətdə dəyişdi? Bu barədə oxuduqlarım və Amerika müsəlmanlarından
və digər sıravi amerikalılardan eşitdiklərim məni təəccübləndirdi.
Ona görə bir neçə dəfə dəqiqləşdirmə aparandan sonra bu barədə
yazmağa qərar verdim. Orda olarkən mətbuatda oxuduğum bir məlumatda
deyilir: “11 Sentyabrdan sonra bir sıra sıxıntılarla yanaşı, qəribə
bir təmayül yarandı. Kitab dükanlarında Quran açıqlamaları (tərcümə)
tapmaq müşkülə çevrildi. Amerikalılar böyük təşnəliklə islam haqda
məlumatları öyrənməyə girişdilər. Televiziyalar islam və Şərq
haqda geniş verilişlər hazırlamağa başladılar. Yaxın Şərq üzrə
mütəxəssislər tez-tez televiziya kanallarına dəvət aldılar və
televiziya ulduzuna çevrildilər. Küçədə rastlaşanda adamlar onları
barmaqla göstərirdilər”. Nəticə isə o oldu ki, terrorun ideoloji
təməlini arayan adamlar maraqlı bir mənzərə ilə qarşılaşdılar.
Demə, islam sülh, sevgi, ədalət, mərhəmət dini imiş. Statistika
bu vaxtdan etibarən ABŞ əhalisi arasında islama üz tutanların
artdığını xəbər verir.
“Sivilizasiyalar toqquşması” kimi absurd ideologiyalar düşünən,
bir sıra dairələrdə öz fikirlərinə dəstək arayan adamlar istədikləri
reaksiyanı ictimaiyyətdən ala bilmədilər. Çoxluq bu fikirdədir
ki, Semuel Hantinqtonun 1993-cü ildə ortaya atdığı “Mədəniyyətlər
toqquşması” haqda sərsəmləməsi Amerika idarəçiləri tərəfindən
də dəstəklənmir. Hər halda onlar belə deyirlər. Geniş əhali kütləsi
isə, sadəcə, bu barədə məlumatsızdır. Nümayəndə heyətimiz Dallasın
Metodist Universitetində bu təhsil ocağının siyasi elmlər doktoru,
professor Matyu Uilson tərəfindən qəbul ediləndə ona belə bir
sualla müraciət etdik: “Sizcə, məlum nəzəriyyəyə Amerika xalqının
münasibəti necədir? Orta atatistik amerikalıların neçə faizi Hantinqtonun
adı çəkilən ideyasını və Fukuyamanın “Dünyanın sonu” nəzəriyyələrini
dəstəkləyir?”. Professor gülümsəyərək dedi: “Əhalinin bu nəzəriyyələrdən
xəbəri var ki, ya dəstəkləyə, ya da yox?!” ABŞ rəsmiləri də islam
və terrorun əlaqəsinin olmadığını öz çıxışlarında yeri gələndə
vurğulayırlar.
Bu öyrəndiklərimizi,
xüsusən 11 Sentyabrdan sonra baş verənləri bir daha dəqiqləşdirmək
üçün Texas Qadınlar İdarəsinin təmsilçisi Asma Dadabhoy-Xana müraciət
etdik. O, bizimlə söhbətində sadalananları təsdiqləməklə yanaşı,
bunları dedi: “Məlum hadisələrdən sonra çox sayda insan mənə yaxınlaşıb
məlumat almaq istəyirdi. Onların islamın mahiyyəti haqda daha
çox bilgiyə sahib olmaq arzusu vardı. Mən onları maraqlandıran
sualları cavablandırırdım. Üstəlik, qısa müddətdə nə qədər insana
dini kitablar, Quran bağışladım. Orucluq ayı gələndə artıq müsəlmanlarla
yanaşı, qeyri-müsəlmanlardan bəziləri də bizə qoşulub oruc tuturdu.
İslama üz tutanlarln sayının artması barədə oxuduqlarınız da doğrudur.
Təkcə bir gündə kiçicik bir məsciddə düz doqquz nəfərin islamı
qəbul etdiyi xatirimdədir”.
Nəhayət, onu da əlavə edək ki, 11 Sentyabr hadisələrindən sonra
təkcə islama yox, ümumiyyətlə, dinə rəğbət göstərənlərin sayı
artıb. “Nyu-York Tayms”ın 30 sentyabr 2001-ci il tarixli nömrəsində
yazılana görə, (məlumatı Türkiyə mediasından almışıq) keçirilən
bir sorğu zamanı bəlli olub ki, respondentlərin hər dörd nəfərindən
üçü 11 Sentyabr olayından sonra ya Allaha dua edib, ya da dini
mərasimlərə qatılıb. Bu isə əvvəlki illərin göstəricilərindən
artıqdır.
Texas
Qadınlar İdarəsinin həmtəsisçisi və prezidenti, Dallas Qadınlar
Komitəsinin üzvü xanım Hind Cərrah bizimlə söhbətində sadə amerikalıların
onlara mənəvi dəstəyi haqda bunları dedi: “Bizdə 11 Sentyabr hadisələrindən
sonra, təbii ki, bir rahatsızlıq vardı. Sıxıntılarımız təbii idi.
Hər bir cəmiyyətdə düşüncəli, ağıllı insanlarla yanaşı, dayaz
adamlar da olur. Bunu başa düşərək bu ağır vaxtlarda bizi tanıyan
və tanımayan nə qədər amerikalı könüllü olaraq öz köməklərini
təklif etdilər. Onlar hər ehtimala qarşı evlərimizi qorumaq istəyirdilər.
Qadınlar isə təklif edirdilər ki, hicablı qadınlar dükan-bazarı
gəzəndə onlara yoldaşlıq etsinlər. Ta ki kimsə onları narahat
etməsin”
Təbii
ki, 11 Sentyabrın orada yaşayan müsəlmanlar üçün mənfi sonucları
olub. Xanım Hindin dediyinə görə, bir müddət hardasa bir qəza
və ya fəlakət baş verəndə qısa müddətə də olsa, bəzi insanların
düşüncəsindən: “Bunu müsəlmanlar etmiş olarmı?” sualı keçirmiş.
Bu üzdən hətta ölkəni tərk edənlər də olub. Bir sıra adamlar isə
iş yerini itirib. Təxminən beş min nəfərə yaxın müsəlman həbsə
alınıb və onlar vəkillə təmin olunmayıblar. Bunu da xanım Hind
dedi.
Nəhayət
Amerikada
islama və müsəlmanlara olan münasibət bir sıra Avropa ölkələrində
olandan xeyli fərqlənir. Ümumiyyətlə, ABŞ-da dinə münasibət məsələsi
ilə bağlı “din bazarı” ifadəsi işlənir. Bu ölkədə dinlər ənənəvi
və qeyri-ənənəvi deyə bölünməyib və heç bir din dövlət himayəsinə
alınmayıb. Danımarkadakı məlum karikatura hadisəsindən sonra ABŞ-da
islama qarşı antitəbliğat kampaniyasına qoşulmaq istəkləri çox
az olub. Zənnimizcə, bunun səbəblərindən biri də əhalinin tolerantlığı,
başqalarının dini hisslərini təhqir edən hərəkətlərdən məmnun
olacaq ictimai mühitin olmamasıdır. ABŞ mətbuatı bir sıra Avropa
ölkələrinin yolunu tutmadı. İstisna təşkil edən cəmi bir fakt
öyrənə bildik. Danimarkadakı hadisələrdən sonra İllinoys Universitetində
qəzet redaktoru işləyən bir tələbə karikaturanı qəzetdə dərc edib
və bu səbəbdən vəzifəsindən azad olunub.
ABŞ vətəndaşları ilə təmaslarımız zamanı öyrəndik ki, onların
qürur mənbələrindən biri də dinindən asılı olmayaraq bütün insanların
bu ölkədə rahatlıq və arxayınlıq içində yaşamasıdır. Bu ölkədə
azad, məğrur, ayıq və özünü ölkənin ağası hesab edən bir xalq
var və onun fikri ilə hesablaşmamaq olmaz.
|