«Umulur
ki, şükür edəsiniz»
(Baqara 185).
Keçən yazıda
dedik ki, oruc, demək olar ki, bütün dinlərdə var. Və onun vəhy
olunması barədə Quranda açıqca deyilir: «Sizdən öncəkilərin taleyinə
yazıldığı kimi...». Onu da vurğuladıq ki, xüsusən Èbrahim dinlərində
onun bir ibadət olaraq ruhani tərəfləri önə çəkilir, ruhu tərbiyə,
qorunma vasitəsi olması mənimsənilmiş şəkildədir. O ki qaldı orqanizmə
olan faydasına, qidadan imtinanın xeyirli olduğunu bitkilər də
«bilir». Çoxillik bitkilər qışda qida qəbulunu dayandırır, dincəlir,
yaz gəlincə yeni qüvvə ilə inkişafa başlayırlar.
Qidadan imtina ilə müalicə üsulu heyvanlara da tanışdır. İtlər
xəstələnəndə bir sutka su və yeməkdən əl çəkir, qabaq ayaqlarını
irəli uzadıb günün qabağında uzanırlar (sfinksin pozasında). Pişiklər
isə otların içindən lazım olanını tapıb çeynəyir, yediklərini
bu yolla qaytarır, sonra bir müddət ac qalmaqla müalicə olunurlar.
Qədim misirlilərin bu yolla sağlamlıq əldə etmələri haqda keçən
yazıda Herodotdan sitat da gətirimşdik.
ON
BİR AYIN SULTANI
Ramazan ay təqviminə
görə ilin doqquzuncu ayının adıdır. «Rumuz» sözündəndir, günəş,
isti deməkdir. Ayların adı dəyişiləndə Ramazan isti vaxta düşdüyündən,
ona bu adı qoyublar. İslam inancına görə, Ramazan ayların ən üstünü,
on bir ayın sultanıdır. Çünki Müqəddəs Kitabımız bu ayda endirilib:
«İnsanlara yol göstərən, doğru nədir, əyri nədir – ayırd edən
Quranın nazil olduğu Ramazan ayı ki var, kim o zaman ayı gördü,
oruc tutsun. Kim xəstədirsə, yaxıd yol üstədirsə, oruc tutmadığı
günlərin əvəzini başqa bir vaxt çıxmalı. Allah işinizi asanlaşdırmaq
istər, çətinləşdirmək istəməz. Orucu başa vurub tamamlamağınızı,
doğru yol üzrə Onu ucaltmağınızı istəyər. Umulur ki, şükür edəsiniz»
(Baqara 185). Peyğəmbərimizin Mədinəyə hicrətinin
ilk illərində müsəlmanlar ayda üç gün, bir də aşura günü oruc
tutarlarmış. Hicrətdən bir il yarım keçdiyi vaxt, qiblə dəyişməsindən
sonra şaban ayının onunda oruc fərz qılınıb. Deyilənə görə, bu,
Bədr savaşından sonra olub.
Ramazan Allahın lütf
və rəhmət qapılarının açıldığı aydır. Peyğəmbərimiz orucluq vaxtı
könüldən edilən dua, ibadət və yaxşılıqların Allah qatında daha
keçərli olacağını söyləyib. Əbu Hamid əl-Qəzali orucun üç növü
olduğunu yazır. Avamın orucu. Qəzaliyə görə, bu oruc yemək, içmək
və intim münasibətdən imtinadan ibarətdir. «Avam» dedikdə adi
insanlar nəzərdə tutulur. Xas adamların orucu. Bu tipdə yuxarıdakı
yasaqlara əməl edilməklə yanaşı üstəlik göz, qulaq, dil, əl və
digər orqanları da günahdan qoruyaraq oruc tutulur. Üçüncü isə
peyğəmbərlərin, siddiqlərin, müqərriblərin (yaxınlaşdırılmışların)
orucudur. Onlar yuxarıdakı şərtlərə əməl eləməklə yanaşı, üstəlik
qəlblərini də dünya ilə bağlı düşüncələrdən təmizləyər, masivanı
(Allahdan başqasını) düşünmür, düşündükdə oruclarını pozulmuş
sayırlar («Ehyayi-ülumiddin», I cild, səh 602).
«A-ZAD
RUH! A-ZAD RUH!»
İnsan orucu mədə ilə
yemək arasında hicran, iftarı isə həsrətlilərin
vüsal dəmi kimi dərk edə bilər. Amma bu cür bəsitləşdirilməsə,
daha yaxşıdır. Ramazan oruc tutan adamın il ərzində yol verdiyi
bağışlanması mümkün olan kiçik günahların təmizlənməsində mühüm
rol oynayır. Bu ayda insan öz ağlını, şəxsiyyətini, şüurunu, həyatını
Quran üzrə inşa eləmək üçün fürsət qazanır. Yəni oruc səhər «fəcrin
ağ ipliyi qara ipliyindən seçiləndən» axşamacan ac-susuz qalmaqdan,
nəfsinə xoş gələn şeylərə «yox» deməkdən ibarət passiv bir ibadət
növü deyil. O həm də davranışlarına adi günlərdən fərqli bir gözəllik
qatmaqdır. Eyni zamanda introspeksiya – öz daxili aləmini gözdən
keçirmə və özünə tənqidi yanaşma zamanıdır. Məşhur təfsir alimi
Həmdi Yazır orucun faydaları barədə belə yazır: «Orucun vacib
(fərz) olmasının əsl hikməti Allahın əmrinə boyun əyib bəndəlik
zövqünü dadmaq, ruhu riya əsərlərindən təmizləyərək qüvvət və
ixlasını artırmaq, və özünü Allahın qorumasına təslim etmək üçün
nəfsi ilə cihad etməkdir». Təsəvvüf əhli deyir ki, bizim cismani
və ruhi qisimlərimiz arasında sürəkli mücadilə gedir. Ramazanda
insan il boyu müxtəlif situasiyalardan uğurla çıxmaq üçün öz ruhunu
akkumulyasiya edir, pozitiv enerci toplayır. Şəhvani duyğularını
ayaqlar altına alır, heyvani və cismani olanı yenir, özündə mələklik
keyfiyyətlərini üzə çıxarır. Orucu dərindən yaşayanlar üçün áó,
bir zövq mənbəyidir. Şəms Təbrizi «Məqalat» adlı
əsərində yazır: «Hələ əryənlik çağına çatmamışdım. Eşq dəryasına
daldımmı, 30-40 gün heç bir şey yeməzdim. Arzulardan qurtulurdum,
günlərlə aclığa, susuzluğa qatlanırdım. Bir gün atam mənə dedi.:
«Oğlum, mən sənin bu halından bir şey anlamıram. Bunun sonu haraya
gedəcək? Bu davranışlar səni fəlakətə sürükləyəcək». Mən ona bu
cavabı verdim: «Ata, səninlə mənim ata-oğul əlaqəmiz, bilirsənmi,
nəyə bənzəyir? Bir toyuğun altına toyuq yumurtaları ilə qarışıq
bir qaz yumurtası da qoyublarmış. Vaxtı gəlib və cücələr çıxıb.
Onlar analarının dalına düşüb getməyə başlayıblar. Yolda bir göl
kənarına çatıblar. Qaz yumurtasından çıxan cücə tez özünü suya
atır, üzməyə başlayıb. Bunu görən ana toyuq: «Eyvah, balam boğulacaq»
deyə haray çəkir, fəryad eləyirmiş. Halbuki qaz balası nəşə içində
suda üzürmüş. Bax, səninlə mənim aramdakı fərq belədir».
«BİR TİKƏ ÇÖRƏYƏ
BAXAN AC VƏ TOX ADAM AYRI-AYRI ŞEYLƏR GÖRÜR»
Deyirlər ki, “insan”
sözü “nisyan”dan götürülüb. Mənalarından biri də naşükür, əməyi
zay edən deməkdir. Quranda «insan çox nankordur» ifadəsi də keçir.
Ürəyi qatılaşmış adamlar məhz oruclu olanda nemətin qədrini bilmək
şansı qazanır. Müqəddəs Kitabımızda insan qruplarının dəfələrlə
məhz nemətlərin bol olması səbəbindən Allahdan, haqdan uzaqlaşması
haqda məlumatlar verilir. Baqara surəsində yəhudilərə verilən
gözəl nemətdən danışılır və sonucda onların azması söylənilir.
«Üstünüzə kölgə saldıq buludla, qüdrət halvası və bildirçin göndərdik
göydən sizə. «Verdiyimiz nemətlərdən yeyin» dedik» (Baqara
57). Amma bu, dua və şükürlə nəticələnmir, əksinə Allaha
qarşı çıxırlar: «Ey Musa, eyni yeməyə dözə bilmərik, bizdən ötrü
dua elə Rəbbinə, yerin bitirdiyi səbzə, qabaq, sarımsaq, mərcimək
və soğan yetişdirsin bizə» demişdiniz. «Düşük şeyləmi dəyişdirmək
istəyirsiz sizə xeyirli olanı? Düşün şəhərə, şübhəsiz, tapacaqsız
istədiyinizi» dedi. Yoxsulluq, düşgünlük damğası vuruldu onlara,
Allahın qəzəbinə düşdülər. Allahın ayələrini danırdılar. Peyğəmbərləri
haqsız yerə öldürürdülər. Allaha qarşı çıxmışdılar, düşmənçilik
eləyirdilər» (Baqara 61). Burada gözəl nemətlər
müqabilində Allaha şükür eləmək əvəzinə etiraz görünür. İlk baxışdan
eyni yeməkdən bezməkdən danışılır və bu, təbii sayılmalıdır. Amma
bu təkcə polifoniya arzusundan doğan etiraz deyil. Üstəlik, Quran
təbiri ilə desək, onlar «düşük şeylər» istəyirlər. Bundan başqa,
təfsir alimlərinin doğru olaraq qeyd elədikləri kimi, danışıqlarında
naşükürlük və təkəbbür tonu üstünlük təşkil edir. Bu, Quranda
çox incəliklə verilib: Onlar «Rəbbimizə dua elə» yox, heç «Allaha
dua et» də yox, «Rəbbinə dua et» deyirlər. Burada bir təkəbbür,
tərbiyəsizlik var.
Oruc nemətlərin əsl qiymətini
insana dərk etdirir. Cəlaləddin Rumi yazırdı: «On gün bir şey
yeməmiş bir acla gündə beş öyün yemək yeyən bir tox hər ikisi
bir tikə çörəyə baxar. Tox olan çörəyin zahirini, şəklini, ac
isə canını, mahiyyətini görər» («Fihi ma fih»).
Uca Tanrının tövsiyəsi ilə oruc tutan adam nemətin mahiyyətini
görür, nemətin sahibinə şükür edə bilir. Nemətə şükür edəndə isə
o artır. Quranda: «Şükür edin ki, artırım sizə olan nemətimi»
məzmununda ayə var. Orucla bağlı bir ayədə isə deyilir ki, «Umulur
ki, şükür edəsiniz» (Baqara, 185). Yəni oruc
həm də nemətin artırmasına nail olmaq üçün insanlara yaradılan
fürsətdir. Ac olanda qatılaşmış ürəklər yumşalır, nemətin əsl
mahiyyəti dərk edilir, onu verən Allah yada düşür, şükür edilir
və əvəzində insan qazanır – ona verilən nemət artırılır.
AZ YEYƏN MƏLƏK OLAR...
Ramazanda tutulan oruc
mənəvi sağlamlığa yol açdığı kimi bədən üçün də faydaları var.
Əvvəllər belə bir söz olub: «Az yeyən mələk olar, çox yeyən həlak
olar». Ramazanda yeməyin miqdarının azalmasının qara ciyər, piylənmə
kimi xəstəliklərə tutulanlar üçün faydası var. Orucluq zamanı
mədə-bağırsaq sistemi istirahət edir. Tibb mütəxəssislərinin fikrincə,
insan nə qədər yeməyinə fikir versə də, əgər arada bir toksinlərdən
təmizlənməsə, lazım olan faydanı əldə edə bilməz. Oruc bədəni
zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur. İnsan elə
yaradılıb ki, bədəndə yeməyə ehtiyac əmələ gələndə və o olmayanda
orqanizm daha çox ehtiyac duyulan maddələri həzm etməyə başlayır.
Beləliklə, depolanmış piylər, toksinlər zərərsizləşdirilir. Bu
yolla insan revmatizm, ilkin mərhələdə olan şəkər xəstəliyi, piylənmə,
miqren və s. kimi xəstəliklərdən qurtulur.
PROTEİNLƏR ALƏMİNƏ
SƏYAHƏT
Canlıların yaşaması üçün
proteinlərin çox böyük həyati əhəmiyyəti var. Onların hüceyrə
içində istehsalı heç bir başqa istehsal prosesi ilə müqayisə edilməycək
dərəcədə mükəmməldir. Proteinlər hüceyrələrə mesacları daşıyır,
onları dəyərləndirir, hüceyrəyə giriş və çıxışları nəzarətə götürən,
kimyəvi prosesləri sürətləndirən də onlardır. Proteinlərin çox
tanınanlarından biri hemoqlobindir. O, qandakı oksigeni toxumalara
daşıyır. Transferin qanda olan dəmiri daşıyır, immunoqlobinlər
vücudu bakteriya və viruslardan qoruyur. Fibrinogen və trombin
qanın laxtalanmasını təmin edir. Bəzi canlılarda onların həyat
şəraitinə uyğun zəruri protein növü olur. Məsələn, bəzi balıqlarda
antifriz proteini var ki, o, balıqların qanını donmağa qoymur.
PROTEİNLƏRİN
«ATTESTASİYASI»
İnsan bədənində hər hansı
bir proteinə ehtiyac olanda, həmin ehtiyac barədə sifariş müvafiq
DNT-nin molekuluna çatdırılır. Bu mesacı çatdıran da proteinlərdir.
Onlar nə üçün hara müraciət edilməsini yaxşı bilirlər. Hazırlanmış
proteinlər bir neçə yoxlamadan keçir. Orqanizm üçün tam yararlı
olduğuna qərar veriləndən, yəni keyfiyyət testindən keçəndən fəaliyyətinə
icazə verilir. Maraqlıdır ki, keyfiyyət məsələsinə də proteinlər
baxır. Əslində orqanizmdə bir keyfiyyət departamenti var. Son
tədqiqatlar göstərir ki, hüceyrələrdə bir poçt xidməti də var.
10 ilə 30 arasında amin turşusunun əmələ gələn zəncir şəkilli
bir bölmə poçt indeksi rolunu oynayır və proteinin hara gedəcəyini
bildirir. Protein inteksdə göstərilən ünvana çatdırılandan sonra
indeks hissə ondan ayrılır.
Yuxarıda deyildiyi kimi,
bir qrup protein digərlərinin yararlı olub-olmadığını yoxlayır.
Standarta uyğun olmayanlar müəyyən ediləndə onların məhvi haqda
qərar verilir. Və bu növdən yenisi sifariş edilir. Çünki əks halda
orqanizmin işində axsama yarana bilər. Bəs «attestasiya» işini
aparan bu proteinlər işinin öhdəsindən gəlməsə, onda nə baş verər?
Təsəvvür edək ki, bir ölkədə müəllimlər və ya həkimlər işinin
öhdəsindən gəlmir. Yaxud ölkə sərhədini qorumağa məsul olan xidmətlərdə
attestasiya düzgün keçirilmir və onlar xarici kəşfiyyat orqanlarına
işləyir. Bu vaxt xalqın, dövlətin aqibəti necə olar? Orqanizmdə
də yuxarıda sadalanan funksiyalar yerinə doğru yetirliməyəndə
toxumalara oksigen çatdırılmaz, qan lazım olanda laxtalanmaz,
mikrob və viruslar orqanizmi didib-parçalayar. Ona görə də orqanizmin
«attestasiya departamentinin» normal işləməsinin önəmini anlamaq
çətin deyil. Bəs «keyfiyyət işinə baxan» proteinlər yarıtmaz olanda
nə baş verir? Sıradan çıxmış «attestasiya proteinləri»nin başqa
bir protein növü tərəfindən yoxlanması da mümkün deyil. Əks təqdirdə
onlara da bir başqa qrupóí nəzarət etməsi lazım gələrdi və s.
Burada teoloci terminlə demək, təsəlsül – mənasız silsilə alınır.
Amma bunun da əlacı varmış. Son elmi qənaətlərə görə, orucluq
zamanı otuz gün ərzindəki imtinalar həmin sıradan çıxmış proteinlərin
məhvi ilə nəticələnir və orqanizm «vakansiyalara» uyğun yeni «attestasiya
proteinləri» istehsal edir. Onlar isə orqanları təpədən dırnağa
ən optimal variantda yoxlamadan keçirib təzələyirlər. Düzünü Allah
bilir.
|